Məhkəmə qərarları › İş №2-1(114)-155/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-155/2021

17.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-155/2021 17.03.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçının nümayəndəsi X17, üçüncü şəxs X2 nümayəndəsi (vəkili) X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə (üçüncü şəxs X12) qarşı X3 adına verilmiş Ağdam rayonu, Zəngişalı kəndində yerləşən 62,4 kv.m olan evin tam, torpaq sahəsinin isə ümumi birgə kimi rəsmiləşdirilmiş qeydiyyatın və onunla əlaqədar xx.xx.2020ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunması tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 adına verilmiş Ağdam rayonu, Zəngişalı kəndində yerləşən 62,4 kv.m olan evin tam, torpaq sahəsinin isə ümumi birgə kimi rəsmiləşdirilmiş qeydiyyatın və onunla əlaqədar xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, üçüncü şəxs X3 ona qarşı Ağdam Rayon Məhkəməsində «Paylı mülkiyyətdə olan torpaq sahəsi üzrə payların müəyyən edilməsi, fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılması barədə» iddia tələbinə əlavə olunan çıxarışdan və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli **********12 saylı məktubundan məlum olmuşdur ki, Ağdam rayonu Zəngişalı kənd inzibati ərazi idarəsi üzrə nümayəndəliyin xx.xx.2020-ci il tarixli 345 saylı arayışına və çıxarışa, Ağdam rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 01 saylı qərarına və Torpağın mülkiyyətə verilməsi barədə JN-525A saylı Şəhadətnaməsinə əsasən, İdarə Ağdam rayonu Zəngişalı kəndində yaşamış, xx.xx.2002-ci ildə vəfat etmiş X8 «Hüququ rəsmiləşdirilən şəxs» kimi Çıxarışda göstərərək onun mülkiyyətinə verilmiş 0.22 ha torpaq sahəsində yerləşən 62,4 kv.m olan fərdi yaşayış evini X3 adına tam, torpaq sahəsini X4, X18 və X3 adlarına ümumi birgə mülkiyyət kimi xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışla rəsmiləşdirmişdir. xx.xx.2002-ci ildə vəfat etmiş X4 vəfatından sonra X13 tərəfindən qanunla müəyyən edilmiş müddətdə və qaydada vərəsəlik şəhadətnaməsi almadan Ağdam rayonu Zəngişalı kəndində yerləşən 62,4 kv.m olan evin tam, torpaq sahəsinin isə ümumi birgə kimi aparılan qeydiyyat qanunsuzdur. X4 vəfatından sonra mirasa daxil olan əmlaklar xx.xx.1994-cü ildən qanuni nikahda olduğu arvadı (iddiaçının bibisi) X26 tərəfindən AR Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən faktiki qəbul edərək vəfat etdiyi xx.xx.2020-ci ilə kimi sahiblik və istifadə etmiş, sonuncu xx.xx.2019-cu il tarixli notariat qaydasında təsdiq olunmuş vəsiyyətnamə ilə sözügedən əmlakları ona vəsiyyət etmişdir. X18 həyat yoldaşının vəfatından sonra qeyd olunan evdə tək yaşaması işə əlavə olunan qazla əlaqədar abonent saldosu, işıqla əlaqədar abunə haqqı barədə məlumatlarla sübut olunur. X5 qanunla müəyyən olunmuş vaxtda və qaydada vərəsəlik şəhadətnaməsini almaması Ağdam rayon Dövlət Notariat ofisinin xx.xx.2020-ci il tarixli məktubu və sözügedən evdə yaşamaması Ağdam Rayon Məhkəməsinə ünvanladığı iddia ərizəsində Bakı şəhərində yaşamasının göstərilməsi ilə də sübut olunur. xx.xx.2020-ci il tarixdə İddiaçı məhkəməyə «iddia tələbinin dəqiqləşdirilməsi barədə» ərizə göndərərək, X3 adına Ağdam rayonu Zəngişalı kəndində yerləşən 0 saylı ev kimi rəsmiləşdirilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın və onunla əlaqədar qeydiyyatın ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə X13 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X27 iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh xx.xx.2021-ci il tarixdə məhkəməyə yazılı etiraz göndərərək bildirmişdir ki, İddiaçı Ağdam rayonu Zəngişalı kəndində yerləşən fərdi yaşayış evinə dair xx.xx.2020ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə ərizəsinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsində baxılaraq Ağdam rayon Zəngişalı kəndində yerləşən fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması miras qoyanın qanun üzrə vərəsəsinin müraciəti əsasında vərəsələrinin paylarına mütənasib olaraq qanunauyğun aparılmışdır. Ərizə əsasında daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarını təsdiq edən dövlət reyestrindən verilmiş çıxarışın ləğv olunması mümkün deyildir. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, üçüncü şəxs isə gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş və formal tələblərə cavab verən məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-ci maddəsi). Şifahi məhkəmə baxış iclasında üçüncü şəxs X2 nümayəndəsi (vəkili) X16 iddia tələbini qəbul etməyərək təmin edilməməsini xahiş etdi. Məhkəmə araşdırmasının predmetini xx.xx.1994-cü il tarixli Vİ-ЖГ 391943 nömrəli nikahın bağlanması haqında şəhadətnamə, xx.xx.2002-ci il tarixli AZ 092917 nömrəli və xx.xx.2020-ci il tarixli AZ-İİ 063497 nömrəli ölüm haqqında şəhadətnamələr, 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli **********72, xx.xx.2020-ci il tarixli **********37, xx.xx.2020-ci il tarixli **********04 nömrəli məktubları, xx.xx.2020-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış, xx.xx.2019-cu il tarixli vəsiyyətnamə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ağdam rayon Dövlət Notariat ofisinin xx.xx.2020-ci il tarixli 98 nömrəli məktubu, abonentin saldosu, Ağdam rayon İcra Hakimiyyəti Başçısının Zəngişalı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli 138 nömrəli arayışı, X29 filialının xx.xx.2021-ci il tarixli 12 nömrəli məktubu, cavabdehin xx.xx.2021-ci il tarixli **********12 nömrəli etirazı və 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli **********12 nömrəli imtina məktubu təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddia həm də əsaslıdır. İş materiallarına əlavə edilmiş xx.xx.1994-cü il tarixli Vİ-ЖГ 391943 nömrəli nikahın bağlanması haqında şəhadətnamədən görünür ki, X14 ilə X28 xx.xx.1994-cü il tarixdə nikah bağlamışlar. İş materiallarına əlavə edilmiş xx.xx.2002-ci il tarixli AZ 092917 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X14 xx.xx.2002-ci ildə Ağdam rayonunun Zəngişalı kəndində ölmüşdür. Bu barədə kitabın 160 səhifəsində xx.xx.2002-ci il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli AZ-İİ 063497 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X26 xx.xx.2020-ci ildə Ağdam rayonunun Mahrızlı kəndində ölmüşdür. Bu barədə kitabın 131 səhifəsində xx.xx.2020-ci il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarına əlavə edilmiş torpağın mülkiyyətə verilməsinə dair JN-525A saylı (KOD 60909038) şəhadətnamədən görünür ki, Ağdam rayon Aqrar İslahat Komissiyasının xx.xx.2000-ci il tarixli 01 saylı qərarı ilə Ağdam rayonu Zəngişalı kənd sakini X4 və onun ailə üzvlərinin mülkiyyətinə 0.22 ha torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Ağdam rayonu Zəngişalı kəndi ərazisində yerləşən 62.4 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə X9, 0.22 ha torpaq sahəsi isə ümumi birgə mülkiyyətlə X10, X19 və X9 məxsusdur. İş materiallarına əlavə edilmiş Ağdam rayon Dövlət Notariat ofisi vasitəsilə verilmiş xx.xx.2019-cu il tarixli vəsiyyətnamədən görünür ki, X26 ötən günədək ona məxsus Ağdam rayonu Zəngişalı kəndində yerləşən daşınar və daşınmaz əmlakını bütünlüklə - Ağdam rayonu Mahrızlı kəndində qeydiyyatda olan – İddiaçı vəsiyyət etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ağdam rayon Dövlət Notariat ofisinin xx.xx.2020-ci il tarixli 98 nömrəli məktubundan görünür ki, X3 vərəsəlik işində mübahisə olduğu üçün vərəsəlik şəhadətnaməsi vermək mümkün deyildir. İş materiallarına əlavə edilmiş Qaz sərfiyyatının hesablanmasına dair abonentin saldosundan görünür ki, X18 ailə tərkibi 1 nəfər göstərilmişdir. İş materiallarına əlavə edilmiş Ağdam rayon İcra Hakimiyyəti Başçısının Zəngişalı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli 138 nömrəli arayışından görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X11, xx.xx.2002-ci ildə vəfat etmiş X14 ilə xx.xx.1994-cü il tarixdə nikah bağlamış və X10 məxsus olan evdə birgə yaşayaraq təsərrüfatı birgə idarə etmişlər. X11 vəfat edən tarixədək həmin ünvanda qeydiyyatda olmuş, tək yaşayaraq təsərrüfatı idarə etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası X29 filialının xx.xx.2021-ci il tarixli 12 nömrəli məktubundan görünür ki, Ağdam rayonu Zəngişalı ərazi nümayəndəliyinin 2011-2015-ci illərə dair 4 nömrəli təsərrüfatbaşına uçot kitabın 3-cü səhifəsinə əsasən mərhum X6 adına 0.20 sot həyətyani torpaq sahəsi və ümumi sahəsi 64 kv.m olan ev qeyd olunmuşdur. xx.xx.2002-ci ildə X15 vəfat etdiyi üçün təsərrüfat X18 adına keçmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsinin təsdiq edən sənədlərin siyahısının 2.3-cü bəndinə əsasən 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış daşınmaz əmlak üzərində hüquqların əldə edilməsini təsdiq edən sənəddir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 1997-ci il tarixli 534 saylı Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrinin, fərdi kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamənin: 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7-ci bölməsinin (Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi) müddəalarına əsasən, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir (7.1). Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, onlara bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış verilir (7.2). Bu Təlimatın 7.1-ci və 7.2-ci bəndlərində göstərilən qaydada çıxarış verildikdə, notariat kontorunda vərəsəliyin rəsmiləşdirilməsi üçün bu Təlimatın 1-3 nömrəli əlavələrinə uyğun olaraq tərtib edilmiş arayış tələb olunmur (7.3). Normaların məzmunundan göründüyü kimi, daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs istər müraciət etdikdən sonra, lakin çıxarış almadan öldükdə, istərsə də daşınmaz əmlaka hüquqa dair sənədlərlə müraciət edənədək öldükdə onun vərəsələrinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış və ya çıxarış verilir. Yəni hər bir halda, ilkin qeydiyyat hüquq sahibinin adına aparılmalı, arayış və ya çıxarış da həmin qeydə uyğun verilməlidir. Qeyd edilən daşınmaz əmlaka dair vərəsəlik hüquqları isə daha sonra məhz həmin sənədlər əsasında rəsmiləşdirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir (Mülki Məcəllənin 1243.1-ci maddəsi). Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (Mülki Məcəllənin 1243.2-ci maddəsi). Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər (Mülki Məcəllənin 1321.1-ci maddəsi). Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. (Mülki Məcəllənin 1321.3-cü maddəsi). Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir (Mülki Məcəllənin 1322-ci maddəsi). Sözügedən normaların təhlillərinə görə xx.xx.2002-ci il tarixdə vəfat etmiş və həmin vaxt təsərrüfat başçısı olmuş Sadıqov Məhəmmədəli Şəmil oğlundan qalmış miras əmlak başqa şəxslərə qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçməli və bunun əsasında verilmiş miras əmlaka hüquqları şəhadətnamə ilə rəsmiləşdirilməli olduğu halda cavabdeh qanunsuz olaraq sözügedən əmlaklara qanunvericiliyin tələblərini pozaraq Ağdam rayon Zəngişalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli 345 saylı arayışına və çıxarışa əsasən daşınmaz əmlakın reyestrində qeydiyyata aparmışdır. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununun:- - 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 11-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. - 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. - 2.4-cü maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı mübahisələndirilən miras əmlakı faktiki qəbul edib istifadə edən Sona Sadıqovanın vəsiyyəti üzrə vərəsəsi olduğundan o, X3 adına verilmiş Ağdam rayonu, Zəngişalı kəndində yerləşən 62,4 kv.m olan evin tam, torpaq sahəsinin isə ümumi birgə kimi rəsmiləşdirilmiş qeydiyyatın və onunla əlaqədar xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə tələbə malikdir. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. X3 adına verilmiş Ağdam rayonu, Zəngişalı kəndində yerləşən 62,4 kv.m olan evin tam, torpaq sahəsinin isə ümumi birgə kimi rəsmiləşdirilmiş qeydiyyatın və onunla əlaqədar xx.xx.2020ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (Gəncə şəhəri, Heydər Əliyev prospekti 105) vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Qərar, apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar