Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1558/2021 01.09.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, iddiaçılar İddiaçı2 və İddiaçı1, onların vəkili X17, üçüncü şəxs X4 iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X10, X18, X21, X22, X19 və X11) daşınmaz əmlakın Dövlət reyestrində qeydin ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 06.07.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, X4, X7, X12, X13, X8 və X5 adına verilmiş dövlət reyestrində 15.05.2013-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış çıxarışın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının əri X2 rayonu Qapanlı kənd sakini X3 JN-189 saylı Dövlət aktına əsasən ona məxsus olan Şəmkir rayonu Qapanlı kəndində yerləşən AİK qərarı ilə onun mülkiyyətinə verilmiş 3.93 ha torpaq sahəsinin 1.41 ha hissəsini 10.08.2004-cü il tarixdə Şəmkir rayon 1 saylı notariat kontorunda 4Ə-366 nömrəli reyestrdə qeydə alınmış alqı-satqı müqaviləsi əsasında köhnə məzənnə ilə 15.000.000 manata satın alınmışdır. Sərdar Aslanova məxsus olan torpaq sahəsi ümumilikdə 3.93 ha olmuş, həmin torpaq sahəsi 2 kontorda olmaqla 289C olan hissədə 1.41 ha, 289 olan hissədə isə 2.52 ha olmuşdur. 2004-cü ildən hazırki vaxtadək həmin torpaq sahəsi onların istifadəsindədir. 22.04 2012-ci il tarixdə Fəzahir Mehdiyev vəfat etmiş və onun vəfatından sonra mirası iddiaçı faktiki qəbul etməklə idarə etmiş, eləcə də Şəmkir rayon 1 saylı notariat ofisi tərəfindən ona və övladlarına 01.03.2021-ci il tarixli 2V-268 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bundan sonra iddiaçı həmin torpaq sahəsinə dair çıxarış almaq üçün cavabdeh orqana müraciət etdikdə məlum olmuşdur ki, 2013-cü il tarixdə qeyd olunan torpaq sahəsinə dair üçüncü şəxslərin adına çıxarış verilmiş, bu səbəbdən də həmin torpaq sahəsinə görə iddiaçıya çıxarış verilməsi mümkün olmamışdır. Ona görə də, iddiaçı hesab edir ki, üçüncü şəxslərin adına 14.05.2013-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış çıxarış ləğv edilməlidir. Məhkəmənin 01.09.2021-ci il tarixli qərardadı ilə iddiaçıların cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı “X4, X7, X12, X13, X8 və X5 adına verilmiş dövlət reyestrində 14.05.2013-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış qeydin ləğv edilməsi” tələbinə dair iddianın dəqiqləşdirilməsi barədə ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. Üçüncü şəxs X10 iddianı qəbul etməyərək bildirmişdir ki, 2004-cü ildə 3.93 ha sahənin 1.41 hissəsini Fəzahir Mehdiyevə istifadə etmək üçün vermiş, həmin vaxtdan da o və ailəsi istifadə etməyə başlamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə və digər üçüncü şəxslərə məlumat verilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, digər üçüncü şəxslər isə gəlməmişdir. Məhkəmə işə cavabdehin və digər üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Surəti işə əlavə edilmiş “Torpağa mülkiyyət hüququna dair” JN-289 kod 50407038 Dövlət aktından görünür, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 29.01.1998-ci il tarixli 47 nömrəli qərarına əsasən 3.93 ha torpaq sahəsi X4 və onun ailə üzvləri X7, X12, X13, X8 və X5 mülkiyyətinə verilmişdir. -Surəti işə əlavə edilmiş Şəmkir rayon 1 saylı notariat kontorunda 4Ə-366 nömrəli reyestrdə qeydə alınmış 10.08.2004-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X10 “Torpağa mülkiyyət hüququna dair” JN-289 kod 50407038 Dövlət aktına əsasən ona məxsus 3.93 ha torpaq sahəsinin 1.41 ha hissəsini X1. -Surəti işə əlavə edilmiş ********** qeydiyyat nömrəli, 14.05.2013-cü il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesterindən çıxarışdan görünür ki, Şəmkir rayonu Qapanlı kəndində yerləşən 1.41 ha torpaq sahəsi X4, X7, X12, X13, X8 və X5 adına qeydiyyata alınmışdır. -Surəti işə əlavə edilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında” 01.03.2021-ci il tarixli 2V-268 reyestr nömrəli şəhadətnamədən görünür ki, 22.04.2012-ci ildə ölmüş X6 vərəsəsi İddiaçı2, X15, X16 və İddiaçı1dır və miras əmlak **********38 nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Şəmkir rayonu Qapanlı kəndində yerləşən 0.73 ha torpaq sahəsindən ibarətdir. -AR ƏMDK yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin 11.03.2021-ci il tarixli, **********95 nömrəli bildirişindən görünür ki, iddiaçıların müvafiq müraciətlərinin icrasından imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. İş materialları ilə müəyyən olunur ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 29.01.1998-ci il tarixli 47 nömrəli qərarına əsasən 3.93 ha torpaq sahəsi X4 və onun ailə üzvləri X7, X12, X13, X8 və X5 mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsi 2.52 və 1.41 ha olmaqla 289 və 289C nömrəli sahədə yerləşmişdir. X10 10.08.2004-cü il tarixli alqısatqı müqaviləsinə əsasən “Torpağa mülkiyyət hüququna dair” JN-289 kod 50407038 Dövlət aktına əsasən ona məxsus 3.93 ha torpaq sahəsinin 289C nömrəli sahədə yerləşən 1.41 ha hissəsini X1. Buna baxmayaraq ********** qeydiyyat nömrəli 14.05.2013cü il tarixli çıxarışa əsasən həmin torpaq sahəsi üzərində X4 və onun ailə üzvlərinin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. İddiaçı hazırki tələblə həmin torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxslərin adına aparılmış qeydi mübahisələndirmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələri müəyyən edir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər (Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələri). Torpaq Məcəlləsinin 49-cu maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ - torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla), daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir (Mülki Məcəllənin 146.1, 146.2 və 178.1-ci maddələri). Mülki və torpaq qanunvericiliyin müddəalarından da göründüyü kimi tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Həmçinin Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında (xüsusilə 15.01.2010-cu il tarixli) ifadə etdiyi hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, daşınmaz əşyaların alqı-satqı müqaviləsi konsensual müqavilə olduğuna görə daşınmaz əşyanın alıcıya verilməsi və onun qiymətinin ödənilməsi üzrə öhdəliklər mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anına qədər icra oluna bilər. Bu baxımdan həmin hüququn dövlət qeydiyyatına alınması anına qədər alıcı satıcı tərəfindən ona verilmiş əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Belə müqavilələr daşınmaz əşyanı əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Belə ki, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Əks yanaşma mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı konstitusiya prinsiplərinin, mülki qanunvericiliyin bir sıra prinsip və müddəalarının, eləcə də Azərbaycan Respublikasının beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərin pozulmasına gətirib çıxara bilər. Beləliklə hazırki mübahisə ilə bağlı qeyd olunmalıdır ki, mərhum X14 10.08.2004-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən aldığı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmasa da, həmin torpaq sahəsini qanunvericiliyə müvafiq olaraq əldə etdiyinə görə mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. -2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Bu baxımdan da məhkəmə hesab edir ki, “Torpağa mülkiyyət hüququna dair” JN-289 kod 50407038 Dövlət aktında qeyd olunmuş 3.93 ha torpaq sahəsinin 289C nömrəli sahədə yerləşən 1.41 ha hissəsinə dair daşınmaz əmlakın dövlət reyestrində X4, X7, X12, X13, X8 və X5 adına aparılmış 14.05.2013-cü il tarixli ********** nömrəli qeydiyyat qanunsuz olduğundan həmin qeydin ləğv edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Daşınmaz əmlakın dövlət reyestrində Şəmkir rayonu Qapanlı kəndində yerləşən 1.41 ha torpaq sahəsinə dair X4, X7, X12, X13, X8 və X5 adına aparılmış 14.05.2013-cü il tarixli ********** nömrəli qeydiyyatın ləğv edilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1558/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1558/2021
01.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver