Məhkəmə qərarları › İş №2-1(114)-1569/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1569/2021

20.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1569/2021 20.10.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Azərbaycan Sahibkarlıq, Özəl Elm və X8 Həmkarlar İttifaqı Respublika Komitəsinin Cavabdehnə (üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) qarşı məktuba cavab verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Azərbaycan Sahibkarlıq, Özəl Elm və X8 Həmkarlar İttifaqı Respublika Komitəsinin 09.09.2020-ci il tarixli, 74RK nömrəli Cavabdeh başçısına ünvanlanan məktubunda qeyd olunur ki, üzv təşkilatları olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra "xxxx" MMC) Direktorlar Şurasının sədri R.Ə.Sultanov 21 avqust 2020-ci il tarixli CS-107 nömrəli məktubla onlara müraciət etmişdir. Məktubda Gəncə şəhəri, Hacıkənd qəsəbəsi, Azərbaycan küçəsində otel tikintisi üçün 29.10.2005-ci ıl tarixli, JN-8444 saylı şəhadətnamə ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən "xxxx" MMC-nin istifadəsinə verilmiş 0,33 ha torpaq sahəsinin qanunsuz olaraq zəbt edilməsindən, Hacıkənd qəsəbəsi, Azərbaycan küçəsi 35 ünvanında Rəhim Sultanova məxsus 3 otaqlı mənzilin qanunsuz olaraq dağıdılmasından, torpaq sahəsinin zəbt olunmasından, otelin tikintisi üçün qazılmış bünövrənin doldurulmasından, çəkilmiş təhlükəsizlik hasarının sökülməsindən, bütün bu qanunsuz hərəkətlər nəticəsində şirkətə 400000 manata yaxın ziyan vurulmasından, Cavabdeh və Hacıkənd bələdiyyəsi ilə razılaşdırılaraq onlara ayrılmış ərazinin qarşısındakı tərəflərindən yenidən inşa edilərək ətraflı abadlaşdırılmış X9 iştirakçılarının xatirəsinə ucaldılan abidənin dağıdılmasından şikayət edilib. Şikayət ərizəsində göstərilir ki, bütün bu qanunsuz hərəkətlər Elmar Vəliyevin Cavabdeh başçısı işlədiyi dövrdə baş vermişdir. Mülkiyyət hüquqlarının pozulması ilə əlaqədar 06.08.2014-cü il, 24.08.2017-ci il, 02.04.2018-ci il, 02.08.2018-ci il, 15.09.2018-ci il, 03.12.2019-cu il və 11.02.2020-ci il tarixlərində Cavabdehnə çoxsaylı müraciətləri olsa da, heç birinə cavab verilməmişdir. Əməkdaşları tərəfindən göstərilən faktlar 06-07 avqust 2020-ci il tarixində Gəncə şəhərində və Hacıkənd qəsəbəsində yerində araşdırılmış və şikayətçinin göstərdiyi faktların doğru olduğu aşkarlanmışdır. Sahibkarın pozulmuş hüquqlarının bərpası üçün lazımi dəstəyin göstərilməsini və görülmüş tədbirlərin nəticəsi barədə Komitəyə məlumat verilməsi məktubda qeyd edilmişdir. Cavabdeh başçısının aparatının 08.04.2021-ci il tarixli, 03/337 nömrəli və 13.09.2021-ci il tarixli 03/1001 nömrəli məktublarından görünür ki, Azərbaycan Sahibkarlıq, Özəl Elm və X8 Həmkarlar İttifaqı Respublika Komitəsinin 09.09.2020-ci il tarixli, 74RK nömrəli məktub Cavabdehnə daxil olmamış, həmin məktub elektron poçt vasitəsilə 10.03.2021-ci il tarixdə Cavabdeh elektron poçt ünvanına göndərilmiş, həmin məktuba isə 08.04.2021-ci il tarixli 03/370 nömrəli cavab məktubu göndərilmişdir. İddiaçı "xxxx" MMC Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək "xxxx" MMC-nin pozulmuş hüquqlarının bərpasına dair Azərbaycan Sahibkarlıq, Özəl Elm və X8 Həmkarlar İttifaqı Respublika Komitəsinin Cavabdehnə ünvanlanan 09.09.2020-ci il tarixli, 74RK nömrəli məktubuna cavab verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin 14.04.2021-ci il tarixli 2-1(114)-842/2021 nömrəli qərardadı ilə iddiaçı "xxxx" MMC-nin Cavabdehnə qarşı "xxxx" MMC-nin pozulmuş hüquqlarının bərpasına dair Cavabdehnə ünvanlanan 09.09.2020-ci il tarixli, 74RK nömrəli məktubuna cavab verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamışdır. Gəncə Apellyasiya Məhkəməsinin 17.06.2021-ci il tarixli 2-1(104)-507/2021 nömrəli qərardadı ilə iddiaçı Caspian Service” MMC-nin apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Gəncə İnzibati Məhkəməsinin 14.04.2021-ci il tarixli 2-1(114)-842/2021 nömrəli qərardadı ləğv edilmiş, iddiaçı "xxxx" MMC-nin Cavabdehnə qarşı "xxxx" MMC-nin pozulmuş hüquqlarının bərpasına dair Cavabdehnə ünvanlanan 09.09.2020-ci il tarixli, 74RK nömrəli məktubuna cavab verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Bundan sonra, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X6 ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı "xxxx" MMC-nin əsl iddiaçı Azərbaycan Sahibkarlıq, Özəl Elm və X8 Həmkarlar İttifaqı Respublika Komitəsi ilə əvəz edilməsini, "xxxx" MMC-nin isə üçüncü şəxs qismində işə cəlb edilməsini xahiş etmiş, məhkəmənin 14.09.2021-ci il tarixli qərardadı ilə ərizə inzibati icraata qəbul olunmuşdur. İddiaçı Azərbaycan Sahibkarlıq, Özəl Elm və X8 Həmkarlar İttifaqı Respublika Komitəsi Cavabdehnə (üçüncü şəxs "xxxx" MMC) qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək "xxxx" MMC-nin pozulmuş hüquqlarının bərpasına dair Azərbaycan Sahibkarlıq, Özəl Elm və X8 Həmkarlar İttifaqı Respublika Komitəsinin Cavabdehnə ünvanlanan 09.09.2020-ci il tarixli, 74RK nömrəli məktubuna cavab verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh başçısının 315 saylı, 19 sentyabr 2005-ci il tarixli sərəncamı ilə Hacıkənd qəsəbəsi, Azərbaycan küçəsində 0.33 ha torpaq sahəsi otel tikintisi üçün "xxxx" MMC-yə ayrılıb. Əvvəllər həmin ünvanda X1 mülkiyyətində yaşayış və qeyri-yaşayış sahələri olmuşdur. 29.10.2005-ci il tarixdə JN-8444 saylı şəhadətnamə ilə “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” tərəfindən 0.33 ha torpaq sahəsi "xxxx" MMC-nin istifadəsinə verilib. Daha sonra layihə sənədləri hazırlanıb və eskiz layihəsi 269 saylı, 15 may 2009-cu il tarixli məktubla Gəncə şəhər Memarlıq və Şəhərsalma idarəsi tərəfindən razılaşdırılıb, ərazi hasara alınıb və tikinti işləri başlanılaraq otelin özül çalası qazılıb. Sonradan Cavabdeh sabiq başçısı Elmar Vəliyev qanunsuz olaraq istifadələrində olan torpağın zəbt edilməsi barədə tapşırıq verib. Belə ki, qanunsuz olaraq X3 məxsus olan və Azərbaycan küçəsi 35 ünvanında yerləşən 3 otaqlı ev uçurulub və altındakı torpaq zəbt edilib. Eyni zamanda tikinti obyektinin hasarı sökülərək özül çalası doldurulub və bütün sahə yeni salınmış parkın ərazisinə qatılıb. Bununla da faktiki olaraq mülkiyyət hüquqları pozulub. Mülkiyyət hüquqlarının pozulması ilə əlaqədar 09 sentyabr 2020-ci il tarixdə Azərbaycan Sahibkarlıq, Özəl Elm və X8 Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən 74 RK saylı məktubla cavabdeh Gəncə səhər İcra Hakimiyyətinə müraciət edilib ki, sahibkarın pozulmuş hüquqlarının bərpası üçün lazımi dəstək göstərilsin və görülmüş tədbirlərin nəticəsi barədə Komitəyə məlumat verilsin. Lakin, bu günə kimi həmin tədbirlər görülməyib və komitəyə cavab verilməyib. Halbuki “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanunun 10.1-ci maddəsinin tələblərinə əməl edilməyib. Belə ki, müraciətlər ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlama tələb edildikdə isə ən geci 30 iş günü müddətində baxılıb cavablandırılmalı idi. İddiaçının etibarnamə üzrə nümayəndəsi X2 əvvəlki məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxsin etibarnamə üzrə nümayəndəsi X6 əvvəlki məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi X7 əvvəlki məhkəmə iclasında iddia tələbini qəbul etmədiklərini, iddiaçının müraciətinə 08.04.2021-ci il tarixdə rəsmi cavab verildiyini bildirib iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçıya və cavabdehə hazırkı məhkəmə iclası ilə bağlı məhkəmə bildirişinin göndərilməsinə baxmayaraq, iddiaçı və cavabdeh məhkəmə iclasında nümayəndələrinin iştirakını məktub təmin etməmişlər. İş üzrə tərəflərin məhkəmə iclasında iştirak etmədiklərinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir (İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 57-ci maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir “Azərbaycan Respublikasının rayon, şəhər, şəhərlərdə rayon İcra hakimiyyəti başçılarının aparatlarında sənədlərlə iş barədə Təlimat”ın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 06.03.2000-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rayon, şəhər, şəhərlərdə rayon icra hakimiyyəti başçılarının aparatlarında sənədlərlə iş barədə» Təlimatın: - 1-ci bəndinə əsasən icra hakimiyyəti başçısının aparatında vətəndaşların, o cümlədən müraciət edən digər fiziki və hüquqi şəxslərin (bundan sonra – vətəndaşların) təklif, ərizə və şikayətləri, onların qəbul edilməsi ilə əlaqədar kargüzarlıq işləri “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1308-İVQ nömrəli Qanununa və Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Dövlət hakimiyyəti orqanlarında idarə, təşkilat və müəssisələrdə vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlığın aparılması qaydaları"na müvafiq olaraq aparılır. - 92-ci bəndinə əsasən icra hakimiyyəti başçısının aparatında daxil olmuş vətəndaşların təklif, ərizə və şikayətləri ilə iş “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1308-İVQ nömrəli Qanununa və Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlığın aparılması qaydaları"na müvafiq olaraq aparılır. - 94-cü bəndinə əsasən vətəndaşların müraciətlərinə həmin Qanunda göstərilmiş müddətlərdə baxılır. Əgər vətəndaşların yazılı müraciətlərində qaldırılan məsələlər dərindən öyrənilməyibsə, onlara dair lazımi tədbirlər görülməyibsə və qanuni cavablar verilməyibsə, icra hakimiyyətinin başçısı baxılma müddətini bir az uzada bilər və bu barədə müəllifə mütləq məlumat verilir. Əlavə öyrənilmə və yoxlanma tələb olunmayan təklif, ərizə və şikayətlərə maksimum qısa müddətdə baxılır. «Vətəndaşların müraciətləri haqqında» Azərbaycan Respublikası Qanununun: - 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır. - 2-ci maddəsinə əsasən vətəndaşların müraciətləri haqqında qanunvericilik Vətəndaşların müraciətləri haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir. - 7.1-ci maddəsinə əsasən müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri bu Qanunla müəyyən edilmiş qaydada verilən yazılı müraciətləri mütləq qəbul etməli, qeydiyyata almalı və onlara baxılmasını təmin etməlidirlər. Bu Qanunun tələblərinə uyğun olaraq verilən müraciəti qəbul etməkdən imtina qadağandır. - 7.2-ci maddəsinə əsasən vətəndaşların müraciətləri ilə bağlı kargüzarlıq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada aparılır və müraciətə baxan subyektin rəhbəri tərəfindən təmin edilir. - 7.5-ci maddəsinə əsasən müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa (kollektiv müraciətlərdə - müraciət edən şəxslərdən birinə) əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. Müraciətə dövlət dilində cavab verilir. - 7.9-cu maddəsinə əsasən müraciətə baxan subyekt və ya onun vəzifəli şəxsi müraciətdə göstərilən məsələnin həlli ilə əlaqədar əlavə məlumatların öyrənilməsi üçün aidiyyəti üzrə sorğu göndərdikdə həmin sorğuya yeddi iş günündən gec olmayaraq cavab verilməlidir - 10.1-ci maddəsinə əsasən bu Qanunun 9.2-ci, 9.6-cı və 10.2-10.4-cü maddələrində göstərilən hallar istisna olmaqla, vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır. - 10.2-ci maddəsinə əsasən bu Qanunun 9.2-ci, 9.6-cı, 10.3-cü və 10.4-cü maddələrində göstərilən hallar istisna olmaqla, müraciətə baxılması üçün əlavə məlumatların əldə edilməsi və ya aidiyyəti üzrə sorğu göndərilməsi tələb edildikdə, müraciətə baxan subyektin vəzifəli şəxsinin müraciətə baxılması müddətini ən çoxu 30 iş günü uzatmaq hüququ vardır. Bu barədə müraciət edən vətəndaşa, habelə müraciəti baxılmaq üçün bu Qanunun 7.11-ci maddəsinə uyğun olaraq digər müraciətə baxan subyektə göndərmiş yuxarı dövlət orqanına onun tələbi ilə məlumat verilməlidir. - 16-cı maddəsinə əsasən Bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. Məhkəmə qeyd edir ki, Cavabdeh başçısı aparatının 08.04.2021-ci tarixli 03/370 nömrəli məktubunda Azərbaycan Sahibkarlıq, Özəl Elm və X8 Həmkarlar İttifaqı Respublika Komitəsinin 09.09.2020-ci il tarixli, 74RK nömrəli müraciətinə cavab olaraq qeyd olunur ki, Cavabdeh başçısının “Hacıkənd qəsəbəsində beşulduzlu mehmanxananın tikintisi üçün torpaq sahəsinin təhkim edilməsi haqqında” 15 sentyabr 2005-ci il tarixli 315 nömrəli Sərəncamı ilə "xxxx" MMC-nin müraciəti nəzərə alınaraq Hacıkənd qəsəbəsindəki hamamın yerində ona bitişik ərazidə 0,33 ha torpaq sahəsinin beşulduzlu mehmanxananın tikintisi üçün "xxxx" MMC-yə təhkim edilməsi, həmin torpaq sahəsində Hacıkənd bələdiyyəsi ilə icarə müqaviləsi bağlanıldıqdan sonra tikinti işlərinə başlanılması qərara alınmışdır. Qeyd olunan torpaq sahəsinə dair "xxxx" MMC ilə Hacıkənd bələdiyyəsi arasında icarə müqaviləsi bağlanılmış, müqavilənin şərtinə görə 660 manat illik olaraq icarə haqqı bələdiyyənin bank hesabına ödənilməli idi. Lakin "xxxx" MMC tərəfindən 2006cı ildən 2010-cu ilə qədər illik 330 manat olmaqla cəmi 1650 manat bələdiyyənin bank hesabına ödənilmişdir. Beləliklə, "xxxx" MMC tərəfindən müqavilənin şərtlərinə əməl olunmamış və həmin ərazidə hər hansı bir tikinti işi aparılmamışdır. Cavabdeh tərəfindən "xxxx" MMC-yə mülkiyyət hüququ ilə məxsus olan hər hansı bir torpaq sahəsi zəbt edilməmiş, mülkiyyətinizdə olan heç bir tikinti sökülməmişdir. Əlavə olaraq bildirilmişdir ki, Gəncə şəhərində Vətən müharibəsində şəhid olmuş şəxslərin xatirəsini əbədiləşdirmək məqsədi ilə xatirə komplekslərinin yaradılması nəzərdə tutulmuş və həmin işlər Cavabdeh tərəfindən həyata keçiriləcəkdir. İş materialları əsasında müəyyən edilir ki, iddiaçı Azərbaycan Sahibkarlıq, Özəl Elm və X8 Həmkarlar İttifaqı Respublika Komitəsinin 09.09.2020-ci il tarixli, 74RK nömrəli məktubu AZ2000/********** nömrəli teleqrama əsasən 16.09.2020-ci il tarixdə Cavabdehnə çatdırılmışdır. Cavabdeh iddiaçının 09.09.2020-ci il tarixli, 74RK nömrəli məktubunun Cavabdehnə daxil olmadığını, həmin məktubun elektron poçt vasitəsilə 10.03.2021-ci il tarixdə Cavabdeh elektron poçt ünvanına göndərildiyini, həmin məktuba isə 08.04.2021-ci il tarixli 03/370 nömrəli cavab məktubu göndərildiyini qeyd etmişdir. Üçüncü şəxsin nümayəndəsi X6 əvvəlki məhkəmə iclasında iddiaçı Azərbaycan Sahibkarlıq, Özəl Elm və X8 Həmkarlar İttifaqı Respublika Komitəsinə 16.04.2021-ci il tarixdə daxil olmuş Cavabdeh başçısı aparatının 08.04.2021-ci tarixli 03/370 nömrəli cavab məktubunun surətini təqdim etmişdir. Bu isə o deməkdir ki, iddiaçının Cavabdehnə 09.09.2020-ci il tarixli, 74RK nömrəli yazılı müraciətinə cavabdehin cavabının tam mətni iddiaçı tərəfə təqdim edilmişdir. Bu da iddiaçının həmin cavabın ona çatmaması barədə dəlillərinin əlavə araşdırılması zərurətini aradan qaldırır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına, həmçinin bələdiyyələrə şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Dövlət hakimiyyəti orqanları, idarələr, təşkilatlar, müəssisələr, həmçinin bələdiyyələr, onların rəhbərləri, digər vəzifəli şəxslər vətəndaşların müraciətlərinə müəyyən edilmiş qaydada və müddətlərdə baxmalı və cavab verməyə borcludurlar və yalnız bu barədə vətəndaşa əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. Həmçinin qanunvericiliklə müraciətin cavablandırılması müddətlə məhdudlaşdırılmış və qanunun normalarına riayət edilmədiyi təqdirdə şəxslərin mülki, inzibati və cinayət məsuliyyəti müəyyən olunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1. və 62.2-ci maddələrinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. - 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Azərbaycan Sahibkarlıq, Özəl Elm və X8 Həmkarlar İttifaqı Respublika Komitəsinin Cavabdehnə (üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) qarşı cavabdehə ünvanlanan 09.09.2020-ci il tarixli, 74RK nömrəli məktuba cavab verilməsinə dair iddia tələbi təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar