Məhkəmə qərarları › İş №2-1(114)-1550/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1550/2020

11.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1550/2020 11.11.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Qazax Rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı adın vahid aylıq müavinət ödənilən subyektlərin siyahısına salınması və müavinətin hüququ yarandığı gündən hesablanaraq ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehlər Qazax Rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun və ailə üzvləri X3 və X5 hər birinə məcburi köçkünlər üçün nəzərdə tutulmuş vahid aylıq müavinətin xx.xx.2017-ci il tarixdən təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 1992-ci ildə Qazax rayonunun Bərxudarlı kəndi Ermənistanın təcavüzü nəticəsində işğal olunduqdan sonra məcburi köçkün kimi Qazax şəhərində məskunlaşmışdır. 2012-ci ildə evləndikdən sonra X1 ilə birlikdə kirayəyə çıxmışdır. X1 da Qazax rayonunun Aşağı Əskipara kəndindən məcburi köçkündür. Məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün Qazax rayonunun Qazaxbəyli kəndində salınmış 304 ailəlik yeni qəsəbədə onunla xx.xx.2016-cı il tarixli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi bağlanaraq 2 otaqlı mənzil ayrılmışdır. Həmin vaxtdan arvadı və 2 uşağı (uşağın biri həmin mənzildə yaşadıqları dövrdə anadan olub) ilə birlikdə həmin mənzildə yaşayırlar. Ona və ailə üzvlərinə verilən aylıq müavinət Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli, 11 nömrəli “Məcburi köçkünlər və onlara bərabər tutulan səxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi” Qaydasının təsdiq edilməsi haqqında qərarından sonra dayandırılmışdır. Qazax Rayon İcra Hakimiyətinin Ə-33/4-073-t/2 saylı xx xxx 2020-ci il tarixli məktubunda həmin Qaydanın 2.1-ci bəndinə əsasən (aylıq müavinət məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkünlərə və onlarla birlikdə yaşayan ailə üzvlərinə şamil olunmur) iddiaçıya və ailə üzvlərinə vahid aylıq müavinətin ödənilməsinin qanunamüvafiq olmadığı bildirilmişdir. Həmçinin iddiaçı Qazax Rayon İcra Hakimiyətinə dəvət olunduğu zaman ona şifahi olaraq qardaşı Əmiraslanov Aslanın mülkiyyətində ev olduğu üçün siyahıdan çıxarıldıqlarını bildirmişlər. İddiaçı hesab edir ki, 2012-ci ildən etibarən faktiki olaraq ayrı təsərrüfatda öz ailəsi ilə birlikdə yaşayır və qardaşının ev almasının ona heç bir aidiyyəti yoxdur. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçının cavabdehlər Qazax Rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı adın vahid aylıq müavinət ödənilən subyektlərin siyahısına salınması və müavinətin hüququ yarandığı gündən hesablanaraq ödənilməsi öhdəliyinin aidiyyəti hissədə Qazax Rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin üzərinə qoyulmasına dair iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, 2012-ci ildə ailə qurmuş, qardaşı və anasından ayrılaraq ayrı təsərrüfatda yaşamışdır, lakin kənd icra nümayəndəliyində təsəsrrüfat kimi onu ayırmamışlar, yalnız 2017-ci ilin mart ayından ayrı təsərrüfat kimi qeyd olunmuşdur. Əvvəllər, yəni 2012-ci ilədək yaşadıqları ev qardaşının adına olduğuna görə müavinət dayandırılmışdır. Cavabdeh Qazax Rayon İcra Hakimiyyətinin nümayəndəsi əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan səxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi” Qaydasının 2.1-ci bəndinə əsasən (aylıq müavinət məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkünlərə və onlarla birlikdə yaşayan ailə üzvlərinə şamil olunmur) iddiaçıya və ailə üzvlərinə vahid aylıq müavinətin ödənilməsi qanunamüvafiq hesab edilmir. Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2020-ci il tarixli, 02/1496 nömrəli iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, İddiaçı valideyni (anası) X2 birgə ailə təsərrüfatında olmuş, Qazax Rayon İcra Hakimiyyəti başçısının Bərxudarlı kənd ərazi inzibati nümayəndəliyinin xx.xx.2017-ci il tarixli, 04 nömrəli əmrinə əsasən anasının təsərrüfatından çıxmışdır. X2 mülkiyyətində ünvan 1 ünvanında fərdi yaşayış evi olmuş, daha sonra sonuncu xx.xx.2019-cu il tarixdə həmin mənzili adından qeydiyyatdan çıxardaraq oğlu X6 bağışlamışdır. İddiaçı anasının təsərrüfatında olduğu vaxt ona verilən müavinət dayandırılmış, sonradan təsərrüfatdan çıxması ona və ailə üzvlərinə vahid aylıq müavinətin verilməsi üçün əsas deyildir. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə cavabdehlərə məlumat verilməsinə baxmayaraq nümayəndələrinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsasən işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -AA 047849 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı Qazax rayonundan məcburi köçkün düşmüşdür. -AA 116083 nömrəli vəsiqənin surətindən görünür ki, X4 rayonundan məcburi köçkün düşmüşdür. -AZ-T 043082 nömrəli xx.xx.2017-ci il tarixli “Doğum haqqında” şəhadətnamədən görünür ki, X8 xx.xx.2015-ci il tarixdə anadan olmuş, ata qrafasında İddiaçı, ana qrafasında isə X7 qeyd olunmuşdur. -DƏDRX-nin 15 saylı X17 xx.xx.2019-cu il tarixli, 2382 nömrəli arayışından görünür ki, İddiaçı və X3 adına Qazax inzibati ərazi vahidi üzrə daşınmaz əmlakın üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində, keçmiş Tİ və MHQ idarələrinin arxiv məlumatlarında, ƏMDK və DTXK tərəfindən təqdim edilmiş elektron məlumat bazasında məlumat yoxdur. -Qazax Rayon İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli, Ə-33/4-073/4-t/2 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan səxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi” Qaydasının 2.1ci bəndinə əsasən İddiaçı və ailə üzvlərinə vahid aylıq müavinətin ödənilməsinin qanunamüvafiq olmadığı bildirilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün iddia olsa da, mahiyət baxımından əsaslı deyil. Belə ki, iş üzrə araşdırılmış sübutlarla və tərəflərin izahatı ilə müəyyən edilmişdir ki, İddiaçı və onun X1 həqiqətən məcburi köçkün statusuna malikdir və həmin kateqoriyadan olan şəxslər üçün nəzərdə tutulan müavinəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Məcburi köçkünlər və onlara bərabər tutulan səxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi” Qaydasının təsdiq edilməsi haqqında 2017-ci il 24 yanvar tarixli, 11 nömrəli qərarı qəbul edilənədək almışlar. Həmçinin müəyyən edilmişdir ki, iddiaçının anası X2 mülkiyyətində ünvan 1 ünvanında fərdi yaşayış evi olmuş, daha sonra sonuncu xx.xx.2019-cu il tarixdə həmin mənzili adından qeydiyyatdan çıxardaraq oğlu X6 bağışlamışdır. Qeyd edilməlidir ki, iddiaçı 2012-ci il tarixdən ayrı təsərrüfat olduğunu iddia etsə də Qazax Rayon İcra Hakimiyyəti başçısının Bərxudarlı kənd ərazi inzibati nümayəndəliyinin xx.xx.2017-ci il tarixli, 04 nömrəli əmrinə əsasən anası X2 təsərrüfatından çıxmışdır. Deməli iddiaçı və onun ailə üzvləri həmin tarixədək anasının təsərrüfatında qeydiyyatda olmuşdur. İddiaçının anası ayrıca yaşayış sahəsi əldə edərkən məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin ödənilməsi qaydaları Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin xx.xx.2010-cu il tarixli, 127 mömrəli əmri ilə təsdiq edilmiş “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair” Təlimata əsasən müəyyən edilmişdir. Həmin Təlimatın:- -1.1-ci bəndinə əsasən işğal olunmuş rayonların icra hakimiyyəti orqanları yemək xərci üçün müavinət alan məcburi köçkünlərin hər ilin yanvarın birinə ümumi, artma və azalmadan asılı olaraq isə hər ay dəqiqləşdirilmiş siyahılarını (1№ li əlavə əsasında) hazırlayıb təsdiq edir və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə (bundan sonra Dövlətqaçqınkom) təqdim edir. -1.1-ci bəndinin 2-ci hissəsinə əsasən məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları şəhər və rayon icra hakimiyyətləri tərəfindən hər ayın əvvəlində həmin ərazidə faktiki məskunlaşmış məcburi köçkünlərin adlı siyahıları (1№-li əlavəyə uyğun) tərtib olunur, müvafiq şöbədə saxlanılmaq və müavinət alanların dürüstləşdirilmiş siyahılarını hazırlamaq məqsədilə əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinə təqdim edilir. -1.2-ci bəndinin hissəsinə əsasən təsərrüfatbaşına kitabda məcburi köçkünlərin yerdəyişməsi barədə məlumatların düzgünlüyü yerli icra hakimiyyətlərinin müəyyən etdikləri komissiya tərəfindən yerli statistika orqanlarının nümayəndəsinin iştirakı ilə rübdə bir dəfə yoxlanılaraq bu barədə müvafiq akt tərtib edilir və yerli icra hakimiyyətləri başçıları tərəfindən təsdiq olunaraq nəticəsi üzrə müvafiq tədbirlər görülür. Həmin aktlar yerli icra hakimiyyətləri aparatının müvafiq şöbəsində saxlanılır. -1.3-cü bəndinə əsasən məcburi köçkünlərin siyahılarının dəqiqliyi və düzgünlüyü üçün siyahıları tərtib edən məsul şəxslər və həmin siyahıları təsdiq edən əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti başçıları tam məsuliyyət daşıyırlar. -5.1-ci bəndinə əsasən məcburi köçkün olduqdan sonra mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkünlərə və onların himayəsində olan şəxslərə (şəhid ailələri istisna olunmaqla) yemək xərci üçün aylıq müavinət verilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan səxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.1-ci bəndinə əsasən aylıq müavinət məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən, sonradan həmin yaşayış sahəsini başqa şəxsə satan, bağışlayan məcburi köçkünlərə və onlarla birlikdə yaşayan ailə üzvlərinə (Milli qəhrəman ailələri, şəhid ailələri, İ qrup Qarabağ müharibəsi əlilləri, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla) şamil edilmir. Yuxarıda istinad olunan normativ xarakterli sənəddən göründüyü kimi məcburi köçkün olduqdan sonra ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkünlərə və onların himayəsində olan şəxslərə yemək xərci üçün aylıq müavinət verilməsi istisna edilmişdir. Göründüyü kimi iddiaçı anasının təsərrüfatında olduğu vaxt ona verilən müavinət dayandırılmışdır, sonradan onun təsərrüfatdan çıxması ona və ailə üzvlərinə vahid aylıq müavinətin verilməsi üçün əsas ola bilməz. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə qeyd edir ki, cavabdehin iddiaçıya verilən vahid aylıq müavinətin ödənilməsinin dayandırılması ilə bağlı hərəkətləri qanuni olmuşdur. Odur ki, məhkəmə iddianın təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Qazax Rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə qarşı adın vahid aylıq müavinət ödənilən subyektlərin siyahısına salınması və müavinətin hüququ yarandığı gündən hesablanaraq ödənilməsi barədə iddia təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar