Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1564/2023 19.06.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Nəbizadə Məğrur Etibar oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayənəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının yenidən hesablanması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ИТ-İ ******* nömrəli əmək kitabçası ilə müəyyən edilmiş xx.xx.1971-ci ildən xx.xx.1972-ci il taixədək Kəlbəcər rayon Dəmirçidam kənd səkkizillik məktəbində Pioner baş dəstə rəhbəri, xx.xx.1974-cü ildən xx.xx.1986-cı il tarixədək həmin məktəbdə bədən tərbiyəsi müəllimi, xx.xx.1986-cı ildən xx.xx.1993-cü il tarixədək direktor vəzifəsində işlədiyi əmək fəaliyyətinin sosial sığorta stajına əlavə edilərək pensiya hesablanması vəzifəsinin cavabdehin üzərinə vəzifə olaraq qoyulmasına dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1971-ci ildən xx.xx.1972-ci il taixədək Kəlbəcər rayon Dəmirçidam kənd səkkizillik məktəbində Pioner baş dəstə rəhbəri işləmişdir. 1972-1974-cü illərdə Bakı Bədən Tərbiyəsi Texnikumunda təhsil almış və xx.xx.1974-cü ildə təyinatla Dəmirçidam kənd səkkizillik məktəbinə ixtisası üzrə bədən tərbiyəsi müəllimi göndərilmiş, xx.xx.1974-cü ildən xx.xx.1986-cı il tarixədək həmin vəzifədə işləmiş, xx.xx.1986-cı ildə vəzifədə irəli çəkilərək həmin məktəbə direktor təyin edilərək xx.xx.1993-cü il tarixədək həmin vəzifədə işləmişdir. 1993-cü ildə Kəlbəcər rayonunun ərazisi işğal olunan vaxt ona məxsus əmək kitabçası orada qalmışdır. Sonra Kəlbəcər rayon Təhsil şöbəsi tərəfindən yenidən əmək kitabçası tərtib edilmiş və həmin kitabçada bütün əmək fəaliyyəti qeyd olunaraq təsdiq edilmişdir. Onun 65 yaşı tamam olmuş, təqaüdə çıxmışmışdır. Lakin onun xx.xx.1971-xx.xx.1972-ci il və xx.xx.1974-cü ildən xx.xx.1993-cü ilədək olan iş fəaliyyəti nəzərə alınmayaraq sığorta stağına daxil edilmir. İş üzrə şifahi məhkəmə baxışı iclası 19 iyun 2023-cü il tarixə təyin edilmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi X2 iddia tələbinə etiraz edərək məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 3-17-1/2- 125447/2023 nömrəli iddia tələbinə etirazda göstərilənlərlə eyni məzmunlu izahat verərək bildirmişdir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək 25 il sığorta stajı və xx.xx.2006-cı il tarixdən xx.xx.2021-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış 31777,92 manat pensiya kapitalı əsasında əmək pensiyasının məbləği hesablanaraq xx.xx.2021-ci il tarixindən 352,98 manat müəyyən edilmişdir. Eyni zamanda iddiaçının təqdim etdiyi sənədlərə əsasən əmək fəaliyyəti dövrü, o cümlədən, xx.xx.1972-ci il tarixdən xx.xx.1974-cü il tarixədək əyani təhsil illəri, xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinə kimi faktiki sığorta stajı 15 il 10 ay 21 gün olduğu halda, iddiaçıya yuxarıda qeyd olunan qanunun 22-1.1-ci maddəsinin tələblərinə əsasən 25 il sığorta stajı nəzərə alınmışdır. İddiaçı С.Əkbərov xx.xx.2021-ci il tarixdən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış 823,44 manat kapitalı əsasında əmək pensiyası yenidən hesablanaraq xx.xx.2021-ci il tarixdən 358,82 manat müəyyən edilmişdir. Qanuna əsasən əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar İddiaçı əmək pensiyasının məbləği xx.xx.2022-ci il tarixdən 371,02 manata çatdırılmışdır. İddiaçının xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış 959,03 manat kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanmış və xx.xx.2022-ci il tarixdən 378,29 manat müəyyən edilmişdir. Əlavə olaraq bildiririk ki, əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1971ci il tarixdən xx.xx.1993-cü il tarixədək dövrlərin araşdırılması zərurəti yaranmışdır. Fondun 18 saylı regional ərazi filialının xx.xx.2021-ci il tarixli aktına əsasən Kəlbəcər rayon Təhsil şöbəsinin xx.xx.1971-ci il tarixdən xx.xx.1993-cü il tarixədək olan arxiv sənədləri işğal zonasında qalıb. Bu səbəblə iddiaçının həmin dövrdə əməkhaqqı alıb-almadığı müəyyən etmək mümkün olmadığı üçün sözügedən dövrlərin sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün olmamışdır. xx.xx.2022-ci il tarixli müraciəti əsasında İddiaçı pensiyasının yenidən hesablanması zamanı ilkin təyinatı zamanı pensiyanın məbləği xx.xx.2006-cı il tarixədək sığorta staji 25 il (faktiki 15 il 10 ay 21 gün sığorta stajı) olduğu halda 32 il 10 ay nəzərə alınaraq hesablanmışdır. Nəticədə İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 534,37 manat məbləğində artıq ödənilmiş məbləğ aşkar edilmişdir. Qeyd olunanlara əsasən bildiririk ki, iddiaçının yaşa görə əmək pensiyasının məbləği qanunvericiliyin tələbinə uyğun hesablanmışdır. İş materiallarına iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surəti, Kəlbəcər rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 11 nömrəli məktubu, iddiaçıya məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasının təsdiqlənmiş surəti, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 18 saylı Regional Ərazi Filialının xx.xx.2021-ci il tarixli aktının surəti, “Əmək pensiyasının təyin edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********3 nömrəli qərarın surəti, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, **********4 nömrəli məktubu əlavə edilmişdir. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün olmaqla yanaşı mahiyyəti baxımından əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun:- -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının; -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. -3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə) üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qeyd edilməlidir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Göründüyü kimi əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları, eləcə də əmək haqqı cədvəlləri nəzərə alına bilər. Yuxarıda istinad olunan əmək pensiyaları haqqında müvafiq qanunvericilik normalarına əsasən iş stajı nəzərə alınan zaman ilkin olaraq əmək kitabçası, bu olmadıqda isə digər sənədlər nəzərə alınır. Göründüyü kimi, hazırki iş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaçının xx.xx.1971-ci il tarixdən xx.xx.1993-cü ilədək işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi mübahisələndirilmiş və bu mövqe həmin dövrlərə aid arxiv sənədlərinin işğal altında qaldığından iddiaçının əmək haqqı alıb-almamasını müəyyənləşdirmək olmaması ilə əsaslandırılmışdır. Halbuki, iddiaçının xx.xx.1971-ci ildən xx.xx.1972-ci il taixədək Kəlbəcər rayon Dəmirçidam kənd səkkizillik məktəbində pioner baş dəstə rəhbəri, xx.xx.1974-cü ildən xx.xx.1986-cı il tarixədək həmin məktəbdə bədən tərbiyəsi müəllimi və xx.xx.1986-cı ildən xx.xx.1993-cü il tarixədək direktor vəzifəsində işlədiyi dövr iddiaçıya məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasında öz təsdiqini tapmış, cavabdeh həmin əmək kitabçasının mötəbərliyini mübahisələndirməmişdir. Belə ki, işdə olan ИТ-İ ******* nömrəli əmək kitabçasının təsdiqlənmiş surətindən məlum olur ki, İddiaçı xx.xx.1971-ci il tarixdən xx.xx.1993-cü ilədək müxtəlif vəzifələrdə işləmişdir. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın “Sosial sığorta stajının hesablanması proseduru» adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X4) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır. Ona görə də məhkəmə iddiaçının xx.xx.1971-ci ildən xx.xx.1972-ci il taixədək Kəlbəcər rayon Dəmirçidam kənd səkkizillik məktəbində pioner baş dəstə rəhbəri, xx.xx.1974-cü ildən xx.xx.1986-cı il tarixədək həmin məktəbdə bədən tərbiyəsi müəllimi və xx.xx.1986-cı ildən xx.xx.1993-cü il tarixədək direktor vəzifəsində işlədiyinə dair əmək kitabçasında göstərilən məlumatları mötəbər sübut sayır və hesab edir ki, həmin dövrlər iddiaçının əmək stajına daxil edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Belə ki, iddiaçının işlədiyi müəssisənin arxiv sənədlərinin işğal altında olmuş torpaqlarda qalması iddiaçının təqsiri ilə bağlı olmayan hal olduğundan, onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalı, işçinin sosial təminat hüququna müdaxilə edilməsinə əsas olmamalıdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, iddiaçının xx.xx.1971-ci ildən xx.xx.1972-ci il taixədək Kəlbəcər rayon Dəmirçidam kənd səkkizillik məktəbində Pioner baş dəstə rəhbəri, xx.xx.1974-cü ildən xx.xx.1986-cı il tarixədək həmin məktəbdə bədən tərbiyəsi müəllimi, xx.xx.1986-cı ildən xx.xx.1993-cü il tarixədək direktor vəzifəsində işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; 34.1. maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. və 62.2. maddələrinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1971-ci ildən xx.xx.1972-ci il taixədək Kəlbəcər rayon Dəmirçidam kənd səkkizillik məktəbində Pioner baş dəstə rəhbəri, xx.xx.1974-cü ildən xx.xx.1986-cı il tarixədək həmin məktəbdə bədən tərbiyəsi müəllimi, xx.xx.1986-cı ildən xx.xx.1993-cü il tarixədək direktor vəzifəsində işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, Heydər Əliyev pr. 105) vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə (Gəncə şəhəri, Atatürk pr. 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-1564/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1564/2023
19.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver