Məhkəmə qərarları › İş №2-1(114)-1557/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1557/2021

10.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1557/2021 10.08.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 06.07.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Tərtər rayonu, Azadqaraqoyunlu kəndində 0.12 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Tərtər rayonu Azadqaraqoyunlu bələdiyyəsinin 20.02.2012-ci il tarixli 02 saylı qərarı ilə 0.12 ha həyətyanı torpaq sahəsinin iddiaçıya satılması qərara alınmışdır. Sözügedən torpaq sahəsinin iddiaçıya satılması barədə 06.04.2012-ci il tarixdə Tərtər rayonu Azadqaraqoyunlu bələdiyyəsi ilə aralarında alqısatqı aktı tərtib edilmiş, həmin akta əsasən torpaq sahəsinin ona satılması müqabilində 260 manat məbləğində haqq ödənilməsi nəzərdə tutulmuş, 06.04.2012-ci il tarixli 8 nömrəli qəbzlə həmin məbləğin ödənişi həyata keçirilmişdir. Bundan başqa Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həmin torpaq sahəsinə 414472 nömrəli torpaq sahəsinin plan və ölçüsü verilmişdir. İddiaçı DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət edərək qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını xahiş etsə də, cavabdeh bundan imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, həmin sahədə 2012-ci ildə ev tikmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Tərtər rayonu Azadqaraqoyunlu bələdiyyəsinin 20.02.2012-ci il tarixli 02 saylı iclas protokolundan çıxarışın surətindən görünür ki, bələdiyyənin perspektiv inkişaf fondundan 0.12 ha torpaq sahəsinin ayrılıb həyətyanı məqsədilə İddiaçı satılması qərara alınmışdır. -06.04.2012-ci il tarixli 8 nömrəli Torpaqların alqı-satqısına dair aktın surətindən görünür ki, Tərtər rayonu Azadqaraqoyunlu bələdiyyəsinin 20.02.2012-ci il tarixli 02 saylı qərarı ilə 0.12 ha həyətyanı torpaq sahəsinin İddiaçı satılması qərara alınmış və sonuncu tərəfindən 260 manat haqq ödənilmişdir. -18.02.2013-cü il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, Tərtər rayonu Azadqaraqoyunlu bələdiyyəsinin 20.02.2012-ci il tarixli 02 saylı qərarı ilə 1200 kv.m torpaq sahəsi fərdi yaşayış evi tikmək üçün İddiaçı mülkiyyətinə verilmişdir. -DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsinin 16.06.2021-ci il tarixli, **********67 nömrəli məktubunun surətindən görünür ki, iddiaçının müvafiq müraciəti müsbət həll edilməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, iş materialları ilə müəyyən olunmuşdur ki, Tərtər rayonu Azadqaraqoyunlu bələdiyyəsinin 20.02.2012-ci il tarixli 02 saylı qərarı ilə 0.12 ha həyətyanı torpaq sahəsinin İddiaçı satılması qərara alınmış və sonuncu tərəfindən 260 manat haqq ödənilmişdir. Həmçinin həmin torpaq sahəsinə dair 18.02.2013-cü il tarixli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmişdir. İddiaçı qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etsə də cavabdeh orqan bundan imtina etmişdir. Cavabdeh orqanın imtinasının əsası kimi sözügedən torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmadan iddiaçıya satıldığını qeyd etmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, bələdiyyə qeyd olunan torpaq sahəsini satarkən yerli icra hakimiyyəti ilə, habelə həmin dövrdə mövcud və səlahiyyətli olmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tərtər rayon şöbəsi ilə razılaşdırılmış, lakin imtinada qeyd olunan proseduru həyata keçirməmişdir. Buna baxmayaraq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tərtər rayon şöbəsi tərəfindən iddiaçıya Torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Qeyd edilməlidir ki, bələdiyyə torpaq sahəsini satarkən qanunla müəyyən edilmiş prosedurlara riayət etməməsi vətəndaşın hüquqlarının məhdudlaşdırılması ilə nəticələnməməlidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: -7.3.1-ci maddəsinə əsasən xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları mülkiyyətində torpaq sahəsinin olub olmamasından asılı olmayaraq haqqı ödənilməklə fərdi yaşayış və bağ evlərinin tikintisi üçün Azərbaycan Respublikasının vətəndaşlarına verilir. -9.6-cı maddəsinə əsasən bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, istifadəyə və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. -6.9-cu maddəsinə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. - 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. -12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. -10.2.2-ci maddəsinə əsasən torpaq sahəsinin planı və ölçüsü sənədi hüquqların dövlət qeydiyyatı üçün əsas verən sənədlərdən biridir. Həmçinin qeyd edilməlidir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtinanın əsasları müəyyən edilmişdir. Həmin qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi Qanunun 10.2.2-ci maddəsinə görə torpaq sahəsinin planı və ölçüsü sənədi hüquqların dövlət qeydiyyatı üçün əsas verən sənədlərdən biridir. Həmçinin Qanunun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları müəyyən edilmişdir ki, hazırki mübahisə üzrə həmin əsaslardan heç biri mövcud deyil. Beləliklə məhkəmə işin faktiki hallarına və qeyd edilən maddi hüquq normalarına əsasən cavabdeh orqanın imtinasını əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasıİnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Tərtər rayonu Azadqaraqoyunlu bələdiyyəsinin 20.02.2012-ci il tarixli 02 saylı qərarına əsasən İddiaçı satılmış 0.12 ha həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın Dövlət reyestrində onun adına qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi öhdəliyi Əmlak Məsələləri üzrə Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə həvalə edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar