Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1571/2025 07.04.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, Cavabdehin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2017-ci il tarixdən pensiyasının hesablanması və pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1966-cı ildə anadan olmuş, uzun illər ədliyyə orqanlarında işləmişdir. Sonuncu iş yeri Gədəbəy rayon İcra şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu vəzifəsi olmuşdur. xx.xx.1999-cul il tarixdən xx.xx.2017-ci il tarixə kimi Gədəbəy rayon İcra şöbəsində işləmişdir. İşdən azad olunandan bu günə kimi pensiya almır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 123 nömrəli qərarı ilə təsdiq edilmiş Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi qaydalarına müvafiq olaraq təqvimi hesablama ilə 18 il 1 ay 4 gün güzəştli hesablama ilə 28 il 1 ay 4 gün təşkil edir. Ona pensiya təyin edilməsindən ötrü cavabdeh orqana müraciət etsə də, cavabdeh orqan tərəfindən ona imtina cavabı verilmişdir. İşin şifahi məhkəmə baxışı iclası 07 apel 2025-ci il tarixə təyin edilmişdir. Cavabdehin etibarnamə üzrə nümayəndəsi X2 iddianı qəbul etməyərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasına gəlməmiş və məhkəmə onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2025-ci il tarixli, 3-17-1/2-2560/2025 nömrəli etirazdan görünür ki, cavabdehin imtinası qanunidir və iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir: "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddesinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.7-ci maddəsinə əsasən ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il qulluq stajı olan ədliyyə işçilərinin (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Normayaradıcı ədliyyə işçisi kimi yaşa görə əmək pensiyası almaq hüququ verən qulluq stajının müddətini və ədliyyə orqanlarında qulluq stajına hesablanan digər müddətlərin siyahısını imperativ şəkildə müəyyən edir. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərə əsasən, onun ədliyyə orqanlarında olan qulluq dövrü xx.xx.1999-cu il tarixdən xx.xx.2017-ci il tarixədək olan sözügedən orqanlardakı əmək fəaliyyəti və iddiaçının xx.xx.1984-cü il tarixdən xx.xx.1986-cı il tarixədək hərbi xidmət keçdiyi dövr olmaqla ümumilikdə 20 il 01 ay 06 gün təşkil edir. M.X4 müraciət ərizəsində "güzəştli qulluq stajı kimi ədliyyə orqanlarında qulluq illərinə daxil edilməsini tələb etdiyi kolxozda olan əmək fəaliyyəti dövrü və ali təhsil dövrlərinin ədliyyə işçilərinin qulluq stajına daxil edilməsi yuxarıda qeyd olunmuş ədliyyə işçilərinin qulluq stajına hesablanan müddətlərin qəti siyahısında nəzərdə tutulmayıb. Belə olan halda, iddiaçının ədliyyə orqanlarında qulluq stajı qanunvericiliklə müəyyən edilmiş həddən az olduğundan ona ədliyyə işçisi kimi yaşa görə əmək pensiyasının təyin edilməsi qüvvədə olan qanunvericiliyin tələblərinə ziddir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - surəti işə əlavə edilmiş iddiaçıya məxsus НЗ № ******* nömrəli hərbi biletinin surəti; - surəti işə əlavə edilmiş iddiaçıya məxsus ******* nömrəli əmək kitabçasının surəti ; - surəti işə əlavə edilmiş iddiaçıya məxsus AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - surəti işə əlavə edilmiş iddiaçıya məxsus ABБ 01648800 nömrəli diplomun surəti; - surəti işə əlavə edilmiş iddiaçıya məxsus 021425 nömrəli diplomun surəti; - surəti işə əlavə edilmiş cavabdeh orqan tərəfindən iddiaçıya göndərilmiş imtina məktubu; - iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2025-ci il tarixli, 3-16-6/2-65/25 nömrəli məhkəmə sorğusuna cavabdan görünür ki, İddiaçı ədliyyə orqanlarında xüsusi rütbə nəzərdə tutulan vəzifələrdə qulluq etmiş, o cümlədən xx.xx.1999-cu il tarixdən Məhkəmə qərarlarının icrası baş idarəsinin Gədəbəy rayon ədliyyə polis bölməsində inspektor, xx.xx.2001-ci il tarixindən isə Gədəbəy rayon icra şöbəsinin icra məmuru vəzifəsində işləmiş və ərizəsinə əsasən xx.xx.2017-ci il tarixdə tutduğu vəzifədən azad edilərək ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. İ dərəcələ ədliyyə qulluqçusu xüsusi rütbəsində olmuşdur. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, həmçinin mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslı deyildir. Belə ki, "Əmək pensiyaları haqqında" Qanunun 9-cu və 9.7-ci maddəsinin 01 iyul 2017-ci il tarixədək qüvvədə olan redaksiyasının tələbləri baxımından iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün yeganə şərt ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 35 il qulluq stajının olmasıdır. İddiaçıya məxsus ******* №-li əmək kitabçasının surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1999-cu il tarixdə Ədliyyə polis orqanlarında xidmətə qəbul olunaraq Gədəbəy rayon Ədliyyə polis bölməsinin inspektoru vəzifəsinə təyin edilmiş ( Əmr № 642 ş/h, xx.xx.1999); xx.xx.2001-ci ildə iş yeri ixtisara düşdüyünə görə ədliyyə polis orqanlarından xaric edilib ( Əmr № 757 ş/h, xx.xx.2001); xx.xx.2002-ci ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Gədəbəy rayon məhkəmə nəzarətçiləri və məhkmə icraçıları qrupunun məhkəmə nəzarətçisi vəzifəsinin müvəqqəti icrası həvalə edilmmişdir (Əmr № N3-K ş/h, xx.xx.2001); xx.xx.2002-ci il tarixdə Gədəbəy rayon məhkəmə nəzarətçiləri və məhkmə icraçıları qrupunun məhkəmə nəzarətçisi vəzifəsinə təyin edilmişdir (Əmr № N91-K, xx.xx.2002); xx.xx.2015-ci il tarixdə struktur dəyişikliyi ilə əlaqədar Gədəbəy rayon icra qrupu icra şöbəsi adlandırılmışdır. (Əmr № 8-T, xx.xx.2015); xx.xx.2017-ci il tarixdə öz arzusu ilə xx.xx.2017-ci il tarixdən tutduğu vəzifədən azad edilərək ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. (Əmr № 421-K, xx.xx.2017). İddiaçının ədliyyə orqanlarında qulluq stajı xx.xx.1999-cu il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövrü əhatə etməklə, həmçinin iş materiallarında olan iddiaçıya məxsus НЗ seriyalı ******* №-li hərbi biletin surətindən görünür ki, xx.xx.1984-cü ildən xx.xx.1986-cı il tarixədək həqiqi hərbi xidmətdə olduğu dövr olmaqla ümumilikdə 20 il 01 ay 06 gün təşkil edir. Məhkəmə qeyd edir ki, iddiaçının ədliyyə orqanlarında qulluq illərinə daxil edilməsini tələb etdiyi kolxozda olan əmək fəaliyyəti dövrü və ali təhsil dövrlərinin ədliyyə işçilərinin qulluq stajına daxil edilməsi ədliyyə işçilərinin qulluq stajına hesablanan müddətlərin qəti siyahısında nəzərdə tutulmayıb. Belə ki, "Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 123 nömrəli Qərarının 2.2. ci bəndinə əsasən, ədliyyə orqanları işçilərinin qulluq illərinə aşağıdakı müddətlər daxil edilir: - hakim vəzifəsində işlədikləri müddət; - "Prokurorluq haqqında" Azərbaycan Respublikasının Qanununda göstərilən prokurorluq işçisi vəzifələrində qulluqda olduqları müddət; - hüquq mühafizə və fövqəladə hallar orqanlarının sıravi ve rəis heyəti vəzifələrində, eləcə də Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vergi cinayətlərinin ibtidai araşdırılması orqanında xidmət keçdikləri müddət: - digər dövlət orqanlarında dövlət qulluğu vəzifəsində işlədikləri müddət; - 1991-ci il oktyabrın 18-dək sovet və partiya orqanlarında hüquq mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericilik və ya təşkilati təminatı ilə bağlı vəzifələrdə işlədikləri müddət: - hakim vəzifəsinə namizədlər üçün nəzərdə tutulmuş tədris kurslarını bitirmiş, lakin hakim vəzifəsinə təklif olunmamış şəxslərin tədris kurslarına cəlb olunduqları dövr; - ədliyyə orqanlarında qulluq edərkən, seçkili orqanlara seçilmiş işçilərin həmin orqanlarda işlədikləri müddət; - Azərbaycan Ordusunda və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, habelə SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət müddəti, zabit, gizir, miçman və müddətdən artıq hərbi qulluqçu vəzifələrində xidmət müddəti; - xarici ölkələrin ədliyyə, digər hüquq mühafizə və dövlət hakimiyyəti orqanlarında müvafiq vəzifədə xidmət (qulluq) keçdikləri müddət. Qeyd olunan qanunvericilik normalarından aydın olur ki, normayaradıcı ədliyyə işçisi kimi yaşa görə əmək pensiyası almaq hüququ verən qulluq stajının müddətini və ədliyyə orqanlarında qulluq stajına hesablanan digər müddətlərin siyahısını imperativ şəkildə müəyyən edir. Belə olan halda, iddiaçının ədliyyə orqanlarında qulluq stajı qanunvericiliklə müəyyən edilmiş həddən az olduğundan ona ədliyyə işçisi kimi yaşa görə əmək pensiyasının təyin edilməsi qüvvədə olan qanunvericiliyin tələblərinə ziddir. Belə ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.7-ci maddəsinə əsasən ədliyyə orqanlarında xüsusi rütbələr nazarda tutulan vəzifələrdə azı 35 il qulluq stajı olan ədliyyə işçilərinin (xüsusi rütbələrdən məhrum edilmiş ədliyyə işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının ədliyyə orqanlarında qulluq stajı ümumilikdə 20 il 01 ay 06 gün təşkil edir. Dövlət qulluğu haqqında” Qanun (xx.xx.2022-ci il tarixdə qüvvədə olan redaksiyada) Maddə2. Dövlətqulluğu... 2.3. Prokurorluq, ədliyyə, müdafiə, fövqəladə hallar, dövlət təhlükəsizliyi xidməti, xarici kəşfiyyat xidməti, sərhəd xidməti, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti, xüsusi dövlət mühafizə xidməti, miqrasiya xidməti, daxili işlər, gömrük, vergi və xarici işlər orqanlarında, Azərbaycan Respublikasının Mərkəzi Bankında dövlət qulluğunda çalışan şəxslərin dövlət qulluğu keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir və bu orqanlarda qulluq dövlət qulluğunun xüsusi növüdür. Bu orqanların (Azərbaycan Respublikasının Mərkəzi Bankı istisna olmaqla) aparatlarında çalışan və hərbi və ya xüsusi rütbəsi olmayan şəxslərə (dövlət qulluqçusu olmayan işçilər – xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s. istisna olmaqla) bu Qanun şamil edilir. Maddə 23. Dövlət qulluqçularının pensiya təminatı 23.1. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Maddə 32-1. Dövlət qulluğunda olmanın yaş həddi 32-1.1. Dövlət qulluqçusunun dövlət qulluğunda olmasının yaş həddi 65-dir. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”Qanun... Maddə 2. Ədliyyə orqanlarında qulluq keçmənin hüquqi əsasları 2.1. Ədliyyə orqanlarında qulluq keçmənin hüquqi əsaslarını Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, bu Qanun, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi, “İcra haqqında”, “İcra məmurları haqqında”, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında”, “Notariat haqqında” Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikasının digər normativ hüquqi aktları təşkil edir. 2.2. Ədliyyə orqanlarında qulluğa qəbul və qulluq keçmə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun vətəndaşların dövlət qulluğuna qəbul edilmək hüququna, qulluğa qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin həmin Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, bu Qanun və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə tənzimlənir. Maddə18. Ədliyyə orqanlarında qulluq keçmənin yaş həddi 18.1. Ədliyyə orqanları işçisinin ədliyyə orqanlarında qulluqda olmasının yaş həddi 60 yaşdır. 18.5. Ədliyyə orqanlarında qulluq keçmiş şəxslər məhkəmə, prokurorluq, digər hüquq mühafizə, o cümlədən fövqəladə hallar orqanlarına və ya hərbi orqanlara işə qəbul edilərkən onların ədliyyə orqanlarındakı qulluq illəri həmin orqanlarda qulluq illərinə daxil edilir və daşıdıqları xüsusi rütbələr saxlanılır. Həmin orqanlarda, habelə hüquq mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericilik və ya təşkilati təminatı ilə bağlı vəzifələrdə işləmiş ədliyyə orqanlarına qulluğa qəbul edilmiş şəxslərin qulluq illəri ədliyyə orqanlarında qulluq illərinə daxil edilir. Maddə 21. Xüsusi rütbələrin verilməsi qaydası ... 21.13. Məhkəmə, prokurorluq, hüquq mühafizə, o cümlədən fövqəladə hallar, hərbi və digər dövlət orqanlarından ədliyyə orqanlarına işə keçmiş işçilərə xüsusi rütbə onların vəzifələri, əvvəlki xüsusi, hərbi rütbəsi nəzərə alınmaqla bu Qanuna əsasən verilir. Ədliyyə orqanlarına qulluğa qəbul edilən və ya dövlət qulluğundan ədliyyə orqanlarına qulluğa keçirilən şəxslərə xüsusi rütbə verilərkən onların dövlət qulluğunda malik olduqları ixtisas dərəcəsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 may tarixli 123 nömrəli qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi”Qaydası: 2.2. Ədliyyə orqanları işçilərinin qulluq illərinə onların aşağıdakı orqanlarda işlədikləri müddətlər də daxil edilir: 2.2.2. “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda göstərilən prokurorluq işçisi vəzifələrində qulluqda olduqları müddət; “Əmək pensiyaları haqqında” Qanun (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyası): Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.7. Ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il qulluq stajı olan ədliyyə işçilərinin yaşa görə əmək pensiyası hüququ vardı. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin olunmasından imtina etməsi əsaslı və qanuni olmuş, iddiaçının iddia tələbi isə əsassız və qanunsuzdur. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2017-ci il tarixdən pensiyasının hesablanması və əmək pensiyasının təyin edilməsi mümkün deyildir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı əmək pensiyasının təyin edilməsi tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə (Ünvan: Gəncə şəhəri, Atatatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-1571/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1571/2025
07.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver