Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-156/2025 01.10.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ X6 Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdehnə (üçüncü şəxs X2) qarşı «qərarın ləğv edilməsi» tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin binasında şifahi dinləmələr qaydasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə (üçüncü şəxs X2) qarşı «qərarın ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi barədə məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X2 üçüncü şəxs qismində işə baxılmasına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh orqanın xx.xx.2004-cü il tarixli, 14 nömrəli sərəncamı ilə Poylu kəndi ərazisindən heyvandarlığın inkişafı məqsədi ilə 35 hektar torpaq sahəsi 15 il müddətinə ona icarəyə verilmişdir. Həmin icarə müqaviləsinin müddəti bitməmiş bələdiyyənin sədri X3 müqavilə müddətinin uzadılmasını təklif etmişdir. Bələdiyyə sədri isə müqavilə müddətinin uzadıldığını bildirmişdir. Hazırda da torpaq sahəsi onun faktik sahibliyindədir. Daha sonra bələdiyyə ilə aralarında xx.xx.2022-ci il tarixli icarə müqaviləsi bağlanılmış və 35 ha torpaq sahəsi 15 il müddətinə ona yenidən icarəyə verilmişdir. Bu müqavilə bağlanan zaman zənn etmişdir ki, eyni torpaq sahəsidir. Çünki bunu bələdiyyə sədri ona dönə-dönə demişdir. Onu da qeyd edir ki, sözügdən torpaq sahəsində ona məxsus ferma tikilisi vardır. Bu yaxınlarda Ağstafa Rayon Məhkəməsindən ona bildiriş gələn zaman bilmişdir ki, cavabdeh orqan tərəfindən üçüncü şəxsin icarəsinə verilmiş 12,80 hektar torpaq sahəsinin 05 hektar hissəsi bələdiyyənin xx.xx.2004-cü il tarixli, 14 nömrəli sərəncamı ilə Poylu kəndi ərazisindən heyvandarlığın inkişafı məqsədi ilə ona verilən torpaq sahəsinin bir hissəsidir. Bununla da cavabdeh orqan onun hüquqlarını pozmuşdur. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia ərizəsinin verilməsi üçün qanunla nəzərdə tutulan buraxılmış prosessual müddət bərpa edilmişdir. Məhkəmə iclasında İddiaçı və onun vəkili Vəkil1 iddia tələbinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinin tələbinə əsasən cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə xatırladır ki, istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən iddianın mümkünlüyü şərtlərinin olub-olmadığı araşdırılmalıdır. Çünki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddihüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulubpozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. («İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.2, 1.3, 1.4, 2.1, 4.1, 4.2 və 5.1-ci bəndləri). İş materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2004-cü il tarixli, 14 nömrəli sərəncamı ilə Poylu kəndi ərazisindən 35 hektar torpaq sahəsi 15 il müddətə iddiaçının icarəsinə verilmişdir. Bu barədə «Torpaqdan müvəqqəti istifadə hüququna» dair JN 6306 KOD 50209018 nömrəli şəhadətnamə hazırlanmışdır. Həmin icarə müqaviləsinin müddəti başa çatmış və şəhadətnamə ləğv edilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2020-ci il tarixli, 01 nömrəli qərarı ilə üçüncü şəxs X1 icarəsinə 15 il müddətinə 12,8 ha torpaq sahəsi verilməsi qərara alınmış və tərəflər arasında xx.xx.2020-ci il tarixdə icarə müqaviləsi bağlanmışdır. Daha sonra isə üçüncü şəxs X1 icarə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Hazırda isə İddiaçı üçüncü şəxs X1 icarəsinə verilən torpaq sahəsinin Cavabdeh xx.xx.2004-cü il tarixli, 14 nömrəli sərəncamı ilə ona ayrılmış torpaq sahəsi olduğunu iddia edərək cavabdeh inzibati orqanın qərarının ləğv edilməsini xahiş edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən Qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə qeyd edir ki, iddiaçının hazırda həmin torpaq sahəsinə dair hər hansı hüququ olmadığı üçün mövcud iddia tələbi üzrə onun subyektiv hüququ yaranmır. Belə ki, məhkəmə tərəfindən iş üzrə obyektiv nəticəyə gəlinməsi üçün iki dəfə mütəxəssis rəyi alınmışdır. Birinci mütəxəssis rəyində qeyd olunmuşdur: İddiaçı istifadəsi kimi təqdim edilən torpaq sahəsinin 3,79 hektar hissəsi X1 Cavabdeh xx.xx.2020-ci il tarixli, 01 nömrəli qərarı ilə icarəsində olan **********53 reyestr nömrəli 12,8 hektar torpaq sahəsi ilə üst-üstə düşür. «Torpaqdan müvəqqəti istifadə hüququna» dair şəhadətnamə əsasında icarə müqaviləsinin müddəti bitdiyinə görə və elektron bazadan çıxarıldığına görə həmin şəhadətnamə ilə müəyyən edilmiş 35 hektar torpaq sahəsinin Cavabdeh xx.xx.2022-ci il tarixli, qərarı ilə İddiaçı icarəsinə verilmiş 35 hektar torpaq sahəsinin koordinatları ilə üst-üstə düşüb-düşməməsini müəyyən etmək olmamışdır. Cavabdeh xx.xx.2020-ci il tarixli, 01 nömrəli qərarı əsasında X1 icarəsinə verilmiş 12,80 ha torpaq sahəsinin hüdudları daxilində İddiaçı məxsus hər hansı tikili (ferma, yataq) aşkar edilmədi. İkinci müətəxəssis rəyində qeyd olunmuşdur: Elektron baza məlumatlarına əsasən «Torpaqdan müvəqqəti istifadə hüququna» dair JN 6306 KOD 50209018 nömrəli şəhadətnamə əsasında İddiaçı Ağstafa rayonu Poylu bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 14 nömrəli sərəncamı ilə verilmiş 35 ha torpaq sahəsinin koordinatları X1 icarəsinə verilmiş 12,8 ha torpaq sahəsinin koordinatları ilə üstüstə düşmür. «Torpaqdan müvəqqəti istifadə hüququna» dair JN 6306 KOD 50209018 nömrəli şəhadətnamə əsasında İddiaçı Ağstafa rayonu Poylu bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 14 nömrəli sərəncamı ilə verilmiş 35 ha torpaq sahəsinin koordinatları elektron baza məlumatlarına əsasən Poylu qəsəbə ərazisində örüş torpaqlarında yerləşir. Məhkəmə diqqətə çatdırır ki, iddiaçının icarə müqaviləsinin müddəti bitdiyinə, habelə, torpaq sahələri üst-üstə düşmədiyinə görə onun üçüncü şəxsə cavabdeh orqan tərəfindən verilən qərarı mübahisələndirməyə subyektiv hüququ yoxdur. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mİ-in şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-in 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi birinci instansiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusi kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdrdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektif hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərini, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Odur ki, iddia tələbi mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-ProsessualMəcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı Cavabdehnə qarşı «qərarın ləğv edilməsi» tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Əliyev
Məhkəmə qərarları › İş №2-1(114)-156/2025
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-156/2025
01.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver