Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1575/2023 12.09.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı Dövlət aktına düzəliş edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun və ailə üzvlərinin adına verilmiş “Torpağa mülkiyyət hüququna dair” JN-227 KOD 60919005 nömrəli Dövlət Aktında düzəliş edilərək 1.51 ha kimi qeyd edilmiş torpaq sahəsinin ölçüsünün 2.51 ha kimi qeyd edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 1999-cu ildə Ağdam rayonunda keçirilən torpaq islahatı zamanı iddiaçıya və 5 nəfərdən ibarət ailə üzvülərinə Ağdam rayonu Alıbəyli kəndi ərazisindən 2,51 ha pay torpaq sahəsi verilmişdir. Hazırda da həmin torpaq sahəsi onun və ailə üzvlərinin istifadəsindədir. Lakin Torpağa mülkiyyət hüququna dair JN-227 Kod 60919005 olan Dövlət Aktında ona və ailə üzvlərinə verilmiş torpaq sahəsinin ölçüsü 2,51 hektar deyil texniki səhv olaraq 1.51 hektar kimi qeydə alınmışdır. Həmin ərizəyə əlavə edilmiş X1 üzvlərindən ibarət komissiya tərəfindən tərtib edilmiş xx.xx.2007-ci il tarixli Aktdan görünür ki,1999-cu ildə torpaq islahatı zamanı 5 nəfərdən ibarət ailə üzvlərinin hər birinə 0.52 ha pay torpaq sahəsi verilməklə 0.6 ha həyətyanı zəbt torpağı çıxılmaqla 2.51 ha pay torpağı verilmiş, lakin 227 nömrəli Dövlət Aktında texniki səhv olaraq 1.51 ha torpaq sahəsi göstərilmişdir. Həmin ərizəyə əlavə edilmiş Ağdam rayon Alıbəyli Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 13 nömrəli arayışından görünür ki, Torpaq islahartı zamanı ona və 5 nəfərdən ibarət ailə üzvlərinə 2,51 ha pay torpaq sahəsi verilmişdir. Həmin ərizəyə əlavə edilmiş Ağdam rayon Alıbəyli Bələdiyyəsinin xx.xx.2022-ci tarixli 13 nömrəli arayışından görünür ki, torpaq islahatı zamanı ona və ailə üzvlərinə 2,51 ha pay torpaq sahəsi verilmişdir Eyni zamanda qeyd edilən 2.51 ha torpaq sahəsi hazırda iddiaçının və ailə üzvlərinin istifadəsindədir, torpaq sahəsi ilə bağlı mübahisə yoxdur. Ona görə də Daşınmaz Əmlakın Dövlət Kadastrı və və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə müraciət edərək qanuni əsaslarla mülkiyyətinə verilmiş torpaq sahəsinin onun adına dövlət qeydiyyatına alınması və buna dair çıxarışın verilməsini xahiş etmiş, cavabdeh isə onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, islahat zamanı o yaşadığı kənddə kənd təsərrüfatı təyinatlı torpağın adambaşına norması 0.51 ha olmuşdur, hazırda faktiki 2.51 ha sahədən istifadə edirlər. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia mümkün sayılmamalıdır. Belə ki, işə əlavə edilmiş:- -“Torpağa mülkiyyət hüququna dair” JN-227 KOD 60919005 nömrəli Dövlət Aktından görünür ki, Ağdam rayon Aqrar İslahat Komissiyasının 1999-cu il 05 yanvar tarixli, 01 nömrəli qərarı ilə 1.51 ha torpaq sahəsi İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********12 nömrəli məktubundan görünür ki, Dövlət aktında düzəlişin edilməsi ilə bağlı iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. -"xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, 3-21-3-60/2-342/2023 nömrəli məktubundan görünür ki, Ağdam rayonu, Alıbəyli kəndi üzrə pay torpaq sahəsinin normasına dair Mərkəzin arxivində məlumat aşkar edilməmişdir. -Ağdam rayon Alıbəyli bələdiyyəsinin məktubunda bildirilir ki, Ağdam rayonu Alıbəyli kəndində torpaq islahatı gedən zaman Alıbəyli kənd sakini İddiaçı beş nəfər ailə üzvü olmaqla həyətyanı sahəsi 0,10 ha zəbti 0,06 ha olmaqla ailə sayına 0,52 ha-dan 2,51 ha pay torpaq sahəsi verilmişdir, həmin torpaq sahəsindən vətəndaş hal-hazırda istifadə edir, torpaq sahəsi yerində düzgündür, lakin vətəndaşlara Dövlət aktı paylananda İddiaçı adına gələn JN 227 nömrəli Dövlət aktında pay torpaq sahəsi 2,51 ha əvəzinə səhvən 1,50 ha kimi göstərilmişdir. Beləlikə müəyyən olunur ki, iddiaçı Ağdam rayon Aqrar İslahat Komissiyasının 1999cu il 05 yanvar tarixli, 01 nömrəli qərarı ilə əslində ona və ailə üzvlərinə 2,51 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verildiyini, lakin “Torpağa mülkiyyət hüququna dair” JN- 227 KOD 60919005 nömrəli Dövlət Aktında torpaq sahəsinin həcminin səhvən 1.51 qeyd edildiyini iddia edərək həmin dövlət aktında torpaq sahəsinin ölçüsünə düzəliş edilməsini cavabdehdən tələb edir. Əvvəla qeyd edilməlidir ki, Azərbaycan Respublikasında aqrar islahat aparılan zaman Aqrar İslahat Komissiyasının qərarları ilə vətəndaşların qanuni istifadəsində olan torpaq sahələri onların xüsusi mülkiyyətinə verilmişdir. Həmin torpaq sahələrinin qeydiyyata alınaraq torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə və Dövlət Aktlarının hazırlanaraq vətəndaşlara verilməsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq rayon şöbələri tərəfindən həyata keçirilmişdir. Torpaq islahatı haqqında Qanunun 22-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Göründüyü kimi, iddiaçı Dövlət aktını əldə etdiyi vaxtdan uzun müddət torpaq sahəsinin həcmini mübahisələndirməmiş, hazırda isə cavabdeh həmin səhvin düzəldilməsi ilə bağlı səlahiyyətli deyil. Həmçinin, iddiaçıya və ailə üzvlərinə mövcud olmuş pay normasından az həcmdə torpaq sahəsinin verilməsi həmin dövrdə səlahiyyətli olmuş Aqrar İslahat Komissiyasının qərarı ilə baş vermiş, lakin iddiaçı və ailə üzvləri qeyd olunan vəziyyəti qanunvericiliklə nəzərdə tutulmuş müddətdə mübahisələndirməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən hüquqi və fiziki şəxslərin hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı bələdiyyələr, icra hakimiyyəti orqanları və onların struktur qurumlarının cavabdeh qismində iştirak etdiyi işlər üzrə 2016-2017-ci illərdə məhkəmə təcrübəsi öyrənilərək məhkəmələrə tövsiyə olunmuşdur ki, “İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisə olunan inzibati aktın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-ci fəslində (Dövlət hakimiyyət orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 1 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, orqanların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdur”. Həmçinin “Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşsə, onlar yeni qanuna istinadla mübahisələndirilə bilməzlər”. Məhkəmə qeyd olunan tövsiyəni nəzərə alaraq hazırki iş üzrə də eyni hüquqi yanaşmanın tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Beləliklə, məhkəmə yuxarıda şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, iddiaçının buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli və iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə Qəraraaldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı Dövlət aktına düzəliş edilməsi tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1575/2023
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1575/2023
12.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver