Məhkəmə qərarları › İş №2-1(114)-1553/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1553/2024

01.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1553/2024 01.04.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı üçüncü şəxslərin qeydiyyatdan çıxarılması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı və üçüncü şəxs X4 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı üçüncü şəxslər X6 və X5 ona məxsus olan Gəncə şəhəri, X9 küçəsi, 2-ci döngə, ev 3 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən mənzil mülkiyyət hüququ əsasında xx.xx.2019-cu il tarixdə İddiaçı adına qeydə alınmışdır.

2. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli arayışına və Elektron məhkəmə informasiya sistemindən çıxarışa əsasən xx.xx.1994-cü il təvəllüdlü X6 və xx.xx.2016-ci il təvəllüdlü X2 şəhəri, X9 küçəsi, 2-ci döngə, ev 3 ünvanında qeydiyyatdadır.

3. İddiaçı üçüncü şəxslər X6 və X5 ona məxsus olan Gəncə şəhəri, X9 küçəsi, 2ci döngə, ev 3 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılması barədə Cavabdehnə etdiyi müraciətinə həmin orqanın xx.xx.2023-cü il tarixli imtina məktubu ilə bildirilmişdir ki, həmin şəxsin Gəncə şəhəri, X9 küçəsi, 2-ci döngə, ev 3 ünvanından qeydiyyatdan çıxarılması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən (şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə) məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilə bilər.

4. Məhkəmənin sorğusuna Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-1215/2024 nömrəli cavab məktubu və ona əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(043)-1476/2010 nömrəli qətnaməsi ilə ünvan 4 ünvanda 0.4 ha torpaq sahəsində yerləşən və sahələri 1-ci mərtəbədə 22.4 kv.m, 17.2 kv.m yarımzirzəmidən, 22.8 kv.m qarajdan, 26.2 kv.m keçiddən, 16.6 kv.m açıq eyvandan ibarət olan mülkə X7 mülkiyyət hüququnun tanınması və bu hüquq əsasında ona çıxarış verilməsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir. Həmin qətnamə əsasında ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi xx.xx.2011-ci il tarixdə X7 adına qeydə alınmışdır. X10 xx.xx.2013-cü il tarixli baxşeyiş müqaviləsi əsasında sözügedən evi qızı X11na bağışlamış və sonuncunun ev üzərində mülkiyyət hüququ xx.xx.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. X3 şəhəri 2 saylı notariat ofisində xx.xx.2019-cu il tarixdə 4Ə-335 reyestr nömrəsi ilə təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evini oğlu İddiaçı bağışlamış və sonuncunun ev üzərində mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

5. Məhkəmənin sorğusuna Cavabdeh xx.xx.2024-cü il tarixli 3-13-57/2-2795/2024 nömrəli cavab məktubundan görünür ki, X6 və X8 hal-hazıradək Gəncə şəhəri, X9 küçəsi, 2-ci döngə, ev 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar.

6. Məhkəmənin sorğusuna Gəncə Şəhər İcra Hakimiyyətinin xx.xx.2024-cü il təvəllüdlü 5-1/2-03/477/2024 nömrəli cavab məktubundan görünür ki, X6 və X2 şəhəri, X9 küçəsi, 2-ci döngə, ev 3 ünvanında yaşamırlar. II. Məhkəmədə icraat

7. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, üçüncü şəxslər xx.xx.1994-cü il təvəllüdlü X6 və xx.xx.2016-ci il təvəllüdlü X5 onun mülkiyyətində olan Gəncə şəhəri, X9 küçəsi, 2-ci döngə, ev 3 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, X9 küçəsi, 2-ci döngə, ev 3 iddiaçının mülkiyyətindədir. Üçüncü şəxslər onun bacısı və bacısının qızıdır. İddiaçının bacısı Hüseynli Nigar hazırda Bakı şəhərində başqa şəxslər qeyri-rəsmi ailə qurmuş, ikinci nikahdan başqa uşağı da anadan olmuşdur. Onların iddiaçının mülkiyyətində olan evlə heç bir əlaqələri yoxdur. 3 ilə yaxındır ki, bacısının həmin evə heç bir əlaqəsi yoxdur. Hazırda iddiaçının bacısı və bacısı qızı onun mənzilində yalnız pasport qeydiyyatındadır. Üçüncü şəxslər onun mülkiyyət hüququnu pozur, onun öz mülkündən dinc istifadə hüququnu pozur. Hazırda üçüncü şəxslərin iddiaçının evində pasport qeydiyyatında olmaları səbəbindən iddiaçı əlavə kommunal xərclər ödəyir.

9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü

10. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir.

11. Belə ki, iddiaçı sözügedən evin mülkiyyətçisi olduğundan iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.

12. İddia düzgün cavabdehə qarşı verilmişdir. Cavabdeh (Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən inzibati orqanların təsnifatına aid edilmişdir və şəxsin qeydiyyat çıxarılması məsələsi onun səlahiyyətlərinə aiddir.

13. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

14. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

15. Cavabdeh yerləşdiyi Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

16. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

17. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV.Prosessual məsələlər

18. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə X6 və X5 zəruri cəlbetmə qaydasında üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilmələri qərara alınmışdır.

19. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxış iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə və üçüncü şəxslərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

20. İddiaçı və üçüncü şəxs (eyni zamanda, digər üçüncü şəxsin qanuni nümayəndəsi) məhkəmə iclasına gəlmiş, cavabdeh xx.xx.2024-ci il tarixli məktub ünvanlayaraq məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

21. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

22. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia müdafiə edərək, üçüncü şəxslərin 3 ildən artıqdır ki, onun evində yaşamadığını göstərərək, iddianın təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

23. Üçüncü şəxs X6 (o, eyni zamanda digər üçüncü şəxsin anası olaraq onun qanuni nümayəndəsidir) şifahi məhkəmə baxışı iclasında iddiaya etiraz edərək, bildirmişdir ki, mübahisəli ev onun anasına məxsus mülk olmuşdur. O, həmin evdə doğulub, boyabaşa çatmış, ilk dəfə yaşayış yeri üzrə həmin evə qeydiyyata alınmışdır. Onun ilk həyat yoldaşı vəfat etdikdən sonra o, qeyri-rəsmi ikinci dəfə ailə qurmuş və hazırda ailəsi ilə kirayədə yaşayır. Onun qeydiyyata düşməyə başqa yaşayış yeri yoxdur. Həmin ev qardaşına anasından qalsa da, onun yaşamağa başqa yeri olmasa da, qardaşı 3 ildir ki, onu həmin evə buraxmır. Qardaşı həmin evi satmaq üçün onu qeydiyyatdan çıxarmaq istəyir. Onun isə həmin evdən istifadə hüququ vardır, ona görə də onun və övladının qeydiyyatdan çıxarılmasına etiraz edərək, iddianın təmin edilməməsini xahiş edir.

24. Cavabdeh orqanın və üçüncü şəxslərin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

25. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli arayış; - Cavabdeh xx.xx.2023-cü il tarixli imtina məktubu; - Məhkəmənin sorğusuna Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in xx.xx.2024-cü il tarixli 3-21-3-33/2-1215/2024 nömrəli cavab məktubu və ona əlavə edilmiş sənədlər; - Məhkəmənin sorğusuna Gəncə Şəhər İcra Hakimiyyətinin xx.xx.2024-cü il təvəllüdlü 5-1/2-03/477/2024 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Cavabdeh xx.xx.2024-cü il tarixli 3-13-57/2-2795/2024 nömrəli cavab məktubu; - Elektron məhkəmə informasiya sistemindən çıxarışlar.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

26. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.

27. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, Gəncə şəhəri, X9 küçəsi, 2-ci döngə, ev 3 ünvanında yerləşən ev Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(043)-1476/2010 nömrəli qətnaməsi ilə əsasında xx.xx.2011-ci il tarixdə X7 adına qeydə alınmışdır. X10 xx.xx.2013-cü il tarixli baxşeyiş müqaviləsi əsasında sözügedən evi qızı X11na bağışlamış və sonuncunun ev üzərində mülkiyyət hüququ xx.xx.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. X3 şəhəri 2 saylı notariat ofisində xx.xx.2019-cu il tarixdə 4Ə-335 reyestr nömrəsi ilə təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evini oğlu İddiaçı bağışlamış və sonuncunun ev üzərində mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.

28. Hazırkı mülkiyyətçinin bacısı xx.xx.1994-cü il təvəllüdlü X6 və bacısı qızı xx.xx.2016-ci il təvəllüdlü X2 şəhəri, X9 küçəsi, 2-ci döngə, ev 3 ünvanında qeydiyyatda olduğundan iddiaçı cavabdeh orqana müraciət edərək, həmin şəxslərin ona məxsus evdən qeydiyyatdan çıxarılmasını xahiş etmiş, cavabdeh isə bundan imtina etmişdir.

29. İddiaçı üçüncü şəxslərin ona məxsus evdə qeydiyyatının formal olduğunu və bunun onun mülkiyyət hüququnun məhdudlaşmasına səbəb olduğunu əsas gətirməklə, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

30. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar... - 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.

31. Yuxarıda göstərilən maddədə şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsasları sadalanmış, iddiaçı, üçüncü şəxs in yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün həmin normada göstərilən əsaslardan hər hansı birinin mövcudluğunu sübuta yetirə bilməmişdir.

32. Məhkəmə qeyd edir ki, mülkiyyətçinin ərizəsi ilə digər şəxsin qeydiyyatdan çıxarılması üçün 2 şərt məcmu halda ödənilməlidir: - şəxsin həmin yaşayış sahəsinə istifadə hüququ olmamalıdır; - şəxs həmin yaşayış sahəsində faktiki olaraq yaşamamalıdır.

33. İş materialları ilə müəyyən edilir ki, X1 mənzilin əvvəlki mülkiyyətçisi Əliyeva Tahir qızının qızı olmaqla, o, həmin evdə doğulub, boya-başa çatmış, ilk dəfə yaşayış yeri üzrə həmin evə qeydiyyata alınmışdır.

34. Ona görə də, X4 mübahisəli evdən istifadə hüququnun mövcud olubolmaması mülki məhkəmə icraatı qaydasında müəyyən edilməlidir. Həmin icraat zamanı X4 mübahisəli mənzilə istifadə hüququnun olmadığı müəyyən ediləcəyi halda, həəmin qətnamə onun qeydiyyatdan çıxarılması üçün əsas ola bilər.

35. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə: Maddə 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.

36. Göründüyü kimi, hazırkı halda iddiaçı cavabdeh orqana “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsində sadalanan əsaslardan hər hansı birini təqdim etmədiyinə görə cavabdeh orqanın üçüncü şəxslərin qeydiyyatdan çıxarmadan imtinası əsaslı olmuşdur.

37. Ona görə də, iddia təmin edilməməlidir.

38. İPM-in: - 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

39. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar