Məhkəmə qərarları › İş №2-1(114)-1572/2022

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1572/2022

22.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1572/2022 22.08.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X7 və X4) torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M üə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Goranboy rayonu Boluslu kəndində yerləşən, mərhum anası X8 məxsus olmuş 2970 kv.m torpaq sahəsinin anasının adına dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, X12 onun anasıdır və 2021-ci ildə vəfat etmişdir. 1958-ci ildə Goranboy rayonunun Cinliboluslu kolxozu tərəfindən fərdi qaydada ev tikdirmək üçün 0.29 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin üzərində 1958-ci ildə bir otaqlı, 1981-ci ildə isə iki otaqlı ev inşa edilmişdir. Evləri və torpağı dövlət qeydiyyatına aldırmaq istəsələr də, torpaq ölçülmədiyindən bu mümkün olmamışdır. 2003-cü ildə Goranboy Rayon Məhkəməsin qətnaməsi ilə X1 rayonunun Cinliboluslu kəndində 2970 kv.m torpaq sahəsində yerləşən evlərin mülkiyyətçisi hesab edilmişdir. Qətnamə qanuni quvvəyə mindikdən sonra mərhum anası Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi, X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə müraciət edərək fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu və qeydiyyat vəsiqəsi almışdır. Həmin qurumun texniki səhvinə görə anasının adına olan 2970 kv.m torpaq sahəsinə şəhadətnamə verilməmiş və sonra məlum olmuşdur ki, texniki pasportda göstərilən anasının adına olan həmin torpağın eskiz lahiyəsində göstərilən 0.2970 ha torpaq sahəsinin 0.11 hektarı qanunsuz olaraq bir məhəllə aralıda yerləşən qonşu X3 adına şəhadətnamə verilmişdir. Eyni zamanda X3 özünə məxsus olan, hazırda ailəsinin istifadəsində olan fərdi yaşayış evi və torpaq sahəsinə dair şəhadətnaməsi vardır. Cavabdehə müraciət edərək Goranboy rayonunun Bolsulu kəndində mərhum anası X8 məxsus olmuş 2970 kv.m həyətyanı torpaq sahəsinin mərhum anasının adına dövlət qeydiyyatına alınması barədə müraciət etmiş, lakin inzibati orqan imtina cavabı vermişdir. İddiaçı cavabdeh orqanın imtinasını qanunsuz və əsassız hesab edir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə X7 və X4 iş üzrə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X13 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, Goranboy rayonu Boluslu kəndində yerləşən, X5 mülkiyyətinə verilməli olan 2970 kv.m həyətyanı torpaq sahəsinin torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsinin hansı səbəbdən qonşu X6 və ailə üzvlərinin adına ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən işlənib hazırlanması onlara məlum deyil. Məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxslərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, işə əlavə edilmiş:- -Goranboy Rayon Məhkəməsinin 2-46 nömrəli, 2003-cü il tarixli qətnaməsindən görünür ki, X1 rayonunun Cinli Boluslu kəndində 2970 kv.m torpaq sahəsində yerləşən ümumi sahəsi 48 kv.m iki yaşayış otağından və sahəsi 49.6 kv.m olan köməkçi sahədən ibarət “ A” literli evin, sahəsi 18 kv.m olan yaşayış otağının və sahəsi 15 kv.m olan köməkçi sahədən ibarət “B” literli evin, eləcə də sahəsi 45.4 kv.m olan “V” literli tövlənin mülkiyyətçisi hesab edilmişdir. -xx.xx.2004-cü il tarixli Vəsiyyətnamədən görünür ki, X10 özünə məxsus olan Goranboy rayon Cinli Boluslu kəndində yerləşən yaşayış evini oğlu İddiaçı vəsiyyət etmişdir. -JN-045F Kod 50910018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədən görünür ki, Goranboy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 07 saylı qərarı ilə 0.11 ha torpaq sahəsi X3 və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. -Goranboy rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 35 nömrəli arxiv arayışından görünür ki, arxivdə mühafizə olunan təssərüfatbaşına kitabın 142 nömrəli şəxsi hesabında ailə başçısı X9 olmaqla təsərrüfata arvadı- X12 və övladları daxil olmuş, təsərrüfatın şəxsi mülkiyyəti olan yaşayış evi və təsərrüfatın şəxsi istifadəsində olan torpaq sahəsi ümumilikdə 0.28 ha olmuş, eyni zamanda 1958-1965-ci illər Cinli Boluslu kənd XDS İN-nin və sovxozun arxiv sənədləri (sahənin koordinatlarını əks etdirən sənədlər) mühafizə olunmaq üçün rayon dövlət arxivinə təhvil verilməmişdir. Beləliklə müəyyən olunur ki, iddiaçının anası məhkəmə qətnaməsi ilə yaşayış evinin mülkiyyətçisi tanınaraq həmin yaşayış evinə qeydiyyat vəsiqəsi və texniki pasport əldə etmiş olsa da, habelə sözügedən əmlak vəsiyyətnamə ilə iddiaçıya verilmiş olsa da, torpaq sahəsinin döngə nöqtələrinin koordinatları, dəqiq yerləşmə planı barədə sənəd mövcud deyildir. Halbuki, torpaq sahəsinin mövcudluğunu müəyyən edə bilmək üçün təkcə həmin torpaq sahəsinin ayrılmasını təsdiq edən sənədlər kifayət etmir, həmin torpaq sahəsinin müvafiq kadastrda və dövlət qeydiyyat sənədlərində sərhədləri, ölçüləri, coğrafi mövqeyi və.s əks olunmalıdır. Əks halda iddiaçının təqdim etdiyi qərar əsasında Goranboy rayonu Cinliboluslu kəndi (Boluslu kəndi) ərazisində istənilən torpaq sahəsinə iddia etmək hüququ tanınmalı olardı. İddiaçı müvafiq sənədlər əsasında Goranboy rayonu Cinliboluslu kəndi (Boluslu kəndi) ərazisindən 2970 kv.m torpaq sahəsinin mərhum anasına verilmiş torpaq sahəsi olduğunu iddia etsə də, torpaq sahəsinin sərhədlərini (koordinatları) və yerləşmə yerini müəyyən edə bilmək üçün zəruri sənədlər olmadığından ayrılmış torpaq sahəsinin iddia olunan torpaq sahəsi ilə üst-üstə düşüb-düşmədiyini də müəyyən etmək mümkün deyildir. Digər tərəfdən Goranboy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 07 saylı qərarı ilə 0.11 ha torpaq sahəsi X3 və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir və sözügedən hüquq müəyyənedici sənədlər qüvvədə olduğu halda torpaq sahəsinin digər şəxsin (hazırki halda iddiaçının mərhum anasının) adına qeydə alınması mümkün deyildir. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. -Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin:- -35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının vəqanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. -35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Qəraraaldı: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar