Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1556/2025 06.02.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi ilə, İddiaçı (bundan sonra mətndə - iddiaçı) Cavabdehnə (bundan sonrqa mətndə cavabdeh) qarşı X15, X11 ünvan 1 ünvanı üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1968-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, hazırda Goranboy rayonu, Düzqışlaq ərazi dairəsi, Düzqışlaq kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanda yaşayır. Kirovabad şəhər X10 İcrayə Komitəsinin xx.xx.1987-ci il tarixli, 16 nömrəli qərarı əsasında ünvan 1 ünvanında yerləşən əmlak iddiaçının adına qeydə alınmış, bu barədə 310-17 inventar nömrəli qeydiyyat vəsiqəsi tərtib edilmişdir. ünvan 1 ünvanda xx.xx.1988-ci il təvəllüdlü X16, xx.xx.1987-ci il təvəllüdlü X15, xx.xx.2002-ci il təvəllüdlü X9 qeydiyyatdadır (xx.xx.2024-cü il tarixli, ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən). İddiaçı iddia ərizəsi ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə müraciət edərək X15, həyat yoldaşı X7, X16, həyat yoldaşı X4 ona məxsus Gəncə şəhəri, Vaqif küçəsi, 3cü dalan, 3 saylı evdən çıxarılmalarına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(043)-4530/2018 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçının Gəncə şəhəri, Vaqif küçəsi, 3cü dalan, 3 saylı evə köçürülməsi, cavabdehlər X6 və X5 evdən çıxarılması, tələbin cavabdehlər X15, X11 evdən çıxarılmaları hissəsində rədd olunması qət edilmişdir. Qətnamə xx.xx.2019-cu il tarixdə qanuni qüvvəyə minmişdir. İddiaçı daha sonra cavabdehlər X15, X12 qarşı iddia ərizəsi ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərin ona məxsus ünvan 1 ünvanında yerləşən evdən istifadə hüququnun itirilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(043)-106/2022 nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir. Qətnamə xx.xx.2022-ci il tarixdə qanuni qüvvəyə minmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə cavabdehə müraciət edərək ona məxsus olan mənzildən X15, X11 qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-13-57/2-K-22583/11/24 nömrəli məktubda bildirmişdir ki, üçüncü şəxslərin qeydiyyatdan çıxarılmaları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən (şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə) məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilə bilər. İddiaçı cavabdehə qarşı xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X1, X2 ünvan 2 ünvanı üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən mənzil iddiaçının mülkiyyətindədir. Qeyd edilən mənzildə üçüncü şəxslərin qeydiyyatda olması səbəbindən iddiaçı əlavə kommunal xərclər ödəmək məcburiyyətində qalır. Həmin şəxslərin hər birinin ayrıca özlərinin yaşadığı şəxsi mülkləri var və heç biri mübahisəli ünvanda yaşamır. İddiaçı cavabdehə müraciət edərək həmin şəxslərin qeydiyyatdan çıxarılmasını tələb etsə də, lakin onlar bundan imtina etmişlər. Cavabdeh xx.xx.2024-cü il tarixli, 3-13-57/2-33649/2024 nömrəli və xx.xx.2025-ci il tarixli, 3-13-57/2-215/2025 nömrəli məktublarla müraciət edərək nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmiş, iddiaya dair münasibət bildirməmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(114)-4231/2024 nömrəli qərardadı ilə X15, X16 iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməmələrinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli, 3-21-3-02/2-545/2025 nömrəli məktubuna əsasən üçüncü şəxslərin adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Məhkəmə araşdırmasının predmetini 310-17 inventar nömrəli qeydiyyat vəsiqəsi, xx.xx.2024-cü il tarixli, ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayış, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(043)-4530/2018 nömrəli qətnaməsi, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(043)- 106/2022 nömrəli qətnaməsi, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, xxxx/2024 nömrəli məktubu, cavabdehin xx.xx.2024-cü il tarixli, 3-13-57/2-K-22583/11/24 nömrəli imtinası, cavabdehin xx.xx.2024-cü il tarixli, 3-13-57/2-33649/2024 nömrəli və xx.xx.2025-ci il tarixli, 3-13-57/2-215/2025 nömrəli məktubları, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli, 3-21-3-02/2-545/2025 nömrəli məktubu, elektron sorğu sistemindən çıxarışlar təşkil etmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab etmir. İşin faktiki hallarından aydın olur ki, ünvan 1 ünvanda yerləşən daşınmaz əmlak iddiaçının mülkiyyətindədir, həmin ünvanda üçüncü şəxslər X15, X16 qeydiyyatdadır. İddiaçı həmin şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı əvvəl cavabdeh inzibati orqana, daha sonra məhkəməyə müraciət etmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi, istifadə hüququna xitam verilmə barədə məhkəmə qərarının mövcudluğu və ya istifadə hüququn olmadığının müəyyən edilməsi şəxsin inzibati qaydada qeydiyyatdan çıxarılması əsası qismində çıxış edir. Hazırkı iş üzrə iddia tələbinin təmin olunması üçüncü şəxslərin əmlaka münasibətdə əşya hüquqlarının mövcudluğunun müəyyən edilməsindən asılıdır. Belə olan halda üçüncü şəxslərin sözügedən əmlaka dair istifadə hüquqlarının yaranıb-yaranmadığı, hazırda mövcud olmaqda davam etdiyi, xitam verildiyi və s. ilə bağlı xüsusatlar yoxlanılmalı və qiymətləndirilməlidir. xx.xx.2022-ci il tarixdə qanuni qüvvəyə minmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi xx.xx.2022-ci il tarixli, 2(043)-106/2022 nömrəli qətnaməsində (3-cü səhifəsinin 4-cü abzası) qeyd etmişdir ki, X15, X11 ünvan 1 ünvanda olan evin anaları İddiaçı mülkiyyətinə keçdiyi tarixdən sonra mülkiyyətçinin razılığı ilə həmin mənzilə köçərək oradan istifadə hüququ əldə etdikləri və hazırda məhkəmə tərəfindən onların istifadə hüquqlarının hələ də mövcud olduğu müəyyən edildiyindən, onların həmin evdən istifadə hüquqlarına yalnız mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi ilə yolu ilə xitam verilə bilər. Başqa sözlə, üçüncü şəxslərin sözügedən ünvanla bağlı hüququna mülki məhkəmə icraatında qanuni qüvvədə olan qətnamələrlə hüquqi qiymət verilmiş, hazırkı iş üzrə üçüncü şəxslərin mübahisəli əmlaka istifadə yaxud digər əşya hüququnun olduğu müəyyən edilmişdir. Ona görə də cavabdehin imtinası əsaslı olmuşdur. İnzibati məhkəmə icraatı inzibati icraat haqqında qanunvericiliyin cavabdeh inzibati orqan tərəfindən pozulub-pozulmaması, inzibati orqanın hərəkət və hərəkətsizliyindən iddiaçının hər hansı hüququnun pozulub-pozulmamasını araşdırır. Yəni inzibati orqanın qanunsuz və əsassız hərəkət və hərəkətsizliyi, o cümlədən qərarı inzibati məhkəmə icraatı çərçivəsində müəyyən edildiyi təqdirdə iddianın təminindən söhbət gedə bilər. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı (bundan sonra mətndə - iddiaçı) Cavabdehnə (bundan sonrqa mətndə cavabdeh) qarşı X15, X11 ünvan 1 ünvanı üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-1556/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1556/2025
06.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver