Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-156/2021 02.04.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1980-ci il tarixdən xx.xx.1988-ci il tarixə qədər keçmiş SSRİ silahlı Qüvvələrində gizir kimi hərbi xidmət keçmiş, xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cu il tarixədək isə N () saylı hərbi hissənin tərkibində tağım komandirinin müavini və manqa komandiri vəzifəsində qulluq etmişdir. Döyüşçü kimi qaynar nöqtələrdə, eyni zamanda Kəlbəcər rayonu uğrunda gedən döyüşlərdə aktiv iştirak etmişdir. Sonuncu dəfə xx xxxxxx 1994-cü tarixdə Kəlbəcər rayonu uğrunda gedən döyüşdə sağ ayağının yuxarı hissəsindən və sol gözünün üstündən ağır şəkildə yaralandığı üçün onu və digər ağır yaralıları ağır vəziyyətdə tibb məntəqəsinə aparmışlar. Döyüşlərdə iştirak etdiyi dövrdə уrməni işğalçılarının canlı qüvvəsini məhv etmişdir. Lakin bu günə qədər müharibə veteranı adı və yaralandığı üçün əlillik ala bilməmişdir. Ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində fəaliyyət göstərən veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiyaya müraciət etmiş, lakin həmin inzibati orqan xx.xx.2020-ci il tarixli 1/B-10310 nömrəli məktubla bundan imtina etmişdir. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, 1994-cü ilin yazında hərbi xidmətdə olduğu zaman ailə vəziyyəti (himayəsində azyaşlı uşağı olduğuna görə) ilə bağlı komandiri onu ehtiyata (evə) buraxmışdır. İddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh iddia tələbinə dair etiraz edərək bildirmişdir ki, İddiaçı adına tərtib edilmiş Mərkəzi Arxivin xx.xx.2019-cu il tarixli 9/2-15935 nömrəli arayışına əsasən xx.xx.1994-cü il tarixdən sonrakı xidməti barədə məlumat olmadığına görə ona «Müharibə veteranı» adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Bu səbəbdən ona Müdafiə Nazirliyinin komissiyası tərəfindən veteran adının və vəsiqəsinin verilməsi qanuna ziddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 422 nömrəli qərarına əsasən «Əsasnamə»nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində «hərbi biletlər» sözlərindən sonra (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda) sözləri əlavə edilmişdir. Şəxsin hərbi xidmət keçməsi hərbi bilet, nizami hissə üzrə əmrlər, arxiv arayışı və sair xidmətini bilavasitə əks etdirən sənədlərdə öz təsdiqini tapmalıdır. Ona görədə iddiaçının tələbi əsassız və qanunsuz olduğundan rədd edilməsini xahiş etmişdir. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini xx.xx.1980-ci il tarixli НЗ ******* nömrəli hərbi bilet, Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2019cu il tarixli, 9/2-15935 nömrəli arxiv arayışı, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin xx.xx.2019-cu il tarixli 1070 nömrəli arayışı, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2020-ci il tarixli 1/B-2015 nömrəli imtina məktubu, xx.xx.2021-ci il tarixli 11/824 nömrəli məktubu, N saylı hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 120 nömrəli əmrindən çıxarış və cavabdehin xx.xx.2020-ci il tarixli 11/4841 nömrəli etirazı təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iddiaçının izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia rədd edilməlidir. İddia mümkün iddiadır. Hazırkı iş üzrə iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün müvafiq inzibati orqana müraciət etmiş və iddianın qanunla müəyyən edilmiş müddətdə qaldırmışdır. İş materialları ilə, habelə məhkəmə tərəfindən işin tədqiq edilmiş halları ilə iddia tələbinin hüquqi əsasının olmadığı müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2020-ci il tarixli 1/B-2015 nömrəli imtina məktubundan görünür ki, iddiaçının cavabdehə ünvanlandığı sənədlərə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində «Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya»nın xx.xx.2020-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Mərkəzi Arxivin xx.xx.2019-cu il tarixli 9/2- 15935 nömrəli arayışına əsasən xx.xx.1994-cü il tarixdən sonrakı xidməti barədə məlumat olmadığına görə ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi məqsədəuyğun olmadığından ona Müharibə Veteranı adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. İddiaçıya məxsus xx.xx.1980-ci il tarixli НЗ 4018310nömrəli hərbi biletin 6-cı səhifəsində iddiaçının xx.xx.1993-cü il tarixdə N nömrəli hərbi hissəyə daxil olması və xx.xx.1993-cü il tarixli 325 nömrəli əmrlə N nömrəli hərbi hissənin siyahısından çıxarılması göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2019-cu il tarixli, 9/2-15935 nömrəli Arxiv Arayışından görünür ki, sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 06 nömrəli əmrilə xx.xx.1992-ci ildən sayılmaqla hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin olunmuşdur. N nömrəli hərbi hissə komandirinin xx.xx.1994cü il tarixli 117 nömrəli əmrilə gizir İddiaçı 6 MAT-da tutduğu vəzifədən azad edilərək, 1 MAT-ın şəxsi heyətinin syahısına daxil edilməklə ştat arxasına keçirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin xx.xx.2019-cu il tarixli 1070 nömrəli arayışından görünür ki, 1962-ci il təvəllüdlü istefada olan gizir İddiaçı həqiqətən xx.xx.1980-ci il tarixdən xx.xx.1988-ci il tarixə qədər keçmiş SSRİ Silahlı Qüvvələrində, xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək N () saylı hərbi hissənin tərkibində Azərbaycan Respublikasının Silahlı Qüvvələri sıralarında hərbi xidmət keçmişdir. İş materiallarında olan N saylı hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 120 nömrəli əmrindən çıxarışdan görünür ki, gizir İddiaçı 04.05.94-cü il tarixdən briqada 6-cı motoatıcı taborunda tutduğu vəzifədən azad edilmiş və briqada 1-ci motoatıcı taborunun şəxsi heyətinin siyahısına daxil edilməklə ştat arxasına keçirilmişdir. Məhkəmənin xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli sorğularına cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi xx.xx.2021-ci il tarixli 11/824 nömrəli məktubu ilə bildirmişdir ki, İddiaçı adına tərtib edilmiş Mərkəzi Arxivin xx.xx.2019-cu il tarixli 9/2-15935 nömrəli arayışına əsasən N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 117 nömrəli əmrilə gizir İddiaçı tutduğu vəzifədən azad edilərək ştat arxasına keçirilməsi o, deməkdir ki, hərbi qulluqçunun fəaliyyətində hər hansı nöqsanlar olmuş, bu da onun tutduğu vəzifədən azad edilərək ştat arxasına keçirilməsinə əsa olmuşdur. Məhkəmə hesab edir ki, inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur. Belə ki, «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. «Müharibə veteranı» adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikası Müdafiə Nazirinin x xxxxxx 1998-ci il tarixli, 4 nömrəli əmri ilə qüvvəyə minmiş «Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranıadlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatın 1.6-cı bəndinə əsasən, 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarəetmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. «Müharibə veteranı» adı və vəsiqəsi almaq üçün döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 14-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gündür. Beləliklə, məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddiaçının qanuni əsaslarla hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri olmadığından iddia rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası rədd edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Hakim: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-156/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-156/2021
02.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver