Məhkəmə qərarları › İş №2-1(114)-1547/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1547/2021

26.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1547/2021 26.10.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Cavabdeh Tovuz Rayon İcra Hakimiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “1-ci Element” ictimai-siyasi hüquq qəzetinin cavabdeh Tovuz Rayon İcra Hakimiyyətinə qarşı müraciətin cavablandırılması tələbinə dair inzibati işə şifahi məhkəmə baxışı iclasında baxaraq, Müəyyən e t d i: İddiaçı “1-ci Element” ictimai-siyasi hüquq qəzeti cavabdeh Tovuz Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, redaksiya tərəfindən Tovuz Rayon İcra Hakimiyyətinə 24.05.2021-ci il tarixli müraciətin cavablandırılmasına dair vəzifənin cavabdehin üzərinə qoyulması və müraciəti cavablandırmadığı üçün Tovuz Rayon İcra Hakimiyyətinin 300 manat cərimələnməsinə dair məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Tovuz Rayon İcra Hakimiyyətinə edilmiş 24.05.2021-ci il tarixli müraciətin cavablandırılmasına dair məhkəmə aktının qəbul edilməsini xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Tovuz rayonunda “Tovuz-Əsrik” marşrutu üzrə sərnişindaşıma ilə məşğul olan sürücülərin rayonun “Mərkəzi bazarı”nda dayanacaqdan deyil, özlərinin təşkil etdikləri dayanacaqdan istifadə etmələri, sərnişinlərə ictimai nəqliyyatda bilet satılmaması və sairə ilə bağlı Tovuz Rayon İcra Hakimiyyətinə 24.05.2021-ci il tarixində redaksiya tərəfindən müraciət edilmişdir. Lakin bugünə qədər də redaksiyanın sözügedən müraciəti cavablandırılmamışdır. Halbuki, Konstitusiyanın tələbinə görə müraciət qanunda nəzərdə tutulmuş müddətdə yazılı cavablandırılmalıdır. İddiaçı “1-ci Element” ictimai-siyasi hüquq qəzetinin nümayəndəsi X2 əvvəlki məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmiş, eləcə də, Tovuz Rayon İcra Hakimiyyətinə göndərilən məktublarla bağlı 24.05.2021-ci il və 21.06.2021-ci il tarixli poçt qəbzlərini təqdim etmişdir. Bundan sonra, məhkəmənin sorğusu əsasında iddiaçı “1-ci Element” ictimai-siyasi hüquq qəzeti tərəfindən cavabdeh Tovuz rayon İcra Hakimiyyətinə ünvanlanmış 24.05.2021-ci il tarixli, 41 nömrəli məktubun Tovuz rayon İcra Hakimiyyətinə göndərilməsi barədə 24.05.2021-ci il tarixli, SS702546742AZ göndəriş nömrəli poçt qəbzinin əsli iddiaçı tərəfindən məhkəməyə təqdim edilmişdir. Cavabdeh Tovuz Rayon İcra Hakimiyyətinin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, 2021-ci ilin may və iyun aylarında iddiaçı “1-ci Element” ictimai-siyasi hüquq qəzetinin Tovuz Rayon İcra Hakimiyyətinə iki müraciəti daxil olmuşdur. Belə ki, iddiaçının ilk müraciəti SS702546742AZ göndəriş nömrəli zərf ilə daxil olmuş 20.05.2021-ci il tarixli 48 nömrəli məktubdur. Həmin məktubun məzmunundan göründüyü kimi iddiaçı avtomobil nəqliyyatı ilə sərnişin daşıma qaydalarının pozulması ilə əlaqədar araşdırma aparılaraq nəticəsi barədə məlumat verilməsini xahiş etmişdir. Adıçəkilən məktub 27.05.2021-ci il tarixdə Tovuz Rayon İcra Hakimiyyətinə daxil olmuş və 424 nömrə ilə qeydiyyatı aparılmışdır. İnzibati orqan tərəfindən “1-ci Element” ictimai-siyasi hüquq qəzetinə həmin müraciəti ilə əlaqədar 14.06.2021-ci il tarixdə 2-5/485 nömrəli məktubla cavab verilmişdir. Bundan sonra, iddiaçının ikinci müraciəti SS702547805AZ göndəriş nömrəli zərf ilə daxil olmuş, həmin müraciətə də qanuna müvafiq qaydada cavab verilmişdir. İddiaçının mübahisələndirdiyi 24.05.2021-ci il tarixli, 41 nömrəli məktub Tovuz Rayon İcra Hakimiyyətinə daxil olmamışdır. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş edir. İş üzrə iddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır. Məhkəmə xatırladır ki, istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən mümkünlük şərtlərinin olub olmadığı araşdırılmalıdır. Çünki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Qeyd olunmalıdır ki, mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bundan başqa, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 saylı Qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığıü yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bu baxımdan iddiaçının hazırkı tələbi irəli sürmək üçün subyektiv hüququnu yoxlamaq üçün, mübahisələndirilən 24.05.2021-ci il tarixli, 41 nömrəli məktubun cavabdeh inzibati orqana göndərilib-göndərilməməsi, həmin məktubun inzibati orqana çatdırılıbçatdırılmaması araşdırılmalıdır. İddia ərizəsinə əlavə olunan “1-ci Element” ictimai-siyasi hüquq qəzeti tərəfindən Tovuz rayon İcra Hakimiyyətinə ünvanlanmış 24.05.2021-ci il tarixli, 41 nömrəli məktubdan görünür ki, bir qrup Tovuz rayon sakinləri redaksiyaya ərizə ilə müraciət edərək Tovuz rayonunda “Tovuz-Əsrik” marşrutu üzrə sərnişindaşıma ilə məşğul olan sürücülərin rayonun “Mərkəzi Bazarında” təşkil olunmuş dayanacaqdan deyil, özlərinin təşkil etdikləri dayanacaqdan istifadə etmələri, sərnişinlərə ictimai nəqliyyatda bilet satılmaması və sairə ilə bağlı şikayət edərək sözügedən məsələlərin ictimailəşdirilərək araşdırılmasını xahiş etmişlər. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi X6 Nəqliyyatı Xidmətinin Tovuz Regional Şöbəsi tərəfindən redaksiyaya verilmiş məlumata görə rayonun “Mərkəzi Bazarında” müəyyən olunmuş dayanacaqdan əlavə dayanacaq Tovuz RİH-nin tövsiyəsinə əsasən təşkil olunmuşdur. Odur ki, Tovuz rayon İcra Hakimiyyətindən sözügedən dayanacağın Tovuz RİH-nin razılığı ilə təşkil olunubolunmamasına dair redaksiyaya rəsmi məlumatın verilməsinin təmin edilməsi xahiş edilmişdir. İddiaçı “1-ci Element” ictimai-siyasi hüquq qəzeti cavabdeh Tovuz rayon İcra Hakimiyyətinə ünvanlanmış 24.05.2021-ci il tarixli, 41 nömrəli məktubunun cavabdehə göndərilməsi ilə əlaqədar 24.05.2021-ci il tarixli, SS702546742AZ göndəriş nömrəli poçt qəbzinin əslini məhkəməyə təqdim etmiş, lakin cavabdeh tərəfindən məhkəməyə təqdim olunan sənədlərlə müəyyən edilmişdir ki, iddiaçının Tovuz rayon İcra Hakimiyyətinə ünvanlandığını iddia etdiyi 24.05.2021-ci il tarixli, 41 nömrəli məktub cavabdeh inzibati orqana daxil olmamışdır. Belə ki, iddiaçı 24.05.2021-ci il tarixli, SS702546742AZ göndəriş nömrəli poçt qəbzinin əslini mübahisələndirilən müraciətin göndərilməsini təsdiq edən sübut kimi təqdim etsə də, cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş sənədlərə əsasən 24.05.2021ci il tarixli, SS702546742AZ göndəriş nömrəli zərflə cavabdeh inzibati orqana göndərilən müraciətin 20.05.2021-ci il tarixli 48 nömrəli məktub olması müəyyən edilmişdir. Həmin məktubun məzmunundan göründüyü kimi iddiaçı avtomobil nəqliyyatı ilə sərnişin daşıma qaydalarının pozulması ilə əlaqədar araşdırma aparılaraq nəticəsi barədə məlumat verilməsini xahiş etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbinin əsasını təşkil edən müraciətin göndərilməsi ilə bağlı iddiaçı tərəfindən təqdim edilən 24.05.2021-ci il tarixli, SS702546742AZ göndəriş nömrəli poçt qəbzi ilə cavabdehə 20.05.2021-ci il tarixli 48 nömrəli məktubla müraciət edilmiş, həmin müraciət 27.05.2021-ci il tarixdə 424 nömrə ilə qeydiyyata alınmış və müraciət edənə 14.06.2021-ci il tarixdə 2-5/485 nömrəli məktubla cavab verilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərlə də müəyyən edilmişdir ki, iddiaçı Tovuz rayon İcra Hakimiyyətinə ünvanlanmış 24.05.2021-ci il tarixli, 41 nömrəli məktubun cavabdeh inzibati orqana göndərilməsini təsdiq edən digər müvafiq sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda, məhkəmə cavabdeh inzibati orqana göndərilməyən və ya daxil olmayan müraciətə cavab verilməsini iddia etməklə bağlı iddiaçının tələbini mümkünsüz hesab edir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı “1-ci Element” ictimai-siyasi hüquq qəzetinin cavabdeh Tovuz Rayon İcra Hakimiyyətinə qarşı müraciətin cavablandırılması tələbinə dair iddia ərizəsi mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar