Məhkəmə qərarları › İş №2-1(114)-1538/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1538/2021

06.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1538/2021 06.08.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçılar İddiaçı və X10 iştirakı ilə, İddiaçılar İddiaçı, X5 və X10 Cavabdehnə (üçüncü şəxslər X20, X21, X11, X25, X12 və X13) qarşı qeydiyyatdan çıxarılma tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin 26.07.2021-ci il tarixli, **********73 nömrəli məktubundan görünür ki, arxiv sənədləri və elektron baza məlumatlarına əsasən, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair həmin evin yerləşdiyi 479 kv.m torpaq sahəsinə dair X6 adına 10.05.1963-cü il tarixdə “Torpaq qeydi” sənədi tərtib edilmişdir və Gəncə Rayon Kəpəz X22 İcraiyyə Komitəsinin 29.10.1990-cı il tarixli qərarına əsasən sözügedən əmlak X6 adına qeydiyyata alınaraq, ona 20.11.1990-cu il tarixli, 4249 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə şəhər 1 saylı Dövlət notariat kontorunun 22.11.1990-cı il tarixli, 3-2-399 saylı “Mülkiyyət hüququ haqqında” və 3-2-400 saylı “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələrinə əsasən, 7/12 hissə X5, 1/6 hissə İddiaçı, 1/12 hissə X14, 1/12 hissə X15, 1/12 hissə X2 və 1/12 hissə X7 payları göstərilməklə adlarına 03.12.1990-ci il tarixli, 4249 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə şəhəri 2 saylı Dövlət notariat kontorunun 28.11.2003-cü il tarixli, 4-Ə-4-492 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən, X16, X13, X20 və Bağırova (Qasımova) İlhamə Nazim qızı əmlakın onlara məxsus hissəsini X17 bağışlamışlar və sonuncunun adına 11.12.2003-cü il tarixli, 4249 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə şəhəri 2 saylı Dövlət notariat kontorunun 15.09.2004-cü il tarixli, 4-Ə-3-401 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən, X23, ünvan 2 ünvanda yerləşən evin sahələri 63,0 kv.m yaşayış sahədən, 84,7 kv.m köməkçi sahədən 38,8 kv.m çardaqdan və 3 otaqdan ibarət evini 1/2 hissəsini Qasımova Zərifə qızına və 1/2 hissəsini isə İddiaçı bağışlamışdır. Qeyd olunan müqaviləyə əsasən Qasımova Zərifə qızı və İddiaçı adlarına 21.09.2004-cü il tarixli, 4249 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. 21.09.2004-cü il tarixli, 4249 reyestr nömrəli qeydiyyat vəsiqəsi və digər arxiv sənədlərinə əsasən, İddiaçı (155,6 kv.m ümumi sahəli fərdi yaşayış evinin 1/2 hissəsi), X5 (155,6 kv.m ümumi sahəli fərdi yaşayış evinin 1/2 hissəsi) və X15 (0.043 ha torpaq sahəsi) adlarına 16.05.2021-ci il tarixli, **********01- 10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdeh 25.06.2021-ci il tarixli, 120- 18917Q-3221 nömrəli məktubu ilə X7, X8, X3, X18, X4 və X2 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmalarından imtina edilmişdir. İmtina «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə istinadla onunla əsaslandırmışdır ki, şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında qeydiyyatdan çıxarıla bilər. İmtinanı qanunsuz hesab edən iddiaçılar hazırkı tələblə məhkəməyə müraciət edərək Cavabdeh üzərinə X7, X8, X3, X18, X4 və X2 onlara məxsus ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən ev mülkiyyət hüququ üzrə onlara məxsusdur. X20, X21, X11, X25, X12 və X13 onların qohumlarıdır. Adıçəkilən şəxslərin onlara məxsus mənzildən qeydiyyatdan çıxarılmaları üçün Cavabdehnə ərizə ilə müraciət etsələr də, cavabdeh orqan onların ərizəsindən imtina edərək məhkəməyə müraciət etməyini bildirmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, üçüncü şəxslərdən X20 və X13 onun qardaşlarıdır, digər üçüncü şəxslər isə qardaşlarının ailə üzvləridir. X20 və X13 28 noyabr 2003-cü il tarixdə hazırkı mübahisə predmeti olan ev üzrə paylarını onlara bağışlamışlar. Nə qardaşları, nə də ailə üzvləri onlara məxsus evdə yaşamırlar. Ona görə də, həmin şəxslərin qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edir. İddiaçı X16 əvvəlki məhkəmə iclasında iddia tələbini müdafiə etdiyini, üçüncü şəxslərin onun oğlanları və onların ailə üzvləri olduqlarını, lakin illərdir həmin evdə yaşamadıqlarını, evə dair paylarını bağışladıqlarını bildirdi və tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Digər iddiaçı X1 Qasımova ilə analoji izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh orqana və üçüncü şəxslərin qeydiyyatda olduğu ünvan üzrə müvafiq icra hakimiyyəti orqanına məhkəmə bildirişinin göndərilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, üçüncü şəxslər isə məhkəmə iclasına gəlməmişlər. İş üzrə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin məhkəmə iclasında iştirak etmədiklərinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir (İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - AZE seriyalı 06416689 nömrəli iddiaçı X9 məxsus şəxsiyyət vəsiqəsinin surəti; - AZE seriyalı 15884116 nömrəli iddiaçı X19 məxsus şəxsiyyət vəsiqəsinin surəti; - AZE seriyalı 0******* nömrəli İddiaçı məxsus şəxsiyyət vəsiqəsinin surəti; - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 16.05.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surəti; - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilən yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayış; - Cavabdeh iddiaçıya ünvanladığı 25.06.2021-ci il tarixli, 120-18917Q-3221 nömrəli imtina məktubu; - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin 26.07.2021-ci il tarixli **********73 nömrəli məktubu. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçıların izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə işdə olan sübutları tam və hərtərəfli araşdıraraq işin düzgün həlli üçün əhəmiyyəti olan faktiki hallar kimi müəyyən etmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair 7/12 hissə X5, 1/6 hissə İddiaçı, 1/12 hissə X14, 1/12 hissə X15, 1/12 hissə X2 və 1/12 hissə X7 payları göstərilməklə adlarına 03.12.1990-ci il tarixli, 4249 reyestr nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Gəncə şəhəri 2 saylı Dövlət notariat kontorunun 28.11.2003-cü il tarixli, 4-Ə-4-492 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən, X16, X13, X20 və Bağırova (Qasımova) İlhamə Nazim qızı əmlakın onlara məxsus hissəsini X17 bağışlamışlar. Sonradan Gəncə şəhəri 2 saylı Dövlət notariat kontorunun 15.09.2004-cü il tarixli, 4-Ə-3-401 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən, X23, ünvan 2 ünvanda yerləşən evin 1/2 hissəsini Qasımova Zərifə qızına və 1/2 hissəsini isə İddiaçı bağışlamışdır. Hazırda ünvan 1 ünvanında yerləşən ev 16.05.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən fərdi yaşayış evinin 1/2 hissəsi İddiaçı, həmin evin 1/2 hissəsi X9, 0,0342 ha torpaq sahəsi isə Qasımova (Həsənova) Təranə Nazim qızının xüsusi mülkiyyətinə verilmişdir. İddiaçılar Cavabdehnə müraciət edərək, xüsusi mülkiyyətində olan mənzildən X7, X8, X3, X18, X4 və X2 qeydiyyatdan çıxarılmasını xahiş etmişlər, lakin inzibati orqan həmin şəxsləri qeydiyyatdan çıxartmamış və iddiaçılara məhkəməyə müraciət etməsi təklif olunmuşdur. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İ, İİ, İİİ və İV hissələri). Mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl prinsiplərindən biri hesab olunur. Mülkiyyət hüququ “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində də öz əksini tapmışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarmanın əsasları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsində və Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun tətbiqi haqqında Əsasnamənin 10-cü bəndində təsbit olunmuşdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun: - 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. - 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməlidir. - 9-cu maddəsində qeyd edilir ki, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdəyeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə-müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) azadlıqdan məhrum edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə-ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında; 7) əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarıldıqda-müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında. Məhkəmə hesab edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbinə əsasən mənzilə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına maneə təşkil etməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 24.09.2020-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Həmin Qərarla müəyyən olunmuşdur ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Bu Qərara əsasən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, mülkiyyətçinin tələbi əsasında yaşayış sahəsinə münasibətdə hər hansı əmlak hüquqlarının sahibi olmayan şəxsin qeydiyyatdan çıxarılması qanuni və əsaslıdır. Belə ki, burada şəxsin konstitusion hüququ olan - mülkiyyət hüququna müdaxilə “ədalətli balans” prinsipini özlüyündə əks etdirməməklə yanaşı, şəxsin qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmır və onun yaşayış sahəsi üzrə ümumiyyətlə qeydiyyatsız qalmasına da səbəb olmur. Belə ki, həmin şəxs özünün yeni yaşayış yeri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 aprel 2003-cü il tarixli, 55s saylı sərəncamına uyğun olaraq Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanın ünvanı üzrə qeydiyyata alına bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1 və 68.2-ci maddələrinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. - 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilsin. X7, X8, X3, X18, X4 və X2, İddiaçı, X5 və X10 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar