Məhkəmə qərarları › İş №2-1(114)-1568/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1568/2022

26.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1568/2022 26.05.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı mülkiyyət hüququnun qeydə alınması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 28.04.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Goranboy bələdiyyəsinin 25.12.2006-cı il tarixli 12 saylı qərarı və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Goranboy rayon şöbəsi tərəfindən verilmiş torpaq sahəsinin planı və ölçüsündə göstərilən Goranboy rayonu, Qarasülüymanlı kəndində yerləşən 00.8 ha torpaq sahəsi üzərində anası X1 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Goranboy bələdiyyəsinin 25.12.2006-cı il tarixli qərarı ilə Goranboy rayonu Qarasülüymanlı kəndində yerləşən 0.08 ha torpaq sahəsi iddiaçının anası X2 fərdi yaşayış evi tikmək üçün ayrılmışdır. Həmin qərar əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Goranboy rayon şöbəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsü verilmişdir və bu barədə X5 kitabında 04.06.2008-ci il tarixli 77 saylı uçot aparılmıışdır. İddiaçının anası X3 10.12.2015-ci il tarixdə ölmüşdür. İddiaçı anasının vərəsəsi kimi həmin torpaq sahəsi və digər əmlakları adına rəsmiləşdirmək üçün notariat kontoruna və cavabdehə müraciət etmişdir. Goranboy rayon Notariat ofisi tərəfindən iddiaçıya anasından miras qalmış Goranboy rayonu Qarasüleymanlı kəndində yerləşən 0.06 ha torpaq sahəsinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Lakin Goranboy rayonu Qarasüleymanlı kəndində yerləşən digər 0.08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığı və çıxarış verilmədiyi üçün həmin əmlaka dair vərəsəlik şəhadətnaməsi əldə edə bilməmişdir. İddiaçı cavabdehə həmin torpaq sahəsi üzərində anasının mülkiyyət hüququnun qeydə alınması və onun adına çıxarış verilməsinə dair ərizə ilə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə AZEMİS vastəsilə İddiaçı SMS bildiriş göndərilməsinə, cavabdehə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh nümayəndəsini iştirakını təmin etməmiş səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbyacan Respublikası İnzibati-Prosesual Məcəlləsinin 62.3 maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş AZ-İ 778137 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X3 10.12.2015-ci ildə ölmüşdür. -surəti işə əlavə edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, hazırki iş üzrə İddiaçı anası X1 vərəsəsi kimi tanınmışdır. -12.03.2020-ci il tarixli **********72 nömrəli DƏDRX-nin 7 saylı Ərazi İdarəsinin məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehə müraciət edilərkən hüquqmüəyyənedici sənədlər təqdim edilmədiyi üçün ərizənin icrası mümkün olmamışdır. -surəti işə əlavə edilmiş A 046293 nömrəli torpaq sahəsinin planı və ölcüsündən görünür ki, Goranboy bələdiyyəsinin 25.12.2006-cı il tarixli, 12 saylı qərarı ilə X2 fərdi yaşayış evi tikmək üçün verimiş 800 kv.m. torpaq sahəsinin texniki göstəriciləri onun adına işlənmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Goranboy bələdiyyəsinin 25.12.2006-cı il tarixli 12 saylı qərarı ilə X2 Goranboy rayonu, Qarasüleymanlı kəndində 0.08 ha torpaq sahəsi verilmişdir. X3 10.12.2015-ci ildə öldüyündən İddiaçı anasının vərəsəsi kimi sözügedən torpaq sahəsi üzərində anasının mülkiyyət hüquqlarının qeydə alınaraq çıxarışın verilməsini tələb etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd edilməlidir ki, daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Mübahisə predmeti olan torpaq sahəsi bələdiyyənin müvafiq qərarı ilə X2 verilmiş və bunun əsasında A 046293 nömrəli torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Yəni, sözügedən torpaq sahəsi alqı-satqı qaydasında iddiaçının anasına verilmiş və iddiaçı tərəfindən həmin torpaq sahəsi təyinatı üzrə istifadə edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. -8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. -12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan da qeyd olunmalıdır ki, müvafiq sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılması yolverilməzdir. Təqdim edilmiş sübutlarla təsdiq olunur ki, Goranboy Bələdiyyəsinin 25.12.2006-ci il tarixli, 12 saylı qərarı ilə Goranboy rayonu 0.08 ha torpaq sahəsi X2 verilmiş və bunun əsasında həmin torpaq sahəsinə dair A 046293 nömrəli torpaq sahəsinin planı və ölçüsü tərtib edilmiş və 04.06.2008-ci il tarixdə 72 nömrə ilə X5 kitabında uçota alınmışdır. Cavabdeh orqanın imtinası ilə bağlı məhkəmə qeyd edir ki, cavabdeh orqan iddiaçıda olan sənədin (A 046293 nömrəli Torpaq sahəsinin planı və ölçüsü) mötəbərliyini mübahisələndirməmiş, yalnız torpaq sahəsi üzərində mülkiyyət hüquqların dövlət qeydiyyatına alınması üçün torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin təqdim edilmədiyini əsas gətirmişdir. Bununla bağlı qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. -19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtinanın əsasları müəyyən edilmişdir. Həmin qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə hesab edir ki, «Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın konkret əsasları nəzərdə tutulduğundan və bu əsaslardan heç biri hazırki işdə mövcud olmadığından iddia tələbi əsaslı və qanunidir. Beləliklə işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqan iddiaçının müraciətinin müsbət həll edilməsindən imtina etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Goranboy bələdiyyəsinin 12.25.2006-ci il tarixli, 12 saylı qararı ilə X2 verilmiş Goranboy rayonu, Qarasülüymanlı kəndində yerləşən 0.08 ha torpaq sahəsinin X1 adına daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması və bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar