Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-156/2020 20.02.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Goranboy rayon şöbəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Goranboy rayon şöbəsinə (bundan sonra AR ƏƏSMN yanında DSMF-nin Goranboy rayon şöbəsi) qarşı uşaqa qulluq etdiyi müddətin sosial sığorta stajına daxil edilməsi və pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh AR ƏƏSMN yanında DSMF-nin Goranboy rayon şöbəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.1981-ci ildən xx.xx.1984-cü ilədək 3 yaşınadək azyaşlı uşağına qulluq etdiyi müddətin onun sosial sığorta stajına daxil edilməsi və ona pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1981-ci ildən xx.xx.1984-cü ilədək 3 yaşınadək azyaşlı uşağına qulluq etmiş, həmçinin xx.xx.1984-cü ildən xx.xx.2019-cu il tarixə kimi Goranboy rayonunda müxtəlif işlərdə işləmişdir. Hazırda yaşa görə əmək pensiyasına çıxmaq istəyir və uşağına qulluq etdiyi müddətin də sosial sığorta stajına hesablanmasını xahiş edir. Bununla bağlı DSMF-nin Goranboy rayon şöbəsinə müraciət etmiş, lakin sonuncu həmin illəri sosial sığorta stajına daxil etməkdən imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında bildirmişdir ki, iddiaçı xx.xx.1984cü il tarixdən əmək fəaliyyətinə başladığına görə həmin dövrdən sonra doğulmuş uşaqlara 3 yaşadək qulluq nəzərə alınmır, 1981-ci ildə doğulmuş uşağa qulluğa görə 3 il sığorta stajı yaranır, həmin hal məhkəmə tərəfindən nəzərə alınsa iddiaçıya pensiya təyin edilə bilər. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -AR ƏƏSMN yanında DSMF-nin Goranboy rayon şöbəsinin xx.xx.2019-cu il tarixli, **********2 nömrəli məktubunun surətindən görünür ki, İddiaçı xx.xx.1981-ci ildən xx.xx.1984-cü ilədək işləmədiyinə görə uşağa qulluq etdiyi müddətin sosial sığorta stajına daxil edilməsinin mümkün olmadığı bildirilmiş və ona əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. -İddiaçı məxsus İT-İ ******* nömrəli xx.xx.1986-cı il tarixli əmək kitabçasından görünür ki, sonuncu xx.xx.1984-cü ildən xx.xx.2019-cu il tarixə kimi Goranboy rayonunda müxtəlif işlərdə işləmişdir. -Surəti əlavə edilmiş Vİİİ-JQ-305133 nömrəli xx.xx.1981-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.1981-ci il tarixdə anadan olmuş, ata qrafasında X8, ana qrafasında İddiaçı qeyd olunmuşdur. -surəti əlavə edilmiş Vİİİ-JQ-345852 nömrəli xx.xx.1982-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.1982-ci il tarixdə anadan olmuş, ata qrafasında X8, ana qrafasında İddiaçı qeyd olunmuşdur. -surəti əlavə edilmiş İX-JQ-413142 nömrəli xx.xx.1984-cü il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.1984-cü il tarixdə anadan olmuş, ata qrafasında X8, ana qrafasında İddiaçı qeyd olunmuşdur. -surəti əlavə edilmiş X-JQ-459330 nömrəli xx.xx.1985-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.1985-ci il tarixdə anadan olmuş, ata qrafasında X8, ana qrafasında İddiaçı qeyd olunmuşdur. -surəti əlavə edilmiş Xİİ-JQ-436132 nömrəli xx.xx.1987-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.1987-ci il tarixdə anadan olmuş, ata qrafasında X8, ana qrafasında İddiaçı qeyd olunmuşdur. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 33-cü maddəsinə əsasən məcburetmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Məhkəmə araşdırması zamanı təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı əmək kitabçasına əsasən (xx.xx.1984-cü ildən xx.xx.2006-cı ilədək 17 il 7 ay 22 gün və xx.xx.2006-cı ildən xx.xx.2018-ci ilədək 5 il 6 ay 6 gün olmaqla) ümumilikdə 23 il 1 ay 28 gün sığorta stajı qeydə alınmışdır. Cavabdeh orqan tərəfindən iddiaçının əmək kitabçasında qeyd olunan sosial sığorta stajı nəzərə alınsa da onun xx.xx.1981-ci ildən xx.xx.1984-cü ilədək 3 yaşınadək azyaşlı uşağına qulluq etdiyi müddət sosial sığorta stajı kimi nəzərə alınmamış və nəzərə alınan digər sosial sığorta stajı müddətləri iddiaçıya pensiya təyinatına imkan verməmişdir. Bununla bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prossesual hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçının körpə uşaqlarına qulluq etdiyi 1981-1984-cü illərdə “Dövlət pensiyaları” haqqında SSRİ Qanunu qüvvədə olmuşdur. xx.xx.1956-cı ildə qanuni qüvvəyə minmiş və xx.xx.1992-ci il tarixədək qüvvədə olmuş həmin Qanunda işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddətin iş stajına daxil edilməsi təsbit edilmişdir. "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 67ci maddəsinin e) yarımbəndində qeyd olunmuşdur ki, iş stajına işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq daxil edilir. Yuxarıda istinad olunan və iddiaçının körpə uşağına qulluq etdiyi dövrdə qüvvədə olmuş pensiya qanunvericiliyinin normalarından göründüyü kimi işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddətin onun iş stajına daxil edilməsi nəzərdə tutulmuşdur. Hazırkı mübahisə üzrə iddiaçının körpə uşağa qulluq etdiyi müddət 1981-1984-cü illərə təsadüf etdiyindən və iddiaçı həmin dövrdə işləmədiyindən, yuxarıda qeyd olunduğu kimi həmin dövrün qanunvericilik aktları hazırkı münasibətlərə tətbiq edilməlidir. Başqa sözlə iddiaçının körpə uşağa qulluq etdiyi müddətin onun sosial sığorta stajına daxil edilməsi həmin dövrün qanunvericiliyinin tələbidir. Bu hüquq isə iddiaçı tərəfindən artıq qazanılmış hüquqdur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı uşağa qulluq etdiyi xx.xx.1981-ci ildən xx.xx.1984-cü ilədək müddətin sosial sığorta stajına daxil edilməsini tələb etməkdə haqlıdır. Bundan başqa məhkəmə tələbin “pensiya təyin edilməsi” hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun; -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının; 4.1.4-cü maddəsinə əsasən beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ yaranır. Göründüyü kimi xx.xx.1981-ci ildən xx.xx.1984-cü ilədək 3 yaşınadək azyaşlı uşağına qulluq etdiyi müddət iddiaçının sosial sığorta stajına daxil edildikdə ümumilikdə onun 26 il 1 ay 28 gün (23 il 1 ay 28 gün + 3 il) sığorta stajı yaranır və həmin staj ona pensiya təyinatına imkan verir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsininə əsasən məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 33, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1981-ci ildən xx.xx.1984-cü ilədək 3 yaşınadək azyaşlı uşağına qulluq etdiyi müddətin sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Goranboy rayon şöbəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-156/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-156/2020
20.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver