Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1562/2024 26.09.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, məhkəmə iclas katibi Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “Gəncə şəhəri X1 Xidməti Kollecinin diplomunun tanınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.2024-cü il tarixdə cavabdehə müraciət edərək Gəncə şəhəri X1 Xidməti Kollecinin tərəfindən ona verilən diplomun cavabdeh tərəfindən tanınması məsələsində köməklik göstərilməsini xahiş etmişdir. İddiaçının müraciətinə cavabdeh xx.xx.2022-ci il tarixli, A-11100/01/31-24-24 nömrəli məktubda qeyd edilmişdir ki, İddiaçı adına yazılmış AZ 006441 nömrəli diplom blankının hüquqi əsası yoxdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1997-ci ildə Gəncə şəhəri X1 Xidməti Kollecini bitirmişdir. 10 iyun 1997-ci tarixdə dövlət imtahanlarını müvəfəqiyyətlə başa vurub kollecin tələbəliyindən azad edilmişdir. Bundan sonra 15 il müddətində Şəmkir rayonu Qaralar kəndində müəllim, 10 il müddətində həmin məktəbdə tədris işləri üzrə direktor müavini işləmişdir. Hazırda cavabdeh orqan onun diplom blankının hüquqi əsasının olmamasını bildirmişlər. Məhkəmə iclasında iştirak etmiş iddiaçı qeyd olunanlarla eyni məzmunda izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya dair xx.xx.2024-cü il tarixdə etirazını təqdim etmişdir. Etirazda qeyd olunur ki, iddia ərizəsindən məlum olur ki, iddiaçıya məxsus diplomun hüquqi əsası yoxdur və həmin diplom dövlət nümünəli sənəd deyil. Belə ki, həmin dövrdə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən orta ixtisas təhsil müəssisələrinə AB-İİ seriyalı blankları verilirdi. Bu səbəbdən də Gəncə şəhəri X1 Xidməti Kolleci tərəfindən İddiaçı adına yazılmış AZ seriyalı 006441 nömrəli diplom blankı Nazirlik tərəfindən verilə bilməzdir. Həmçinin qeyd edilmişdir ki, həmin dövrdə qüvvədə olan normativ-hüquqi aktlardan göründüyü kimi, təhsil müəssisəsi məzunlara verdiyi diplomların nümunələri Nazirlər Kabineti tərəfindən təsdiq edilməli olduğu halda, müəssisə bunu özü etmiş və Təhsil Nazirliyi tərəfindən dövlət nümunəli sənəd Kollecə təqdim olunmamışdır. Bundan əlavə etirazda qeyd edilmişdir ki, iddiaçı Gəncə şəhəri X1 Xidməti Kollecində yox, dövlət reyestrinə daxil edilməmiş və fəaliyyət göstərməsi üçün sertifikat almamış qanunsuz fəaliyyət göstərən filialın birində təhsil almışdır. Bu səbəbdən də ona dövlət numunəli diplom verilməyib. Ona görə də, həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərini pozmaqla fəaliyyət göstərən təhsil müəssisəsinin vermiş olduğu hər hansı təhsil sahəsi üzrə diplom Elm və Təhsil Nazirliyi tərəfindən dövlət nümunəli sənəd kimi tanına bilməz. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, iddiaçı 10 iyun 1997-ci tarixdə Gəncə şəhəri X1 Xidməti Kolleci bitirmiş və həmin Kollec tərəfindən ona 17 iyun 1997-ci tarixdə AZ seriyalı 006441 nömrəli diplom verilmişdir. Həmçinin müəyyən edilmişdir ki, iddiaçıya məxsus diplom blankının hüquqi əsası yoxdur. Cavabdehin mövqeyinə görə, iddiaçıya təqdim edilən diplom nümunələri Nazirlər Kabineti tərəfindən təsdiq edilməli olduğu halda Kollec bunu özü etmiş və Təhsil Nazirliyi tərəfindən dövlət nümunəli sənəd Kollecə təqdim olunmamış, həmçinin Gəncə şəhəri X1 Xidməti Kolleci hüquqi şəxs kimi qeydiyyata alınmamış, onun təhsil müəssisəsi kimi göstərməsinin hüquqi əsası olmamışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab etmir. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunun 27.1 Azərbaycan Respublikasında təhsil fəaliyyəti üçün xüsusi razılığı (lisenziya) olan və dövlət akkreditasiyasından keçmiş təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir. 27.3. Müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə elektron sənəd formasında yaradılan arayış verilir. İddiaçının təhsil aldığı dövrdə qüvvədə olmuş “Təhsil haqqında” 7 oktyabr 1992-ci il tarixli Qanun (19 iyun 2009-cu il tarixli Qanunla qüvvədən düşmüşdür): 8.1. Təhsil müəssisələri məzunlara həmin təhsil müəssisəsini bitirmələri, aldıqları ixtisas və onun dərəcəsi barədə vahid formada dövlət sənədi verir. Təhsil sənədi müvafiq əmək fəaliyyətinə-başlamaq və növbəti pillədən olan təhsil müəssisəsinə daxil olmaq üçün əsas sənəddir. Təhsil sənədinin nümunəsini hökumət təsdiq edir. Sənədin blankını təhsil müəssisəsini bitirmiş məzunların sayına müvafiq olaraq Xalq Təhsili Nazirliyi verir 13.1 Azərbaycan Respublikasında dövlət və qeyri-dövlət, pulsuz və pullu təhsil müəssisələri fəaliyyət göstərir. Dövlət təhsil müəssisələri aparıcı rol oynayır. Təhsil müəssisələri müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatından keçdikdən sonra hüquqi şəxs statusu alırlar. Təhsil müəssisələrinin müvafiq tipi haqqında Əsasnaməni Azərbaycan Respublikası hökuməti təsdiq edir. Bu əsasnamələrə müvafiq olaraq təhsil müəssisəsi tərəfindən onun fəaliyyətini tənzimləyən nizamnamələr hazırlanır. Nizamnaməni təhsil müəssisəsinin təsisçiləri təsdiq edirlər. 31.Xalq Təhsili Nazirliyi təhsil sisteminin mərkəzi idarə orqanı olmaqla təhsil sahəsində vahid dövlət siyasəti hazırlanmasında iştirak edir və onun həyata keçirilməsini təmin edir; təhsil qanunvericiliyinin icrasına və təhsilin dövlət standartlarına riayət edilməsinə nəzarət edir; təhsil sistemi üçün informasiya xidməti təşkil edir; təhsil müəssisələrinin və orqanlarının normal fəaliyyətini təmin etməyə qadir olan sadə tənzimləmə, əlaqələndirmə, elmi-metodiki informasiya təminatı yaradır; təhsil sisteminə elmi rəhbərliyi və bu sahədə proqnozlaşdırmanı təmin edir; mülkiyyət formasından asılı olmayaraq təhsil qanunvericiliyinin icrasına nəzarət edir; təhsil müəssisələri, maarif orqanları haqqında nümunəvi əsasnamələrin və digər sənədlərin hazırlanmasını təmin edir, elmi-pedaqoji kadrların attestasiyasının keçirilməsi və nizamnamələrin qeydiyyata alınması qaydalarını təsdiqləyir; mülkiyyət formasından asılı olmayaraq, təhsil müəssisələri üçün nümunəvi əsasnamələrin baza təhsil planının, proqramların, dərsliklərin, dərs vəsaitlərinin və tədris metodiki materialların hazırlanmasını və nəşrini təşkil edir, təlimtərbiyə müəssisələrinə tədris-metodiki və informasiya köməkliyi göstərir; təhsil müəssisələri və idarələrinin maliyyələşdirilməsini və maddi-texniki təchizatının müvafiq normalarını müəyyən edir; səlahiyyətinə müvafiq olaraq təhsil müəssisələrini yaradır, yenidən təşkil və ləğv edir; tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq təhsil müəssisələrinin yaradılması, yenidən təşkil və ləğv edilməsi barədə rəy və ya təkliflər verir; qanunvericilikdə nəzərdə tutulmuş qaydada yaradılan bütün təhsil müəssisələrinə lisenziya verir. Məhkəmə vurğulayır ki, 1990-cı illərdən sonra dövlət qeydiyyatından keçən təhsil müəssisələrinin qeydiyyat sənədləri Ədliyyə Nazirliyində reyestrə daxil edilmiş və hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmışdır. Elektron sorğu sistem məlumatlarında Gəncə şəhəri X1 Xidməti Kollecinin hüquqi şəxs kimi qeydiyyatdan keçməsinə dair məlumat aşkar edilməmişdir. Odur ki, iddiaçıya nümunəli diplomun verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş əsasların mövcud olmadığı məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından cavabdehin hərəkətsizliyi qanunazidd hesab edilə və iddiaçının hüquqlarının pozulmasına səbəb ola bilməz. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “Gəncə şəhəri X1 Xidməti Kollecinin diplomunun tanınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-1562/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1562/2024
26.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver