Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1567/2021 07.10.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı və qeyrilərinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X13 və X14) çıxarışların qismən ləğv edilməsi, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçılar İddiaçı, X16, X21, X20, X27 və X22 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 30.03.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, X8 və X9 adına verilmiş çıxarışın ləğv edilməsi, cavabdehin qanunsuz hərəkətləri nəticəsində dəymiş 2000 manat maddi zərərin, 5000 manat mənəvi zərərin cavabdehdən alınaraq onlara ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçılara ailə olaraq Şəmkir rayonunun Zəyəm qəsəbəsi ərazisində Şəmkir rayon Aqrar İslahat Komissiyasının 04 iyul 2002-ci il tarixli 93 saylı qərarı ilə 0.96 ha dövlət pay torpaq sahəsi verilmiş, həmin torpaq sahəsini onlar heç kimə satmamış və heç kimin istifadəsinə verməmişlər. Lakin həmin torpaq sahəsindən hazırkı iddia üzrə üçüncü şəxs, Şəmkir rayonu, Düyərli kənd sakini X14 istifadə edir. İddiaçılar onun torpaq sahəsindən çıxarılması üçün Şəmkir rayon Məhkəməsində iddia qaldırmışlar. Həmin iddia ilə bağlı Duman Abbasov məhkəmədə izahatında göstərmişdir ki, iddiaçılara məxsus torpaq sahəsi əvvəlcə Zəyəm qəsəbə sakini X4, o isə Duman Abbasova satıb. İddiaçılar Şəmkir rayonu, Zəyəm qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsini heç kimə satmamışlar, lakin həmin iddia ilə bağlı olaraq məhkəmə baxışı zamanı keçirilmiş ekspertiza ilə müəyyən olunmuşdur ki, onlara mülkiyyət hüququ ilə məxsus olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.89 ha hissəsi cavabdeh tərəfindən üçüncü şəxs Duman Abbasovun adına tərtib olunmuş çıxarışın kordinatları ilə üst-üstə düşür. Bundan sonra onlar həm cavabdehə, həm də Dövlət Notariat arxivinə sorğu ilə müraciət etmiş və məlum olmuşdur ki, qeyd olunan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi alqı-satqı predmeti olmamış, eyni zamanda belə bir alqısatqı müqaviləsi cavabdehə təqdim olunmamışdır. Buna görə də iddiaçılar ərizə ilə cavabdehə müraciət edərək, xahiş etmişlər ki, onlara mülkiyyət hüququ ilə məxsus olan, Şəmkir rayonu, Zəyəm qəsəbəsi ərazisində yerləşən 0.89 ha pay torpaq sahəsinə münasibətdə Həqiqət Babayeva və Duman Abbasovun adına tərtib olunmuş çıxarışlar qismən ləğv edilsin. Cavabdeh 19 yanvar 2021 -ci il tarixli **********38 saylı məktubla onların müraciətinə cavab vermişdir ki, torpaq sahəsinə görə verilmiş çıxarışların ləğv edilməsi 11 saylı Şəmkir Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyil. Həmçinin iddiaçılar hesab edir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində onlara 2000 manat dəyrində maddi ziyan və 5000 manat mənəvi zərər dəymişdir. Buna görə də iddiaçılar hazırkı iddia ilə məhkəməyə müraciət edərək üçüncü şəxs - X8 adına tərtib olunmuş və X9 adına tərtib olunmuş ******* saylı çıxarışların onların mülkiyyətində olan 0.89 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə münasibətdə ləğv etməsini, cavabdehin qanunsuz hərəkətləri nəticəsində onlara dəymiş 2000 manat maddi zərərin, 5000 manat mənəvi zərərin ödənilməsini vəzifə olaraq cavabdehin üzərinə qoyulmasını xahiş edirlər. İddiaçıların vəkili X28 əvvəlki məhkəmə iclasında iddianı müdafiə etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə cavabdehə və üçüncü şəxslərə məlumat verilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, üçüncü şəxslər isə məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə AR İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia “X8 adına verilmiş çıxarışın ləğv edilməsi və cavabdehin qanunsuz hərəkətləri nəticəsində dəymiş 2000 manat maddi zərərin, 5000 manat mənəvi zərərin cavabdehdən alınaraq onlara ödənilməsi” hissədə mümkün sayılmamalıdır. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: -surəti işə əlavə edilmiş JN-0275 KOD 50400028 nömrəli “Torpağa Mülkiyyət Hüququna dair” Dövlət Aktından görünür ki, X32 Komissiyasının 04.07.2002-ci il tarixli 93 saylı qərarı ilə İddiaçı və onun ailə üzvləri X11, X17, X15, X25ən və X18 mülkiyyətinə 0.96 ha torpaq sahəsi verilmişdir. -surəti işə əlavə edilmiş Şəmkir rayonu 2 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş 01.11.2002-ci il tarixli 4Ə-02-212 reyestr nömrəli torpağın alqı-satqı müvaviləsindən görünür ki, İddiaçı və onun ailə üzvləri JN-0275 nömrəli KOD 50400028 nömrəli “Torpağa Mülkiyyət Hüququna dair” Dövlət Aktına əsasən onlara məxsus 0.96 ha torpaq sahəsini ******* (bir milyon) manat müqabilində X1. -surəti işə əlavə edilmiş JN-1841 nömrəli KOD 50400028 nömrəli “Torpağa Mülkiyyət Hüququna dair” Dövlət Aktından görünür ki, 01.11.2002-ci il tarixli 4Ə-02-212 reyestr nömrəli alqı-satqı müvaviləsinə və digər alqı-satqı müvavilələrinə əsasən 44.11. ha torpaq sahəsi X8 mülkiyyətinə verilmişdir. -surəti işə əlavə edilmiş 21.10.2017-ci il tarixli AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X7 rayonu, Zəyəm qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 44.11 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən 19.5268 ha hissəsini 4000 (dörd min) manat müqabilində X2. -DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin 12.01.2021-ci il tarixli, **********22 nömrəli məktubundan görünür ki, 21.10.2017-ci il tarixli AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X3 torpaq sahəsinə dair onun adına 20.06.2018-ci il tarixli, ********** nömrəli çıxarış verilmişdir. -DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin 19.01.2021-ci il tarixli, **********38 nömrəli məktubundan görünür ki, iddiaçıların çıxarışın ləğvi ilə bağlı müraciətinin icra edilməsindən imtina edilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən qeyd olunan sənədlərdən görünür ki, iddiaçılar müvafiq dövlət aktı ilə onlara məxsus 0.96 ha torpaq sahəsini 01.11.2002-ci il tarixdə X5, sonuncu isə həmin alqı-satqı müqaviləsinə və digər alqı-satqı müqavilələrinə əsasən ümumi sahəsi 44.11 ha olan torpaq sahəsinə dair JN-1841 nömrəli KOD 50400028 nömrəli “Torpağa Mülkiyyət Hüququna dair” Dövlət Aktı əldə etmişdir. Bundan sonra Həqiqət Babayeva 21.10.2017-ci il tarixdə ona məxsus torpaq sahəsinin 19.5268 ha hissəsini X6 və sonuncuya həmin alqı-satqı müqaviləsi əsasında daşınmaz əmlakın dövlət reyestrindən 20.06.2018-ci il tarixli, ********** nömrəli çıxarış verilmişdir. Göründüyü kimi, X13 iddiaçılar və digər şəxslər tərəfindən ona satılmış torpaq sahəsinə dair yalnız dövlət aktı əldə etmiş, həmin torpaq sahəsinə dair mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmadan başqa şəxsə satmışdır. Beləliklə müəyyən olunur ki, X8 adına iddia olunan torpaq sahəsinə dair ümumiyyətlə çıxarış verilməmişdir. Bu səbəbdən də məhkəmə tələbin həmin hissədə mümkünsüz hesab edilməsi qənaətinə gəlir. Bundan əlavə tələbin “cavabdehin qanunsuz hərəkətləri nəticəsində dəymiş 2000 manat maddi zərərin, 5000 manat mənəvi zərərin cavabdehdən alınaraq onlara ödənilməsi” hissəsi ilə bağlı qeyd edilməlidir ki, iddiaçılar tələbin həmin hissəsi ilə əlaqədar məhkəməyə müraciət etməzdən əvvəl cavabdehə müraciət etməmiş, yalnız müvafiq çıxarışın ləğv edilməsi ilə bağlı həmin orqana müraciət etmişlər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 9-cu bəndində Plenum məhkəmələrə izah etmişdir ki, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə cavabdehə müraciət etməsi və iddianın verilməsi müddətinə əməl olunması yoxlanılmalıdır. Göründüyü kimi qanunverici vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddia tələbləri üçün xüsusi mümkünlük şərtləri müəyyən etmiş, iddiaçılar tərəfindən isə tələbin həmin hissəsi ilə bağlı müəyyən edilmiş şərtlərə əməl edilmədən məhkəmədə iddia qaldırılmışdır. Bu səbəbdən də məhkəmə tələbi həmin hissədə də mümkünsüz hesab edir. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin:- -35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının vəqanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. -35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Q ə r a r a a l d ı : İddiaçı və qeyrilərinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı çıxarışların qismən ləğv edilməsi, maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia “X8 adına verilmiş çıxarışın ləğv edilməsi, cavabdehin qanunsuz hərəkətləri nəticəsində dəymiş 2000 manat maddi zərərin, 5000 manat mənəvi zərərin cavabdehdən alınaraq onlara ödənilməsi” hissədində mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1567/2021
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1567/2021
07.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver