Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1570/2021 06.10.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, cavabdeh Şəmkir rayonu Təzəkənd bələdiyyəsinin sədri X1 iştirakı ilə, İddiaçı cavabdeh Şəmkir rayonu Təzəkənd bələdiyyəsinə qarşı 05.10.2019-cu il tarixli qərarın ləğv edilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: Şəmkir rayonu Təzəkən bələdiyyəsinin (bundan sonra mətndə - cavabdeh) 05.10.2019-cu il tarixli 14 saylı protokolundan görünür ki, bələdiyyə iclasda verilən təklif və çıxışları dinləyərək “kiçik sahibkar İddiaçı (bundan sonra mətndə - iddiaçı) tərəfindən yerli (bələdiyyə) büdcəyə 8.875 manat məbləğində mədən vergisinin ödənilməsi, mədən vergisinin ödənməsinə dair qərar olunması və icra olunması üçün Şəmkir rayon İcra və Probasiya şöbəsinə göndərilməsi qərara alınmışdır. Cavabdehin “mədən vergisinin ödənilməsinə dair” 05.10.2019-cu il tarixli qərarına əsasən iddiaçı tərəfindən yerli büdcəyə cəmi 8.875 manat məbləğində mədən vergisinin ödənilməsi, qərarın icra olunması üçün Şəmkir rayon İcra və Probasiya şöbəsinə göndərilməsi qərara alınmışdır. Qərarın 3-cü bəndində qeyd edilmişdir ki, qərardan 10 gün müddətində şikayət vermək olar. Qərar 11.10.2019-cu il tarixdə SS59106882AZ reyestr nömrəli məktubla poçt orqanı tərəfindən iddiaçıya təqdim edilmişdir. İddiaçı 15.10.2020-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək Cavabdeh1 05.10.2019-cu il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin 05.04.2021-ci il tarixli 2-1(114)-203/2021 nömrəli qərardadı (hakim Usaməddin Osmanov) ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti vermiş və iş baxılması üçün 08.05.2021-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı apellyasiya icraatı zamanı 08.06.2021-ci il tarixdə ərizə ilə müraciət edərək iddia müddəti tərəfindən üzürlü səbəblərdən buraxıldığı üçün qərardadın ləğv edilməsi və buraxılmış müddətin bərpa edilməsi üçün işin birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 08.06.2021-ci il tarixli 2-1(104)-496/2021 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilmiş, inzibati iş sonrakı prosessual hərəkətlrin edilməsi üçün məhkəməyə qaytarılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası qeyd olunan qərarında vurğulamışdır ki, “iddiaçı bələdiyyə qərarından şikayət vermək üçün nəzərdə tutulmuş müddəti ötürsə də, birinci instansiya məhkəməsi tərəfindən müddətin üzürlü səbəblərdən ötürülüb-ötürülməməsinin araşdırılması üçün iddiaçıya yardım edilməmişdir. Belə vəziyyətdə birinci instansiya məhkəməsi iddiaçıya prosessual müddətin bərpasına dair ərizə ilə müraciət etməsi üçün İPM-nin 13-cü maddəsinə əsasən yardım etməlidir.” İş 06.07.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə daxil olmuşdur. Məhkəmə tərəfindən iddiaçıya və nümayəndəsi (vəkili) Vəkil 07.07.2021, 29.07.2021 və 19.08.2021-ci il tarixli sərəncamlarla zəruri hüquqi yardım göstərilərək iddia ərizəsi verilməsi üçün qanunla müəyyən edilmiş və tərəfindən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququ olduğu izah edilmiş və həmin ərizədə müddətin onun təqsiri olmadan buraxılması halları əsaslandırılmalı və bu barədə sübutlar əlavə edilməli olması bildirilmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barəsində iddiaçıya məlumat verilsə də, məhkəmə iclasların heç birində iştirak etməmiş, səbəbləri barəsində məlumat verməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən qərar sifarişli, SS592106882AZ nömrəli poçt göndərişi ilə 11.10.2019-cu il tarixdə göndərilmiş, iddiaçı həmin qərarı 11.10.2019-cu il tarixdə F-8 saylı jurnala şəxsən imza edilməklə qəbul etmişdir. Ona görə də iddianın mümkün sayılmaması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, bütün fiziki və hüquqi şəxslər də özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu cür məhdudiyyətlərdin biri də iddia müddətləridir. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarım vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin bu cür təyinatı nəzərə alınaraq, müddətin üzürlü səbəb olmadan buraxıldığı halda inzibati məhkəmə icraatında iddianın mümkünsüzlüyü kimi hüquqi nəticə nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə iddiaçı mübahisələndirmə haqqında iddia qaldırmaqla, Şəmkir rayonu Təzəkənd bələdiyyəsinin 05.10.2019-cu il tarixli qərarının ləğvini məqsəd güdür. Göründüyü kimi, iddiaçı 05.10.2019-cu il tarixli qərarı 09.10.2020-ci ildə (iddia ərizəsinin zərfindəki möhürdəki tarixdir), yəni 01 ildən sonra mübahisələndirmişdir. Qanunvericilik buraxılmış müddətlərin bərpa olunmasını istisna etmir. Belə ki, İPMnin 24.1-ci maddəsində deyilir ki, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa edə bilər. İddiaçı da bu normaya əsasən buraxılmış müddətin bərpa olunmasını xahiş etmişdir. İddiaçı müddətin bərpası ilə bağlı ərizəni iş apellyasiya icraatında olarkən vermiş, həmin ərizədə bildirmişdir ki, məhkəmə aidiyyəti düzgün müəyyən edilməmişdir. Lakin Məhkəmə hesab edir ki, bu hal iddianın mümkün sayılmasına əsas vermir. Ona görə ki, hazırkı iddia mübahisələndirmə haqqında iddiadır və bu növ iddialar inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan müəyyən edilmiş müddətdə qaldırılmalıdır. Məhkəmə onu da qeyd edir ki, müddətin üzrlü hesab edilməsi üçün tutarlı sübutlar təqdim edilməmişdir. Halbuki, müddətin bərpa edilməsi üçün üzürlü səbəblər dedikdə elə hallar nəzərdə tutulur ki, iddia verilməsi üçün müəyyən olunmuş müddətdə, şəxsin iddia verməsinə yönələn hərəkətləri etməsinə maneə olsun və ya başqa şəkildə qeyri-mümkün etsin. Müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Məhkəmə tərəfindən iddiaçıya dəfələrlə müddətin üzürlü səbəbdən buraxılması ilə bağlı sübutları təqdim etməsi təklif olunsa da, heç bir sübut təqdim olunmamışdır. Göründüyü kimi, iddiaçı tərəfindən buraxılmış müddətin bərpa olunması üçün üzürlü halların mövcud olması məhkəmə araşdırması zamanı müəyyən olunmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsi təmin olunmasın. İddiaçı cavabdeh Şəmkir rayonu Təzəkənd bələdiyyəsinə qarşı 05.10.2019-cu il tarixli qərarın ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-1570/2021
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1570/2021
06.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver