Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1550/2021 23.07.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iş illərinin iş stajı kimi bərpa edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 20 saylı regional ərazi idarəsinə qarşı 10.01.1995-ci il tarixdən 15.10.2006-cı il tarixədək Ağstafa “Avey” futbol komandasında məşqçi kimi işlədiyi illəri onun iş stajı kimi bərpa edilməsini vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1955-ci il tarixdə Qazax rayonunda anadan olmuşdur. İlk dəfə 27.06.1977-ci il tarixdə Qazax rayonu Avtobazada elektrik vəzifəsində çalışmışdır. 05.10.1979-cu il tarixdə öz ərizəsi ilə işdən çıxmışdır. 01.10.1979cu il tarixdə Qazax rayon bir nömrəli məktəbdə elektrik kimi işləmişdir. 16.01.1981-ci il tarixdə öz ərizəsi ilə işdən çıxmışdır. 05.01.1981-ci il tarixdə Naxçıvanda Araz futbol klubuna oyunçu kimi işə daxil olmuş, 17.04.1981-ci il tarixdə öz ərizəsi ilə işdən çıxarılmışdır. 04.05.1981-ci il tarixdə yenidən 1 nömrəli məktəbdə elektirik kimi çalışmış, 16.02.1987-ci il tarixdə öz ərizəsi ilə işdən çıxarılmışdır. 17.02.1987-ci il tarixdə Qazax Göyəzən futbol komandasına futbolçu kimi işə təyin edilmiş, 01.02.1989-cu il tarixdə öz ərizəsi ilə işdən çıxarılmışdır. 16.02.1989-cu il tarixdə Qazax rayon kənd mənzil kommunal təsərrüfat idarəsinə fəhlə təyin edilmiş, 30.07.1993-cü il tarixdə öz ərizəsi ilə işdən çıxarılmışdır. 02.07.1993-cü il tarixdə Qazax rayon Azərbərpa komitəsinin Qazax EBİY-i plan istehsalat şöbəsinə mühəndis vəzifəsinə təyin olunmuş, 01.12.1993-cü il tarixdə mühəndislikdən 5-ci dərəcəli bənna kimi işə qəbul olmuşdur. 19.12.1994-cü il tarixdə Azərbərpa komitəsinin Qazax EBİY-i maliyyə çatışmamazlığı ilə işdən azad olunmuşdur. 10.01.1995-ci il tarixdə Ağstafa rayon “Avey” komandasına məşqçi kimi təyin edilmiş, 15.10.2006-cı il tarixdə öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir. 22.04.2020-ci il tarixdə yaş həddinə görə təqaüdə çıxarkən onun 10.01.1995-ci il tarixdən 15.10.2006-cı il tarixə kimi Ağstafa rayon “Avey” komandasına məşqçi işlədiyi dövr iş stajına daxil edilməmişdir. Bununla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 20 saylı regional ərazi filialına müraciət etmiş, lakin müraciətindən imtina edilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 20 saylı regional ərazi idarəsinin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı ilə əvəz edilməsini xahiş etmiş, ərizə inzibati icraata qəbul edilmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək bildirdi ki, hazırda cavabdeh inzibati orqanda struktur dəyişikliyi olmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 20 saylı regional ərazi idarəsi təyinat aparmayan qurumlar qrupuna daxil edilmişdir. Qazax rayonu üzrə təyinat aparılması Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilmişdir. İnzibati orqan tərəfindən iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina ilə bağlı hər hansı inzibati akt-qərar qəbul olunmamışdır. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib aşağıda qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən hesab edir ki, iş baxılması üçün ərazi aidiyyəti üzrə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Həmin Məcəllənin 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış, yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. İşin hallarından göründüyü kimi hazırkı iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir və iddiaçı ilə cavabdeh inzibati orqan arasında hər hansı xidməti hüquq münasibəti olmadığından inzibati işin ərazi aidiyyəti İPM-in 8.1.4-cü maddəsinə əsasən həll edilməlidir. Odur ki, məhkəmə qeyd edir ki, hazırkı iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.3-cü maddəsində nəzərdə tutulmuş qaydalara uyğun baxılmalı olmadığından və cavabdehin yerləşdiyi yer üzrə baxılmalı olduğundan iş aidiyyəti üzrə baxılması üçün müvafiq səlahiyyətli məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 8.2-ci maddəsinə görə predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. - 8.4-cü maddəsinə görə tərəflərdən birinin məhkəmə aidiyyətini mübahisələndirdiyi hallarda, mübahisəyə baxılmasının onun səlahiyyətinə aid olması barədə məsələ məhkəmə tərəfindən həll edilir. - 8.5-ci maddəsinə görə bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 15.1. və 15.2-ci bəndlərində qeyd edilmişdir ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, X4 küçəsi, 143 olduğundan və həmin ərazi Bakı İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid edildiyindən hazırkı inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 8 və 85-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iş illərinin iş stajı kimi bərpa edilməsi tələbinə dair inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına şikayət verilə bilər. Hakim: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-1550/2021
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1550/2021
23.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver