Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1559/2021 24.08.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı fərdi yaşayış evinin qeyri-yaşayış sahəsi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 06.07.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Göygöl rayonu, Yeni Qızılca kəndində 0.054 ha torpaq sahəsində yerləşən 91 kv.m sahədən ibarət fərdi yaşayış evinin qeyri-yaşayış sahəsi kimi qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən 0.054 ha torpaq sahəsində yerləşən 91 kv.m sahədən ibarət fərdi yaşayış evi 05.11.2020ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçı həmin yaşayış evinin qeyri-yaşayış sahəsinə keçirilməklə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq qərarına gəlmiş, buna görə də Göygöl Rayon İcra Hakimiyyətinə müraciət etmiş və icra hakimiyyətinin 12.04.2021-ci il tarixli 30 nömrəli sərəncamı ilə ona məxsus Göygöl rayonu, Yeni Qızılca kəndində 0.054 ha torpaq sahəsində yerləşən 91 kv.m sahədən ibarət fərdi yaşayış evinin qeyri-yaşayış sahəsinə keçirilməsi qərara alınmışdır. Bundan sonra iddiaçı ona məxsus fərdi yaşayış evinin qeyri-yaşayış sahəsi kimi dövlət reyestrində qeydə alınması məqsədilə DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. İddiaçı iddianı müdafiə etmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən məhkəməyə göndərilmiş 09.08.2021-ci il tarixli, **********68 nömrəli iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, iddiaçı 05.11.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ona məxsus fərdi yaşayış evinin qeyri-yaşayış binası kimi qeydiyyata alınması üçün 13.04.2021-ci il tarixli, ********** nömrəli ərizə ilə idarəyə müraciət etmiş, müraciətə İddiaçı məxsus Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə icazə verilməsi haqqında Göygöl Rayon İcra Hakimiyyəti başçısının 12.04.2021-ci il tarixli, 30 nömrəli sərəncamı və yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında Göygöl Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti şöbəsi tərəfindən təsdiq edilmiş 12.04.2021-ci il tarixli bildiriş əlavə edilmiş, qeyri-yaşayış binasına dair digər hüquqmüəyyənedici sənədlərin ərizəyə əlavə edilmədiyi müəyyən edilmiş, bu səbəbdən də onun ərizəsinin icrasından imtina edilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -********** qeydiyyat nömrəli, 05.11.2020-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Göygöl rayonu, Yeni Qızılca kəndi ərazisində 0.054 ha torpaq sahəsində yerləşən 91 kv.m sahədən ibarət fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır. -29.10.2020-ci il tarixli **********54-10301 reyestr nömrəli Texniki Pasportun surətindən görünür ki, Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən fərdi yaşayış evinə dair hüquq subyekti kimi İddiaçı qeyd olunmuşdur. -Göygöl Rayon İcra Hakimiyyəti başçısının 12.04.2021-ci il tarixli, 30 nömrəli sərəncamının surətindən görünür ki, İddiaçı məxsus Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən ümumi sahəsi 91 kv.m yarım zirzəmili yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə icazə verilməsi qərara alınmışdır. -Göygöl Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti şöbəsi tərəfindən təsdiq edilmiş 12.04.2021-ci il tarixli “Yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi haqqında” bildirişinin surətindən görünür ki, Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən İddiaçı məxsus 0.054 ha torpaq sahəsində ümumi sahəsi 91 kv.m olan fərdi yaşayış evinin qeyri-yaşayış sahəsinə qabaqcadan heç bir şərt qoyulmadan keçirilməsi barədə qərar qəbul edilmişdir. -DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinin 14.06.2021-ci il tarixli, **********27 nömrəli məktubunun surətindən görünür ki, iddiaçının müvafiq müraciəti müsbət həll edilməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, iş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçı ona məxsus fərdi yaşayış evinin qeyri-yaşayış sahəsi kimi dövlət reyestrində qeydə alınması və buna dair çıxarışın verilməsi məqsədilə cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Cavabdeh orqanın imtinasının əsası kimi qeyri-yaşayış binasına dair digər hüquqmüəyyənedici sənədlərin ərizəyə əlavə edilməməsi qeyd olunmuşdur. Məhkəmə cavabdehin imtinası ilə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İlk növbədə qeyd edilməlidir ki, daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən və tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Təqdim edilmiş sübutlardan görünür ki, iddiaçı 05.11.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ona məxsus fərdi yaşayış evinin qeyri-yaşayış sahəsinə keçirilməklə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq qərarına gəlmiş, buna görə də ilk öncə Göygöl Rayon İcra Hakimiyyətinə müraciət etmiş və icra hakimiyyətinin 12.04.2021ci il tarixli 30 nömrəli sərəncamı ilə ona məxsus fərdi yaşayış evinin qeyri-yaşayış sahəsinə keçirilməsi qərara alınmışdır. Həmçinin Göygöl rayonu, Yeni Qızılca kəndində yerləşən iddiaçıya məxsus tikiliyə baxış zamanı müəyyən edilmişdir ki, tikili birmərtəbəli olmaqla üç otaqdan və sanitar qovşaqdan ibarətdir. Tikili xaricdən virtual baxımdan, həmçinin daxili layihə elementlərinə görə qeyri-yaşayış sahəsinə uyğundur. Belə ki, tikilinin yol tərəfdən bir otağının üzərinə “Aptek” lövhəsi vurulmuş və həmin otaqda əczaçılıq fəaliyyəti göstərilməsi üçün ləvazimatlar qoyulmuş, dərmanların düzülməsi üçün şkaflar və vitrin yığılmışdır. Digər bir otaq anbar fəaliyyəti üçün hazırlanmış, üçüncü otaq isə ofis üslubunda hazırlanmışdır. Cavabdehin imtinasına münasibətdə qeyd edilməlidir ki, qeyri-yaşayış sahəsinə keçirilməsi tələb olunan fərdi yaşayış evinə dair ********** qeydiyyat nömrəli, 05.11.2020-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsas hüquqmüəyyənedici sənəddir və həmin daşınmaz əmlak üzərində iddiaçının mülkiyyət hüququnu təsdiq edir. Bu səbəbdən də iddiaçıdan digər hüquqmüəyyənedici sənədin ərizəyə əlavə edilməsinin tələb edilməsi əsaslı hesab edilə bilməz. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. -12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Göygöl rayonu, Yeni Qızılca kəndində 0.054 ha torpaq sahəsində yerləşən 91 kv.m sahədən ibarət fərdi yaşayış evinin qeyri-yaşayış sahəsi kimi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi Əmlak Məsələləri üzrə Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1559/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1559/2021
24.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver