Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1575/2020 21.09.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyinin tabeliyində Dövlət X2 publik hüquqi şəxsin Şəmkir rayon filialına qarşı müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyinin tabeliyində Dövlət X2 publik hüquqi şəxsin Şəmkir rayon filialına qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona müharibə veteranı vəsiqəsi verildiyi tarixdən əvvəlki 3 il üçün müharibə veteranları üçün nəzərdə tutulan sosial müavinətin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçıya Müdafiə Nazirliyi tərəfindən xx.xx.2001ci il tarixdə müharibə veteranı vəsiqəsi verilmişdir. Həmin tarixdən başlayaraq ona müharibə veteranları üçün nəzərdə tutulmuş aylıq müavinət verilir. Müharibə veteranı vəsiqəsi verildiyi tarixdən əvvəlki 3 il üçün müavinətin ödənilməsi ilə bağlı cavabdehə müraciət etsə də sonuncu bundan imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyi tabeliyində Dövlət X2 publik hüquqi şəxsin Şəmkir rayon filialı tərəfindən məhkəməyə xx.xx.2020-ci il tarixdə göndərilmiş iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, qanunvericiliklə müharibə veteranları üçün nəzərdə tutulmuş güzəştlərin, yəni müavnətlərin veteran vəsiqəsi təqdim olunduqda həyata keçirilməsi qaydası təsbit edilmişdir. Bu mənada İddiaçı müvafiq vəsiqənin verildiyi tarixdən əvvəlki üç illik dövrə görə də müavinətin ödənilməsi barədə tələbi qanuni və əsaslı sayıla bilməz. Bu səbəbdən də iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -AR ƏƏSMN yanında DSMF-nin Şəmkir rayon şöbəsinin xx.xx.2020-ci il tarixli **********3 nömrəli məktubunun məzmunundan görünür ki, İddiaçı əvvəlki illər üçün sosial müavinətin ödənilməsindən imtina edilmişdir. -050058 nömrəli müharibə veteranı vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2001-ci il tarixdən müharibə veteranı statusu verilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab etmir. Belə ki, iddiaçı müharibə veteranlarına təyin edilən sosial müavinətin ona vəsiqə verildiyi tarixdən əvvəlki üç il ödənilməsini tələb edir. Cavabdeh orqan isə iddiaçıya xx.xx.2001-ci il tarixdə veteran vəsiqəsi verildiyi üçün müavinətin də həmin tarixdən təyin olunaraq ödənildiyini qeyd edərək əvvəlki dövr üçün sosial müavinətin ödənilməsinin qanunvericiliklə nəzərdə tutulmadığına görə onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Konstitusiyada və beynəlxalq-hüquqi aktlarda əksini tapan sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə müavinət almaq hüququnu da ehtiva edir. Veteranların müavinət almaq hüququ “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə və “Azərbaycan Respublikasının ərazi bütövlüyüuğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 257 nömrəli Fərmanı ilə tənzimlənir. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 257 nömrəli Fərmanı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, lakin sonradan müharibə veteranı vəsiqəsini almış, əvvəlki dövrlər üçün müavinət almamış müharibə veteranlarına münasibətdə bu Fərmanla müəyyən edilmiş müavinətin məbləğinin verilməsi məsələsi Konstitusiyanın 12 və 16-cı maddələrinin tələbləri baxımından həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun: -1.0.1-ci maddəsinə görə, sosial müavinətlər– bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. -3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu qanunla müəyyən edilmiş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. -9.1-ci maddəsinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli qərarı ilə təsdiq olunmuş “müharibə veteranları, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 4-cü bəndinə əsasən, veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Qanunvericiliyin istinad olunan müddəalarını nəzərə almaqla məhkəmə hesab edirki, sosial müavinətin cavabdehin imtinasında göstərdiyi kimi müharibə veteranı vəsiqəsinin verildiyi tarixdən təyin edilməli olmasına dair qanunda məcburi göstəriş nəzərdə tutulmamışdır. Qanunda müavinət almaq hüququ iki müddətlə, Qanunun qüvvəyə mindiyi günlə və hüququn yarandığı günlə məhdudlaşdırılmışdır. Birinci halda hüququn yarandığı gün bu Qanunun qüvvəyə mindiyi gündən əvvələ təsadüf etdikdə, sözügedən sosial müavinətin Qanunun qüvvəyə mindiyi gündən təyin edilir. İkinci halda, yəni bu Qanunun qüvvəyə mindiyi gündən sonra hüququ yaranmış şəxslərin ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün sosial müavinət almaq hüququ müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli, 311 nömrəli qərarı ilə təsdiqlənmiş «Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılmasıvə saxlanılması» qaydalırının 1.3. maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasınınkeçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla) müraciət edilmə vaxtından asılı olmayaraq, onu almaq hüququ yaranan gündən təyin edilir. Beləliklə yuxarıda istinad olunan qanunvericilik normalarına əsasən qeyd edilməlidir ki, iddiaçıya müharibə veteranı vəsiqəsi xx.xx.2001-ci il tarixdə verilsə də onun müavinət almaq hüququ “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunun qüvvəyə mindiyi (2006-cı il yanvarın 1-i) tarixə təsadüf edir, bu halda isə iddiaçının müharibə veteranı adının verildiyi tarixdən əvvəlki üç il üçün sosial müavinət almaq hüququ istisna edilir. Başqa sözlə “Sosial müavinətlər haqqında” Qanunun müvafiq tələbləri hazırki mübahisəyə tətbiq edilə bilməz. Azərbaycan Respublikasıİnzibati-Prosessual Məcəlləsinin:- -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1 maddəsinəəsasən məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-cimaddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyinin tabeliyində Dövlət X2 publik hüquqi şəxsin Şəmkir rayon filialına qarşı müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1575/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1575/2020
21.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver