Məhkəmə qərarları › İş №2-1(114)-1569/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1569/2020

05.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1569/2020 05.11.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, erməni işğalçılarının torpaqlarımıza qarşı elan edilməmiş müharibəsi zamanı N saylı hərbi hissənin Goranboy rayon Özünümüdafiə batalyonunun tərkibində Goranboy və Ağdərə rayonları ərazisində gedən döyüşlərdə erməni silahlı birləşmələrinə qarşı döyüşlərdə iştirak etmiş və xx.xx.1994-cü il tarixdə döyüş zamanı yaralanmışdır. Xidməti və yaralanması barədə məlumatlar N nömrəli hərbi hissə komandirinin möhürü və imzası ilə hərbi biletinin 6-7-ci səhifələrində qeyd edilmişdir. xx.xx.N-cü ildən xx.xx.1996-cı ilədək torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə iştirak etməsi hərbi biletindəki qeydlərlə və arxiv arayışı ilə də tam təsdiq olunub. Müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə əlaqədar cavabdehə müraciət etsə də sonuncu bundan imtina etmişdir. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, Arxiv İdarəsi tərəfindən verilən xx.xx.2020-ci il tarixli 9/2-3748 nömrəli məktubda N nömrəli şəxsi heyətin əlifba qeydiyyatı kitabında (əsas əlifba kitabı: 03.07.96-11.04.98, sıra 88, səh-73) xx.xx.1970-ci il təvəllüdlü İddiaçı komandirinin xx.xx.N-cü il tarixli 02 nömrəli əmrilə şəxi heyətin siyahısına daxil olması və ehtiyata tərxis olunduğu üçün komandirinin xx.xx.1996-cı il tarixli 32 nömrəli əmrilə şəxsi heyətin siyahısından çıxarılması qeyd edilmişdir. N nömrəli hərbi hissə komandirinin avqust N-cü il tarixli və fevral 1996-cı il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Ona görədə iddiaçının müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini НЗ-5691083 nömrəli hərbi bilet, xx.xx.1994-cü il tarixli 16 nömrəli arayış, xx.xx.1996-cı il tarixli 4/236 nömrəli arayış, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2020-ci il tarixli 1/T-7785 və xx.xx.2020-ci il tarixli 1/T-8411 nömrəli imtina məktubları, Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2020-ci il tarixli, 9/2-3748 nömrəli Arxiv Arayışı və cavabdehin etirazı təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddiaçının izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 33-cü maddəsinə əsasən məcburetmə haqqında iddia qaldırmışdır. Məhkəmə iclasında iddiaçı bildirmişdir ki, cavabdeh tərəfindən ona ünvanlanmış xx.xx.2020-ci il tarixli imtina məktubunu həmin ayın sonlarında almış və bundan sonra məhkəməyə müraciət etmişdir. Cavabdehin nümayəndəsi bu faktı mübahisələndirməmişdir. «İnzibati İcraat Haqqında» Azərbaycan Respublikasının Qanununun:- - 62.2-ci bəndinə görə poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. - 62.3-cü bəndinə görə bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli məktublarından görünür ki, iddiaçının cavabdehə ünvanladığı sənədlərə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində «Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya»nın xx.xx.2020-ci il tarixli iclasında baxılmış və 688 nömrəli protokol ilə barəsində müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2020-ci il tarixli, 9/2-3748 nömrəli Arxiv Arayışında göstərilmişdir ki, N nömrəli hərbi hissənin şəxsi heyətin əlifba qeydiyyatı kitabında (əsas əlifba kitabı: 03.07.96-11.04.98, sıra 88, səh-73) xx.xx.1970-ci il təvəllüdlü İddiaçı komandirinin xx.xx.N-cü il 02 nömrəli əmri ilə şəxsi heyətin siyahısına daxil olması və ehtiyata tərxis olduğu üçün komandirin xx.xx.1996-cı il tarixli 32 nömrəli əmrilə şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin avqust N-cü il və fevral 1996-cı il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. N nömrəli hərbi hissə komandirinin yanvar-may 1994-cü il tarixli nizami hissə üzrə əmrləri Mərkəzi Arxivə daxil olmamışdır. İddiaçıya məxsus НЗ-5691083 nömrəli hərbi biletin 6-cı səhifəsində göstərilmişdir ki, o N nömrəli hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli 2 nömrəli əmrilə atıcı kimi şəxsi heyətinin siyahısına daxil edilmiş, xx.xx.1996-cı il tarixdə 32 nömrəli əmrlə N saylı hərbi hissənin tərkibindən tərxis olmuşdur. İş materiallarında olan Qasım İsmayılov rayon Hərbi Komissarlığı tərəfindən verilmiş, xx.xx.1996-cı il tarixli 4/236 nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.1994-cü il tarixdə döyüş zamanı qəlpə yarası almışdır. İş materiallarında olan Qasım İsmayılov rayon Hərbi Komissarlığı tərəfindən İddiaçı verilmiş, xx.xx.1994-cü il tarixli 16 nömrəli arayışdan görünür ki, hərbi xidmətdə olan h/mükəlləfiyətçilərin iş yerləri, vəzifələri saxlanımaqla onlara hər ay 100% əmək haqqı verilməsi təmin olunmalıdır. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun:- - 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. - 7-ci maddəsinin 1-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci maddəsinə görə 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Fövqəladə Hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. «Müharibə veteranı» adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018 tarixli, 422 nömrəli qərarına əsasən Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə «hərbi biletlər» sözlərindən sonra «(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)» sözləri və «yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar» sözlərindən sonra «(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)» sözləri əlavə edilmişdir. «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 14-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc - hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son - hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. Beləliklə yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün şəxsin hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) şərtdir. Yəni, hərbi xidmətin başa çatması hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmrinə əsasən şəxsi heyət siyahısından çıxarılması ilə şərtləndirilmişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı həqiqətən xx.xx.Ncü il tarixdən xx.xx.1996-cı il tarixədək N saylı hərbi hissədə hərbi xidmət keçmiş, eləcə də döyüş əməliyyatları zamanı qəlpə yarası almışdır. Lakin cavabdeh orqan Mərkəzi Arxivin xx.xx.2020-ci il tarixli 9/2-3748 nömrəli arayışına əsasən əlifba kitabında göstərilən hərbi xidmətinin müddətləri hərbi hissə komandirinin nizami hissə üzrə əmrlərində öz əksini tapmadığına görə ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Mərkəzi Arxivin xx.xx.2020-ci il tarixli 9/2- 3748 nömrəli arxiv arayışda iddiaçının N nömrəli hərbi hissənin xx.xx.1996-cı il tarixli 32 nömrəli əmrinə əsasən ehtiyata buraxıldığı üçün şəxsi heyətinin siyahısından çıxarılması qeyd edilmişdir, bu isə cavabdeh orqanın arqumentinin əsassız olduğunu deməyə əsas verir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 422 №-li Qərarı ilə Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı Qərarı ilə «Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və Əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnaməyə (bundan sonra–«Əsasnamə») dəyişikliklər edilmiş, Əsasnamənin 1-ci hisəsinin 1-ci bəndinin səkkzinci yarımbəndində «hərbi biletlər» sözlərindən sonra «(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)» sözləri və «yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar» sözlərindən sonra « (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)» sözləri əlavə edilmişdir. Adı çəkilən Əsasnamədən də görünür ki, hərbi biletlər “Müharibə veteranı” adı verilməsi üçün əsaslardan biridir. Lakin hərbi biletlə eyni vaxtda hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları əlavə olunmadığı təqdirdə, məsələnin həllinə formal yanaşılmamalı, işin bütün halları nəzərə alınmaqla qərar çıxarılmalıdır. Əgər iddiaçı bu cür sübutları təqdim etməmişsə, lakin məhkəmənin xidməti vəzifəsinə uyğun olaraq Müdafiə Nazirliyinə verdiyi sorğulara alınmış cavablar iddiaçının hərbi biletində əksini tapmış məlumatların həqiqiliyinə dəlalət edirsə və iddiaçının döyüş əməliyyatlarında iştirak edən hərbi hissədə xidmət etməsi və hərbi əməliyyatlarda iştirak etməsini aydın şəkildə birmənalı təsdiq edirsə, iddiaçının tələbi əsaslı ola bilər. Məhkəmə iddiaçının N saylı hərbi hissədə xidmətini araşdırmaq üçün Müdafiə Nazirliyinə sərəncam və sorğu göndərərək, «N saylı hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabından çıxarışda iddiaçının xx.xx.N-cü il tarixdə həmin hərbi hissənin şəxsi heyətinin siyahısına daxil olub, xx.xx.1996-cı ildə tərxis olunması barədə məlumat olduğu halda, onun (iddiaçının) barəsində sözügedən hərbi hissənin avqust N-cü il və fevral 1996cı il tarixli nizami hissə üzrə əmrlərində sonuncunun xidməti barədə məlumatın aşkar olunmaması barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2020-ci il tarixli 9/2-3748 nömrəli məktubunda göstərilən ziddiyyətli məqama aydınlıq gətirilməsini və hərbi hissənin avqust N və fevral 1996-cı illərə aid nizami hissə üzrə əmrlərində iddiaçının xidməti barədə onun adı olan hissəsinin təsdiqlənmiş surətlərinin məhkəməyə göndərilməsini xahiş etmiş, Müdafiə Nazirliyi həmin sorğuya xx.xx.2020-ci il tarixdə verdiyi etirazda iddiaçının barəsində hərbi hissənin şəxsi heyətin əlifba qeydiyyatı kitabında olan yazılar hərbi hissənin nizami hissə üzrə əmrlərində öz təsdiqini tapmamasını göstərməklə məhkəmənin sorğusunu tam şəkildə cavablandırmamışdır. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İPM-nin 14-cü maddəsində inzibati məhkəmə icraatında baxılan iddia növləri üzrə tərəflərin sübut etmə vəzifələri dəqiqləşdirilmişdir. İPM-nin 14.2-ci maddəsinə görə inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxilələrdən müdafiəyə dair iddialar üzrə belə müdaxilələri zəruri edən faktik şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bu normaların tələbləri baxımından iddiaçı «Müharibə veteranı» adının verilməsi üçün zəruri olan ilkin sübutları, yəni döyüşən hərbi hissədə xidmət etməsini, döyüşlərdə yaralanmasını və hərbi xidmətdən qanuni əsaslarla tərxis olunduğunu təsdiq edən sübutları təqdim etmişdir. İddiaçının təqdim etdiyi hərbi biletində lazımi şəkildə təsdiq edilməklə aparılmış qeydlər və arxiv materiallarında əksin tapmış məlumatlar, onun xx.xx.N-cü ildə hərbi xidmətə çağırılması, N saylı hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etməsi və N saylı hərbi hissə komandirinin xx.xx.1996-cı il tarixli 32 nömrəli əmrinə əsasən ehtiyata buraxılmasını təsdiq edən sübutlardır. İşin bu vəziyyətində, İPM-nin 14.3-cü maddəsinə əsasən, iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Cavabdeh orqan bu baxımdan mövqeyini iddiaçının hərbi biletlə eyni vaxtda hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrlərinin təqdim olunmadığını göstərir. Cavabdehin bu mövqeyi formal baxımdan yuxarıda qeyd olunan Əsasnamənin 1-ci bəndinə uyğundur. Lakin nəzərə alınmalıdır ki, «İnzibati icraat haqqında» Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İş materiallarından görünür ki, inzibati orqan bu vəzifəsinin icrası zamanı yalnız Müdafiə Nazirliyinin Arxiv İdarəsinə müraciət etməsi ilə kifayətlənmiş, əlavə araşdırma aparmamışdır. Məhkəmə qeyd edir ki, iddiaçının təqdim etdiyi sübutlar mötəbər sayıldığına görə, formal tələblərə əməl olunmaması əsas götürülməklə onun tələbinin təmin olunmaması, mütənasiblik prinsipinə uyğun deyildir. Odur ki, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli və iddiaçıya «müharibə veteranı» adının və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin:- - 68.1 maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 73.1 maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33, 68, 69, 73.1, 75 və 81-86-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı «müharibə veteranı» adının və vəsiqəsinin verilməsi vəzifəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apellyasiya şikayəti verilə bilər. Hakim: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar