Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1545/2024 02.10.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün adının siyahıya daxil edilərək sənədlərinin razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin orqanın üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 342 nömrəli əmri ilə əsgər İddiaçı (1-ci zenit-raket divizionunun 3-cü zenit-raket batareyasının 1-ci zenit-raket heyətinin (özüyeriyən atış qurğusu) mexanik sürücü-elektriki vəzifəsinə (xx.xx.1996-cı il təvəllüdlü, Azərbaycanlı, orta təhsilli, hərbi təlim toplanışına 21 sentyabr 2020-ci il tarixdə SHXÇDX-nin Göygöl Rayon Şöbəsindən çağrılıb) 21 sentyabr 2020-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara daxil edilmişdir.
2. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 450 nömrəli əmri ilə əsgər İddiaçı (1-ci zenit-raket divizionunun 3-cü zenit-raket batareyasının 1-ci zenit-raket heyətinin (özüyeriyən atış qurğusu) mexanik sürücü-elektriki) Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2020-ci il tarixli 274 nömrəli əmrinə və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 197-ci maddəsinə əsasən xx.xx.2020-ci il tarixdən səfərbərlikdən tərxis edilməsi, hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılması və çağrıldığı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə göndərilməsi əmr edilmişdir.
3. İddiaçı məxsus xx.xx.2017-ci il tarixli SX ******* nömrəli hərbi biletdə onun xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə Cəbrayıl, Qubadlı, Fizuli istiqamətlərində gedən döyüşlərdə N nömrəli hərbi hissədə mexanik-sürücü elektrik vəzifəsində xidmət etməsi qeyd edilmişdir.
4. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinin xx.xx.2021-ci il tarixli 37 nömrəli və xx.xx.2024-cü il tarixli 3-43-25/2-72/24 nğömrəli arayışlarından görünür ki, İddiaçı həqiqətən “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunlarının müvafiq maddələrinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada hərbi xidmətə cəlb edilmiş, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələri tərkibində hərbi xidmət keçmişdir. xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə Cəbrayıl, Qubadlı, Fizuli istiqamətlərində gedən döyüşlərdə N saylı hərbi hissə tərkibində xidmət etmişdir.
5. N nömrəli hərbi hissənin xx.xx.2022-ci il tarixli 11676 nömrəli məktubunda bildirilmişdir ki, onun 44 günlük “Vətən Müharibəsi” dövründəki fəaliyyəti nəzərə alınaraq “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi barədə qərar qəbul edilməsi üçün sənədləri “Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”ya təqdim edilmişdir. “Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən əlavələr (döyüş əməliyyatları zamanı hansı hərbi hissədə xidmətdə olubsa həmin hərbi hissənin şəxsi heyətinin siyahısına daxil olması və çıxması barədə nizami hissə üzrə əmrdən çıxarışlar, ezamiyyətdə olanların ezamiyyət vəsiqələrinin surəti, ezamiyyətə getməsi və qayıtması barədə nizami hissə üzrə əmrdən çıxarışlar, hansı hərbi hissəyə ezamiyyətə gediblərsə həmin hərbi hissəyə ezamiyyətə gəlmələri və qayıtmaları barədə nizami hissə üzrə əmrdən çıxarışlar, hər bir şəxs haqqında təfsilatlı arayış-məlumatlar) edilməsi məqsədi ilə bəzi şəxslərin sənədləri geri qaytarılmışdır. Həmin siyahıda onun da adı qeyd edilmişdir. N nömrəli hərbi hissənin “Vətən Müharibəsində iştirak etmiş şəxslərin sənədlərinin hazırlanması işinin təşkili və icrası üçün yaradılmış hərbi hissə üzrə daxili yoxlama komissiya”sı tərəfindən qısa müddət ərzində sənədlərinin tələb olunan nümunələrə uyöun tərtib edilərək qərar qəbul edilməsi məqsədi ilə yenidən “Müharibə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”ya təqdim edilməsi təmin ediləcəkdir.
6. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəyə ünvanladığı xx.xx.2023-cü il tarixli 2/2-10589 nömrəli məktubunda bildirilmişdir ki, təqdim olunmuş arayış-məlumatda qeyd olunmuş ərazi (Goranboy rayonu, Qaramusalı yaşayış məntəqəsi) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarında göstərilən ərazilərə uyğun gəlmədiyinə görə xx.xx.2023-cü il tarixli iclas protokoluna əsasən komissiya tərəfindən vətəndaş “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilmir.
7. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə etdiyi müraciətinə həmin orqanın xx.xx.2023-cü il tarixli məktubu ilə imtina cavabı verilmiş və imtina onunla əsaslandırılmışdır ki, ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2023-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Barəsində təqdim olunmuş arayış-məlumatda qeyd olunmuş ərazi (Goranboy rayonu, Qaramusalı yaşayış məntəqəsi) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarında göstərilən ərazilərə uyğun gəlmədiyinə görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. Əlavə olaraq bildirilir ki, “Vətəndaşların müraciətləri haqqında” Qanunun 14.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında 30 (otuz) gün müddətinə şikayət vermək hüququna malikdir.
8. N nömrəli hərbi hissənin “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqələrinin verilməsi üçün təqdim edilən hava hücumundan müdafiə tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş hərbi qulluqçular barəsində arayış-məlumatında aşağıdakılar qeyd edilmişdir: Döyüş əməliyyatları aparılan zaman (27.09.-xx.xx.2020-ci il tarixlərdə)
1. Xidmət keçdiyi hərbi hissə (müəssisə): N nömrəli hərbi hissə
2. Rütbəsi: əsgər
3. Vəzifəsi: 1-ci divizionun 3-cü batareyasının 1-ci ÖAQ heyətində mexaniksürücü elektrik
4. Xidmət etdiyi hərbi hissəyə daxil olması və çıxması (tarixlər və əmrin nömrələri göstərilməklə): xx.xx.2020 342 nömrəli əmr, xx.xx.2020-ci il tarixli 450 nömrəli əmr
5. Hərbi hissənin və bölmənin döyüş əməliyyatlarına cəlb olunması və döyüş tapşırığının yerinə yetirilməsi (tarix və əmrin nömrəsi göstərilməklə): Müdafiə nazirinin müavini-Hərbi Hava Qüvvələri Komandanının xx.xx.2020-ci il tarixli 0028 nömrəli döyüş sərəncamı
6. Həmin dövrdə şəxsin hava hücumundan müdafiə bölmələrinin tərkibində döyüş növbəsinə cəlb olunması (tarix və əmrin nömrəsi göstərilməklə): Hərbi Hava Qüvvələri komandanının xx.xx.2020-ci il tarixli 015 nömrəli əmri
7. Həmin dövrdə şəxsin cəlb olunduğu hava hücumundan müdafiə bölmələrinin tərkibində döyüş atışlarının həyata keçirilməsi (tarix və əmrin nömrəsi göstərilməklə):-
8. İştirak etdiyi ərazilər: xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissənin 1-ci divizionun 3-cü batareyası, Qaramusalı
9. Hansı qismdə iştirak edib, həmin dövrdə hansı fəaliyyət növü ilə məşğul olub (təfsilatı məlumat verilsin): xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlər zamanı özüyeriyən atəş qurğusunun verilmiş əmr və tapşırıqlar əsasında göstərilmiş mövqelərə marşın həyata keçirilməsində heyət tərkibində fəal iştirak etmişdir.
10. Xəsarət (yaralanma, travma, kontuziya) alma tarixi:
11. Xəsarət (yaralanma, travma, kontuziya) aldığı ərazi:
12. Xəsarət (yaralanma, travma, kontuziya) üzrə məlumat (diaqnoz):
13. Ehtiyata və ya istefaya buraxılması (nizami hissə üzrə əmrin nömrəsi və tarixi):
14. Göndərildiyi SHXÇDX-nin idarəsinin, şöbəsinin (bölməsinin) adı: Göygöl RŞ
15. Döyüşlərdə iştirakına görə təltifləri (tarix və adı):
9. Məhkəmənin sorğusuna N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli 253 nömrəli cavab məktubunda bildirilmişdir ki, təqdim olunmuş arayış-məlumatda qeyd olunmuş ərazi (Goranboy rayonu, Qaramusalı yaşayış məntəqəsi) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarında göstərilən ərazilərə uyğun gəlmədiyinə görə xx.xx.2023-cü il tarixli iclas protokoluna əsasən komissiya tərəfindən vətəndaş “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir.
10. Məhkəmənin sorğusuna N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli 596 nömrəli və xx.xx.2024-cü il tarixli 834 nömrəli cavab məktublarında bildirilmişdir ki, məktubda adı qeyd olunmuş İddiaçı N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatları aparılan dövrdə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Goranboy rayonu Qaramusalı kəndi ərazisində N nömrəli hərbi hissənin 1-ci divizionun 3-cü batareyasının 1-ci ÖAQ heyətində mexanik-sürücü elektrik vəzifəsində xidmət etmişdir. İddiaçı Fizuli, Cəbrayıl və Qubadlı rayonları ərazilərində gedən döyüş əməliyyatlarında iştirak etməmişdir. Məktubda qeyd olunan digər əmrlər yuxarı komandanlığının məxfi və tam məxfi əmrləri olduğundan həmin əmrlərdən çıxarışları yuxarı komandanlığın icazəsi və göstərişi olmadan təqdim edə bilmirlər.
11. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli 3-25-2/2- 75xx-xx/2024 nömrəli və xx.xx.2024-cü il tarixli 3-25-2/2-Ş-8974/2024 nömrəli cavab məktublarında bildirilmişdir ki, 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək erməni silahlı birləşmələrinə qarşı əks hücum əməliyyatının keçirilməsi və işğal olunmuş ərazilərimizin azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etdiklərinə görə vətəndaşlar X5, X1, X9, X6 və X8 “Müharibə veteranı” adı verilmişdir. Adları qeyd olunan vətəndaşlara “Müharibə veteranı” adının verilməsinə əsas olan sənədləri Azərbaycan Respublikası Nazirlər Kabinetindədir.
12. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli 3-25-2/2-Ş- 81xx-xx/2024 nömrəli məktubunda bildirilmişdir ki, vətəndaş İddiaçı barəsində N nömrəli hərbi hissə tərəfindən daxil olmuş adlı siyahıya və əmrdən çıxarışlara komissiyanın xx.xx.2023-cü il tarixli iclasda baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən qoşmada göstərilən məzmunda cavab verilmişdir.
13. Məhkəmənin sorğusuna N saylı hərbi hissə tərəfindən verilmiş cavab məktubuna əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin “Hərbi hissənin və bölmələrinin şəxsi heyətinin düşmən tərxibatının qarşısının alınması ilə əlaqədar döyüş tapşırığını yerinə yetirən və döyüş əməliyyatlarına cəlb olunan hərbi qulluqçuların siyahısının tərtib edilməsi haqqında xx.xx.2020-ci il tarixli 091 nömrəli əmrindən çıxarışdan görünür ki, hərbi hissənin şəxsi heyətinin xx.xx.2020-ci il tarixdən düşmən təxribatının qarşısının alınması və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı xidməti vəzifələrini layiqincə yerinə yetirən hərbi qulluqçuların siyahısında mexanik-sürücüelektrik - əsgər İddiaçı adı qeyd edilmişdir. II. Məhkəmədə icraat
14. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2020xx.xx.2020-ci il tarixlərdə Cəbrayıl, Qubadlı, Fizuli istiqamətlərində gedən döyüşlərdə erməni işğalçılarına qarşı Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin tərkibində iştirak etməyini nəzərə alıb ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
15. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, xx.xx.2020-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsi tərəfindən müharibəyə səfərbər olunmuş və xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək işğalçı ermənilərə qarşı N saylı hərbi hissənin tərkibində döyüşlərdə iştirak etmişdir. Hərbi biletinin 14-cü bəndində N saylı hərbi hissənin möhürü ilə təsdiq olunaraq göstərilmişdir ki, xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə Cəbrayıl, Qubadlı, Fizuli istiqamətlərində gedən döyüşlərdə N nömrəli hərbi hissədə mexanik-sürücü-elektrik vəzifəsində xidmət etmişdir. Vətən müharibəsindən 3 il keçməsinə baxmayaraq, ona hələ də veteran vəsiqəsi verilməmişdir. Ona Müdafiə Nazirliyinin imtina məktubunda bildirilmişdir ki, barəsində təqdim olunmuş arayış-məlumatda qeyd olunmuş ərazi (Goranboy rayonu Qaramusalı yaşayış məntəqəsi) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarında göstərilən ərazilərə uyğun gəlmir. O, bunu əsasız hesab edir.
16. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.
17. Məhkəmənin hüquqi yardımından sonra iddiaçı xx.xx.2024-cü il iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün adının siyahıya daxil edilərək, sənədlərinin razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin tarixli qərardadla ərizə məhkəmənin icraatına qəbul edilmişdir. III. İddianın növü və mümkünlüyü
18. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
19. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
20. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
21. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Göygöl rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
22. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və iddiaçının yaşadığı yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
23. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. İV. Prosessual məsələlər
24. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin üçüncü şəxs kimi icraata cəlb edilməsi barədə iddiaçının vəsatəti təmin edilməmişdir.
25. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
26. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh isə məhkəməyə ünvanladığı yazılı etirazda məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
27. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
28. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir.
29. O, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqələrinin verilməsi üçün təqdim edilən hava hücumundan müdafiə tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş hərbi qulluqçular barəsində arayış-məlumatda onun adı N nömrəli hərbi hissənin 1-ci zenit-raket divizionunun 3-cü zenit-raket batareyasının 1-ci zenit-raket heyətinin (özüyeriyən atış qurğusu) mexanik sürücü-elektriki kimi Müdafiə Nazirliyinə təqdim edilmişdir. Həmin heyətin tərkibində X2-kapitan, X9-operator, X6-operator, X10-operator və o mexanik sürücü-elektriki təyin edilmişlər. Onunla birlikdə həmin heyətin tərkibində əks hücum əməliyyatları və işğal altında olan torpaqların azad edilməsi uğrunda gedən döyüşlər zamanı iştirak etmiş, adlarını qeyd etdiyi digər 4 nəfərə müharibə veteranı adı və vəsiqəsi verilmişdir.
30. Cavabdeh məhkəməyə iddiaya qarşı yazılı etiraz ünvanlamış və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının barəsində təqdim olunmuş arayış-məlumatda qeyd olunmuş ərazi (Goranboy rayonu, Qaramusalı yaşayış məntəqəsi) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il 216 nömrəli Qərarında göstərilən ərazilərə uyğun gəlmədiyinə görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün sənədləri Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və müdallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. Vİ. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
31. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 342 nömrəli əmrindən çıxarış; - N nömrəli hərbi hissə komandirinin Hərbi hissənin və bölmələrinin şəxsi heyətinin düşmən tərxibatının qarşısının alınması ilə əlaqədar döyüş tapşırığını yerinə yetirən və döyüş əməliyyatlarına cəlb olunan hərbi qulluqçuların siyahısının tərtib edilməsi haqqında xx.xx.2020-ci il tarixli 091 nömrəli əmrindən çıxarış; - N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 450 nömrəli əmrindən çıxarış; - İddiaçıya məxsus xx.xx.2017-ci il tarixli SX ******* nömrəli hərbi bilet; - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsinin xx.xx.2021-ci il tarixli 37 nömrəli və xx.xx.2024-cü il tarixli 3-43-25/2-72/24 nğömrəli arayışları; - N nömrəli hərbi hissənin xx.xx.2022-ci il tarixli 11676 nömrəli məktubu; - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəyə ünvanladığı xx.xx.2023-cü il tarixli 2/2-10589 nömrəli məktubu; - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli imtina məktubu; - N nömrəli hərbi hissənin “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqələrinin verilməsi üçün təqdim edilən hava hücumundan müdafiə tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş hərbi qulluqçular barəsində arayış-məlumatı; - Məhkəmənin sorğusuna N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli 253 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli 596 nömrəli və xx.xx.2024-cü il tarixli 834 nömrəli cavab məktubları; - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli 3-25-2/2-75xxxx/2024 nömrəli və xx.xx.2024-cü il tarixli 3-25-2/2-Ş-8974/2024 nömrəli cavab məktubları; - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli 3-25-2/2-Ş- 81xx-xx/2024 nömrəli məktubu.
Əsaslandırma hissəsi:
Vİİ. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
32. Məhkəmə inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
33. İş materialları ilə müəyyən olunur ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlər zamanı özüyeriyən atəş qurğusunun verilmiş əmr və tapşırıqlar əsasında göstərilmiş mövqelərə marşın həyata keçirilməsində heyət tərkibində fəal iştirak etdiyini əsas gətirməklə, müharibə veteranı adı və vəsiqəsi alması ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş, lakin cavabdeh xx.xx.2023-cü il tarixli məktubla onun müraciətini təmin etməkdən imtina edərək, iddiaçının barəsində təqdim olunmuş arayış-məlumatda qeyd olunmuş ərazi (Goranboy rayonu, Qaramusalı yaşayış məntəqəsi) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarında göstərilən ərazilərə uyğun gəlmədiyinə görə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsinin məqsədəuyğun hesab edilmədiyini bildirmişdir.
34. Lakin məhkəmə aşağıdakılara görə cavabdeh orqanın imtinasını əsassız sayır.
35. Belə ki, cavabdeh orqan imtinasında Barəsində təqdim olunmuş arayışməlumatda qeyd olunmuş ərazi (Goranboy rayonu, Qaramusalı yaşayış məntəqəsi) Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli Qərarında göstərilən ərazilərə uyğun gəlmədiyini qeyd etmişdir.
36. Lakin N nömrəli hərbi hissə komandirinin “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqələrinin verilməsi üçün təqdim edilən hava hücumundan müdafiə tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş hərbi qulluqçular barəsində arayış-məlumatında qeyd edilmişdir ki, İddiaçı Hərbi Hava Qüvvələri komandanının xx.xx.2020-ci il tarixli 015 nömrəli əmri ilə həmin dövrdə şəxsin hava hücumundan müdafiə bölmələrinin tərkibində döyüş növbəsinə cəlb olunmuş, xx.xx.2020ci il tarixdən xx.xx.2020-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlər zamanı özüyeriyən atəş qurğusunun verilmiş əmr və tapşırıqlar əsasında göstərilmiş mövqelərə marşın həyata keçirilməsində heyət tərkibində fəal iştirak etmişdir.
37. Eyni zamanda, N nömrəli hərbi hissə komandirinin “Hərbi hissənin və bölmələrinin şəxsi heyətinin düşmən tərxibatının qarşısının alınması ilə əlaqədar döyüş tapşırığını yerinə yetirən və döyüş əməliyyatlarına cəlb olunan hərbi qulluqçuların siyahısının tərtib edilməsi haqqında xx.xx.2020-ci il tarixli 091 nömrəli əmrindən çıxarışdan görünür ki, hərbi hissənin şəxsi heyətinin xx.xx.2020-ci il tarixdən düşmən təxribatının qarşısının alınması və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı xidməti vəzifələrini layiqincə yerinə yetirən hərbi qulluqçuların siyahısında mexanik-sürücü-elektrik - əsgər İddiaçı adı qeyd edilmişdir.
38. Göründüyü kimi, o, Hərbi Hava Qüvvələri komandanının xx.xx.2020-ci il tarixli 015 nömrəli əmri ilə həmin dövrdə şəxsin hava hücumundan müdafiə bölmələrinin tərkibində döyüş növbəsinə cəlb olunmuş, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlər zamanı özüyeriyən atəş qurğusunun verilmiş əmr və tapşırıqlar əsasında göstərilmiş mövqelərə marşın həyata keçirilməsində heyət tərkibində fəal iştirak etmişdir.
39. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 3. Aşağıdakılar müharibə veteranları sayılırlar: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər. Maddə 7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
40. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə görə: Bənd 1. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında (9cu yarımbənd); 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında (10-cu yarımbənd). Bənd 2. Bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir.
41. Yuxarıda adıçəkilən Əsasnamədən göründüyü kimi, 10-cu yarımbənddə 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında veteran adı və vəsiqəsinin verilməsi nəzərdə tutulmuşdur ki, iddiaçı da Hərbi Hava Qüvvələrinə məxsus N nömrəli hərbi hissədə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlər zamanı özüyeriyən atəş qurğusunun verilmiş əmr və tapşırıqlar əsasında göstərilmiş mövqelərə marşın həyata keçirilməsində heyət tərkibində fəal iştirak etmişdir.
42. Mübahisənin maddi-hüquqi əsasını təşkil edən normaların tətbiqi və iş materiallarının tədqiqi nəticəsində məhkəmə belə hesab edir ki, hazırkı halda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddiaçının adını müharibə veteranı adı veriləcək şəxslərin siyahısına daxil edərək, sənədlərini razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina etməsi barədə hərəkətləri qanunauyğun olmamışdır.
43. Çünki, iddiaçının xidmət etdiyi hərbi hissə ölkənin ərazi bütövlüyünü hava hücumundan müdafiə etmək olmuş və Əsasnamədə hava hücumundan müdafiə bölmələrinin tərkibində xidmət keçmiş şəxslərin də məhz Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə döyüş əməliyyatlarında iştirak etməsi əks olunmamışdır.
44. İddiaçı N saylı hərbi hissənin düşmən təxribatının qarşısının alınması ilə əlaqədar döyüş tapşırığını yerinə yetirən və döyüş əməliyyatlarına cəlb olunan hərbi qulluqçuların siyahısında olmuş və hava məkanının müdafiə edilməsi üzrə döyüş əməliyyatlarında iştirak etmişdir ki, bu halda onun adı müharibə veteranı vəsiqəsi veriləcək şəxslərin siyahısına daxil edilməli idi.
45. Bundan başqa, İddiaçı məhkəmə iclasında sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqələrinin verilməsi üçün təqdim edilən hava hücumundan müdafiə tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş hərbi qulluqçular barəsində arayış-məlumatda onun adı N nömrəli hərbi hissənin 1-ci zenit-raket divizionunun 3-cü zenit-raket batareyasının 1-ci zenit-raket heyətinin (özüyeriyən atış qurğusu) mexanik sürücü-elektriki kimi Müdafiə Nazirliyinə təqdim edilmişdir. Həmin heyətin tərkibində X2-kapitan, X9operator, X6-operator, X10-operator və o mexanik sürücü-elektriki təyin edilmişlər. Onunla birlikdə həmin heyətin tərkibində əks hücum əməliyyatları və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlər zamanı iştirak etmiş, adlarını qeyd etdiyi digər 4 nəfərə “Müharibə Veteranı” adı və vəsiqəsi verilmişdir.
46. Bununla bağlı məhkəmənin sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli 3-25-2/2-75xx-xx/2024 nömrəli və xx.xx.2024-cü il tarixli 3-25-2/2-Ş-8974/2024 nömrəli cavab məktublarında bildirilmişdir ki, 27 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək erməni silahlı birləşmələrinə qarşı əks hücum əməliyyatının keçirilməsi və işğal olunmuş ərazilərimizin azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etdiklərinə görə vətəndaşlar X5, X1, X9, X6 və X8 “Müharibə veteranı” adı verilmişdir. Adları qeyd olunan vətəndaşlara “Müharibə veteranı” adının verilməsinə əsas olan sənədləri Azərbaycan Respublikası Nazirlər Kabinetindədir.
47. İPM-in 14.2-ci maddəsinə görə inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxilələrdən müdafiəyə dair iddialar üzrə belə müdaxilələri zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür.
48. Lakin hazırkı işdə cavabdeh inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtləri mövcudluğunu və imtinasında istnad etdiyi halları sübuta yetirə bilməmişdir.
49. Ona görə də, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
50. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə:
51. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. İddiaçı müharibə veteranı adı və vəsiqəsi verilməsi üçün adının siyahıya daxil edilərək, sənədlərinin razılaşdırılması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Əliyeva