Məhkəmə qərarları › İş №2-1(114)-1563/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1563/2024

15.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1563/2024 15.01.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bərdə rayonu Həsənqaya bələdiyyəsinə qarşı sənədlərin verilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızı İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bərdə rayonu Həsənqaya bələdiyyəsinə qarşı cavabdehdən satıcı kimi verməyə mükəlləf olduğu sənədlər toplusunun verilməsinin təmin edilməsi tələbinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Bərdə rayonu Həsənqaya bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 05 saylı iclas protokolu ilə Həsənqaya kəndi üçün saxlanılan perspektiv inkişaf fondundan 0.10 ha torpaq sahəsi Həsənqaya kənd sakini İddiaçı2 həyətyanı sahə kimi verilməsi qərara alınmışdır.

2. Bərdə rayonu Həsənqaya bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 09 saylı iclas protokolu ilə Həsənqaya kənd sakini İddiaçı1 sahibkarlığın inkişafı məqsədilə zəruri tikintilər tikilməsi üçün 0.20 ha torpaq sahəsinin satılması qərara alınmışdır.

3. Bərdə rayonu Həsənqaya bələdiyyəsi (Satıcı) ilə İddiaçı1 (Alıcı) arasında bağlanmış xx.xx.2007-ci il tarixli 08 nömrəli alğı-satqı müqaviləsinə görə Satıcı Alıcıya torpaq fondundan sahibkarlığın inkişafı üçün 0.20 ha torpaq sahəsi satmağı, Alıcı isə 320 manat pul vəsaitini bələdiyyənin büdcəsinə ödəməyi öhdəsinə götürmüşdür.

4. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bərdə rayonu Həsənqaya bələdiyyəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, cavabdehdən satıcı kimi verməyə mükəlləf olduğu sənədlər toplusunun verilməsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Bərdə rayonu Həsənqaya Bələdiyyəsi "Sahibkarlığın inkişafı" məqsədilə 07 sentyabr 2007-ci il tarixli 09 saylı Qərarı ilə bələdiyyənin mülkiyyətində olan yararsız torpaq sahəsindən 0.20 ha torpaq sahəsi İddiaçı2 satılmışdır. Bələdiyyə ilə aralarında alqı-satqını təsdiq edən qəbz və sözügedən qərar, eləcə alğı-satqı müqaviləsi mənə təqdim edilmişdir. Ancaq torpağın yerquruluşupb planı, sahəseçmə aktı və sair verilməmişdir. Eyni zamanda Həsənqaya Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 05 saylı qərarı ilə ona kənd üçün saxlanılan perespektiv inkişaf fondundan 0.10 ha satılmış və həmin torpaq sahəsi naturada ona təqdim edilmişdir. Göstərilən tarixdən indiyə kimi həmin torpaq sahəsindən istifadə edir. Torpaq sahəsində heyvandarlığın inkişafı üçün lazımı şərait yaratmışdır. Ancaq bu günədək qanuni yolla əldə etdiyi torpağın lazımı sənədləri ona təqdim edilməmişdir. Onlar torpağı əldə etdiyi vaxt bələdiyyələr müstəqil şəkildə torpaqları sata bilirdilər. Hazırda tətbiq edilən hərrac tələbi yox idi. Cavabdeh ona torpağı satmaqla yanaşı həmin torpağın sənədləşdirilməsi lazım olan ilkin sənədləri də təmin etməli idi. Hazırda torpaq qanunvericiliyinə bir sıra yeni tələblər əlavə edildiyindən həmin tələbləri yerinə yetirə bilmir. Yəni torpağın DƏDRX-də qeydiyyatı üçün lazım olan ilkin sənədləri toplaya bilmir. Hansı ki, bu sənədləri satıcı vaxtında təmin etməli idi. Cavabdeh isə onlara hər hansı kömək göstərməkdən boyun qaçırır. Baxmayaraq ki, onlar torpağı satın aldıqları vaxtdan bu günə vaxtında ödəmişlər və heç bir borcları olmayıb. Göründüyü kimi, onlar torpağı qanuni yolla əldə etmişlər və torpaq qanunvericiliyinin tələbləri çərçivəsində vergilərini ödəmişlər. Buna baxmayaraq, onlar öz şəxsi mülkiyyətlərindən lazımınca yararlana bilmirlər. Çünki, onun dövlət qeydiyyatı yoxdur.

6. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır.

Əsaslandırma hissəsi:

7. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

8. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır.

9. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, iddiaçılar Bərdə rayonu Həsənqaya bələdiyyəsinin qərarı ilə satılmış torpaq sahəsinə dair ilkin hüquqmüəyyənedici sənədlərin verilməsini tələb edirlər.

10. Bu barədə qeyd olunmalıdır ki, hazırkı iddia İPM-nin 2.2.3-cü bəndində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir və həmin növ iddia üzrə xüsusi mümkünlük şərti kimi məhkəməyə müraciət etməzdən əvvəl eyni məzmunlu tələbi ehtiva edən ərizə ilə cavabdeh inzibati orqana müraciət edilməsi və inzibati orqanın həmin müraciətin təmin edilməsindən imtina etməsi və ya qanunvericiliklə müəyyən edilmiş müddət ərzində müraciəti cavablandırmaması (hərəkətsizlik göstərməsi) ilə şərtləndirilmişdir. Hazırkı işdə isə belə bir imtina mövcud deyildir.

11. Bundan əlavə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 30.1. Mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Maddə 30.2. Mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər.

12. Bununla bağlı məhkəmə qeyd edir ki, iddia ərizəsində qeyd olunmuş iddiaçılar Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin tələblərinə görə müştərək hüquqi maraqlara malik deyildir, hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənmir, ona görə də hazırki mübahisə üzrə prosessual həmiştirakçılar kimi çıxış edə bilməzlər.

13. Belə olan halda isə məhkəmə hesab edir ki, iddianın mümkün sayılması üçün şərtlər iddiaçılar tərəfindən yerinə yetirilmədiyindən hazırkı iddia mümkün sayılmamalıdır.

14. İPM-ə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:

15. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia mümkün sayılmasın. İddiaçıların nəzərinə çatdırılsın ki, iddianın mümkün sayılmaması, mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar