Məhkəmə qərarları › İş №2-1(114)-1545/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1545/2021

01.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1545/2021 01.09.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Bərdə rayon Cəyirli bələdiyyəsi) şəhadətnamədə qeyd olunan torpaq sahəsinin faktiki istifadə edilən torpaq sahəsinə işlənməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 10.03.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, istifadə etdiyi torpağın ev tikilən yerə işlənməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 1970-ci ildə Bərdə rayonu, Cəyirli kəndində ona ailə üzvləri ilə birlikdə 0.09 ha torpaq sahəsi verilmiş, torpaq sahəsində ev tikmişlər və 50 ildən çoxdur ki, həmin evdə yaşamaqla torpaq sahəsindən istifadə edirlər. Bərdə rayon Aqrar İslahat Komissiyasının 16.06.1999-cu il tarixli 07 saylı qərarı ilə JN-073A kod- 61005088 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Həmin evə qeydiyyat vəsiqəsi almaq üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh mübahisələndirlən torpaq sahəsi ilə şəhadətnamədə göstərilən torpaq sahəsinin üst-üstə düşmədiyini və şəhadətnamədə göstərilən sahənin Cəyirli kəndinin başqa istiqamətində yerləşdiyini bildirmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmənin 15.10.2020-ci il tarixli qərardadı ilə iddiaçının nümayəndəsi (vəkili) X1 “JN-073A kod-61005088 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə İddiaçı, X5, X4 və X7 verilən 0,09 ha torpaq sahəsinin planı və sərhədlərinin ölçüsü hissəsi onların qanunu istifadəsindəki yaşadığı evinin həyatyanı sahəsinə uyğunlaşdırılmaqla mövcud uyğunluqların yoxlanılması işləri aparılmaqla aradan qaldırılıb rəsmiləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi inzibati məhkəmə icraatına qəbul edilmişdir. Həmçinin məhkəmənin 06.07.2021-ci il tarixli qərardadı ilə Bərdə rayon Cəyirli bələdiyyəsi iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq iddiaçı gəlməmiş, cavabdeh və üçüncü şəxs isə nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -“Torpağın mülkiyyətə verilməsinə dair” JN-073A kod-61005088 nömrəli şəhadətnamədən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 16.03.1999-cu il tarixli 07 saylı qərarı ilə Bərdə rayon Cəyirli kənd sakinləri X6 və onun ailə üzvləri İddiaçı, X3, X2 və X7 0.09 ha həyətyanı torpaq sahəsi verilmişdir. -Bərdə rayon Qeydiyyat şöbəsinin 11.11.2015-ci il tarixli arayışının surətindən görünür ki, X8 30.01.2007-ci il tarixdə ölmüşdür. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin 25.02.2020-ci il tarixli **********95 nömrəli bildirişindən görünür ki, iddiaçı tərəfindən təqdim olunmuş sənədlərə baxış keçirilən zaman faktiki inventarlaşdırılan sahə ilə hüquqmüəyyənedici sənəd olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən torpaq sahəsinin üst-üstə düşmədiyi və şəhadətnamədə göstərilən sahənin Cəyirli kəndinin başqa istiqamətində yerləşdiyi müəyyən edilmiş, bu səbəbdən də ərizəsinin icrasından imtina olunmuşdur. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin 14.10.2020-ci il tarixli **********94 nömrəli məktubundan görünür ki, İddiaçı faktiki istifadə etdiyi Bərdə rayonu Cəyirli kəndində yerləşən torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır və həmin torpaq sahəsi Bərdə rayon Cəyirli bələdiyyəsinin mülkiyyətindədir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyət baxımından əsaslı deyil. Belə ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 16.03.1999-cu il tarixli 07 saylı qərarı ilə Bərdə rayon Cəyirli kənd sakinləri İddiaçı və ailə üzvlərinə 0.09 ha həyətyanı torpaq sahəsi verilmiş və həmin torpaq sahəsinə dair “Torpağın mülkiyyətə verilməsinə dair” JN-073A kod-61005088 nömrəli şəhadətnamə tərtib edilmişdir. İddiaçı qeyd olunan şəhadətnaməyə istinad edərək həmin şəhadətnamədə qeyd olunan torpaq sahəsinin faktiki istifadə edilən torpaq sahəsinə işlənməsinı tələb etsə də, cavabdeh bundan imtina etmişdir. Cavabdeh orqanın imtinasının əsasını isə faktiki inventarlaşdırılan sahə ilə hüquqmüəyyənedici sənəd olan Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən torpaq sahəsinin üst-üstə düşməməsi və şəhadətnamədə göstərilən sahənin Cəyirli kəndinin başqa istiqamətində yerləşməsi təşkil etmişdir. Məhkəmə iddia ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Tədqiq olunan sübutlardan görünür ki, iddiaçıya və ailə üzvlərinə Bərdə rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarı ilə torpaq sahəsi ayrılmış və şəhadətnamədə sahənin koordinatları müəyyən edilmişdir. Buna baxmayaraq iddiaçı və ailə üzvləri ayrılmış sahədən deyil, hazırda bələdiyyə mülkiyyətində olan başqa sahədən istifadə etməyə başlamışlar və hazırda da iddiaçı məhz həmin sahənin adına qeydə alınmasını, yəni şəhadətnamədə qeyd edilmiş koordinatların dəyişdirilərək faktiki istifadə etdiyi sahənin koordinatlarına uyğunlaşdırılmasını tələb edir. İşin faktiki hallarından da görünür ki, iddiaçıya və ailə üzvlərinə Aqrar İslahat Komissiyası tərəfindən verilmiş sahə mövcuddur və həmin sahədə başqa şəxs tərəfindən ev inşa edilmişdir. Buna baxmayaraq iddiaçı ona və ailə üzvlərinə ayrılmış torpaq sahəsinin adına qeydə alınması və boşaldılmasını tələb etmək əvəzinə özü üçün daha uyğun və əlverişli hesab etdiyi yolu seçərək başqa subyektin mülkiyyətində olan sahəyə sahib olmaq niyyətindədir. Odur ki, məhkəmə iddianı əsaslı etmir və yuxarıda qeyd olunanlar, habelə bələdiyyənin mülkiyyət hüquqlarının pozulması baxımından iddianın rədd olunması qənaətinə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtinanın əsasları müəyyən edilmişdir. Həmin qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı şəhadətnamədə qeyd olunan torpaq sahəsinin faktiki istifadə edilən torpaq sahəsinə işlənməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətindəGəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar