Məhkəmə qərarları › İş №2-1(114)-155/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-155/2025

27.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-155/2025 27.02.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı (üçüncü şəxs Dövlət Sosial Müdafiə Fondu Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı) iş illərinin sosial sığorta stajına daxil edilməsi və yaşa əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun 2006-2008-ci illər ərzində fərdi sahibkar X2 yanında usta vəzifəsində işlədiyi müddətin iş (sığorta) stajına aid edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, 2006-2008-ci illərdə fərdi sahibkar X6 ilə aralarında bağlanmış əmək müqaviləsinə əsasən, ona məxsus taxta sexində usta işləmişdir. İşlədiyi dövrdə məcbiri dövlət sosial sığorta haqları ödənilmiş və bu barədə qəbzlər mövcuddur. İddiaçı yaşa görə əmək pensiyası almaq üçün cavabdeh orqana müraciət etmiş, ona rəsmi olaraq bildirilib ki, təqdim etdiyi qəbzlər üzrə həmin dövrlər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarını aşkar edilməmişdir. İddiaçı 2006-2008-ci illər ərzində fərdi sahibkar X6 ilə aralarında bağlanmış əmək müqaviləsinə əsasən ona məxsus taxta sexində usta vəzifəsində işlədiyi illlərin sosial sığorta stajina aid edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə vəzifə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 2006-2008-ci illər ərzində işlədiyi dövrün sosial sığorta stajına hesablanaraq ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, xx.xx.2024-cü il tarixli, 2-1(114)-551/2024 nömrəli qərardadla iddia dəyişdirilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-551/2024 nömrəli qərardadı X12 Dövlət Sosial Müdafiə Fondu Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı üçüncü şəxs qismində məhkəmə icraatına zəruri qaydada cəlb edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X7 iddianı qəbul etməyərək xx.xx.2023-cü il tarixli etirazla eyni məzmunlu izahat vermişdir. Cavabdeh iddia ərizəsinə xx.xx.2023-cü il tarixli, 3-17-1/2-223831/2023 saylı etiraz vermiş və etirazı onunla əsaslandırmışdır ki bildirmişdir ki, İddiaçı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixdə pensiya yaşına çatmışdır. Onun təqdim etdiyi sənədlərə əsasən (xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmətdə olduğu dövr də daxil edilməklə) 21 il 4 ay 14 gün mübahisələndirilməyən sosial sığorta stajı hesablanmışdır ki, bu da tələb olunan müddətdən (25 ildən) azdır. Əlavə olaraq bildiririk ki, iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədek fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. İddiaçının təqdim etdiyi 2006-2008-ci illər üzrə mədaxil qəbzlərinin düzgünlüyünün yoxlanılması üçün Fondun müvafiq struktur bölməsinə sorğu göndərilmişdir. Sorğunun nəticəsinə əsasən Nazirliyin elektron informasiya ehtiyatlarında "Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs kimi (SUN: **********2) aid 2006 – 2008-ci illər üzrə təqdim edilmiş "Məcburi dövlət sosial sığortası üzrə illik hesabat"lar (bundan sonra - Forma B2) və ona uyğun təqdim edilmiş "Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat"lar (bundan sonra – Forma B3), həmçinin həmin dövrlər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqları aşkar edilməmişdir. Məcburi dövlət sosial sığorta haqqının toplanması Qaydalarında və "Sosial sığorta haqqında" Qanunda mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə ərizə ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edilməsi tələbi nəzərdə tutulub. Lakin İddiaçı torpaq mülkiyyətçisi kimi Fondun yerli orqanında uçota durmamışdır. Beləliklə, iddiaçının təqdim etdiyi mədaxil qəbzlərinə əsasən 2006-2008-ci il tarixlərdə fərdi sahibkar X4 ilə əmək müqaviləsinə əsasən işlədiyi və məcburi dövlət sosial sığorta haqları ödəndiyini iddia etdiyi dövrlər onun sosial sığorta stajına daxil edilməmişdir. Əlavə olaraq bildiririk ki, Fondun 1 saylı Qazax-Tovuz regional filialı tərəfindən verilən 2023-cü il 23 may tarixli 3-17-1/3-1-50408/2023 tarixli cavab məktubunda İddiaçı (SSN: **********259) sığortaedən X3 (SUN:**********1) ilə bağlanmış əmək müqaviləsinə əsasən işlədiyi qeyd olunsa da, sığortaedən A.Əliyev tərəfindən təqdim edilmiş 2009-2011-ci illər üzrə Forma B3-lərdə İddiaçı adı sığortaolunan kimi qeyd olunmamışdır. Fondun Arxiv və Sosial Ödəniş İşlərinin İnventarlaşdırılması üzrə Mərkəzi Filialı tərəfindən verilən 2023-cü il 19 may tarixli 3-17-1/3-1-49865/2023 tarixli cavab məktubunda isə İddiaçı aid hesabat məlumatlarının yerli orqan tərəfindən təhvil verilmədiyi bildirilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş iddiaçıya məxsus AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə doğulmuşdur. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-M-181637/20023 nömrəli məktubundan görünür ki, İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. -surəti işə əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2023-cü il tarixli, 3-17-1/2-232790/2023 nömrəli məktubu; -surəti işə əlavə edilmiş Azərbaycan Respublikasının Əmək Və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri X12 Mərkəzi Filialı tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli, 3-17-1/2- 289553/2024 nömrəli məktubuna əlavə edilmiş sənədlkərin surəti; Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. Belə ki, “Əmək pensiyaları haqqında” Qanuna (bundan sonra – ƏPQ) əsasən: - maddə 1.0.7. fərdi şəxsi hesab – hər bir sığortaolunana müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sosial sığorta nömrəsi ilə açılan, dövlət sosial sığorta sistemində fərdi uçot məlumatlarının əks olunduğu hesabdır; - maddə 1.0.8. fərdi şəxsi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır; - maddə 1.0.9. fərdi şəxsi hesabın yığım hissəsi - sığortaolunanlər üzrə ödənilmiş və əmək pensiyasının yığım hissəsinin hesablanması üçün nəzərə alınan könüllü sosial sığorta haqlarının, eləcə də bu vəsaitlərin dövriyyəsindən əldə edilən gəlirlərin toplandığı subhesabdır; - maddə 1.0.10. pensiya kapitalı - müvafiq olaraq fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınan və fərdi şəxsi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir; -maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 5.2-ci bəndinə əsasən 1 iyul 2019 - 30 iyun 2020-ci il üzrə kişilərə pensiya təyin edilməsi üçün yaş həddi 64 il 6 aydır. Qeyd olunan normalardan görünür ki, 1 iyul 2019 - 30 iyun 2020-ci il üzrə kişilərə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1) 64,5 yaşın tamam olması; 2) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi (sığorta stajından asılı olmayaraq), bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajının olması. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1955-ci il tarixdə doğulmuşdur. Deməli iddiaçı, birinci tələbi ödəyir. İddiaçı tərəfindən təqdim edilən sənədlərə əsasən, xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmətdə olduğu dövr də daxil edilməklə 21 il 4 ay 14 gün mübahisələndirilməyən sosial sığorta stajı hesablanmışdır. İddiaçının xx.xx.2006-cı il tarixdən sonra işlədiyi dövrə gəldikdə, məhkəmə qeyd edir ki, xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göründüyü kimi, qanunvericilik xx.xx.2006-cı ildən sonra şəxsin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətlərini sığorta stajına o şərtlə daxil edir ki, həmin dövr üzrə məcburi dövlət sosial sığorta haqları ödənilsin. İşdən görünür ki, xx.xx.2006-cı ildən sonra iddiaçının məcburi dövlət sosial sığorta haqları ödənilməmişdir. Deməli, iddiaçının xx.xx.2006-cı ildən sonra işlədiyi dövrlər onun iş stajına daxil edilə bilməz. Belə olan halda isə müəyyən olunur ki, iddiaçının iş stajı 25 ildən azdır. İddiaçı hazırda 2006-2008-ci il tarixlərdə fərdi sahibkar X4 ilə əmək müqaviləsinə əsasən işlədiyi dövrdə ona əmək haqqı ödənildiyini və həmin əmək haqqından məcburi dövlət sosial sığorta haqlarının tutulduğunu iddia edərək, Qanunun həmin maddəsinin ona tətbiq edilməsini xahiş edir. Lakin işdə olan cavabdehin xx.xx.2023-cü il tarixli, 3-17-1/2-268357/2023 nömrəli məktubundan görünür ki, Nazirliyin elektron informasiya ehtiyatlarında İddiaçı (SUN: **********2; VÖEN: **********) tərəfindən 2006 - 2008-ci illər üzrə təqdim edilmiş "Məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabat"lar (bundan sonra - Forma B2) və "Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat"lar (bundan sonra - Forma B3), həmçinin həmin dövrlər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqları aşkar edilməmişdir. Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş Fondun 1 saylı Qazax – X5 xx.xx.2024-cü il tarixli 3-17-1/3-1-58792/2024 nömrəli məktubunda göstərilmişdir ki, Fondun 1 saylı Qazax - Tovuz regional filialında keçmiş Tovuz rayon şöbəsinə aid həmin illərə dair mədaxil qəbzlərinin kötükləri saxlanılmır və sığortaedən X3 ilə əmək müqaviləsi əsasında işləmiş İddiaçı adına sığortaedən tərfindən məcburi dövlət sosial sığortası üzrə B3 hesabatı təqdim ediməmişdir. Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş Fondun Sosial sığorta və fərdi uçot üzrə mərkəzi filialının xx.xx.2024-cü il tarixli 3-17-1/3-1- 91127/2024 nömrəli məktubundan göstərilmişdir ki, araşdırma zamanı Nazirliyin elektron informasiya ehtiyatlarında sığortaedən X3 (SUN: **********1:VÖEN: **********) tərəfindən 2006-2008-ci illər Uzrə 0100 (Muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər) fəaliyyət növünün kodu üzrə təqdim edilmiş məcburi dövlət sosial sığortası üzrə hesabat və ödəniş məlumatları aşkar edilməmişdir. İddiaçı A.Əliyevin İşçisi olduğu təqdirdə tərəfindən ödənilən sığorta haqlarına dair sübutedici sənədlər (Məmmədovun əmək kitabçası) aşkar edilmədiyindən, həmçinin sığortaedən tərəfindən həmin dövrlərin 0100 kodu (muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər) üzrə "Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatlar (bundan sonra-Forma B1) və ona uyğun olaraq "Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlar (bundan sonra- Forma B3) təqdim edilmədiyindən ödənilmiş sığorta haqlarının İddiaçı fərdi şəxsi hesabında əks olunmasının məqsədəuyğun hesab edilmədiyi qeyd edilmişdir. A.Əliyev tərəfindən 2006-2008-ci illər üzrə məcburi dövlət sosial sığortası üzrə hesabat məlumatlarının təqdim edilməsini sübut edən sənədlər 1 ("Məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabat" (Forma B1), Forma B3) və Məmmədov tərəfindən əmək kitabçası (əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surəti) Filiala təqdim edildikdən sonra İddiaçı dair məlumatların Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminə yüklənilməsi ilə bağlı araşdırma aparıla bilər. Beləliklə, işin istinad olunan hallarından görünür ki, iddiaçının işlədiyi fərdi sahibkar tərəfindən “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”lar (Forma B3) təqdim edilmədiyindən hazırkı tarixə onun fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək pensiya kapitalı qeydə alınmamışdır. Belə olan halda isə aydın olur ki, iddiaçı ƏPQ-nin 22-1-ci maddəsinin tələbinin ona tətbiq edilməsi üçün həmin normada nəzərdə tutulan şərti ödəmir. Buna görə də nə qədər ki, iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2018-ci il tarixədək qeydə alınmış pensiya kapitalı mövcud deyil, məhkəmə belə nəticəyə gəlir ki, cavabehin ƏPQ-nin 22-1-ci maddəsinə əsasən iddiaçıya əmək pensiyası təyin etmək öhdəliyi yaranmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olduğundan, hazırda iddiaçının hüquqlarının cavabdeh tərəfindən pozulması müəyyən olunmadığından, iddianın təmin edilməsi üçün əsas yoxdur. Məhkəmə onu da qeyd edir ki, iddiaçı hazırkı iş üzrə üçüncü şəxs qismində çıxış edən və 2006-2008-ci illərdə sığortaedən və sığortaolunan tərəfindən təqdim olunan məlumatların fərdi şəxsi hesablara vaxtında və dürüst daxil edilməsini, onların etibarlı saxlanmasını və mühafizəsini təmin etmək, sığortaolunana onun müraciətinə əsasən fərdi şəxsi hesabındakı məlumatların təqdim edilməsi qaydalarını izah etmək, habelə fərdi şəxsi hesabındakı məlumatlara baxış imkanının yaradılmasını təmin etmək vəzifəsi daşıyan, dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən üçüncü şəxs Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına müraciət edərək, onun fərdi şəxsi hesabındakı məlumatların dürüstləşdirilməsini tələb edə, müraciəti təmin edilmədikdə isə məhkəməyə müraciət edə bilər. Məhkəmə iddia ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun; -3.1. maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -21.1. maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının:- -3.1-ci maddəsinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. -3.2-ci maddəsinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə) üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Göründüyü kimi iddiaçının sosial sığorta stajını təsdiq edən sənədlərə əsasən onun ümumilikdə 21 il 4 ay 14 gün sığorta stajı mövcuddur və bu staj ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yetərli deyil. İddiaçının iddiasında qeyd etdiyi kimi Allahverdi Əliyevin işçisi olduğu təqdirdə tərəfindən ödənilən sığorta haqlarına dair sübutedici sənəd aşkar edilmədiyindən, həmçinin sığortaedən tərəfindən həmin dövrlər üzrə Forma B1 hesabatı və Forma B3 məlumatı təqdim edilmədiyindən ödənilmiş sığorta haqlarının iddiaçının fərdi şəxsi hesabında əks olunması məqsədəuyğun hesab edilmir. Beləliklə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən iddiaçıya yaşaa görə əmək pensiyası təyin edilməsi üçün 25 il sosial sığorta stajı tələb olunduğuna və iddiaçı həmin tələbi ödəmədiyinə, eləcə də onun fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ona pensiya təminatına imkan vermədiyinə görə onun yaşa görə əmək pensiyası hüququ yaranmır. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh orqanın ona pensiya təyin etməklə bağlı imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 33, 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və yaşa əmək pensiyasının təyin edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar