Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-155/2022 10.02.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Qazax rayon Qeydiyyat şöbəsinə qarşı doğum akt və atalığın müəyyən edilməsi haqqında akt qeydinin ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Suraxanı rayon Qeydiyyat şöbəsinə (bundan sonra mətndə cavabdeh) qarşı 15.04.2021-cu il tarixdə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, oğlu X4 12 yanvar 2005-ci ildə Azərbaycan Respublikasının Qazax rayonunun Kəmərli kəndində doğulması, bu barədə Qazax rayon VVADQ şöbəsinin doğum haqqında qeydiyyat kitabında 24.01.2005-ci il tarixdə 52 nömrə ilə aparılmış qeydin və oğlu Fərid Əliyevin doğum faktına dair Qazax rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-1 saylı №646141 doğum haqqında şəhadnamənin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 02.09.2021-ci il tarixli 2-1(112)-5786/2021 saylı qərardadı ilə Suraxanı rayon Qeydiyyat şöbəsi Qazax rayon Qeydiyyat şöbəsi ilə əvəz edilmiş, İddiaçı cavabdeh Qazax rayon Qeydiyyat şöbəsinə qarşı doğum haqqında şəhadətnamənin etibarsız hesab edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi barədə Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-5786/2021 saylı iş aidiyyati üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçıya 15.10.2021-ci və 19.11.2021-ci il tarixlərdə iddianın qanunun tələblərinə uyğunlaşdırlmasına dair sərəncam ünvanlanaraq hazırki mübahisə ilə əlaqədar məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh inzibati orqana (Qazax rayon Qeydiyyat Şöbəsi) müraciət etməsi və həmin müraciətə imtina cavabı verilməsini təsdiq edən sənədi məhkəməyə təqdim edilməsi, tələbinə cavab verməli orqana müraciət etməklə həmin orqandan müsbət cavab ala bilmədikdə məhkəməyə müraciət edə biləcəyi izah edilmişdir. İddiaçı tərəfindən qanunauyğun formada tərtib olunmuş iddia ərizəsi və Qazax rayon Qeydiyyat şöbəsinin iddiaçıya ünvanlanmış 19.11.2021-ci il tarixli, 05/13-297 nömrəli imtina məktubu məhkəməyə göndərilmişdir. İddiaçı 11.01.2022-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh Qazax rayon Qeydiyyat şöbəsinə qarşı oğlu X4 adına verilmiş 52 nömrə ilə doğum akt qeydin və 24.01.2005-ci il tarixli 32 saylı atalığın müəyyən edilməsi barədə akt qeydlərinin ləğv edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 11.01.2022-ci il tarixli 2-1(114)-155/2022 saylı qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə iddiaçının ərizəsi inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, əri X5 ilə birgə nigahlarından 16.08.2004-cü ildə yaşadıqları Rusiya Federasiyasının Ryazan vilayətinin Novoderevenski rayonunun şəhər tipli Aleksandro-Nevski qəsəbəsində X8 adlı oğulları dünyaya gəlmişdir. Fərid Əliyevin doğum faktı 21 sentyabr 2004-cü ildə Ryazan vilayətinin ərazi struktur bölməsinin şəhər tipli Aleksandro-Nevski qəsəbəsinin Vətəndaşlıq vəziyyəti Aktlarının Qeydiyyat şöbəsində №87 ilə qeydə alınmış və bu barədə İ-ОБ seriyalı №580066 nömrəli Doğum haqqında şəhadətnamə verilmişdir.Lakin ərinin Bakı şəhərində yaşayan atası X6 onların xəbəri olmadan Qazax rayon Qeydiyyat şöbəsi tərəfindən oğlu X4 doğum faktını qeydə aldırmış və bu barədə Qazax rayon Qeydiyyat şöbəsi tərəfindən AZ-1 saylı № 646141 Doğum haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədən məlum olur ki, X7 12.01.2005-ci ildə Azərbaycan Respublikasının Qazax rayonunun Kəmərli kəndində doğlmuş və bu barədə doğum haqqında qeydiyyat kitabında 2005-ci ilin yanvar ayının 24 günündə 52 nömrə ilə qeyd edilmişdir. ASAN 4 tərəfindən 16.03.2016-cı il tarixdə oğlu Əliyev Fərid adına verilmiş Seriya AZE №12678144 Azərbaycan Respublikası X1 məlumatlara görə Əliyev Fərid 16.08.2004-cü il tarixində Rusiya Federasıyası, Novoderevensk rayonunda doğulmuşdr. Yaşadığı yer- Suraxanı rayonu, Caparizde qəsəbəsi, Oktyabr küçəsi, ev 14, mənzil 18-dir. AR SHXÇDX-nin Suraxanı rayonu tərəfindən oğlu X2 adına verilmiş İlkin Hərbi Qeydiyat Haqqında vəsiqədə oğlu Əliyev Fəridin doğum tarixi 16.08.2004-cü il, doğulduğu yer Ryazan vilayətinin Novoderevenski rayonu göstərilmişdir. Odur ki, oğlu Fərid Əliyevin doğum haqqında Qazax rayonunun VVADQ şöbəsində doğum haqqında akt qeydinin etibarsız hesab edilərək ləğv edilməsi barədə yaşadığı inzibati ərazi üzrə Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsində ərizə ilə müraciət etmiş, inzibati orqan iddiaçıya ünvanladığı məktubda vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında həyata keçirildiyi göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası 10 fevral 2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Cavabdeh Qazax rayon Qeydiyyat şöbəsi isə nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş, 31.01.2022-ci il tarixdə məhkəməyə məktub ünvanlayaraq iddia tələbinin təmin olunmasına etiraz etmədiklərini və məhkəmə iclasının orqanın nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini aşağıdakılar təşkil etmişdir: - iddiaçıya məxsus AA seriyalı, ******* nömrəli şəxiyyət vəsiqəsinin surəti ; - İddiaçının oğluna məxsus AZE 12678144 nömrəli şəxiyyət vəsiqəsinin surəti ; - nikahın bağlanması haqqında 19.05.2006 il tarixli, 228412 nömrəli şəhadətnamənin surəti ; - 24.01.2005-cı il tarixli, 546141 nömrəli doğum haqqında şəhadətnamənin surəti ; - 21.09.2004-cı il tarixli, 580066 nömrəli doğum haqqında şəhadətnamənin surəti ; - 15.10.2020-ci il tarixli №L09548511 Tibbi arayışın surəti ; - 15.10.2020-ci il tarixli İQ 297026 nömrəli ilkin Hərbi Qeydiyat Haqqında vəsiqənin surəti; - Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsinin iddiaçıya ünvanladığı 09.12.2020ci il tarixli №676/05-76 nömrəli məktubu ; - Məhkəmənin sorğusuna cavab olaraq Qazax rayon Qeydiyyat şöbəsinin 21.12.2021-ci il tarixli, 05/13-328 nömrəli və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin 24.12.2021-ci il tarixli, 05/2-11681/13 nömrəli məktubları ilə göndərilmiş 25.01.2005-ci il tarixli 32 nömrəli atalığın müəyyən edilməsi haqqında akt qeydi və 25.01.2005-ci il tarixli 52 nömrəli doğum akt qeydinin suərtləri; - Qazax rayon Qeydiyyat şöbəsinin 19.11.2021-ci il tarixli, 05/13-297 nömrəli imtina məktubu. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək və inzibati məhkəmə icraatı nəticəsində hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci bəndinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin tələblərinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci bəndinin tələblərinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin 2-ci bəndinin tələblərinə əsasən isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. “Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizliyindən) məhkəməyə şikayət edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının, müəssisələrinin, idarələrin və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətləri (hərəkətsizliyi) nəticəsində öz hüquq və azadlıqlarını pozulmuş hesab edən Azərbaycan Respublikasının hər bir vətəndaşının məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsasnamənin 1-ci bölməsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasinin Ailə Məcəlləsi: -158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. -158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. -163.1. Vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. Belə ki, iş materiallarında olan sənədlərlə müəyyən edilir ki, X11 oğlu 21.09.2004-cü ildə Ryazan vilayətinin Novoderevenski rayonunda doğulduğu halda, Qazax rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 646141 nömrəli doğum haqqında şəhadətnamədə səhvən “12.01.2005-ci ildə Azərbaycan Respublikasının Qazax rayonunun Kəmərli kəndində doğlmuş” kimi qeyd edilmişdir. İş materiallarında olan və 15.10.2020-ci il tarixli L09548511 nömrəli Tibbi arayışında, AZE seriyalı 12678144 nömrəli şəxiyyət vəsiqəsində və 15.10.2020-ci il tarixli İQ 297026 nömrəli ilkin Hərbi Qeydiyat Haqqında vəsiqənin surətlərindən görünür ki, X2 doğum tarixi 16.08.2004-cü il kimi və doğulduğu yer Rusiya Federasiyası, Ryazan vilayəti Novoderevenski rayonu kimi qeyd edilmişdir. Göründüyü kimi X3 iki doğum haqqında şəhadətnamə, biri F.Əliyevin 16.08.2004-cü il tarixdə Rusiya Federasiyasının Ryazan vilayətinin Novoderevenski rayonunun şəhər tipli Aleksandro-Nevski qəsəbəsində doğulmasına dair 21.09.2004-cü il tarixli, İ-OБ 580066 nömrəli şəhadətnamə və biri isə F.Əliyevin 12.01.2005-ci il tarixdə Qazax rayonu Kəmərli kəndində doğulmasına dair Qazax rayon Qeydiyyat şöbəsi 24.01.2005-ci il tarixli, 52 nömrəli şəhadətnamə verilmişdir. Hazırda iddiaçının mübahisələndirdiyi Qazax rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş atalığın müəyyən etmək haqqında akt qeydi (32 saylı) və doğum akt qeydinin (52 saylı) ləğv edilməsini xahiş edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X3 ilkin olaraq doğum haqqında şəhadətnamə Rusiya Federasiyası tərəfindən 2004-cü ildə verilmiş, lakin sonradan F.Əliyevə 2005-ci ildə yeni doğum haqqında şəhadətnamə verilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı iddia tələbində haqlıdır və iddia təmin edilməlidir. Azərbaycan Respublikasi İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllinin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. “İnzibati icraat haqqında“ Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibatin aktın qəbul edilmısi barədə öhdəlik qoyur. Cavabdeh orqan tərəfindən F.Əliyevin adına doğum haqqında qeyd aparılarkən sonuncuya artıq Rusiyada doğum şəhadətnaməsi verildiyi nəzərə alınmamışdır. İddiaçının oğlunun adına doğum qeydi Rusiya Federsiyasında aparılmaqla bu barədə müvafiq doğum şəhadətnaməsi verildiyi halda cavabdeh inzibati orqanın yenidən doğum haqqında qeyd aparması əsassız olmaqla qanunvericiliyin tələbinə zidd olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçilarının öz mülahizələrini bildirmək imkanı olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək və inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında belə hesab edir ki, iddia tələbi təmin edilməli, Qazax rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-1 seriyalı 646141 nömrəli doğum haqqında şəhadətnamədə ləğv edilməsi vəzifəsi Qazax rayon Qeydiyyat şöbəsinin üzərinə qoyulmalıdır. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Qazax rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 25.01.2005-ci il tarixli 32 nömrəli atalığın müəyyən edilməsi haqqında akt qeydinin və 25.01.2005-ci il tarixli 52 nömrəli doğum akt qeydinin ləğv edilməsi vəzifəsi Qazax rayon Qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-155/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-155/2022
10.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver