Məhkəmə qərarları › İş №2-1(114)-1537/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1537/2023

25.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1537/2023 25.07.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı vəkili X3, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün müvafiq sənədləri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Fonduna təqdim etməklə ona pensiya hesablanmasını xahiş etmişdir. Onun ərizəsi DSMFnin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialda baxılmış və cavabdehin 29 dekabr 2022ci il tarixli məktubu ilə güzəştli şərtlərlə ona pensiyasının təyin edilməsindən imtina edilmişdir. İmtina məktubundan görünür ki, iddiaçıya əmək pensiyasının təyin edilməsinin mümkünsüzlüyü onun əmək kitabçasında iş stajının yalnız 1 il 3 ay 4 gün olmaqla 12 il 6 ay iş stajı normasından az olması, onun əmək kitabçasında "əl ilə qaynaq aparan elektrik qaynaqçısı" sözlərinin yazılmaması və s. səbəblərlə əlaqələndirilmişdir. İddiaçı hesab edir ki, cavabdehin bu əsasla onun ərizəsinin təmin edilməsindən imtina etməsi güzəştli şərtlərlə əmək pensiyası almaqla bağlı hüquqlarını əsassız olaraq məhdudlaşdırır. Belə ki, əmək kitabçasında " əl ilə qaynaqçı" sözlərinin yazılması tələbi cavabdehin də imtina məktubunda bildirdiyi kimi 2007-ci ildə Nazirlər Kabinetinin qərarı ilə təqsdiq edilmiş qaydalarda öz əksini tapmışdır. İddiaçının iş stajı isə 2007-ci ilədək olan dövrü əhatə edir. Əvvəlki dövrdə "əl ilə qaynaq aparan qaynaqçı" sözlərinin əmr və ya əmək kitabçasında göstərilməməsi onun təqsiri deyil. Belə ki, o "əl ilə qaynaq edən" qaynaqçı kimi fəaliyyət göstərmişdır. İşlədiyi müəssisələrin adlarından da görünür ki, həmin sahələrdə əl ilə olmayan qaynaq işləri mövcud olmamışdır. İşlədiyi 9 saylı X10 Zavodunda beton plitələr, tikinti işləri aparılan sahələr üçün armatur karkaslar hazırlamış, lentlərin birləşdirilməsi, kəsilməsi kimi işləri əllə qaynaq etməklə icra etmişdir. Eləcə də onun əmək kitabçasında qeyd edilmiş əmrlərdə qaynaqçı ("suvarşik") kimi işə götürüldüyü qeyd edilib və qaynaqçı işinin əllə qaynaq edən qaynaqçı olmamasını, Nazirlər Kabinetinin təsdiq etdiyi müvafiq siyahıya aid olmayan qaynaqçı işi olmasını göstərən bir hal da mövcud deyil. Bundan başqa, iddiaçının (pensiya təyin edilməsi elektronlaşdırıldığından) 57 yaşdan güzəştli şərtlərə görə əmək pensiyası almaq hüququ əsassız olaraq təmin edilməmişdir. Artıq 5 ildir ki, onun güzəştli pensiya almaq hüququ pozulubdur. Ona görə onun 57 yaşı tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. İddiaçının vəkili X5 məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X4 iddianı qəbul etməyərək bildirmişdir ki, filiala təqdim edilən sənədlərdə iddiaçının xx.xx.1976-xx.xx.1976-cı il, xx.xx.1979-xx.xx.1979-cu il, xx.xx.1981-xx.xx.1984-cü il tarixləri arasındakı dövrlər ərzində qaynaqçı, xx.xx.1986xx.xx.1996-cı il tarixləri arasındakı dövr ərzində isə qaynaqçı-kranovşik vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nda nəzərdə tutulan əl ilə qaynaq aparan elektrik qaynaqçıları və qaz qaynaqçıları vəzifələrinə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (1 il 3 ay 4 gün (xx.xx.1978-xx.xx.1979-cu il, xx.xx.1984xx.xx.1985-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş 1421 nömrəli, xx.xx.1976-cı il tarixli attestatdan görünür ki, İddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək texniki peşə məktəbində “elektrosvarşik” peşəsi üzrə təhsil almışdır. -surəti işə əlavə edilmiş 705 nömrəli, xx.xx.1978-ci il tarixli attestatdan görünür ki, İddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək 20 nömrəli texniki peşə məktəbində “motorlu qazma mühəndisi” peşəsi üzrə təhsil almışdır. -surəti işə əlavə edilmiş ИТ ******* nömrəli, xx.xx.1977-ci il tarixli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1976-ci il tarixdən xx.xx.2002-ci il tarixədək müxtəlif müəssisələrdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. -Bərdə rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 258 nömrəli arxiv arayışından görünür ki, İddiaçı Bərdə rayon 4 saylı PMK-da xx.xx.1979-cu il tarixdən 4-cü dərəcəli qaynaqçı işinə qəbul edilmiş, xx.xx.1979-cu il tarixdən Sovet Hərbi hissələrinə çağırış ilə əlaqədar elektroqaynaqçı işindən azad edilmiş, xx.xx.1981-ci il tarixdən 5-ci dərəcəli qaynaqçı işinə qəbul edilmiş və xx.xx.1984-cü il tarixdən 5-ci dərəcəli qaynaqçı vəzifəsindən azad edilmişdir, həmçinin İddiaçı Bərdə rayon sabiq 9 nömrəli X11 Zavodunda 28 iyul 1986-cı il tarixdə 5-ci dərəcəli qaynaqçı işinə qəbul edilmiş, xx.xx.1996cı il tarixdən qaynaqçı kranovşik vəzifəsindən öz xahişi ilə işindən azad edilmişdir. -ƏƏSMN tabeliyində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********6 nömrəli məktubundan görünür ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1961-ci il təvəllüdlü olmaqla müvafiq illərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı pensiya yaşına çatdığına görə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdehə müraciət etmiş, lakin sonuncu iddiaçının güzəştli iş stajının 12 il 6 aydan az (1 il 3 ay 4 gün (xx.xx.1978-xx.xx.1979-cu il, xx.xx.1984xx.xx.1985-ci il tarixləri arasındakı dövrlər)) olduğuna görə ona güzəştli şərtlərlə müvafiq əmək pensiyasının təyin olunmasından imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -9.1-ci maddəsində göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. -7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır -9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2№-li siyahısı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanuna dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunun 1-ci bəndində əsasən bu Qanunun 12,13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il altı ay artırılır. Yuxarıda göstərilən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq iddiaçının pensiya hüququnun yaranması üçün 3 şərt tələb olunur. 1) qanunla tələb edilən pensiya yaşına çatması; 2) qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; 3) işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş müvafiq siyahıda göstərilməsi. Yaş tələbi ilə bağlı qeyd edilməlidir ki, iddiaçı xx.xx.1961-ci ildə doğulmuşdur. Deməli onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ artıq xx.xx.2018-ci il tarixdə yaranmışdır. Tələb olunan 25 il ümumi iş stajı ilə bağlı qeyd edilməlidir ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərə əsasən onun ümumi iş stajının 25 ildən çox olması müəyyən edilir. İddiaçının güzəştli iş stajı ilə bağlı müəyyən olunur ki, cavabdeh orqan iddiaçının xx.xx.1978-xx.xx.1979-cu il, xx.xx.1984-xx.xx.1985-ci il tarixləri arasındakı dövrlər üzrə 1 il 3 ay 4 gün stajını güzəştli staj kimi nəzərə almışdır. Cavabdehin imtinasına münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarında olan Bərdə rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 258 nömrəli arxiv arayışı ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu il tarixədək və xx.xx.1981-ci il tarixdən xx.xx.1984-cü il tarixədək Bərdə rayon 4 saylı PMK-da qaynaqçı, 28 iyul 1986-cı il tarixdən xx.xx.1996-cı il tarixədək Bərdə rayon sabiq 9 nömrəli X1ynaqçı kranovşik vəzifəsində işləmişdir və həmin peşə üzrə iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 №-li siyahısında olan 1010300a—19906 koda əsasən “əl ilə qaynaqda elektrik qaynaqçıları” zərərli və ağır hesab edilərək güzəştli şərtlərlə pensiya hüququ verir. Beləliklə, müəyyən olunur ki, müvafiq siyahıda iddiaçının işlədiyi qaynaqçı vəzifəsi nəzərdə tutulmuşdur. Odur ki, qeyd olunan müddətlər üzrə iddiaçının 12 il 6 ay 26 gün güzəştli sığorta stajı öz təsdiqini tapmışdır. Həmçinin cavabdeh tərəfindən nəzərə alınan müddətlər (xx.xx.1978-xx.xx.1979-cu il, xx.xx.1984-xx.xx.1985-ci il tarixləri arasındakı dövrlər üzrə 1 il 3 ay 4 gün) də nəzərə alındıqda iddiaçının güzəştli stajı qanunvericilikdə nəzərdə tutulan müddətdən artıqdır. Qeyd edilməlidir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Beləliklə müəyyən olunur ki, iddiaçının 1 yanvar 2006-cı il tarixədək iş stajı ümumilikdə 25 ildən, eyni zamanda tələb olunan güzəştli sığorta stajı 12 il 6 aydan çoxdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun:- -32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. -37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. İşin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Beləliklə məhkəmə o nəticəyə gəlir ki, iddiaçıya hüququ yarandığı xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı hüququ yarandığı xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar