Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1571/2021 17.08.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi İddiaçı vəkili X1, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi) əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddəti üçün mükafatlar da daxil olmaqla əmək haqqının ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinə qarşı iddia ərizəsi ilə 09.08.2018-ci il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, əmək müqaviləsinə xitam verilməsinə dair çıxarılmış 06.07.2018-ci il tarixli əmrin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki vəzifəsinə bərpa edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14.12.2018-ci il tarixli 2-1(81)-3801/2018 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Həmin qərardan cavabdeh tərəfindən verilmiş şikayət əsasında Bakı Apelyasiya Məhkəməsinin 04.04.2019-cu il tarixli 2-1(103)-751/2019 nömrəli qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14.12.2018-ci il tarixli 2-1(81)-3801/2018 nömrəli qərarının ləğv edilməsi və işin ərazi aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 2005-ci ildən Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri X7 Departamentinin vergi ödəyicilərinə xidmət və uçot idarəsinin 9-cu zona üzrə şöbəsinin böyük dövlət vergi müfəttişi vəzifəsində çalışmış, Vergilər Nazirliyinin əməkdaşı olaraq xüsusi dövlət qulluğunda olmuşdur. 2005-ci il tarixdən son dövrədək onunla müddətli əmək müqavilələri bağlanmışdır. Sonuncu bağlanılan 05.01.2017-ci il tarixli müqavilə 06.07.2017-ci il tarixədək bağlanmışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyinin 06.07.2018-ci il tarixli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndi və "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 75-ci maddəsinin 8- ci hissəsinə əsasən xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilərkən ona bu barədə əmr və əmək kitabçası təqdim edilməmişdir. İddiaçı hesab edir ki, onun işdən azad edilməsi qanunsuz olmuşdur. Məhkəmənin 17.08.2021-ci il tarixli qərardadı ilə iddiaçının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “09.07.2018-ci il tarixli əmrin ləğv edilməsi, məcburi işburaxma müddəti üçün mükafatlar daxil olmaqla əmək haqqının ödənilməsi və əvvəlki vəzifəsinə bərpa edilməsi” tələbinə dair iddianın dəqiqləşdirilməsi və həcminin artırılması barədə ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. İddiaçının vəkili X3 məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X4 iddianı qəbul etməmiş, əlavə olaraq bilirmişdir ki, iddiaçı ilə Vergilər Nazirliyi arasında sonuncu əmək müqaviləsi 06.01.2017-ci il tarixdən 06.07.2017-ci il tarixədək, yəni 6 ay müddətinə bağlanmışdır. Başqa sözlə, tərəflər arasında bağlanmış əmək müqaviləsi müddətli xarakter daşımışdır. Məhz qeyd olunan əmək müqaviləsinin müddəti Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən iki dəfə uzadılmış hesab olunmuşdur. Nəhayət, əmək müqaviləsində müəyyən edilmiş 6 aylıq müddət sonuncu dəfə başa çatdıqdan sonrakı bir həftə ərzində Vergilər Nazirliyinin 09.07.2018-ci il tarixli **********656100 nömrəli əmri ilə İddiaçıla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 75-ci maddəsinin 8-ci hissəsinə əsasən xitam verilərək, o tutduğu vəzifədən azad edilmişdir. Məlum olduğu kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsi əsaslarından biri kimi müəyyən edilmişdir. Qeyd olunan normaların tələblərinə əsaslanaraq Vergilər Nazirliyi İddiaçıla 06.01.2017-ci il tarixdə bağlanmış müddətli əmək müqaviləsinin müddətinin iki dəfə uzadılmış hesab olunmasından sonra sonuncu altı aylıq müddətinin 06.07.2018-ci il tarixdə başa çatdığını nəzərə alaraq əmək müqaviləsinə xitam verilməsi təşəbbüsü ilə çıxış etmiş və bunun nəticəsi olaraq Vergilər Nazirliyinin müvafiq əmri ilə İddiaçıla bağlanmış əmək müqaviləsinə xitam verilərək tutduğu vəzifədən azad edilmişdir. Göründüyü kimi, müddətli əmək müqaviləsi 2017-ci ilin yanvar ayında bağlanmış və bu müqavilə 5 ildən az davam etmişdir. Hazırkı iş üzrə tərəflər arasında son illər əmək müqavilələri yalnız 6 aylıq müddətinə bağlanılmış və hər dəfə iddiaçı vergi orqanlarında yeni vəzifəyə keçirildikdə tərəflərin qarşılıqlı razılığı ilə eyni müddətə yeni əmək müqaviləsi bağlanılmışdır. Başqa sözlə desək, hər dəfə bağlanılmış əmək müqaviləsi məhz tərəflərin razılaşdığı müddətə bağlanılmış və razılıq ilə bağlı tərəflərin iradə ifadəsi bağlanılmış əmək müqaviləsində öz imzaları ilə ifadə olunmuşdur. Göstərilənlərə əsasən hesab olunur ki, iddia tələbinin əsası kimi istinad olunanlar və gətirilən dəlillər həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə uyğun olmadığından iddia tələbi tamamilə əsassızdır və təmin olunmamalıdır. Məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxsə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -23.07.2004-cü il tarixli əmək müqaviləsinə əsasən İddiaçı 26.07.2004-cü il tarixdən Bakı şəhəri Vergilər Departamentinin 3 saylı filialında Vergi borcları şöbəsinin dövlət vergi müfəttişi vəzifəsinə təyin edilmiş, müqavilənin 2.1-ci bəndinə əsasən müqavilə 26.07.2004-cü il tarixdən 26.01.2005-ci il tarixədək bağanmışdır. -25.07.2012-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı 25.07.2012-ci il tarixdən Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin Operativ nəzarət idarəsinin 2-ci şöbəsinin dövlət vergi müfəttişi vəzifəsinə təyin edilmiş, müqavilənin 2.1-ci bəndinə əsasən müqavilə 25.07.2012-ci il tarixdən 25.01.2013-cü il tarixədək bağanmışdır. -05.11.2013-cü il tarixli əmək müqaviləsinə əsasən İddiaçı 05.11.2013-cü il tarixdən Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin Operativ nəzarət idarəsinin 2-ci şöbəsinin dövlət vergi müfəttişi vəzifəsinə təyin edilmiş, müqavilənin 2.1-ci bəndinə əsasən müqavilə 05.11.2013-cü il tarixdən 05.05.2014-cü il tarixədək bağanmışdır. -05.01.2017-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı 06.01.2017-ci il tarixdən Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X7 Departamentinin vergi ödəyicilərinə xidmət və uçot idarəsinin 9-cu zona üzrə şöbəsinin böyük dövlət vergi müfəttişi vəzifəsinə keçirilmiş, müqavilənin 2.1-ci bəndinə əsasən müqavilə 06.01.2017-ci il tarixdən 06.07.2017-ci il tarixədək bağanmışdır. -İddiaçı məxsus Xidmət siyahısından görünür ki, sonuncu 23.07.2004-cü il tarixdən 06.07.2018-ci il tarixədək eyni qurumda fasiləsiz olaraq müxtəlif vəzifələrdə işləmişdir. -Azərbaycan Respublikası Vergilər Nazirliyinin 09.07.2018-ci il tarixli **********656100 nömrəli əmrindən çıxarışın surətindən görünür ki, Vergilər Nazirliyi yanında Bakı şəhəri X7 Departamentinin vergi ödəyicilərinə xidmət və uçot idarəsinin 9-cu zona üzrə şöbəsinin böyük dövlət vergi müfəttişi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 06 iyul 2018-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 75-ci maddəsinin 8-ci hissəsinə əsasən xitam verilərək tutduğu vəzifədən azad edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı 23.07.2004-cü il tarixdən 06.07.2018-ci il tarixədək Azərbaycan Respublikası Vergilər Nazirliyində fasiləsiz işləmiş və Azərbaycan Respublikası Vergilər Nazirliyinin 09.07.2018-ci il tarixli **********656100 nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə və “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 75-ci maddəsinin 8-ci hissəsinə əsasən Vergilər Nazirliyi yanında Bakı şəhəri X7 Departamentinin vergi ödəyicilərinə xidmət və uçot idarəsinin 9-cu zona üzrə şöbəsinin böyük dövlət vergi müfəttişi kimi onunla bağlanmış əmək müqaviləsinə xitam verilərək tutduğu vəzifədən azad edilmişdir. Hazırda iddiaçı cavabdehin qeyd olunan əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün mükafatlar da daxil olmaqla əmək haqqının ödənilməsini tələb edir. Məhkəmə iddianı əsaslı hesab edir və bunu aşağıdakılarla əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verərkən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” (əmək müqaviləsinin müddətinin qurtarması) bəndinə istinad edərək iddiaçı ilə cavabdeh orqan arasında bağlanmış müddətli əmək müqaviləsinin müddətinin başa çatmasını göstərmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin- -45.1-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. -45.3-cü maddəsinə əsasən müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. -45.4-cü maddəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. 45.5-ci maddəsinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. İstinad olunan normanın məzmunundan da aydın olur ki, fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edən əmək müqaviləsi müddətsiz əmək müqaviləsi hesab edilir. İş materiallarına əlavə edilmiş sənədlərdən də göründüyü kimi iddiaçı ilə cavabdeh arasında bağlanmış 23.07.2004-cü il tarixli əmək müqaviləsi üzrə əmək münasibətləri 5 ildən artıq müddətə davam etmişdir. Belə olan halda həmin əmək müqaviləsi müddətsiz əmək müqaviləsi hesab edilə bilər. Həmçinin qeyd edilməlidir ki, sonradan bağlanmış əmək müqavilələrində 23.07.2004-cü ildə bağlanmış əmək müqaviləsinə və digər sonrakı müqavilələrə xitam verilməsi barədə hər hansı müddəa nəzərdə tutulmamışdır. Bundan əlavə 05.01.2017-ci il tarixli əmək müqaviləsinin 1.2-ci bəndində qeyd olunmuş “işçi İddiaçı 06.01.2017-ci il tarixdən Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X7 Departamentinin vergi ödəyicilərinə xidmət və uçot idarəsinin 9-cu zona üzrə şöbəsinin böyük dövlət vergi müfəttişi vəzifəsinə keçirilir” ifadəsi ilə cavabdeh orqan özü göstərmişdir ki, iddiaçı işə yeni qəbul edilən işçi deyildir, o, yalnız işlədiyi vəzifədən bu əmək müqaviləsində göstərilən vəzifəyə keçirilmişdir, bu da işçi ilə bundan əvvəlki əmək müqaviləsinin ləğv edilmədiyini və əmək münasibətlərinin fasiləsiz (5 ildən artıq) davam etməsini bir daha təsdiq edir. Beləliklə müəyyən olunur ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən 09.07.2018-ci il tarixli **********656100 nömrəli əmr verilərkən qanunvericiliyin qeyd olunan tələbləri pozulmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. -70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 09.07.2018-ci il tarixli **********656100 nömrəli əmri ləğv edilməli, iddiaçı əvvəlki vəzifəsinə bərpa edilməklə ona məcburi iş buraxma müddəti üçün mükafatlar da daxil olmaqla əmək haqqının ödənilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1 maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Vergilər Nazirliyinin 09.07.2018-ci il tarixli **********656100 nömrəli əmri ləğv edilsin. İddiaçı Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri X7 Departamentində (indiki Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsində) tutduğu vəzifəsinə bərpa edilməsi və 06.07.2018-ci il tarixdən ona məcburi iş buraxma müddəti üçün mükafatlar da daxil olmaqla əmək haqqının ödənilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1571/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1571/2021
17.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver