Məhkəmə qərarları › İş №2-1(114)-1566/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1566/2021

18.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1566/2021 18.10.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X18, X22 və X20) torpaq sahəsinin sərhədlərinin və yerləşmə yerinin naturada müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 15.09.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, səhvlərin aradan qaldırılması üçün cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 02.04.2007-ci il tarixdə MH seriyalı ******* nömrəli Daşınmaz Əmlakın dövlət reyestrindən çıxarış almışdır. Həmin çıxarışda Gəncə şəhəri, Nizami rayonu, Bəxtiyar Əliyev küçəsində mülkiyyətində olan 172 kv.m torpaq sahəsində yerləşən birmərtəbəli, bir otaqlı 26 kv.m yaşayış, 25,7 kv.m köməkçi sahədən ibarət 62 saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə onun adına qeydiyyata alınmışdır. Sonradan ona məlum olmuşdur ki, daşınmaz əmlakın qeydi zamanı səhvlərə yol verilmiş, onun ünvanı həmin küçədə yerləşən evlərlə eyni nömrə altında qeyd edilərək “Bəxtiyar Əliyev küçəsi 62” olaraq göstərilmişdir. Ünvan müəyyənləşdirilərkən texniki səhvə yol verilmişdir. Eyni zamanda daşınmaz əmlakın texniki göstəricilərini tərtib edərkən ona məxsus torpaq sahəsinin koordinatları tam qeyd olunmamışdır. Bu səbəblərdən qonşularla aralarında torpaq üstündə mübahisəsi yaranmışdır. İddiaçı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin yerinin dəqiqləşdirilməsi ilə bağlı cavabdeh orqana müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Məhkəmənin 14.10.2020-ci il tarixli qərardadına əsasən iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “02.04.2007-ci il qeydiyyat tarixli, MH seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan 0.0172 ha torpaq sahəsinin sərhədlərinin və yerləşmə yerinin naturada müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddianın dəqiqləşdirilməsi barədə ərizəsi inzibati məhkəmə icraatına qəbul edilmişdir. Məhkəmənin 14.10.2020-ci il tarixli qərardadına əsasən X18, X22 və X20 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı əvvəlki məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, onun evi ilə birgə bütün tikililəri cəmi 95 kv.m-dir, evinin yerləşdiyi həyət qonşuların birgə istifadəsindədir, həyətə girişi isə qonşular bağlayıblar, ona görə də başqa tərəfdən evinə daxil olur. Cavabdehin nümayəndəsi X4 iddianı qəbul etməyərək bildirmişdir ki, 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinin araşdırılması zamanı məlum olmuşdur ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi ilkin olaraq X3 adına olmuş, onun adına 164 kv.m torpaq sahəsinə dair “Torpaq qeydi” işlənilmişdir. Notariat kontorunun 09.05.1940-cı il tarixli, 7406 reyestr nömrəli müqaviləsi əsasında həmin mülk X17, 12.12.1966-cı il tarixli, 17-354 saylı vərəsəlik şəhadətnaməsi əsasında X10 və X6 mülkiyyətinə keçmiş, hər iki sənəddə torpaq sahəsi 164 kv.m göstərilmişdir. Mülk 01.12.1970-ci ildə X1, torpaq sahəsi 164 kv.m göstərilmişdir. Mülk 1974-cü ildə alqı-satqı qaydasında X8 satılmışdır, torpaq sahəsi həmin sənəddə də 164 kv.m göstərilmişdir. Notariat kontorunun 30.09.1987-ci il tarixli, 23-388 saylı alqı-satqı müqaviləsinə əsasən mülkün 1/2 hissəsi, yəni 26.0 kv.m bir yaşayış otağı və 25.7 kv.m köməkçi sahə X5 mülkiyyətinə verilmişdir. Fərdi yaşayış evinin yarısının Şəlalə Yusifovaya keçməsinə baxmayaraq torpaq sahəsi tam göstərilmişdir. X7 adına 1976-cı ildə Torpaq qeydi işlənilən zaman torpağın sahəsi 95 kv.m kimi işlənilmişdir. Buna baxmayaraq mülk X5 adına keçən zaman torpaq sahəsinin faktiki ölçülərində heç bir dəyişiklik olmamasına baxmayaraq artırılaraq 172 kv.m göstərilmişdir. Sonda 2007-ci ildə mülk satılaraq İddiaçı adına 2007-ci ildə **********88-10301 reyestr nömrəli çıxarış verilmiş, əvvəlki sənəddə olduğu kimi 172 kv.m torpaq sahəsi mülkiyyətə verilmişdir. Arxiv materialları araşdırılan zaman məlum olmuşdur ki, ilkin sənədlərdə 164 kv.m qeyd edilmiş torpaq sahəsinin sonuncu sənəddə 172 kv.m kimi qeyd edilməsi haqqında heç bir sənəd aşkar edilməmişdir. Eyni zamanda göstərilən torpaq sahəsinin cizgisi arxivdə olan sənədlər toplusunda olmadığından onun yerini təyin etmək mümkün olmamışdır. Üçüncü şəxs X20 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, qonşular (4 qonşu) əvvəllər ümumi həyətdən istifadə qaydalarını müəyyən etmişlər, iddiaçı sonradan həmin həyətə köçmüş və özünə aid torpaq sahəsində əlavə tikililər inşa etmişdir, indi isə onlara aid sahəni tələb edir. Üçüncü şəxs X18 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı özünə aid olmayan sahəni istifadə etmək niyyətindədir, lakin qonşular onun sahəsindən istifadə etmir. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə üçüncü şəxs X19 məlumat verilməsinə baxmayaraq gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə AR İPM-in 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş 02.04.2007-ci il qeydiyyat tarixli, MH seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanda 0.0172 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. -surəti işə əlavə edilmiş İddiaçı adına verilmiş 19.04.2007-ci il tarixli Gəncə şəhəri, Nizami rayonu, Bəxtiyar Əliyev küçəsi 62 ünvanına məxsus fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportundan görünür ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin faktiki ölçüsü 172 kv.m göstərilmişdir. -surəti işə əlavə edilmiş X5 adına verilmiş 06.10.1987-ci il tarixli Kirovabad (ünvan 2 ünvanına məxsus fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportundan görünür ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin faktiki ölçüsü 171.7 kv.m göstərilmişdir. -DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinin 29.07.2021-ci il tarixli, **********45 nömrəli məktubundan görünür ki, 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədləri və elektron baza məlumatlarına əsasən, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi üzərində (ümumi sahəsi 114.9 kv.m və 0.0184 ha torpaq sahəsi) X11 mülkiyyət hüququ qeydiyyata alınaraq 25.06.2010-cu il tarixli, **********36-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi üzərində (ümumi sahəsi 42.8 kv.m və 0.0059 ha torpaq sahəsi) 1/3 hissədə X15, 1/3 hissədə X16 və 1/3 hissədə X12 mülkiyyət hüququ qeydiyyata alınaraq 29.01.2021-ci il tarixli, **********05-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir, Gəncə şəhəri, Nizami rayonu, Bəxtiyar Əliyev küçəsi 62 ünvanında yerləşən fərdi yaşayış evi üzərində (ümumi sahəsi 48.9 kv.m və 0.0144 ha torpaq sahəsi) X13 mülkiyyət hüququ qeydiyyata alınaraq 28.06.1995-ci il tarixli, **********36-5169 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. -DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinin 09.01.2020-ci il tarixli, **********45 nömrəli məktubundan görünür ki, iddiaçının ərizəsinin icrasından imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. Belə ki, iddia ərizəsinin məzmunu ilə müəyyən olunur ki, iddiaçı 02.04.2007-ci il qeydiyyat tarixli, MH seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan 0.0172 ha torpaq sahəsinin sərhədlərinin və yerləşmə yerinin naturada müəyyən edilməsi məqsədilə cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən məhkəmə müraciət edilməli olduğu bildirilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. 02.04.2007-ci il qeydiyyat tarixli, MH seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Bəxtiyar Əliyev küçəsində mülkiyyətində olan 172 kv.m torpaq sahəsində yerləşən birmərtəbəli, bir otaqlı 26 kv.m yaşayış, 25,7 kv.m köməkçi sahədən ibarət 62 saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 8 nömrəli reyestr kitabının 23 nömrəli vərəqində qeydiyyata alınmış, lakin iddiaçının adına çıxarış verilməsinə baxmayaraq torpaq sahəsinin koordinatları naturada dəqiq müəyyən edilməmişdir. Cavabdeh inzibati orqan iddia predmeti olan torpaq sahəsinin mülkiyyətçisi ilə eyni ünvanda yerləşən başqa şəxslərə məxsus fərdi yaşayış evlərinin olmasını və həyətyanı sahənin ümumi istifadədə olmasını əsas gətirərək torpaq sahəsinin yerinin dəqiqləşdirilməsindən imtina etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun:- -2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. -7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. -16.1-ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. -16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. -23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin: -1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın vahid dövlət kadastrının tərtibi və aparılması, ünvan reyestrinin aparılması, dövlət torpaq kadastrı, yerquruluşu, torpaqların dövlət idarəetməsi, torpaq bazarının təşkili sahəsində dövlət siyasətini, habelə torpaqlardan istifadəyə və onların mühafizəsi sahəsində dövlət nəzarətini həyata keçirən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan qurumdur. -1.2-ci maddəsinə əsasən xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnaməni, bu Əsasnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, habelə Nazirliyin hüquqi aktlarını rəhbər tutur. -3.0.23-cü maddəsinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifəsi kimi nəzərdə tutulmuşdur. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının 22 dekabr 1998-ci il tarixli Qanunun 10-cu maddəsinə əsasən torpaqkadastr sənədlərinin dəqiqliyini təmin etmək üçün Azərbaycan Respublikasının bütün inzibati-ərazi vahidləri üzrə torpaq sahələrinin yerdə (naturada) tədqiqi aparılır və kadastr sənədləri ilə müqayisə olunaraq sənədlərdə düzəlişlər edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, xüsusi mülkiyyətdə olan torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, mərz nişanlarının qoyulması, torpaq əldə edən şəxsin hesabına həyata keçirilir. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yuxarıda qeyd edilən maddi hüquq normalarından göründüyü kimi, şəxsin mülkiyyətində, sərəncamında və ya daimi istifadəsində olan torpaq sahəsinin həmin torpaq sahəsinə dair tərtib edilmiş sənədlərə uyğun olaraq yerində müəyyən edilib ölçülməsi və sərhədlərinin müəyyən edilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin öhdəliyi kimi müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iddia tələbi üzrə cavabdehin torpaq sahəsinin sərhədlərinin, yerləşmə yerinin naturada müəyyən edilməsi tələbi üzrə aşkar hərəkətsizliyi mövcuddur və yuxarıda qeyd edilən maddi hüquq normalarına ziddir. Odur ki, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən bu nəticəyə gəlir ki, iddia təmin edilməli, iddiaçının mülkiyyətində olan 0.0172 ha torpaq sahəsinin sərhədlərinin naturada müəyyən edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34,68,69, 73,75,78,81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. 02.04.2007-ci il qeydiyyat tarixli, MH seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0.0172 ha torpaq sahəsinin sərhədlərinin və yerləşmə yerinin naturada müəyyən edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar