Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1577/2023 05.04.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı mülkiyyət hüququnun qeydə alınması tələbinə iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 və üçüncü şəxsin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh orqan) qarşı (üçüncü şəxs Tərtər rayonu Qarağacı bələdiyyəsi (bundan sonra mətndə üçüncü şəxs və ya bələdiyyə)) Tərtər rayon Qarağacı kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçı Qarağaacı kəndində rəsmi qeydiyyatdadır və onun daimi yaşayış yeri Qarağacı bələdiyyəsinin ərazisidir.
2. Tərtər rayonu Qarağacı bələdiyyəsinin 07 yanvar 2011-ci il tarixli 01 saylı qərarı (iclas protokolundan çıxarış) ilə iddiaçıya ev tikmək üçün həmin bələdiyyənin mülkiyyətində olan kəndin perspektiv inkişaf fondunda olan sahədən 0,12 ha torpaq sahəsinin həyətyanı məqsədlə iddiaçıya satılması qərara alınmışdır.
3. Ayrılmış sahənin naturada yerləşmə vəziyyətini əks etdirən yerquluşu planından çıxarış tərtib edilmişdir.
4. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tərtər rayon şöbəsi öz rəyində sözügedən 0,12 ha torpaq sahəsinin mənzil tikintisi məqsədilə torpaq hərracı və müsabiqəsinə çıxarılmadan iddiaçıya satılmasına etiraz etməyərək, məqsədə müvafiq hesab etmişdir.
5. Eynilə, Tərtər RİH-nin Memarlıq və Tikinti şöbəsinin müdiri tərəfindən verilmiş rəydə də həyətyanı məqsədilə 0,12 ha torpaq sahəsinin Qarağacı bələdiyyəsinin kəndin perspektiv inkişaf fondunda olan torpaq sahəsinə aid olduğu qeyd edilməklə, ayrılmış torpaq sahəsinin həyətyanı məqsədlə satılmasının arxitektura normalarına uyğun olması bildirilmişdir.
6. Bələdiyyə ilə iddiaçı arasında torpaqların alğı-satqısına dair akt imzalanmış, iddiaçı tərəfindən bununla bağlı bələdiyyənin hesabına 260 manat vəsait ödənilmiş, eləcə də alğı-satqı aktı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tərtər rayon şöbəsi tərəfindən təsdiq edilməklə xx.xx.2011-ci il tarixdə 03 nömrə ilə qeydiyyata alınmışdır.
7. İddiaçı yuxarıda göstərilən sənədləri təqdim etməklə cavabdeh orqana müraciət edərək, 0,12 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmişdir.
8. Cavabdeh orqan xx.xx.2022-ci il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edərək, imtinasını onunla əsaslandırmışdır ki, ilkin torpaqayırma sənədləri araşdırılarkən müəyyən edilmişdir ki, həmin sənədlər mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib olunmamışdır. Belə ki, torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmadan, torpaq sahəsinə dair birbaşa vətəndaşın adına sənədlər tərtib olunmuşdur.
9. İddiaçı cavabdeh orqana qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin hərəkətlərinin qanunsuz və əsassız hesab edilməsi, Tərtər rayonu Qarağacı bələdiyyəsinin 07 yanvar 2011-ci il tarixli 01 saylı qərarına əsasən onun adına verilmiş 0,12 ha həyətyanı torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması və buna dair sənədlərin (Torpaq sahəsinin plan və ölçüsü, dövlət reyestrindən çıxarış və texniki pasportun) verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
10. Tələb onunla əsaslandırılmışdır ki, Tərtər rayonu Qarağacı bələdiyyəsinin 07 yanvar 2011-ci il tarixli 01 saylı qərarına əsasən Qarağacı kəndindən 0,12 ha həyətyanı torpaq sahəsinin ayrılaraq ona satılması qərara alınmışdır. O, həmin torpaq sahəsində fərdi yaşayış evi tikdirmək istəyir. Lakin torpaq sahəsinin dövlət qeydiyyatına alınmaması səbəbindən o, hüquqlarını həyata keçirə bilmir. Cavabdeh orqan ona əsassız imtina vermişdir.
11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılımışdır. II. İddianın növü və mümkünlüyü
12. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.
13. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
14. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.
15. Cavabdeh orqanın yerləşdiyi Bərdə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.
16. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.
17. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. III. Prosessual məsələlər
18. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Tərtər rayonu Qarağacı bələdiyyəsi zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
19. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, hazırlıq icraatı üzrə iclas xx.xx.2023-cü il tarixə təyin edilmişdir.
20. Hazırlıq iclası zamanı iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Tərtər rayonu Qarağacı bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 01 saylı qərarına əsasən ona satılmış Tərtər rayon Qarağacı kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi barədə qərar çıxarılmasını xahiş etmiş və məhkəmənin həmin tarixli qərardadı ilə ərizə məhkəmə icraatına qəbul edilmişdir.
21. Bundan sonra işin şifahi məhkəmə baxış iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə və üçüncü şəxslərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
22. İddiaçı, cavabdehin və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasına gəlmişlər. IV.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
23. Cavabdeh orqanın və üçüncü şəxsin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.
24. İddiaçı şifahi məhkəmə baxış iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.
25. O, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, torpaq sahəsini hərrac vasitəsilə əldə etməmişdir, torpaq bələdiyyənin öz qərarı əsasında ona satılmışdır. Həmin torpaq sahəsi hazırda onun faktiki istifadə və sahibliyindədir. Torpaq sahəsinin üzərində tikili yoxdur, torpaq sahəsi adına qeydə alınmadığı üçün tikintiyə başlaya bilməmişdir.
26. Cavabdeh orqanın nümayəndəsi X2 şifahi məhkəmə baxış iclasında iddiaya etiraz edərək, orqanın iddiaçının müraciətini ilkin olaraq təmin etməkdən imtina edərkən əsaslandığı eyni dəlilə istinadla iddianın rədd olunmasını xahiş etmişdir.
27. O, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, iddiaçıya ayrılmış torpaq sahəsi üzrə hüquqlarının qeydiyyatından imtinaya yeganə əsas bələdiyyənin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmadan, torpaq sahəsinin iddiaçıya satılması olmuşdur. Torpaq sahəsi hərracdan kənar satılan zaman da torpaq sahəsinin ayrılması proseduru əvvəlcə bələdiyyənin mülkiyyət hüququnun qeydə alınması ilə həyata keçirilməlidir.
28. Üçüncü şəxsin nümayəndəsi X3 şifahi məhkəmə baxış iclasında verdiyi izahatında bələdiyyənin Qarağacı kəndindən İddiaçı satılmış 0,12 ha həyətyanı torpaq sahəsinin onun adına qeydə alınmasına etiraz etmədiyini bildirmiş və qanunamüvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir.
29. O, sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, həmin torpaq sahəsi son 5 ildə kənddə qeydiyyatda olan kənd sakini kimi iddiaçıya müsabiqə və hərraca çıxarılmadan satılmışdır. Sözügedən sahə bələdiyyənin mülkiyyətində olan perspektiv inkişaf fondunun torpaqlarına aid olmuşdur. V. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
30. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Tərtər rayonu Qarağacı bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 01 saylı iclas protokolundan çıxarış-qərarı; - Ayrılmış torpaq sahəsinin yerquruluşu planı; - Azərbaycan Respublikası DT və XK-nin Tərtər rayon şöbəsinin rəyi; - Tərtər RİHB aparatının Memarlıq və Tikinti şöbəsinin rəyi; - Qarağacı kənd İƏV üzrə nümayəndəliyin xx.xx.2011-ci il tarixli 02 saylı arayışı; - Torpaq sahəsinin dəyərinin ödənilməsi ilə bağlı xx.xx.2011-ci il tarixli qəbz; - Torpaqların alğı-satqısına dair xx.xx.2011-ci il tarixli akt; - Cavabdeh orqanın xx.xx.2022-ci il tarixli **********84 saylı imtina məktubu; - Tərtər rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 41 saylı arayışı; - Tərtər rayonu Qarağacı bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 38 saylı arayışı.
Əsaslandırma hissəsi:
VI. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
31. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir.
32. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, iddiaçı Qarağaacı kəndində rəsmi qeydiyyatdadır və onun daimi yaşayış yeri Qarağacı bələdiyyəsinin ərazisidir. Tərtər rayonu Qarağacı bələdiyyəsi tərəfindən iddiaçının son beş ildə ərazidə daimi qeydiyyatda olması və adına heç bir torpaq sahəsinin olmaması nəzərə alınmaqla, hərrac və müsabiqədən kənar qaydada 07 yanvar 2011-ci il tarixli 01 saylı qərarı (iclas protokolundan çıxarış) ilə iddiaçıya ev tikmək üçün həmin bələdiyyənin mülkiyyətində olan kəndin perspektiv inkişaf fondunda olan sahədən 0,12 ha torpaq sahəsinin həyətyanı məqsədlə iddiaçıya satılmış və həmin vaxtdan da qeyd olunan torpaq sahəsi onun faktiki istifadə və sahibliyindədir.
33. Mübahisələndirilən torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə verilməsi iş materiallarında olan torpaq sahəsinin satılması barədə qərar, yerin seçilmə aktı və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tərtər rayon şöbəsinin müvafiq rəyi, Tərtər RİHB aparatının Memarlıq və Tikinti şöbəsinin rəyi, torpaqların alğı-satqısına dair akt ilə də təsdiq edilir.
34. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar.
35. Mübahisəli torpaq sahəsi iddiaçıya Tərtər rayonu Qarağacı bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 01 saylı qərarı və Torpaqların alğı-satqısına dair xx.xx.2011-ci il tarixli akta satılmış və həmin torpaq sahəsinin iddiaçıya həyətyanı məqsədlə satılmasına Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Tərtər rayon şöbəsinin və Tərtər RİHB aparatının Memarlıq və Tikinti şöbəsinin rəyləri ilə də etiraz edilməmişdir. Beləliklə, torpaq sahəsi Qarağacı bələdiyyəsinin mülkiyyətində olmuş və onun tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilməklə iddiaçıya satılmışdır.
36. Cavabdeh orqanın iddiaya qarşı yeganə dəlili ondan ibarət olmuşdur ki, torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmadan birbaşa vətəndaşın adına sənədlər tərtib olunmuşdur. Yəni, cavabdehin qənaətinə görə, əvvəlcə ayrılmış torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınmalı idi, yalnız bundan sonra həmin sahə iddiaçıya satıla bilərdi.
37. Məhkəmə cavabdehin orqanın həmin dəlilini və o dəlilə istinadla iddiaçının müraciətini təmin etməkdən imtinasını əsassız sayır.
38. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.
39. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması Qaydaları haqqında” Əsasnaməyə görə: Bənd 10. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən (müvafiq qaydada rəsmiləşdirilməmiş) bələdiyyə torpaqlarının hüquqi və fiziki şəxslərdən geri alınması mümkün olmadığı hallarda həmin torpaq sahələri (elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında, habelə sürüşmə zonasında yerləşmiş torpaq sahələri istisna olmaqla) onların mülkiyyətinə, həmçinin bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi hərrac və ya müsabiqə keçirilmədən bu Əsasnamənin 11-ci, 14-21-ci, 23-cü, 24cü, 25-ci, 25-1-ci və 27-ci bəndlərində müəyyən edilmiş qaydada verilir. Bənd 16. Ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandırılmış cavab verir. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana və ya məhkəmə qaydasında şikayət verilə bilər. Bənd 22. Bələdiyyə hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edərək, həmin qərarın bir nüsxəsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın kadastr xəritəsindən çıxarış və qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış ilə birlikdə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Bənd 23. Bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlər əsasında 15 gündən gec olmamaqla, bələdiyyənin növbəti iclasında torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və bu barədə 3 gün müddətində ərizəçiyə bildiriş göndərir. Qərarda torpağın təyinatına uyğun olaraq bazar qiyməti nəzərə alınmaqla, torpağın qiyməti və 60 gündən gec olmamaqla, torpağın dəyərinin ödənilməsi müddəti müəyyən edilir. Qərarla müəyyən edilən müddətdə ərizəçi ilə bələdiyyə arasında alğı-satqı müqaviləsi bağlanılmalı və torpağın dəyəri ödənilməlidir. Əgər bu müddətdə müqavilə bağlanılmazsa və torpağın dəyəri ödənilməzsə, bələdiyyə tərəfindən torpağın mülkiyyətə ayrılması barədə qərar ləğv edilir. Torpağın hər 0,01 hektarının qiyməti şəhərlərin və rayon mərkəzlərinin müvafiq zonasında və ya müvafiq kadastr qiymət rayonuna daxil olan inzibati rayonda son torpaq hərracı və ya müsabiqəsi vasitəsilə satılan torpağın hər 0,01 hektarına görə ödənilən qiymətdən az ola bilməz. Belə hərrac keçirilənədək bu maddəyə uyğun olaraq bələdiyyə tərəfindən satılan torpaq sahəsinin qiyməti son üç ay ərzində həmin torpaq sahəsinə uyğun torpaq sahəsinin notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Torpaq sahəsinin qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün bələdiyyə tərəfindən satılan torpaq sahəsini 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda satılan torpaq sahəsini 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, satılan torpaq sahəsinə uyğun torpaq sahəsinin bazar qiyməti əsas götürülür. Bu maddənin məqsədləri üçün notariat qaydada təsdiq edilmiş alğı-satqı müqavilələrində göstərilmiş qiymətlər barədə məlumat bələdiyyənin sorğusu əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 gün müddətində verilir.
40. Sadalanan normalardan göründüyü kimi, bələdiyyənin yalnız hərrac və ya müsabiqə vasitəsilə satılan torpaqları əvvəlcə qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalı, daha sonra isə hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edilməklə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərilməlidir.
41. Müvafiq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması isə hərrac və ya müsabiqə vasitəsilə həyata keçirilmir. Bu halda, torpaq sahələri açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə deyil, bələdiyyələr tərəfindən qəbul edilmiş qərarlarla satıla bilərlər. Torpaq sahəsi bu qaydada satılarkən isə hərrac və ya müsabiqə vasitəsilə satılmadığına görə satılan sahə üzərində bələdiyyənin mülkiyyət hüququnun əvvəlcə qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması tələb olunmur.
42. Hazırkı iş materialları, o cümlədən icraat iştitakçılarının izahatları ilə isə müəyyən olunur ki, iddiaçıya torpaq sahəsi bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda son beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşı kimi məhz “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən fərdi yaşayış evinin tikintisi üçün satılmışdır. Tərtər rayonu Qarağacı bələdiyyəsinin xx.xx.2011-ci il tarixli 01 saylı qərarında da həmin normaya istinad mövcuddur.
43. Bundan başqa, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları sadalanmışdır. Həmin maddəyə görə, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: - 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; - 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; - 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; - 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; - 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; - 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
44. Hazırkı işdə isə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarından heç biri mövcud deyildir.
45. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
46. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
Nəticəvi hissə:
47. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. Tərtər rayon Qarağacı kəndində yerləşən 0,12 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Gülşən Əliyeva