Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1560/2025 08.10.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ X7 Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı «ali təhsil müəssisəsinə köçürülmə» tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin binasında şifahi dinləmələr qaydasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı «ali təhsil müəssisəsinə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək Lənkəran Dövlət Universitetində qəbul planında saz aləti əvəzinə məcburi qaydada digər musiqi alətinin tədris edilməsi nəticəsində hüquqları pozulduğu üçün onun saz aləti tədris edilən bakalavr səviyyəsi üzrə digər ali təhsil müəssisəsinə köçürülməsi (transfer) öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2009-2018-ci illər ərzində Ağstafa 1 saylı tam orta məktəbdə təhsil almış, 2018-ci ildə həmin məktəbin 9-cu sinfini bitirdikdən sonra X2 «Xalq çalğı alətləri saz ifaçılığı müəllimliyi» ixtisasına qəbul edilmişdir. Həmin kolleci 2022-ci ildə bitirərək subbakalavr dərəcəsi almış və 2023-cü il tarixdə elektron kabinet vasitəsi ilə sənədlərini V qrup üzrə X4 təqdim etmişdir. Saz aləti ifaçılığı üzrə qabiliyyət imtahanlarını verib, musiqi nəzəriyyəsi üzrə müsabiqədən keçmiş və bakalavr səviyyəsi üzrə ali təhsil müəssisələrinə aparılan müsabiqədə iştirak etmişdir. X5 Universitetinə musiqi müəllimliyi ixtisasına saz aləti üzrə qəbul olmuşdur. Belə ki, Lənkəran Dövlət Universiteti musiqi müəllimliyi ixtisasına qəbul planında fortepiano, tar, kamança, qarmon, saz, qanun ,vlolin, klarnet, balaban, nağara, gitara, vakal, xor dirijorluğu , musiqi nəzəriyyəsi olduğunu göstərmişdir. X6 Universitetində qəbul olduqdan sonra bilmiş ki, qəbul planında saz aləti göstərilməsinə baxmayaraq Lənkəran Dövlət Universitetində saz aləti tədris olunmur. X1 Universitetində saz aləti tədris olunmur və fəaliyyət göstərən saz müəllimi yoxdur. Bu barədə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə saz müəllimi olan Ali təhsil müəssisələrinə transfer edilməsi üçün müraciətlər etmişdir. Elm və Təhsil Nazirliyi cavab məktubunda bildirmişdir ki, bu məsələ ilə bağlı tələbələrin köçürülməsi dövrü - yay tətili müddətində və sayt aktiv olduqda transfer edu.az portalına müraciət edə bilərsiz. Lakin köçürülməni həyata keçirə bilməmişdir. Saz aləti ifaçısıdır və musiqi təhsilini saz aləti üzrə almışdır. Buna baxmayaraq Lənkəran Dövlət Universitetində təhsil aldığı bir il müddətində ona saz aləti əvəzinə fortepiano alətindən dərs keçirilmişdir. Musiqi alətinin dəyişdirilməsi isə onun hüquqlarını pozur. Belə ki, saz aləti ifaçılığında müəyyən uğurlar və nailiyyətlər qazanmışdır.2014-2016-cı illərdə keçirilən Xalq çalğı alətlərinin ifaçılığında Respublika birincisi olmuş və 2015-ci il də Türkiyə və Qazaxstanda Beynəlxalq müsaqibədə iştirak edərək birinci yeri tutmuşdur. İfaçılığına görə Prezident təqaüdünə layiq görülmüşdür. Dövlət tədbirlərində iştirak etmiş və dövlət başcısı qarşısında çıxış etmişdir. Lakin cavabdeh orqan səhf elan verməklə onun hüquqlarını pozmuşdur. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh orqan iddia tələbinə dair verdiyi etiraz ərizəsində göstərmişdir ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Kollegiyasının 21 fevral 2024-cü il tarixli KQ-02 nömrəli Qərarı ilə təsdiq edilmiş «Ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) Qaydaları»nın 2.4-cü bəndinə uyğun olaraq ali təhsil-müəssisəsinə qəbul imtahanlarında iştirak etmədən müsabiqə yolu ilə qəbul olunmuş subbakalavrların təhsil müəssisəsini və ixtisasını dəyişdirməsinə yol verilmir. İddiaçı 2018- 2022-ci illərdə X3 «xalq çalğı alətləri ifaçılığı (alətlər üzrə)» ixtisası üzrə subbakalavr peşəixtisas dərəcəsini almış, 2023-cü ildə isə subbakalavr olaraq qəbul imtahanında iştirak etmədən müsabiqə yolu ilə musiqi müəllimliyi (fortepiano, tar, kamança, qarmon, saz, qanun, violin, klarnet, balaban, nağara, gitara, vokal, xor dirijorluğu, musiqi nəzəriyyəsi) ixtisası üzrə Lənkəran Dövlət Universitetinə qəbul olmuşdur. İddiaçı 12 sentyabr 2024-cü il tarixli ərizəsinə aidiyyəti üzrə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyində baxılmışdır. İddiaçı həmin ərizə ilə saz ixtisası üzrə təhsilini Bakı şəhərində və ya digər şəhərlərin birində alması üçün köməkliyin göstərilməsini xahiş etmişdir. Eyni zamanda, bu ərizədə İddiaçı subbakalvr peşə-ixtisas dərəcəsinə malik olması göstərilməmişdir. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin sözügedən ərizəyə 3-29-68/2-Əxx/xx/2024 nömrəli xx.xx.2024-cü il tarixli cavab məktubunda İddiaçı “Ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) Qaydaları”na uyğun olaraq yay tətili müddətində elektron ərizə ilə “www.portal.edu.az” portalı üzərindən müraciət etməsi tövsiyə olunmuşdur. Bildirirlir ki, İddiaçı yuxarıda göstərilən kimi Lənkəran Dövlət Universitetinə subbakalavr olaraq qəbul imtahanında iştirak etmədən müsabiqə yolu ilə qəbul olması səbəbindən onun təhsil müəssisəsini və ixtisasını dəyişdirməsi mümkün hesab edilməmişdir. Odur ki, iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə xatırladır ki, istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən iddianın mümkünlüyü şərtlərinin olub-olmadığı araşdırılmalıdır. Çünki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddihüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulubpozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. («İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.2, 1.3, 1.4, 2.1, 4.1, 4.2 və 5.1-ci bəndləri). İş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı 2018-2022-ci illərdə X3 «xalq çalğı alətləri ifaçılığı (alətlər üzrə)» ixtisası üzrə subbakalavr peşə-ixtisas dərəcəsini almış, 2023cü il tarixdə isə subbakalavr olaraq qəbul imtahanında iştirak etmədən müsabiqə yolu ilə musiqi müəllimliyi (fortepiano, tar, kamança, qarmon, saz, qanun, violin, klarnet, balaban, nağara, gitara, vokal, xor dirijorluğu, musiqi nəzəriyyəsi) ixtisası üzrə Lənkəran Dövlət Universitetinə qəbul olmuşdur. Hazırda isə saz ixtisası üzrə təhsilini başqa təhsil müəssisəsində davam etdirmək üçün köçürülmək istəyir. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Kollegiyasının 21 fevral 2024-cü il tarixli KQ-02 nömrəli Qərarı ilə təsdiq edilmiş «Ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi)» Qaydaları: Bənd 1.1. Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 29.0.10-1-ci maddəsinə əsasən hazırlanmışdır və ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsilində) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların (bundan sonra tələbələr) təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) məsələlərini tənzimləyir. Bənd 1.2. Bu Qaydalar tabeliyindən, mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının bütün ali təhsil müəssisələrinə şamil edilir. Bənd 2.1. Tələbələrin təhsil aldıqları müddətdə təhsil müəssisəsini, ixtisasını, təhsilalma formasını dəyişdirməsi onların müraciətləri əsasında yay tətili dövründə ali təhsil müəssisələri tərəfindən yalnız 1 (bir) dəfə həyata keçirilir. Bənd 2.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 230 nömrəli Qərarı ilə təsdiq edilmiş “Orta ixtisas təhsili müəssisələrinə bakalavrların, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu, habelə bakalavriatı (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsi Qaydaları”na uyğun olaraq ali təhsil müəssisəsinə qəbul imtahanlarında iştirak etmədən müsabiqə yolu ilə qəbul olunmuş subbakalavrların təhsil müəssisəsini, ixtisasını və təhsilalma formasını dəyişdirməsinə yol verilmir. Məhkəmə diqqətə çatdırır ki, İddiaçı nə qədər ki, Lənkəran Dövlət Universitetinin musiqi müəllimliyi ixtisasına qəbul imtahanlarında iştirak etmədən müsabiqə yolu ilə qəbul olunmuşdur, bu zaman onun təhsil müəssisəsini dəyişdirmə hüququ yaranmır. Çünki bu şərt yuxarıda adıçəkilən Qaydalarda birmənalı olaraq əksin tapmışdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən Qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə qeyd edir ki, iddiaçının qəbul imtahanlarında iştirak etmədən müsabiqə yolu ilə qəbul olması halı onun hazırki iddia üzrə subyektiv hüquqa malik olmamasına dəlalət edir. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mİ-in şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-in 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi birinci instansiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusi kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdrdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektif hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərini, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Odur ki, iddia tələbi mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-ProsessualMəcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı «ali təhsil müəssisəsinə köçürülmə» tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Əliyev
Məhkəmə qərarları › İş №2-1(114)-1560/2025
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1560/2025
08.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver