Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1539/2020 28.10.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçının nümayəndəsi X1 və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı «xxxxx» firmasının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında, aşıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: «xxxxx» firması (bundan sonra mətndə iddiaçı) xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 11 saylı Ərazi Vergilər Baş İdarəsi (bundan sonra mətndə cavabdeh) tərəfindən barəsində kameral vergi yoxlamasının nəticələrinə dair xx.xx.2020ci il tarixli **********374300 nömrəli qərarın və bununla bağlı xx.xx.2020-ci il **********569400 nömrəli inzibati şikayətin təmin edilməməsi haqqında qərarın ləğv olunmasına və iddiaçıya hesablanmış 16020 manat vergi borcunun silinməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən aparılmış kameral vergi yoxlaması ilə vergi ödəyicisi tərəfindən 2019-cu il üçün hesablama metodu tətbiq edilməklə təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsinin 229-cu “Nəqliyyat xərcləri” sətrində göstərilmiş 80100,00 manat məbləğin neft məhsullarının topdansatış qiymətində həmin məhsulların daşınaraq çatdırılması ilə bağlı xərclər də nəzərdə tutulduğundan xərclərə aid edilməsi vergidən yayınma halı kimi qiymətləndirilmiş və 2019-cu il üçün 16020,00 manat mənfəət vergisi məbləği hesablanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar qəbul olunmuşdur. Qanunsuz və əsassız yazılmış borc məbləğinin silinməsi barədə Vergilər Nazirliyinin 11 saylı X4 yazdıqları məktublara müsbət cavab verilməmişdir. Barəsində qəbul edilmiş qərarın ləğv edilməsi ilə bağlı yuxarı inzibati orqana, yəni Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə yazdığı Şikayətə həmin qurum tərəfindən xx xxxx 2020-ci il tarixli, **********569400 saylı Qərarla "xxxxx" Firmasının kameral vergi yoxlaması ilə əlavə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2020-ci il tarixli inzibati şikayətin təmin edilməməsi və 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli **********374300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Şifahi məhkəmə baxış iclasında iddiaçını nümayəndəsi və vəkili məhkəməyə dəqiqləşdirmə ərizəsi verərək 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən «xxxxx» firmasında kameral verqi yoxlamasının nəticələrinə dair xx.xx.2020-ci il tarixli **********374300 saylı qərarın ləğv edilməsinə və «xxxxx» firmasına hesablanmış 16020 manat vergi borcunun silinməsinə dair qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxış iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili X3 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək bildirmişdir ki, kameral vergi yoxlaması ilə vergi ödəyicisi tərəfindən 2109-cu il üçün hesablama metodu tətbiq edilməklə təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsinin 229-cu Nəqliyyat xərcləri sətrində göstərilmiş 80100.00 mant məbləğin neft məhsullarının topdansatış qiymətinə həmin məhsulların daşınaraq çatdırılması ilə bağlı xərclər də nəzərdə tutulduğundan xərclərə aid edilməsi vergidən yayınma halı kimi qiymətləndirilmişdir. Odur ki, iddiaçının iddiası əsassız və vergi qanunvericiliyinin tələblərinə tam zidd olduğundan iddia tələbinin rədd edilməsini xahiş etmişlər. Şifahi məhkəmə baxış iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etirazda yazılanlarla eyni məzmunda izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə araşdırmasının predmetini xx.xx.2020-ci il tarixli **********374300 saylı vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərar, xx.xx.2020-ci il tarixli **********569400 nömrəli inzibati şikayətin təmin edilməməsi barədə qərar, «xxxxx» Firması ilə «xxxxxxxxxxxxxxxxx» QSC arasında bağlanılmış xx.xx.2019-cu il tarixli 190107 nömrəli Kommersiya subkonsessiya (subfrançayzinq) müqaviləsi və cavabdehin etirazı təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı tərəfindən qaldırılmış iddia mübahisələndirmə haqqında iddia (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 32.1-ci maddəsi) növünə aiddir. İddia ümumi mümkünlük şərtlərinə əməl olunmaqla verilmiş, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddianın xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində qaldırılmışdır. İddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsaslı deyildir. İşin faktiki hallarından görünür ki, iddiaçı «xxxxx» firması xx.xx.1997-ci il tarixdə (VÖEN) ********** nömrə ilə qeydiyyatdan keçmişdir. İş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə 2019-cu il üçün hesablama metodu tətbiq edilməklə dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilmiş, cavabdeh yaranmış uyğunsuzluqla bağlı Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2019-cu il üçün 16020,00 manat mənfəət vergisi məbləği hesablanaraq “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli **********374300 nömrəli Qərar qəbul etmişdir. İddiaçı firma iddia ərizəsində 2019-cu il üçün təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsində sənədlərlə təsdiq edilməyən xərclərin "xxxxxxxxxxxxxxxxxx" QSC-dən (VÖEN: **********) alınmış neft məhsullarının daşınmasına çəkilən xərclər olduğunu bildirmişdir. İddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə 2019-cu il üçün hesablama metodu tətbiq edilməklə təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsində “Hesabat dövrünün gəlirləri” hissəsində 2723387,29 manat gəlir məbləği, “Hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər” hissəsində 2659369,75 manat xərc məbləği, o cümlədən 20300,0 manat əmək haqqı xərcləri, 3375,35 manat sosial sığorta haqları, 2537316,2 manat malın dəyəri, 86,20 manat enerji xərcləri, 9340,0 manat bank xidməti üzrə xərclər, 382,0 manat bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər, 7958,0 manat amortizasiya ayırmaları, 80100,00 manat nəqliyyat xərcləri, 512,0 manat gəlirdən çıxılan vergilər və yığımlar göstərilmiş və qeyd edilən xərclər elektron vergi hesab-fakturaları və qaimələrlə təsdiqini tapmışdır. Eyni zamanda iddiaçı "xxxxx" Firması ilə “xxxxxxxxxxxxxxxxx” QSC arasında bağlanılmış xx.xx.2019-cu il tarixli 190107 nömrəli Kommersiya subkonsessiya (subfrançayzinq) müqaviləsinin 3.1.3-cü bəndinə əsasən subfrançayz alan şirkətin firma adından və logotipindən istifadə etməyi və yalnız subfrançayz verənin yanacağını satmağı öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4-cü bəndinin müddəalarına əsasən müqavilə üzrə təqdim olunan malların topdansatış qiymətləri ilə yanaşı, bir ton Aİ-92 və dizel yanacağı üçün ƏDV daxil 23,6 manat, “Premium EURO 95” yanacağı üçün ƏDV daxil 15 manat komissiya haqqının subfrançayz verənin hesabına ödənilməsi öhdəliyi müəyyənləşdirilmişdir. Komissiya haqqına Subfrançayz verənin bu müqavilənin icrası ilə bağlı bütün çəkdiyi xərclər daxil edilir. Vergi Məcəlləsinin 14.10-cu maddəsinə əsasən qiymətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən tənzimlənən mallar (işlər, xidmətlər) təqdim olunarkən (ixrac istisna olmaqla) və alınarkən vergitutma məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən qiymətlər əsas götürülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 398.1-ci maddəsinə əsasən Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” xx.xx.2015-ci il tarixli 2 nömrəli qərarının 2.5-ci bəndinə əsasən ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının topdansatış tariflərinə təchizat tarifləri müəyyənləşdirilmiş neft məhsullarının ölkə ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə qədər daşınması ilə bağlı bütün xərclər daxil edilmişdir. Ölkə daxilində istehsal olunan və satılan neft məhsullarının şirkətdaxili, təchizat, topdansatış və pərakəndə satış tariflərinə əsasən avtomobil benzini, dizel yanacağı, reaktiv mühərrik yanacağının 1 (bir) tonu üçün təchizat tarifi 15,0 manat müəyyənləşdirilmişdir. Mülkiyyət formasından asılı olmayaraq bütün hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər neft məhsullarının topdan və pərakəndə satışını bu qərarla təsdiq edilmiş tariflərlə, qanunvericiliyə yyğun olaraq yol vergisi tətbiq olunan neft məhsullarının topdan satışını isə topdansatış tariflərinə yol vergisini əlavə etməklə həyata keçirirlər. Göründüyü kimi, neft məhsullarının topdansatış tarifinin tərkibində təchizat xərcləri nəzərə alınmışdır və bu təchizat xərcləri satılan neft məhsullarının satıcı tərəfindən ölkə ərazisində fəaliyyət göstərən pərakəndə satış yerlərinə (məntəqələrinə) qədər daşınması ilə bağlı bütün xərcləri də əhatə edir. Tərəflər arasında bağlanmış alqı-satqı müqavilələrində neft məhsullarının alıcı tərəfindən satıcının neft terminalı bazasından öz nəqliyyat vasitələri və vəsaitləri hesabına daşınması ilə bağlı müddəalar yuxarıda qeyd olunan maddi hüquq normalarına uyğun deyildir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, neft məhsullarının topdansatış qiymətində həmin məhsulların daşınaraq çatdırılması ilə bağlı (təchizatı ilə bağlı) xərclər də nəzərdə tutulduğundan həmin məhsulların alışı zamanı alıcı tərəfindən digər daşınma xərclərinin çəkilməsi təchizat xərclərinə aid edilmir və neft məhsullarının daşınması ilə bağlı digər şəxslərə ödənilmiş daşıma xərcləri gəlirdən çıxılmır. Təchizat xərcləri alınmış malın dəyərində nəzərə alınan xərc elementi olduğundan “Hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər” hissəsində nəqliyyat xərcləri müstəqil xərc elementi kimi nəzərə almamalı, satılmış malların dəyəri kimi gəlirdən çıxılan xərclərə aid edilməlidir. Göründüyü kimi cavabdehin qərarı əsaslı və qanuni olmuşdur. Beləliklə, məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən həll olunur. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı «xxxxx» firmasının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı kameral vergi yoxlamasının nəticələrinə dair xx.xx.2020-ci il tarixli **********374300 nömrəli qərarın ləğv edilməsi və iddiaçıya hesablanmış 16,020 manat vergi borcunun silinməsi barədə iddiası rədd edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-1539/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1539/2020
28.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver