Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1538/2020 29.09.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı və vəkili X14, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən tərtib edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********50898 nömrəli qərarın ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, xx xxx 2020-ci il tarixdə Göygöl rayonunun Üştəpə kəndində yerləşən və iddiaçının istifadəsində olan çörək sexinə 12 saylı Ərazi Vergilər Baş idarəsinin əməkdaşları tərəfindən operativ vergi nəzarəti nəticəsi haqqında 025506 nömrəli akt tərtib edilmişdir. Həmin akta görə iddiaçının istifadəsində olan sexdə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən onun tərəfindən işlərin yerinə yetirilməsinə 5 nəfər fiziki şəxs cəlb edilmişdir. Həmin akt sexdə tərtib edilməmiş, həmçinin aktın mahiyyətindən həmin zaman xəbəri olmamışdır. Bundan dərhal sonra iddiaçı cavabdehə teleqram vurmuş və onun tərtib edilmiş aktlarla, onlara əsas olmuş sənədlərlə tanış olmağını və onun iştirakı olmadan qərar qəbul edilməməsini xahiş etmişdir. Cavabdeh iddiaçını dəvət etmədən və ona məlumat vermədən barəsində qərar qəbul etmişdir. xx xxxx 2020-ci il tarixli **********50898 nömrəli qərara görə iddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 5 nəfər fiziki şəxsi işlərin yerinə yetirilməsinə cəlb etdiyinə görə 10000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir. Hesab edir ki, xx xxxx 2020-ci il tarixli, **********50898 nömrəli qərar əsasız olduğundan ləğv olunmalıdır. Belə ki, qərarın qəbul olunmasına əsas olmuş xx xxx 2020-ci il tarixli, 025506 nömrəli akta əlavədə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 5 nəfər fiziki şəxslərin siyahısı vardır. Siyahıda 1-ci sırada göstərilən X10 həqiqətən də iddiaçının işçisi olmuş və əmək müaviləsi bağlanmadan iddiaçı onu işə cəlb etmişdir. Lakin siyahıda 2-ci sırada olan Məmmədov Atakişi iddiaçının işçisi olmayıb. Həmin şəxs sexin yanında şəxsi avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olur. Məmmədov Atakişinin verdiyi izahat həqiqətə uyğun deyil. Siyahıda 4-cü sırada olan Nəzakət Mehdiyevadan isə çörəyin mayasını alır. Nəzakət Mehdiyeva heç vaxt iddiaçı ilə işləməyib, sadəcə həmin gün sexə satmaq məqsədilə çörəyin mayasını gətirmişdir. Siyahıda 3 və 5-ci sırada olan şəxsləri isə tanımır. Cavabdehin əməkdaşları iddiaçının istifadə etdiyi sexdə yalnız bir nəfər əmək müqaviləsiz işçini, yəni Mətanət Tağıyevanı aşkar etmişlər, digər 4 nəfəri isə qərəzli yazmışlar. Onların iddiaçının istifadəsində olan çörək sexində işləmələri barədə cavabdehin heç bir sübutu yoxdur. Göründüyü kimi, xx xxx 2020-ci il tarixdə Göygöl rayonu Üçtəpə kəndində yerləşən və iddiaçının istifadəsində olan çörək sexinə 12 saylı Ərazi Vergilər Baş idarəsinin əməkdaşları tərəfindən operativ vergi nəzarəti nəticəsi heç bir protokol tərtib edilməmişdir, onlar tərəfindən 025506 nömrəli akt tərtib edilmişdir ki, buna Vergi Məcəlləsinin 48-ci maddəsinə ziddir. Həmçinin tərtib edilmiş akt nə iddiaçının yanında tərtib edilmiş, nə də ki, yoxlamanın nəticəsi barədə ona məlumat verilməmişdir. Yoxlamadan çıxan əməkdaşlardan yoxlamanın nəticəsini soruşduqda, iddiaçıya 5 gün ərzində Bağmanlar küçəsi, 47A ünvana sənədləri göndərəcəklərini bildirdilər. Beləliklə, iddiaçının həmin aktda yazılanlardan xəbəri olmayıb. Lakin akta iddiaçının imza etməkdən imtina etməsi qeyd olunur. Göründüyü kimi, mübahisələndirilən qərarda və həmin qərarın qəbul olunmasına əsas olmuş aktda bir neçə ziddiyətli məqamlar vardır. Bu səbəbdən də hesab edir ki, tərtib edilmiş qərar ləğv edilməlidir. İddiaçı iddianı müdafiə etmişdir. İddiaçının vəkili X19 iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, vergi orqanı sənədləşmə apararkən qanunun tələblərini pozmuş, yəni akt tərtib edərkən hal şahidləri dəvət edilməmişdir. Həmçinin akt iddiaçının iştirakı olmadan tərtib edilmişdir, lakin aktda imzalamaqdan imtina kimi qeyd yazılmışdır. Cavabdehin nümayəndəsi X17 məhkəmə hazırlıq icraatı iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin **********8906 nömrəli, xx.xx.2020-ci il tarixli “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” Qərarına əsasən vergi ödəyicisi İddiaçı məxsus obyektdə operativ vergi nəzarəti tədbirləri keçirilmişdir. Keçirilmiş yoxlama zamanı vergi ödəyicisinə məxsus obyektdə 5 nəfər fiziki şəxsin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar edilmişdir. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görəməsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020 tarixli **********0898 saylı Qərarı ilə vergi ödəyicisi 10000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək vergi məsuliyyətinə cəlb edilmişdir. Bundan əlavə vergi ödəyicisi İddiaçı əmək müqaviləsi bildirişləri barədə məlumatdan da görünür ki, vergi ödəyicisi tərəfindən xx xxxx 2020-ci il tarixdə 6 nəfər işçi ilə əmək müqaviləsi bağlanmışdır. Həmin fiziki şəxslərin içərisində X10 ilə yanaşı, iddiaçının iddia ərizəsində öz işçisi kimi qəbul etmədiyi, ondan sadəcə çörəyin mayasını aldığını iddia etdiyi X4, ümumiyyətlə heç tanımadığını söylədiyi X3 da adları vardır. Qeyd edilən aktda adı qeyd edilmiş X5 izahat verməkdən imtina etməsi həmin şəxsin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən vergi ödəyicisi tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyini istisna etmir. Keçirilmiş vergi nəzarəti tədbiri zamanı X5 faktiki olaraq işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi aşkar edilmiş, X11 izahat verməkdən imtina etmiş və bununla bağlı sərbəst akt tərtib edilmişdir. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında iddianı qəbul etməmişdir. Şahid X12 ifadəsində bildirmişdir ki, o, iddiaçıya məxsus çörək sexinin yanında avtoyuma məntəqəsində işləyir, hərdən sexə çay içməyə gəlir, boş vaxtlarında sərnişin daşıyır və sexin qarşısında dayanıb müştəri gözləyir. xx.xx.2020-ci il tarixdə 3-4 nəfər vergi əməkdaşı və 3-4 nəfər də polis əməkdaşı sexə daxil olmuş, həmin vaxt Elturan orada olmamışdır. Vergi əməkdaşları əvvəlcə müdiri soruşmuş, daha sonra ondan nə işlə məşğul olduğunu soruşmuşlar, o isə cavabında avtoyuma məntəqəsində işlədiyini bildirmişdir. Vergi əməkdaşları bir kağıza nəsə yazmış və ona imza etməyi təklif etmişlər, o isə latın qrafikasında yazıb-oxuya bilmədiyinə görə kağızda nə yazıldığını bilmədən imza etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti əlavə edilmiş 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********8906 nömrəli qərarından görünür ki, İddiaçı məxsus Göygöl rayonu, Üçtəpə kəndində yerləşən çörək sexində operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. -surəti əlavə edilmiş 12 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli operativ vergi nəzarətinin nəticəsi haqqında aktın məzmunundan görünür ki, operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında 12 saylı ƏVBİ-nin xx.xx.2020-ci il tarixli, **********8906 nömrəli qərarının icrası zamanı İddiaçı məxsus Göygöl rayonu, Üçtəpə kəndində yerləşən çörək sexində əmək müqaviləsi bağlamadan 5 nəfər fiziki şəxsin işə cəlb edilməsi faktı qeyd edilmişdir. -surəti əlavə edilmiş xx.xx.2020-ci il tarixli, 025506 nömrəli akta əlavədən görünür ki, İddiaçı məxsus Göygöl rayonu, Üçtəpə kəndində yerləşən çörək sexində operativ vergi nəzarəti nəticəsində X7, X8, X3, X1 və X5 əmək müqaviləsi hüquqi qüvvəyə minmədənişlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi qeyd edilmişdir. -surəti əlavə edilmiş 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********0898 nömrəli qərarının surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 5 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 10000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək məsuliyyəyə cəlb edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da qismən əsaslıdır. Belə ki, iş materiallarından göründüyü kimi 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, **********8906 nömrəli qərarının icrası ilə əlaqədar vergi orqanının əməkdaşları tərəfindən İddiaçı məxsus Göygöl rayonu, Üçtəpə kəndində yerləşən çörək sexində operativ vergi nəzarəti həyata keçirilmiş, qərarın icrası zamanı həmin obyektdə əmək müqaviləsi bağlamadan 5 nəfər fiziki şəxsin, yəni X7, X8, X3, X1 və X5 əmək müqaviləsi bağlanmadan işə cəlb edilməsi barədə xx.xx.2020-ci il tarixli, 025506 nömrəli akt tərtib edilmişdir. Bundan sonra vergi orqanı tərəfindən xx.xx.2020-ci il tarixli, **********0898 nömrəli qərarlaVergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 5 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə iddiaçıya 10000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Məhkəmə mübahisə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçı X10 ilə əmək müqaviləsi olmadan onu işə cəlb etdiyini etiraf etmişdir. X12 isə akt tərtib edilərkən izahat versə də, məhkəmə iclasında şahid qismində dindirilərkən izahatın mətni ilə tanış olmadığını bildirdiyindən məhkəmə həmin izahatı mötəbər sübut kimi qəbul etmir. Aktda adı olan digər şəxslərdən isə izahat alınması və akta onların imza etmələri vergi orqanının əməkdaşları tərəfindən təmin edilməmiş, habelə bütövlükdə həmin və digər şəxslərin sözügedən obyektdə olmaları və işləmələri yalnız aktla birtərəfli qaydada rəsmiləşdirilmişdir. Belə ki, vergi orqanın əməkdaşları pozuntu faktını foto və ya video çəkilişlə qeydə almaq hüquqları olduğu halda bunu etməmişlər, ona görə də hazırki halda iddiaçının əmək müqaviləsi olmadan hansısa şəxsləri işə cəlb etməsini əsaslandıran mötəbər sübut təqdim edə bilməmişdir. Bu hallar isə vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin:- -3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. -53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. -41.1-ci maddəsinə əsasən vergi nəzarəti tədbirləri ilə əlaqədar vergi ödəyicisinin ərazilərinə, binalarına, nəqliyyat vasitələrinə, habelə sənədlərinə və əşyalarına baxış keçirilərkən aşkar olunmuş pozuntular protokolla rəsmiləşdirilir və bu zaman foto və (və ya) video çəkilişdən istifadə olunur. -62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. -64-cü maddəsinə əsasən vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” 7.11.2003-cü tarixli 5 nömrəli qərarı ilə məhkəmələrə izah olunmuşdur ki, Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilərlə bağlı işlərə baxılarkən iş üzrə aydın olmayan, vergi orqanı tərəfindən aydınlaşdırılması mümkün olmayan məqamlar, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan halları, habelə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə məhkəmə yuxarıda qeyd olunan işin faktiki hallarına və mübahisəyə tətbiq olunanacaq maddi hüquq normalarına əsasən hesab edir ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən tərtib edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********0898 nömrəli qərarı qismən, yəni İddiaçı 8000 (səkkiz min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi hissəsində ləğv edilməli, qalan hissədə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 70.1 maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Həmin Məcəllənin 68.1 maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 67, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia qismən təmin edilsin. 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən tərtib edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, **********0898 nömrəli qərar İddiaçı 8000 (səkkiz min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi hissəsində ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1538/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1538/2020
29.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver