Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-156/2022 28.04.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçıların nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətinə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinə (üçüncü şəxs Gəncə Şəhər İcra Hakimiyyəti) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətlərində olan Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsi, Göygöl şossesi (Xanlar şossesi) 1 A ünvanında istifadədə olan 0.03118 ha torpaq sahəsində yerləşən 4 girişli, 243.6 kv.m ümumi, 232 kv.m əsas, 11.6 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasıın (istehsal sexi) Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti tərəfindən söküldüyü üçün, əldən çıxmış fayda kimi 72000 ( yetmiş iki min ) manatın və 243.600 (iki yüz qırx üç min altı yüz) manat təşkil edən əmlakın bazar qiymətinin, ümumilikdə isə 315.600 (üç yüz on beş min altı yüz) manat onlara vurulmuş maddi ziyana görə kompensasiyanın cavabdeh tərəfindən onlara ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçıların nümayəndəsi (vəkili) Vəkil 10.11.2021-ci il tarixli məhkəmə iclasında ərizə təqdim edərək cavabdeh əsl cavabdeh Gəncə Şəhər İcra Hakimiyyəti ilə əvəz olunmasını, Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinin isə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmasını xahiş etmişdir. Məhkəmənin həmin tarixli qərardadları ilə cavabdeh əsl cavabdeh Gəncə Şəhər İcra Hakimiyyəti ilə əvəz olunmuş və Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti isə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur. Məhkəmənin 28.04.2022-ci il tarixli qərardadı ilə Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinin iştirakına xitam verilmişdir. İddiaçılar tələbini onunla əsaslandırmışlar ki, Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsi, Göygöl şossesi ( Xanlar şossesi) 1A ünvanında istifadələrində olan 0,03118 ha torpaq sahəsində yerləşən 4 girişli, 243.6 kv.m ümumi, 232 kv.m əsas, 11.6 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası (istehsal sexi) ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı1 və İddiaçı2 mülkiyyətində daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 22 nömrəli vərəqində qeydiyyata alınmış, həmin əmlaka dair hüquqları 17 iyul 2008-ci il tarixdə qeydiyyata alınaraq və çıxarış verilmişdir. Daşınmaz əmlakın AN-İ № alqı-satqı müqaviləsində əmlakın satış qiyməti 12.285 on iki min iki yüz səksən beş) manat göstərildiyinə baxmayaraq, obyektə görə real olaraq 74.000 (yetmiş dörd min) ABŞ dolları ödəmişlər. Qeyri-yaşayış obyektini alarkən tam bərbad və istifadəyə yararsız vəziyyətdə olmuş, binanın əsaslı şəkildə təmir və bərpa işlərini öz vəsaitləri hesabına həyata keçirərək mebel istehsalı üçün müasir avadanlıqlar gətirmiş, obyekti mebel istehsalı sexi kimi icarəyə verərək hər ay 600 manat pul gəlir əldə etmişlər. Ancaq mülkiyyətlərində olan obyekt onların razılığı olmadan və əvəzi ödənilmədən, zor gücünə və hakimiyyət səlahiyyətlərinə arxalanan Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti tərəfindən 2012-ci ilin əvvəlində sökülmüşdür. Obyekt sökülərkən hər iki mülkiyyətçi Gəncə şəhərində olmamışlar. Həmin vaxtdan sonra bir çox yerlərə müraciətlər etmiş, onlara dəyən zərərin əvəzinin ödənilməsini və və ya binanın əvvəlki yerində qanuni istifadələrində olan torpaq sahəsində bərpa edilməsinə razılıq verilməsi haqda xahiş və tələb etmiş, lakin heç bir nəticə əldə edə bilməmişlər. Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti əmlakı faktiki olaraq Gəncə şəhər İcra Hakimiyyətinin göstərişi əsasında sökmüşdür. Bunun Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Aparatı tərəfindən onlara ünvanlanmış 179 nömrəli 30.03.2021ci il tarixli məktub təsdiq edir. Qeyd edilən məktubda sübut olunur ki, əmlak inzibati orqan olan yerli icra hakimiyyəti məhv edib və bu qeyri-rəsmi olsa da Gəncə Şəhər İcra Hakimiyyətinin tapşırığı və ya razılığı ilə olub. Yəni, əslində əmlakın sökülməsinə dair hüququ əsas kimi heç bir inzibati akt qəbul olunmayıb. Gəncə Şəhər İcra Hakimiyyətinin cavabından görünür ki, onlara verilməsi haqda deyilən Azərbaycan Bayrağı meydanındakı torpaq sahəsi Kəpəz Rayonu ərazisidir. Sökülmüş əmlak isə Nizami Rayonu ərazisində olub. Bu faktda onu təsdiq edir ki, Gəncə Şəhər İcra Hakimiyyətinin bilavasitə icazəsi və ya göstərişi ilə əmlakımız məhv edilib. Cavabdehin məktubunda əvəz olaraq torpaq sahəsi verilməsi haqda deyilənlər həqiqəti əks etdirmir. Çünki “Azərbaycan Bayrağı (keçmiş Tağı Arani) küçəsində inşası nəzərdə tutulan ticarət cərgəsində tikinti sahəsi 66.0 kv.m olan ikimərtəbəli mağaza.. ” nın tikilməsi heç cür mümkün deyil. Orada guya ticarət cərgəsi olacağı adı ilə bəlkə onlarla əmlakı uçurdulmuş vətəndaşların adları müxtəlif nömrəli sərəncamlara yazılmış, amma heç kimə faktiki olaraq tikinti işlərinin aparılmasına icazə verilmir. Ona görə ki, həmin ərazi sosial mənzillərin tikilməsi üçün bütövlüklə birbaşa Nazirlər Kabinetinin göstərişi əsasında ünvan 4 ünvanında olan Mənzil İnşaatı Dövlət Agentliyinə ayrılıb. İddiaçılar bu sahədən imtina etməmişlər. Bu icra oluna bilməyən sərəncamlardır, çünki torpağın bu cür ayrılması mümkün deyil. Bundan başqa, onların əmlakının ümumi sahəsi 243.6 kv.m olmuşdur. Bu məqam da nəzərə alınmır və mülkiyyətlərində olan hazır əmlaklarının əvəzində onlara yalnız layihə çəkmək üçün icazə verən sərəncamlar verilib. Halbuki, sənədləşməyə çəkilən xərclərdən başqa, torpaq sahəsi lazımı qaydada ayrılmadığından başqa, hələ tikintini də öz hesablarına etməlidilər. Hesab edirlər ki, cavabdeh tərəfindən onlara maddi ziyan vurulmuşdur. Belə ki, 2012-ci ildən bu günə qədər faktiki olaraq hər ay sabit pul məbləğində 600 (altı yüz) manat icarə haqqından məhrum olmuşlar. Həmin məbləğ 120 (yüz iyirmi) ay ərzində 72000 (yetmiş iki min) manat təşkil edir. Qeyri-yaşayış obyektinin qiyməti hər kv.m. üçün hesab edirlər ki, 1000 (min) manat olmaqla 243.6 kv.m görə 243.600 (iki yüz qırx üç min altı yüz) manat təşkil edir. Hesab edirlər ki, ümumilikdə, cavabdeh onlara 315.600 (üç yüz on beş min altı yüz) manat maddi ziyan vurub və bu məbləğdə kompensasiya onlara ödəməlidir. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh iddiaya münasibət bildirməmişdir. Cavabdehin nümayəndəsinin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş və formal tələblərə cavab verən məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini AN-l ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsi, MH ******* nömrəli çıxarış, mağazaların yenidən qurulmasına icazə verilməsi haqqında siyahı, cavabdehin iddiaçıya ünvanladığı 179 nömrəli, 30.03.2021-ci il tarixli məktub, texniki pasport, 31.01.2022-ci il tarixli, LP-054/22 saylı mütəxəssis rəyi təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: İddia inzibati mübahisələrin həlli ilə bağlı inzibati orqanların qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbi olmaqla mümkün iddiadır. Aşağıdakı hallara görə iddia qismən əsaslıdır. AN-l ******* nömrəli, 11.06.2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, **********88-06301 nömrəli çıxarış əsasında X1 mülkiyyətində olan ümumi sahəsi 243.6 kv.m, əsas sahəsi 232.0 kv.m, köməkçi sahəsi 11.6 kv.m olan Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsi, Göygöl şossesi 1 A ünvaında 0.03118 ha torpaq sahəsində yerləşən qeyri yaşayış sahəsi İddiaçı1 və İddiaçı2 satılmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH ******* nömrəli çıxarışdan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsi, Xanlar şossesi 1 A ünvanında istifadədə olan 0.03118 ha torpaq sahəsində yerləşən 4 girişli, 243.6 kv.m ümumi, 232 kv.m əsas, 11.6 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binası (istehsal sexi) ümumi birgə mülkiyyət hüquqi üzrə İddiaçı1 və İddiaçı2 adlarına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 22 nömrəli vərəqində qeydiyyata alınmışdır. Cavabdeh tərəfindən İddiaçı1 ünvanlanmış, 179 nömrəli, 30.03.2021-ci il tarixli məktubda qeyd olunmuşdur ki, 2012-ci ildə Gəncə şəhəri, Gülüstan yaşayış ərazisi, Gəncə-Göygöl şossesi, 1A ünvanında İddiaçı2 ilə birgə İddiaçı1 mülkiyyətində olan qeyriyaşayış binası yolun genişləndirilməsi ilə əlaqədar sökülmüşdür. Əvəzində Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının 30.06.2012-ci il tarixli, 309 və 310 nömrəli Sərəncamları ilə İddiaçı2 ilə İddiaçı1 Azərbaycan Bayrağı (keçmiş Tağı Arani) küçəsində inşası nəzərdə tutulan ticarət cərgəsində tikinti sahəsi 66.0 kv.m olan ikimərtəbəli mağazanın yerləşdirilməsinə (lahiyələndirilməsinə) icazə verilmiş, lakin Rövşən Səylyəim oğlu və İddiaçı1 bundan imtina etmişlər. Hazırda inşası davam edən Gəncə-Toğana- Kəlbəcər avtomobil yolunun strateji əhəmiyyətini və ərazinin abadlaşdırıldığını nəzərə alaraq qeyri-yaşayış obyektinin əvvəlki yerində bərpa edilməsi məqsədəuyğun deyildir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin sözügedən əmlaka dair vediyi, 14.07.2008-ci il tarixdə tərtib olunmuş X3-yaşayış binasının 1 mərtəbəli, ümumi sahəsi 243.6 kv.m, əsas sahəsi 232.0 kv.m, köməkçi sahəsinin 11.6 kv.m, həcminin 1494 kub m olduğu göstərilmişdir. Məhkəmə qeyd edir ki, mülkiyyət toxunulmazlığı təkcə başqalarını şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həmdə dövlətin mülkiyyəti qeyri qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini də nəzərdə tutur. Mövcud qanunvericiliyə əsasən şəxsi mülkiyyət dövlət hesabına aşağıdakı yollarla özgəninkiləşdirilə bilər: Konstitusiyanın 29-cu maddəsinin İV bəndi tələb etdiyi kimi Mülki Məcəllənin 157.9-cu maddəsinə əsasən mülkiyyət qanuni kompensasiya əvvəlcədən ödənilməsi şərtilə dövlət ehtiyacları üçün müsadirə yolu ilə; və ya Mülki Məcəllənin 207 və 203.3.3-cü maddələrinə uyğun olaraq mülkiyyətçinin razılığı ilə dövlət tərəfindən əmlakın alınması yolu ilə; və ya Mülki Məcəllənin 203.3 maddəsində nəzərdə tutulmuş digər xüsusi hallarda. İşin faktiki hallarından göründüyü kimi yuxarıdakı prosedurların heç birinə riayət edilməmişdir. Konstitusiyanın 13-cü maddəsinin 1-ci bəndində deyilir: “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Konstitusiyanın 29-cu maddəsinin 4-cü bəndində deyilir: “Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakının tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər”. Mülki Məcəllənin 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyətli obyektləirin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə özgəninkiləşdirilə bilər. Mülki Məcəllənin 157.9-cu maddəsində nəzərdə tutulmuş “müvafiq dövlət orqanı” kimi Nazirlər Kabinetinin təyin edilməsi müəyyən edilmişdir. Mülki Məcəllənin 158.1.2-ci maddəsində göstərilmişdir ki, əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Həmin Məcəllənin 203.3-ü maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən aşağıdakı tədbirlərdən başqa əmlakın mülkiyyətçisindən məcburi alınmasına yol verilmir: - öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi (maddə 203.3.1); -qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakın özgəninkiləşdirilməsi (maddə 203.3.2); - sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi (maddə 203.3.3); - təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması (maddə 203.3.4); - rekvizisiya (maddə 203.3.5); - müsadirə (maddə 203.3.6). Fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın dövlətin və cəmiyyətin ehtiyacları üçün özgəninkiləşdirilməsi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən həyata keçirilir (maddə 203.5). Qeyd olunan Məcəllənin 207-ci maddəsinə əsasən torpaq sahəsində olan binalara, qurğulara və ya digər daşınmaz əmlaka mülkiyyət hüquna xitam verilməsi həmin sahənin dövlət ehtiyacları üçün alınmasının mümkün olmadığı hallarda dövlət bu əmlakı satınalma yolu ilə ala bilər. Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsində deyilir: “ Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir, heç kəs cəmiyyətin maraqları naminə və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz”. Məhkəmə qeyd edir ki, hazırki işdə iddiaçıların mülkiyyətinə müdaxilə olmuşdur. Bu müdaxilə 1 saylı protokolun 1-ci maddəsinin 2-ci cümləsinin məzmunu baxımından mülkiyyətdən məhrum etməyə bərabərdir. Məhkəmə iddiaçıların əmlakına müdaxilə zamanı mülkiyyətinin alınması ilə bağlı prosedurun Konstitusiyanın, Mülki Məcəllənin 152.1, 157.4, 157.9, 1097, 1100, 1113 və 1115-ci maddələrinin müddəaları ilə tənzimlənməsinə dair arqumentləri nəzərə alır və razılaşır ki, iddiaçıların mülkiyyətinin alınması zamanı həmin hüquqi aktlar tətbiq olunmalı idi. Buna baxmayaraq, hazırki işdə iddiaçıların mülkiyyətindən məhrum edilməsi zamanı qanunla nəzərdə tutulmuş şərtlərin heç birinə əməl olunmamışdır. Yuxarıda qeyd olunan əsaslara görə məhkəmə bu nəticəyə gəlir ki, hazırki işdə müdaxilə qanunla nəzərdə tutulmuş şərtlərə uyğun şəkildə həyata keçirilməmiş, cavabdehin həmin əmlakın sökülməsinə dair qanunla müəyyən olunmuş əsasları olmamış və nəticədə iddiaçılar öz mülkiyyətindən qanunsuz olaraq məhrum olunmuşdur. Avropa İnsan Hüquqları Konvensiyasının 41-ci maddəsi aşağıdakıları nəzərdə tutur: “Əgər məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin razılığa gələn yüksək tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməyini təyin edir.” Məhkəmə hesab edir ki, iddiaçılar öz mülkiyətindən məhrum edildiyinə görə kompensasiya hüququna malkdir. İddiaçılar məhv edilmiş binaya görə ümumilikdə 315.600 manat məbləğində kompensasiya şəklində cavadehdən dövlət büdcəsi hesabına alınaraq ödənilməsini tələb edir. "xxxx" MMC-nin 31.01.2022-ci il tarixli, LP-054/2022 saylı mütəxəssis rəyindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Gülüstan qəsəbəsi, Xanlar şossesi 1A ünvanında yerləşən 0.03118 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 4 girişli qeyri-yaşayış binasının 2012-ci il tarixə real bazar qiyməti 138.000 (bir yüz otuz səkkiz) manat, hazırki dövrə real bazar qiyməti isə 213.000 (iki yüz on üç min) manat təşkil edir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçılara məxsus qeyri-yaşayış binasının sökülməsinə görə onlara mütəxəssis rəyində göstərilən 213.000 manat ödənilməlidir. Ali Məhkəmənin MİÜMK-nın 17.10.2007-ci il tarixli 6k-2203 saylı qərarında hüquqi dövlətin pozitiv öhdəliklərinə istinad edərək göstərmişdir ki, hüquqi dövlət suverenliyə malik olmaqla özü-özünü yaradır və hamı üçün məcburi olan davranış qaydalarını müəyyən edir. Hüquqi dövlətin əsas əlamətlərindən biri də qanunun aliliyidir. Həmin əlamətə və prinsipə müvafiq olaraq heç bir dövlət orqanı, heç bir vəzifəli şəxs, heç bir kollektiv və ya ictimai təşkilat, heç bir insan qanuna tabe olmaq öhdəliyindən azad deyildir. Qanunun aliliyindən söhbət getdikdə bu özünün düzünə mənasında başa düşülməlidir. Hüquqi dövlətin yaradılması və mövcudluğu qanunun aliliyinin təkcə faktiki olaraq elan edilməsini deyil, həm də onun cəmiyyətin həyatının bütün sahələrində həyata keçirilməsi, ictimai münasibətlərə birbaşa təsirinin gücləndirilməsini nəzərdə tutur. Hüquqi dövlətdə insan hüquq və azadlıqlarına tam təminat verilməli, dövlət və onun yurisdiksiyası altında olan insanların qarşılıqlı məsuliyyəti prinsipi müyyənləşdirilməlidir. Dövlətin yurisdiksiyası altında olan insanlar dövlət qarşısında məsuliyyət daşıdığı kimi, dövlət də insanların hüquq və azadlıqlarının təmin edilməsində cavabdehlik daşımalıdır. Bu müqqəa Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə, o cümlədən “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasında da öz əksini tapmışdır. Konvensiyanın 1-ci maddəsinə əsasən ’’Razılığa gələn yüksək Tərəflər onların yurisdiksiyası altında olan hər kəs üçün Konvensiyada müəyyən olunmuş hüquq və azadlıqları təmin etməlidir”. “inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: - 89-cu maddəsinə əsasən, inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər (maddə 1097.1). Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər ( maddə 1097.3). Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir (maddə 1100). Birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş zərər üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar (maddə 1113.1). Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur (maddə 1115). İddia tələbinin əldən çıxmış 72.000 manat fayda hissəsinə gəlincə məhkəmə qeyd edir ki, iddiaçılar icarə müqaviləsi əsasında gəlir əldə etmələri barədə hər hansı sübut təqdim etmədikləri üçün onların sahibkarlıq fəaliyyəti nəticəsində nə qədər gəlir əldə etməsi halı sübut olunmamış qalır. Odur ki, məhkəmə iddia tələbini həmin hissədə təmin olunmaması nəticəsinə gəlir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1 maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Nəticəvi hissə Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia qismən təmin edilsin. Cavabdeh Gəncə Şəhər İcra Hakimiyyətindən 213.000 (iki yüz on üç min) manat dövlət büdcəsi hesabına tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə ödənilsin. Tələb qalan hissədə rədd edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-156/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-156/2022
28.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver