Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1558/2022 14.07.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı “xx.xx.2021-ci il tarixli **********3831 nömrəli qərarının qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakıları müəyyən etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.2018-ci il tarixdə ********** nömrəsi (VÖEN) ilə fərdi sahibkar kimi qeydiyyata alınmış, fəaliyyət obyekti spirtli içkilərin istehsalıdır. 14 saylı Ərazi Vergilər İdarəsinin (bundan sonra mətndə - cavabdeh) 10 sentyabr 2021-ci il tarixli **********98110 nömrəli “Nəzarət postunun yaradılması haqqında Qərarı”na əsasən aksizli malların istehsalına və satışına nəzarət edilməsi üçün iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu Ağstafa rayonu, Həsənsu kəndində yerləşən obeyktində xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə nəzarət postu yaradılmışdır. Qərar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində” 10 sentyabr 2021-ci il tarixdə KY211629278 nömrəsi ilə qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixdə posta nəzarəti həyata keçirən vergi əməkdaşları tərəfindən “Nəzarət postu yaradılmış obyektdə vergi qanunvericiliyinin pozulması hallarının aşkar edilməsi barədə” akt tərtib edilmişdir. Akta əsasən nəzarət postu qoyulmuş obyektdə 12 ədəd 0,5 litrlik krasniy kreml etiketli, 60 ədəd 0,5 litrlik Orden etiketli, 34 ədəd 0,7 litrlik hazır Orden etiketli, 410 ədəd 1,75 litrlik BİO Air etiketli, 565 ədəd 0,25 litrlik BİO Air etiketli yarımfabrikat araq məhsulları aşkar edilmişdir. Həmin akt vergi ödəyicisinin nümayəndəsi X1 iştirakı ilə tərtib edilmiş, akta vergi ödəyicisinin nümayəndəsi tərəfindən imzası ilə təsdiq edilmiş, aktın surəti nümayəndəyə təqdim edilmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixli **********3831 nömrəli qərarına əsasən iddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.9-cu maddəsinə əsasən istehsal olunmuş aksiz markası ilə markalanmasında, tam uçota alınmasında, aksiz markalarının inventarizasiyasında kənarlaşma aşkar edildiyinə görə 5.000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Qərarda onun təqdim olunduğu vaxtdan Azərbaycan Respublikasının Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən 30 gün müddətində məhkəməyə və ya Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 62-ci maddəsinə əsasən 3 ay müddətində birbaşa və ya qərarı qəbul etmiş vergi orqanı vasitəsilə yuxarı vergi orqanına şikayət verilə bilməsi qeyd edilmişdir. Sözügedən qərar xx.xx.2022-ci il tarixdə iddiaçıya şəxsən poçt vasitəsilə çatdırılmışdır. İddiaçı həmin qərarı mübahisələndirərək Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərliyə müraciət etmişdir. İddiaçının müraciətləri xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə (AVİS qeydiyyatı: xx.xx.2022-ci il tarixli **********526500 nömrəli və xx.xx.2022-ci il tarixli **********241401 nömrəli) Dövlət Vergi Xidmətinə daxil olmuşdur. Dövlət Vergi Xidmətinin İnzibati şikayətlərə baxılması Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********180200 nömrəli qərarına əsasən iddiaçının şikayətləri təmin edilməmiş, xx.xx.2021-ci il tarixli, DVX seriyalı 000501 nömrəli “Nəzarət postu yaradılmış obyektdə vergi qanunvericiliyinin pozulması hallarının aşkar edilməsi barədə” akt əsasında 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********3831 nömrəli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmışdır. Sözügedən qərar iddiaçıya çatdırılması üçün xx.xx.2022-ci il tarixdə müvafiq poçt qurumuna təqdim edilmişdir. İddiaçı həmin qərarı xx.xx.2022-ci il tarixdə elektron formada oxumuşdur. İddiaçı əvvəl Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “xx.xx.2022-ci il tarixli, **********180200 nömrəli inzibati şikayətin təmin edilməməsi haqqında qərarın ləğv edilməsi və 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********3831 nömrəli qərarının qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi” tələbi ilə Gəncə inzibati Məhkəməsinə müraciət etmişdir. Daha sonra “iddianın dəyişdirilməsi barədə ərizə” təqdim edərək məhkəmədən “14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli **********3831 nömrəli qərarının qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi barədə qəbul edilməsi”ni xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməmiş və bildirmişdir ki, iddiaçı tərəfindən iddia verilməsi üçün nəzərdə tutulmuş müddət ötürülmüşdür. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, bütün fiziki və hüquqi şəxslər də özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu cür məhdudiyyətlərdin biri də iddia müddətləridir. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarım vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin bu cür təyinatı nəzərə alınaraq, müddətin üzürlü səbəb olmadan buraxıldığı halda inzibati məhkəmə icraatında iddianın mümkünsüzlüyü kimi hüquqi nəticə nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə iddiaçı mübahisələndirmə haqqında iddia qaldırmaqla, 5.000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsinə səbəb olan cavabdehin xx.xx.2021-ci il tarixli **********3831 nömrəli qərarının ləğvini məqsəd güdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən (xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyası) inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: 38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); 38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək Müddəaların mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə isə belə şərtlər kimi müəyyən edilmişdir ki, publik hüquq sahəsinə aid olan məsələ ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt ünvanlandığı şəxs üçün hər hansı bir hüquqi nəticələr yaratdığı halda, sonuncu tərəfindən onun ləğvi ilə əlaqədar məlum olduğu vaxtdan 30 gün müddətində inzibati məhkəmədə mübahisələndirilə bilər Məsələ ilə bağlı məhkəmə qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: - 62.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir; - 62.2-ci maddəsinə əsasən, poçt rabitəsi vasitəsi ilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır; - 62.3-ci maddəsinə əsasən, bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda,aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Sadalanmış müddəaların mənasından bəlli olur ki, inzibati aktın göndərilməsi ilə bağlı mübahisə yarandığı halda, inzibati orqan aktın təqdim edilməsi faktını və müddətini sübut etməlidir. Mübahisənin yaranması isə maraqlı şəxsin inzibati aktı almadığı və ya geç aldığı halların müəyyən edilməsi ilə əlaqədardır. Yəni hər bir halda maraqlı şəxs tərəfindən hansı qaydada inzibati aktdan məlumatlı olduğu bilinməlidir. İş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən inzibati aktın alınmadığı və ya gec alındığı mübahisələndirilməmişdir. Bununla yanaşı, cavabdeh tərəfindən təqdim edilən SS752444009AZ ştrix-kodlu poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə əsasən mübahisələndirilən qərar xx.xx.2021-ci il tarixdə iddiaçıya çatdırılmışdır. Halbuki, həmin qərarın “Qeyd” hissəsində qərardan onun təqdim olunduğu vaxtdan Azərbaycan Respublikasının Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən 30 gün müddətində məhkəməyə və ya Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 62-ci maddəsinə əsasən 3 ay müddətində birbaşa və ya qərarı qəbul etmiş vergi orqanı vasitəsilə yuxarı vergi orqanına şikayət verilə bilməsi göstərilmişdir. Göründüyü kimi, iddiaçı xx.xx.2021-ci il tarixdə ona təqdim edilən qərarı xx.xx.2022ci il tarixdə yəni 2 aydan artıq müddətdən sonra (şikayət ərizəsinin göndərilməsi barədə zərfdəki möhürün tarixi) yuxarı vergi orqanında, xx.xx.2022-ci il tarixdə isə məhkəmədə mübahisələndirmişdir. Qanunvericilik buraxılmış müddətlərin bərpa olunmasını istisna etmir. Belə ki, İPMnin 24.1-ci maddəsində deyilir ki, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa edə bilər. İddiaçı da bu normaya əsasən buraxılmış müddətin bərpa olunmasını xahiş etmişdir. Ərizənin məzmunundan bəlli olur ki, iddiaçı yuxarı vergi orqanına şikayət etməsini əsas gətirir. Müddətin bərpa edilməsi üçün üzürlü səbəblər dedikdə elə hallar nəzərdə tutulur ki, iddia verilməsi üçün müəyyən olunmuş müddətdə, şəxsin iddia verməsinə yönələn hərəkətləri etməsinə maneə olsun və ya başqa şəkildə qeyri-mümkün etsin. Müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Məhkəmə iclasında iddiaçı həmin obyektiv səbəbləri açıqlamamış, müddətin üzürlü səbəbdən buraxılmasına dair heç bir tutarlı əsas göstərə bilməmiş və sübut təqdim etməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının qeyd etdiyi hal iddianın mümkün sayılmasına əsas vermir. Ona görə ki, hazırkı iddia mübahisələndirmə haqqında iddiadır və bu növ iddialar inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan müəyyən edilmiş müddətdə qaldırılmalıdır. İddiaçı yuxarı vergi orqanına şikayət edərkən artıq qərarın ona rəsmi qaydada təqdim edildiyi tarixdən 2 aydan çox müddət keçmişdir. Beləliklə, iddiaçı tərəfindən buraxılmış müddətin bərpa olunması üçün üzürlü halların mövcud olması məhkəmə araşdırması zamanı müəyyən olunmur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsi təmin olunmasın. İddiaçı cavabdeh 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı “xx.xx.2021-ci il tarixli **********3831 nömrəli qərarının qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-1558/2022
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1558/2022
14.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver