Məhkəmə qərarları › İş №2-1(114)-1572/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1572/2021

26.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1572/2021 26.11.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X5, üçüncü şəxs X6 etibarnamə üzrə nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı cavabdeh Tərtər rayon Qarağacı Bələdiyyəsinə (üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi, X10) qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən e t d i: İddiaçı cavabdeh Tərtər rayon Qarağacı bələdiyyəsinə (üçüncü şəxs X10) qarşı 12 ha torpaq sahəsinin X6 icarəsinə verilməsinə dair Tərtər rayon Qarağacı bələdiyyəsinin 20.09.2006-cı il tarixli, 10 saylı qərarın ləğv edilməsi barədə iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Tərtər rayon Qarağacı bələdiyyəsinin 20.09.2006-cı il tarixli, 10 saylı qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Tərtər rayon Qarağacı bələdiyyəsinin sabiq sədri 01.06.2004-cü il və 28.03.2005-ci il tarixdə qanunsuz qərar qəbul edərək, 12 ha torpaq sahəsini X3 icarəyə vermişdir. Qeyd olunan bələdiyyə qərarları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.03.2000-ci il tarixli 42 saylı qərarına ziddir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 07.08.2019-cu il tarixli, 2-1(083)-803/2019 nömrəli qərarı ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Tərtər rayonu Qarağacı bələdiyyəsinin 20 sentyabr 2006-cı il tarixli, 10 saylı qərarının 12 hektar kənd təsərrüfatı məhsulları istehsalı və heyvandarlıq təyinatlı torpaq sahəsinin X8 65 il müddətinə icarəyə verilməsi hissəsi üzrə ləğv edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı üçüncü şəxs apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 07.08.2019-cu il tarixli qərarının ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02.09.2020-ci il tarixli, 2- 1(104)-72/20 nömrəli qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 07.08.2019-cu il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 13.01.2021-ci il tarixli 2-1(102)- 270/2021 nömrəli qərarı ilə Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02.09.2020-ci il tarixli, 2-1(104)-72/2020 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17.03.2021-ci il tarixli, 2- 1(104)-318/2021 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 07.08.2019-cu il tarixli, 2-1(083)-803/2019 nömrəli qərar ləğv edilmiş, iş yenidən araşdırılması üçün Gəncə İnzibati Məhkəməsinə qaytarılmışdır. İddiaçı 05.11.2021-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək cavabdeh Tərtər rayonu Qarağacı bələdiyyəsinə (üçüncü şəxslər X10 və DƏDRX-nin 7 saylı Bərdə ərazi idarəsi) qarşı Tərtər rayonu Qarağacı bələdiyyəsinin 20 sentyabr 2006-cı il tarixli 10 saylı protokol-qərarının ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı həmçinin məhkəməyə iddia qaldırmaq üçün Azərbaycan Respublikası İPMin 38-ci maddəsində nəzərdə tutulan prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim etmiş, hazırkı iddia tələbinə mahiyyəti üzrə baxılması üçün prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mübahisəli ərazi məcburi köçkün ailələrinin istifadəsində olmuşdur. 2018-ci ildə ailələr yeni qəsəbəyə köçdükdən sonra müxtəlif orqanlara edilən müraciətlər nəticəsində ona məlum olmuşdur ki, keçmiş bələdiyyə bu torpağı uzun müddətə müqavilə ilə icarəyə vermişdir. 13.06.2019-cu il tarixdə məhkəmə iclasında işə baxılarkən qərarın tarixi və nömrəsi barədə məlumatlı olmuşdur. Cavabdehin nümayəndəsi X11 məhkəmə iclasında verdiyi izahatda göstərmişdir ki, vətəndaş haqlıdır, tək iddiaçı deyil, bütün kənd sakinləri həmin uzun müddətli müqavilənin əleyhinədir, odur ki, həmin tarixli qərar ləğv edilməli, 12 ha torpaq sahəsi örüş sahəsi olduğuna görə ümumi istifadəyə qaytarılmalıdır. Üçüncü şəxsin nümayəndəsi və vəkili X7 məhkəmə iclasında iddia tələbinin rədd olunmasını xahiş edərək izahatında göstərmişdir ki, 20.09.2006-cı il tarixdə Qarağacı bələdiyyəsi ilə Əhməd Səfərovun arasında 12 ha torpaq sahəsinin 65 illik icarəyə verilməsi barədə müqavilə bağlanmış, həmin torpaq sahəsi üzərində onun hüquqları 13.12.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Sahibkarlığa Kömək Milli Fonduna müraciət etdikdən sonra həmin qurumun nümayəndələri Əhməd Səfərovun torpağına, mal-qarasına və fermasına baxış keçirmiş və ona maldarlığın inkişafı üçün 25.07.2019-cu il tarixdə 100000 manat məbləğdə kredit vermişlər. Bundan başqa, o, 2017ci ildə 15000 manat xərcləyərək sözügedən torpaq sahəsində artezian quyusu qazdırmış, torpağa 40000-50000 manat məbləğdə mineral gübrələr verdirmiş, qrunt sularını qurutmaq məqsədi ilə 10000 manat məbləğdə drenaj-kollektor sistemi düzəltdirmiş, habelə torpağın hamarlama işlərinə 20000 manat xərcləmişdir. Odur ki, qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin olunmaması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İlkin olaraq məhkəmə iddiaçının iddia qaldırmaq üçün Azərbaycan Respublikası İPM-in 38-ci maddəsində nəzərdə tutulan prosessual müddətin bərpa edilməsi barədə ərizəsini nəzərdən keçirib qeyd edir ki, işdə olan sənədlərdən məlum olur ki, iddiaçı hazırkı iş üzrə mübahisələndirdiyi qərarın tarixi və nömrəsi barədə məlumatı 13.06.2019-cu ildə əldə etmiş və 24.06.2019-cu ildə prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iddia tələbi üzrə qanunla nəzərdə tutulmuş prosessual müddət ötürülməmişdir. Əks yanaşma iddiaçının məhkəmə müdafiəsi hüququnu məhdudladırmağa gətirib çıxara bilər. Göründüyü kimi hazırki iddia – mübahisələndirimə haqqında iddia növünə aiddir və iddiaçı inzibati aktın - Tərtər rayon Qarağacı bələdiyyəsinin 20.09.2006-cı il tarixli, 10 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatının dinləyib, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, mübahisələndirmə haqqında iddia onunla səciyyələnir ki, iddiaçı onu əlverişsiz vəziyyətə salan, yəni onun hüquqi sferasına müdaxilə edən inzibati aktın ləğv edilməsini və ya dəyişdirilməsini məhkəmədən tələb edir. İnzibati İcraat haqqında Qanunun 67.1-ci maddəsində də inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati aktın qanunsuz sayılması təsbit edilmişdir. Bununla yanaşı, mübahisələndirmə haqqında iddianın özəlliyi ondadır ki, iddianı təmin edən məhkəmə qərarı dəyişdirici təsirə malik olur. Yəni belə bir məhkəmə qərarı inzibati aktın yaratdığı hüquqi nəticələri aradan qaldırmaqla, bilavasitə (inzibati orqan tərəfindən məhkəmə qərarının icrasına zərurət qalmadan) hüquqi vəziyyəti dəyişdirir. Mübahisələndirmə haqqında iddianın predmetini, yalnız (ən azı qismən) əlverişsiz inzibati akt təşkil edə bilər. Əlverişsiz (yükləyici) inzibati aktın ünvanlandığı şəxs həmin inzibati akta qarşı mübahisələndirmə haqqında iddia qaldırmağa bütün hallarda səlahiyyətli olur. Çünki iddiaçının onun üçün əlverişsiz (yükləyici) nəticələr yaradan inzibati aktın ləğv edilməsinə dair maddi-hüquqi tələbi mövcuddur. İnzibati İcraat haqqında Qanunun 2.0.11-ci maddəsinə əsasən maraqlı şəxsi hüququndan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifələr qoyan akt əlverişsiz (yükləyici) inzibati aktdır. Əlverişsiz (yükləyici) inzibati aktın qəbulu həmişə inzibati aktın ünvanlandığı vətəndaşın hüquqlarına müdaxilə deməkdir və mübahisələndirmə haqqında iddia yalnız o zaman mümkün sayılır ki, mübahisələndirilən inzibati akt iddiaçının hüquq və qanunla qorunan maraqlarını, başqa sözlə, iddiaçının (subyektiv) hüquqlarını pozsun. İş materiallarında olan Tərtər rayonu Qarağacı bələdiyyəsinin 20.09.2006-cı il tarixli 10 saylı iclas protokolunun çıxarışından görünür ki, Tərtər rayonu, Azadqaraqoyunlu kənd sakini X6 ərizəsi nəzərə alınmaqla kənd təsərrüfatı məhsulları əkib-becərmək və heyvandarlığın inkişafı məqsədi üçün bələdiyyə mülkiyyətində torpaq sahəsindən 12 ha torpaq sahəsi 65 (altmış beş) il müddətinə X8 icarəyə verilmişdir. İş materiallarında olan A 332797 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Tərtər rayonu Qarağacı bələdiyyəsinin 20.09.2006-cı il tarixli 10 saylı qərarına əsasən X2 təsərrüfatı məhsullarının istehsalı və heyvandarlıq üçün 12 ha torpaq sahəsi 65 il müddətinə icarəyə verilmişdir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 13.12.2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan və 30.08.2016-cı il tarixli 083490 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Tərtər rayonu Qarağacı bələdiyyəsinin 20.09.2006-cı il tarixli 10 saylı qərarına əsasında X8 65 il müddətinə icarəyə verilən 12 ha torpaq sahəsi üzərində sonuncunun icarə hüququ qeydiyyata alınmışdır. Məhkəmənin sorğusu əsasında Tərtər rayon Qeydiyyat şöbəsinin 03.08.2021-ci il tarixli 05/13-429/76 nömrəli məktubu ilə X6 02.12.1967-ci il tarixli 77 nömrəli doğum haqqında və X1 13.12.2005-ci il tarixli 22 nömrəli ölüm haqqında akt qeydlərinin surəti məhkəməyə təqdim edilmişdir. Məhkəmənin sorğusu əsasında Tərtər rayon Dövlət arxivinin 04.08.2021-ci il tarixli 24 nömrəli məktubu ilə Tərtər rayon Qarağacı bələdiyyəsinin 2006-cı il 10 saylı protokolunun, 28.03.2005-ci il tarixli protokolunun və 2004-cü il 01 saylı protokolunun tam mətnlərinin təsdiq olunmuş surəti məhkəməyə təqdim olunmuşdur. Həmin protokolların mətnlərində X6 və X1 adları aşkar edilməmişdir. Bundan başqa, hazırkı iş üzrə mübahisələndirilən Tərtər rayonu Qarağacı bələdiyyəsinin qərarı 20 sentyabr 2006-cı il tarixli 10 nömrəli protokol-qərar olsa da, Tərtər rayon Dövlət arxivinin 04.08.2021-ci il tarixli 24 nömrəli məktubu ilə təqdim edilən Tərtər rayonu Qarağacı bələdiyyəsinin 10 nömrəli protokol-qərarı 30 oktyabr 2006-cı il tarixdə tərtib edilmiş və həmin qərarda X10 ilə bağlı heç bir məsələ müzakirə olunmamışdır. Məhkəmənin sorğusu əsasında daxil olmuş Tərtər rayon Dövlət Arxivinin 05.11.2021-ci il tarixli 42 nömrəli məktubunda qeyd edilmişdir ki, Tərtər rayon Qarağacı bələdiyyəsinin 2006-cı il protokol kitabına baxış keçirilmiş, lakin 20.09.2006-cı il tarixli protokol aşkar edilməmişdir. Belə olan halda, məhkəmə qeyd edir ki, iddiaçının mübahisələndirdiyi inzibati akt - Tərtər rayon Qarağacı bələdiyyəsinin 20 sentyabr 2006-cı il tarixli, 10 nömrəli protokolqərarı mövcud olmadığından, yəni mübahisələndirilən qərar iddiaçının hüquqi maraqlarına toxunmadığından inzibati aktın ləğv edilməsi tələbinə dair iddia da mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlər əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 1.1, 35 və 80-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Tərtər rayon Qarağacı Bələdiyyəsinə (üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi və X10) qarşı qərarın ləğv edilməsi tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan tərəflər təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar