Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-155/2020 18.06.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X14 rayon şöbəsinin etibarnamə üzrə nümayəndəsi X5 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X14 rayon şöbəsinə qarşı iş illərinin, sağlamlıq imkanları məhdud uşağına və ahıl şəxsə qulluq etdiyi illərin sosial sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X14 rayon şöbəsinin (bundan sonra Dövlət Sosial X14 rayon şöbəsi) 02 sentyabr 2019-cu il tarixli, **********8 nömrəli məktubu ilə İddiaçı tələb olunan sosial sığorta stajı olmadığı üçün əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların 25 il sığorta stajı və ya minimum pensiya təminatına imkan verən pensiya kapitalı olduqda pensiya qanunvericiliyindəki mövcud yaş həddi 5 il azaldılmaqla yaşa görə güzəştli şərtlə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 3.9-cu bəndinə əsasən İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud şöbənin və ya idarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan müayinə akt əsasında daxil edilir. Təqdim olunan sənədlərdəki xidmət olunan 70 yaşdan yuxarı ahıl şəxs vəfat etdiyindən həmin illər sığorta stajına daxil edilmir və təqdim olunan digər sənədlərdə isə 25 il sığorta stajı olmadığı üçün mövcud qanunvericiliyə əsasən yaşa görə güzəştli şərtlə əmək pensiyası təyin edilməsi mümkün deyildir. İmtinanı qanunsuz hesab edən iddiaçı məhkəməyə müraciət edərək cavabdeh Dövlət Sosial X14 rayon şöbəsinə qarşı onun oğlu 25.02.1983-cü il təvəllüdlü X3 18 yaşına çatana kimi, qaynanası 07.07.1933-cü il təvəllüdlü X6 01.07.2003-cü ildən (yetmiş yaşından sonra) 01.07.2003-cü ildən (yetmiş yaşından sonra) vəfat etdiyi 07.01.2016-cı il tarixə kimi qulluq etdiyi illərin sosial sığorta stajına daxil edilməklə ona güzəştli şərtlərlə pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Gədəbəy rayonu «Sovet Ermənistanı» işlədiyi, 01.07.2003-cü il tarixdən 07.01.2016-cı il tarixədək 70 yaşına çatmış ahıla və 09.01.1990-cı il tarixdən 25.02.1999cu il tarixədək sağlamlıq imkanları məhdud uşağına qulluq etdiyi illərin sosial sığorta stajına daxil edilməklə ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmiş və ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ailəli olmaqla iki uşaq anasıdır. Uşaqlarından 25.02.1983-cü il təvəllüdlü X7 anadan doğulduğu vaxtdan şikəst doğulmuşdur, ikinci qrup əlildir. O, mövcud yaş həddi 5 il azaldılmaqla, yaşa görə əmək pensiyası almaq hüququ olduğu üçün, şahidlərin iştirakı ilə 09.01.1990-cı ildən xəstə oğlu X3 18 yaşına çatana kimi, 01.07.2003-cü il tarixdən qaynanası 01.07.1933-cü il təvəllüdlü X6 vəfat etdiyi 07.01.2016-cı il tarixə kimi qulluq etməklə baxdığı barədə Gədəbəy rayonunu Dəyirmandağ kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin təsdiqlədiyi 08.08.2019-cu il tarixli aktı və əmək stajını özündə əks etdirən digər sənədləri toplayıb işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı Dövlət Sosial X14 rayon şöbəsinə ərizə ilə müraciət etsə də, həmin illərin sosial sığorta stajına daxil edilməsindən imtina olunmuşdur. İddiaçı məhkəmə iclaslarında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Dövlət Sosial X14 rayon şöbəsinin etibarnamə üzrə nümayəndəsi X13 iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının yaşa görə əmək pensiyası almaq üçün etdiyi müraciət şöbənin pensiya təyin edən komissiyası tərəfindən baxılmışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublkası Qanununa əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşına kimi tərbiyə etmiş anaların 25 il sığorta stajı və ya minimum pensiya təminatına imkan verən pensiya kapitalı olduqda pensiya qanunvericiliyindəki mövcud yaş həddi 5 il azaldılmaqla yaşa görə güzəştli şərtlə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.9-cu bəndinə əsasən İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər icra hakimiyyəti orqanlarının, yaxud şöbənin və ya idarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan müayinə akt əsasında daxil edilir. İddiaçının təqdim etdiyi sənədlərdəki xidmət olunan 70 yaşdan yuxarı ahıl şəxs vəfat etdiyindən həmin illər sığorta stajına daxil edilmir və təqdim etdiyi digər sənədlərdə 25 il sığorta stajı olmadığı üçün mövcud qanunvericiliyə əsasən iddiaçıya yaşa görə güzəştli şərtlə əmək pensiyası təyin edilməsi mümkün deyil. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara iddiaçıya aid şəxsiyyət vəsiqəsinin surəti, 08.08.2019-cu il tarixli akt, 08.08.2019-cu il tarixli, 369 nömrəli arayış, Gədəbəy rayon Dövlət Arxivinin 15.07.2019-cu il tarixli, 337 nömrəli arxiv arayışları, 28.01.2020-ci il tarixli, 53 nömrəli arayış, iddiaçının pensiya işinin surəti və cavabdeh Dövlət Sosial X14 rayon şöbəsinin iddiaçıya ünvanladığı 02 sentyabr 2019-cu il tarixli, **********8 nömrəli imtina məktubu, Gədəbəy rayon Dövlət Arxivinin 28.02.2020-ci il tarixli, 09 nömrəli arxiv arayışları, Gədəbəy Rayon İcra Hakimiyyətinin 02 mart 2020-ci il tarixli, 69/8-14 nömrəli məktubu, Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının Dəyirmandağ kənd İƏD üzrə Nümayəndəliyinin 17 mart 2020-ci il tarixli, 34 nömrəli məktubu aiddir. Həmin sənədlərin məzmununa istinad olunur və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə tərəfin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2. maddəsinə görə hazırkı iddia növü məcburetmə haqqında iddiadır. Məcburetmə haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmalı; 3. iddia qaldırılmazdan əvvəl inzibati orqana ərizə ilə müraciət edilməli; 4. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalı; 5. iddia inzibati aktın qəbul edilməsindən imtina barədə müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində verilməlidir (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2, 33.1, 35.1, 38.1 maddələri). Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçının «Sovet Ermənistanı» sovxozunda işlədiyi illərin, həmçinin ahıl şəxsə və sağlamlıq imkanları məhdud uşağına xidmət etdiyi illərin sosial sığorta stajına daxil edilməsi cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilmiş və “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın müddəalarına istinad olunaraq sovxozda işlədiyi illərin əmək kitabçasında qeyd olunmaması, ahıl şəxsə qulluq etdiyi illər üzrə isə müayinə aktının tərtib edilməməsi qeyd edilmişdir. Məhkəmə ilkin olaraq iddia tələbinin 1981-1989-cu illərdə Gədəbəy rayonu «Sovet Ermənistanı» sovxozunda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi ilə bağlı, yəni iddiaçının sovxozda işlədiyi stajın əmək kitabçası ilə təsdiqlənməməsi dəlilinə tənqidi yanaşaraq aşağıdakıları qeyd edir. Belə ki, iddiaçının 1981-1989-cu illərdə Gədəbəy rayonu «Sovet Ermənistanı» sovxozunda işlədiyi dövr Gədəbəy rayon Dövlət Arxivinin 15 iyul 2019-cu il tarixli, 337 nömrəli arxiv arayışında öz təsdiqini tapmışdır və cavabdeh həmin arayışın mötəbərliyini mübahisələndirməmişdir. Belə ki, iş materillarında olan Gədəbəy rayon Dövlət Arxivinin 15 iyul 2019-cu il tarixli, 337 nömrəli arxiv arayışından məlum olur ki, İddiaçı 1981-ci ildən 1989-cu ilə kimi «Sovet Ermənistanı» sovxozunda işləmiş və əmək haqqı almışdır. Məhkəmə iddiaçının Gədəbəy rayon «Sovet Ermənistanı» sovxozundakı əmək fəaliyyəti ilə bağlı arxiv məlumatlarının mötəbərliyi ilə bağlı qeyd edir ki, SSRİ Nazirlər Kabinetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117-ci maddəsinin «a» bəndinə görə əmək kitabçası, «q» bəndinə görə arxiv müəssisəsinin arayışı iş stajını təsdiq edən sübut sayılır. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın “Sosial sığorta stajının hesablanması proseduru» adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X19) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 02 dekabr tarixli, 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3-cü bəndinə görə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ona həvalə olunmuş vəzifələri, həm bilavasitə həm də respublika dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsi ilə həyata keçirir. Göründüyü kimi arxiv idarəsi icra hakimiyyəti orqanı olmaqla Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin dövlət arxivlərində komplektləşdirilməsi və mühafizə işini təşkil edir, onların müəyyən olunmuş qaydalara uyğun dövlət arxivlərinə verilməsi işinə nəzarət edir, habelə Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin mərkəzləşdirilmiş dövlət uçotunu aparır, həmin sənədlərin mühafizəsi və istifadəsi üzərində nəzarəti təmin edir. Belə olduğu təqdirdə həmin orqan tərəfindən verilmiş sənədlərdə olan məlumatların həqiqiliyinin şühbə altına alınması məntiqə uyğun deyildir. Ona görə də məhkəmə iddiaçının Gədəbəy rayon «Sovet Ermənistanı» sovxozunda işlədiyinə dair arxiv arayışında göstərilən məlumatları mötəbər sübut sayır və hesab edir ki, həmin dövr iddiaçının əmək stajına daxil edilməlidir. Bundan başqa cavabdehin imtina məktubunun əsaslarından biri də ondan ibarətdir ki, 70 yaşına çatmış ahıla və sağlamlıq imkanı məhdud uşağa qulluq edilməsi müddəti yalnız bu barədə tərtib olunmuş müayinə aktı əsasında sığorta stajına daxil edilir. İş materiallarında olan; - Dəyirmandağ kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 28.01.2020-ci il tarixli, 53 nömrəli arayışından məlum olur ki, İddiaçı mərhum qaynanası X12 ilə bir evdə bir təsərrüfatda yaşayaraq 01.07.2013-cü ildən 07.01.2016-cı il ölən günə kimi qulluq etmişdir. - Dəyirmandağ kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin, qonşuları X2, X10 və X1 iştirakı ilə tərtib edilmiş 08.08.2019-cu il tarixli aktdan məlum olur ki, İddiaçı 02.01.1990-cı ildən xəstə oğlu X4 18 yaşına kimi, 01.07.2003-cü ildən qaynanası X11 ilə bir evdə bir təsərrüfatda yaşayaraq 07.01.2016-cı ildə vəfat edənə qədər uşağına və qaynanansına qulluq etmişdir. - Gədəbəy Rayon İcra Hakimiyyətinin 17 mart 2020-ci il tarixli, 87/8-14 nömrəli məktubuna əlavə edilmiş arayışdan məlum olur ki, 01.07.1933-cü ildə Gədəbəy rayonunun Qurudərə kəndində anadan olmuş mərhum X12 2003-cü ildən 2016-cı il tarixədək (ölənədək) gəlini İddiaçı himayəsində olmuş və onun tərəfindən xidmət göstərilmişdir. - Xİİİ-JQ seriyalı 317419 nömrəli doğum haqqında şəhadətnamədən məlum olur ki, X12 01.07.1993-cü ildə anadan olmuş, AZ-İ№ 763429 nömrəli ölüm haqqında şəhadətnamədən isə görünür ki, 07.01.2016-cı il tarixdə ölmüşdür. - Dəyirmandağ kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 22.01.2020-ci il tarixli, 37 nömrəli arayışından məlum olur ki, İddiaçı 25 fevral 1983-cü ildə doğulmuş oğlunun 18 yaşa kimi tərbiyə etmişdir. - Dövlət Sosial X14 rayon şöbəsi tərəfindən verilmiş 032758 nömrəli vəsiqədən məlum olur ki, X7 ümumi xəstəlikdən müddətsiz ikinci qrup əlildir. - Dövlət Sosial X14 rayon şöbəsinin 15.01.2020-ci il tarixli arayışından məlum olur ki, İddiaçı övladı X3 həqiqətən 09.01.1990-cı il tarixdən 01.03.1999-cu il tarixə 16 yaşadək sosial müavinət almışdır. X7 28.05.1999-cu ildən ikinci qrup ümumi səbəbdən əlil kimi ömürlük sosial müavinət alır. Məhkəmə yuxarıda qeyd edilən sənədləri nəzərdən keçirib hesab edir ki, cavabdehin bildirdiyi dəlil əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 21.2.4-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına daxil edilir. Göründüyü kimi, qanuna görə belə qulluğu göstərdiyi təsdiq olunan hər bir şəxs həmin qulluq edilməsi müddətinin özünün sığorta stajına daxil edilməsini tələb edə bilər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının İİİ Sosial sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri, sosial sığorta stajının hesablanması və təsdiq edilməsi fəslinin 3.2.5-ci bəndinə istinadən 70 yaşına çatmış qocalara qulluq edilməsi müddəti bu barədə tərtib olunmuş müayinə aktı əsasında sosial sığorta stajına daxil edilir. Həmin Qaydaların 3.9-cu bəndinə əsasən İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir. İş materiallarında olan sübutlarla İddiaçı mərhum qaynanası X12 ilə bir evdə bir təsərrüfatda yaşayaraq 01.07.2003-cü il tarixdən 07.01.2016-cı il tarixədək (ölən günədək) və sağlamlıq imkanları məhdud oğlu X3 qulluq etməsi öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının 01.07.2003-cü il tarixdən 07.01.2016-cı il tarixədək 70 yaşına çatmış ahıla və sağlamlıq imkanları məhdud uşağına qulluq etdiyi müddət də onun sosial sığorta stajına daxil edilməlidir. İddiaçı iddia ərizəsində həmçinin ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Bu müddə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 4.1.5. bəndində nəzərdə tutulmuşdur. Göründüyü kimi yaşa görə əmək pensiyası təyin edilməsi üçün iki şərt 1. pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu olmadıqda isə azı 25 il sığorta stajı olduqda;
2. əmək pensiyaları haqqında qanunvericilikdə nəzərdə tutulan yaş həddinə çatdıqda təyin edilir. Lakin hazırkı iş üzrə iddiaçı sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etdiyindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmış və 09.04.2019-cu il tarixdə 56 yaşı tamam olduğundan yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, iddiaçının 1981-1989-cu illərdə Gədəbəy rayonu «Sovet Ermənistanı» sovxozunda işlədiyi və 01.07.2003-cü il tarixdən 07.01.2016-cı il tarixədək 70 yaşına çatmış ahıla və 09.01.1990-cı il tarixdən 25.02.1999-cu il tarixədək sağlamlıq imkanları məhdud uşağına qulluq etdiyi müddətlərin sosial sığorta stajına daxil edilməklə ona hüquq yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. və 62.2. maddələrinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir.
N ə t i c ə h i s s ə s i:
Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddia təmin edilsin. Gədəbəy rayon Dövlət Arxivinin 15 iyul 2019-cu il tarixli, 337 nömrəli arxiv arayışında İddiaçı əmək fəaliyyətini əks etdirən 1981-1989-cu illərdə Gədəbəy rayonu «Sovet Ermənistanı» sovxozunda işlədiyi, 01.07.2003-cü il tarixdən 07.01.2016-cı il tarixədək 70 yaşına çatmış ahıla və 09.01.1990-cı il tarixdən 25.02.1999-cu il tarixədək sağlamlıq imkanları məhdud uşağına qulluq etdiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial X14 rayon şöbəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərar apellyasiya şikayəti verilmədiyi və ya şikayətin geri götürüldüyü gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Aygül İsgəndərova