Məhkəmə qərarları › İş №2-1(114)-1577/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1577/2021

02.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1577/2021 02.09.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsinə qarşı (üçüncü şəxs X12) uşağın soyadının və ata adının dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə 07.07.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 24.01.2006-cı il tarixdə anadan olmuş oğlu X2 və ata adının dəyişdirilərək, hazırda nikahda olduğu X1 və adına uyğun olaraq “X13” kimi qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 24.01.2006-cı il tarixdə anadan olmuş X14 iddiaçının X12 ilə olan nikahından doğulmuş oğludur. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 29.12.2009-cu il tarixli 2(043)-651/2009 saylı qətnaməsi ilə iddiaçının Anar Eyvazovla aralarında olan nikah pozulmuş, Tuncayın anasının yanında qalması və 29.12.2009-cu ildən başlayaraq hər ay cavabdeh X4 iddiaçının xeyrinə sabit pul məbləği ilə 40 manat alimentin tutulması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini alsa da, Anar Eyvazov indiyədək uşağın saxlanması üçün alimenti ödəməmiş, ümumiyyətlə uşaqla maraqlanmamış, görüşüb ünsiyyət saxlamamışdır. İddiaçı 15.05.2014-cü il tarixdə X7 ilə nikahını qeyd etdirməklə evlənmiş, Orxan Eminovla olan nikahından 3 uşağı olmuşdur. Əvvəlki nikahından olan uşağı X14 da Orxan Eminovun himayəsində yaşayır, o Tuncayı öz doğma övladı kimi sevir. X17 soyadının və ata adının öz soyadına və adına uyğun olaraq yazılmasını istəyir. Ona görə də, iddiaçı bununla bağlı cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan bundan imtina etmişdir. İddiaçı hazırlıq icraatı iclasında iddianı müdafiə etmişdir. Cavabdeh işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Üçüncü şəxs X9 məhkəmə iclasının vaxtı və yeri barədə AZEMİS vasitəsilə SMS bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Sürəti işə əlavə edilmiş Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 29.12.2009-cu il tarixli 2(043)-651/2009 saylı qətnaməsindən görünür ki, X11 ilə X12 arasında 22.11.2005ci ildə Bakı şəhəri Binəqədi rayon VVADQ şöbəsində 1167 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikahdan 24.01.2006-cı il tarixdə doğulmuş X6 anası X5 yanında qalması və 29.12.2009-cu ildən başlayaraq, X4 hər ay X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün 40 manat sabit pul məbləğində alimentin X5 xeyrinə tutulması qət edilmişdir. -02.02.2006-cı il tarixli AZ-İ 721006 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 24.01.2006-cı il tarixdə anadan olmuş, ata qrafasında X12, ana qrafasında X11 qeyd olunmuşdur. -03.05.2006-cı il tarixli, AZ-İİ 123517 nömrəli “Nikah haqqında” şəhadətnamənin surətindən görünür ki, X8 ilə İddiaçı arasında nikah bağlanmışdır. -Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsinin 06.07.2021-ci il tarixli, 66 nömrəli məktubundan görünür ki, iddiaçının övladının soyadına və ata adına dəyişiklik edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq edilən sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı əvvəlki nikahından 24.01.2006-cı il tarixdə doğulmuş X2 və ata adının dəyişdirilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh isə bundan imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:- -53.1-ci maddəsinə əsasən uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. -53.2-ci maddəsinə əsasən uşağa ad valideynlərinin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. -53.3-cü maddəsinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. -54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. -54.2-ci maddəsinə əsasən valideynlər ayrı yaşadıqda və uşaqla birlikdə yaşayan valideyn ona öz soyadını vermək istədikdə müvafiq icra hakimiyyəti orqanı bu məsələni digər valideynin rəyini nəzərə almaqla və uşağın maraqlarından asılı olaraq həll edir. Digər valideynin olduğu yeri müəyyənləşdirmək mümkün olmadıqda, o valideynlik hüquqlarından məhrum edildikdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, eləcə də üzürsüz səbəbdən uşağı saxlamaqdan və onun tərbiyəsindən yayındıqda həmin valideynin rəyini nəzərə almaq məcburi deyil. -54.4-cü maddəsinə əsasən 10 yaşına çatmış uşağın adı və soyadı yalnız onun razılığı ilə dəyişdirilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının:- -6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. -6.2-ci bəndinə əsasən adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. -6.4-cü bəndinə əsasən ərizə verən şəxsin istəyi ilə ata adı onu tərbiyə etmiş şəxsin razılığı ilə həmin şəxsin adı ilə dəyişdirilir. Qeyd olunan normaların təhlilindən də görünür ki, uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir, valideynlər ayrı yaşadıqda və uşaqla birlikdə yaşayan valideyn ona öz soyadını vermək istədikdə isə müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanı) bu məsələni digər valideynin rəyini nəzərə almaqla və uşağın maraqlarından asılı olaraq həll etməlidir. İş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunur ki, hazırda soyadına dəyişiklik edilməsi tələb edilən X10 doğularkən valideynlərinin soyadına uyğun olaraq valideynlərinin razılığı ilə “Eyvazov” soyadı verilmişdir və mövcud qanunvericiliklə uşağın soyadına dəyişiklik edilməsi üçün konkret hallar müəyyən edilmişdir ki, hazırda iddiaçının tələbi həmin halların şərtlərinə cavab vermir. Həmçinin qeyd edilməlidir ki, uşağa ata adı atasının adına görə verilir və ata adının dəyişdirilməsi isə yalnız uşaq 18 yaşına çatdıqdan sonra öz istəyi ilə həyata keçirilə bilər. Beləliklə məhkəmə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsinə qarşı uşağın soyadının və ata adının dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar