Məhkəmə qərarları › İş №2-1(114)-1578/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1578/2021

01.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1578/2021 01.11.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, məhkəmə iclasının katibi Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı nümayəndəsi X4, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, “14.06.2021-ci il tarixli, **********147516 nömrəli qərarın ləğv edilməsi” tələbi üzrə inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə İddiaçı MMC) (VÖEN **********) vergi ödəyicisi kimi 23.02.2017-ci il tarixdə uçota alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin (bundan sonra – cavabdeh) 07.07.2020-ci il tarixli “səyyar vergi yoxlamasının keçirilməsi” haqqında qərarı ilə İddiaçı MMC tərəfindən Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarışa əsasən qeyd olunan növbədənkənar səyyar vergi yoxlaması KY201459729 nömrə ilə qeydə alınmış, İddiaçı MMC-də Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə 01.06.2017-01.06.2020-ci il dövrü üçün növbədənkənar səyyar vergi yoxlaması təyin edilməklə, yoxlamanın müddəti 08.07.2020-20.08.2020-ci il tarixədək müəyyən edilmişdir. Aparılmış səyyar vergi yoxlamasının nəticəsində 23.04.2021-ci il tarixli **********143747 nömrəli akt qəbul edilmiş, həmin aktın əsasında 14.06.2021-ci il tarixli **********147516 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətinə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. Həmin qərarla iddiaçı barəsində 2017-ci ilin mənfəət vergisi üzrə 7412,45 manat və 3706,23 manat maliyyə sanksiyası; 2018-ci ilin mənfəət vergisi üzrə 47634,59 manat və 23817,30 manat maliyyə sanksiyası; 2019-cu ilin mənfəət vergisi üzrə 72455,50 manat və 36227,75 manat maliyyə sanksiyası; 2017-ci ilin əlavə dəyər vergisi üzrə 31972,81 manat və 15986,41 manat maliyyə sanksiyası; 2018-ci ilin əlavə dəyər vergisi üzrə 26784,86 manat və 13392,43 manat maliyyə sanksiyası; 2019-cu ilin əlavə dəyər vergisi üzrə 7188,77 manat və 3594,39 manat maliyyə sanksiyası; 2020-ci ilin əlavə dəyər vergisi üzrə 4292,70 manat və 2146,35 manat maliyyə sanksiyası; 2018-ci ilin ödəmə mənbəyində tutulan vergi üzrə 129,19 manat və 64,60 manat maliyyə sanksiyası; 2018-ci ilin əlavə dəyər vergisi məbləğinin ödənilməməsinə görə 669,90 manat maliyyə sanksiyası; 2019-cu ilin əlavə dəyər vergisi məbləğinin ödənilməməsinə görə 1072,31 manat maliyyə sanksiyası – ümumilikdə 197.494,83 manat azaldılmış vergi və 100.677,67 manat maliyyə sanksiyası hesablanmışdır. Qərarla razılaşmayan iddiaçı 07.07.2021-ci il tarixdə iddia ərizəsi, 13.09.2021-ci il və 29.10.2021-ci il tarixlərdə iddia ərizəsinin dəyişdirilməsinə dair ərizələrlə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən çıxarılmış 14.06.2021-ci il tarixli, **********147516 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətinə cəlb edilməsi haqqında” qərarın ləğv olunmasını xahiş etmiş, ərizələr məhkəmənin icraatına qəbul olunmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC dövlət qeydiyyatına alınmış, MMC dövlət büdcəsinə olan vergiləri və digər ödənişləri vaxtlı-vaxtında ödəmiş, öz qanuni fəaliyyəti ilə digər müəssisələrə hər zaman nümunə olmuş, öz fəaliyyəti zamanı hər zaman qanunun tələblərini rəhbər tutmuş, heç bir qanuna zidd hərəkətlərə yol verməmişdir. 12 saylı Ərazi Vergilər Baş İdarəsinin 07.07.2020-ci il tarixli **********137912 nömrəli qərarına əsasən İddiaçı MMC-də 01.06.2017-ci il tarixdən 01.06.2020-ci il tarixədək olan dövr üzrə səyyar vergi yoxlaması tədbirləri keçirilmiş və nəticəsi barədə 23.04.2021-ci il tarixli **********143747 nömrəli səyyar vergi yoxlaması aktı tərtib edilmişdir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Qanunverici vergi sisteminin sahibkarlıq və investisiya fəaliyyətinin təşviqinə xidmət etməli olduğunu rəhbər tutaraq səyyar vergi yoxlamasının müddətini Vergi Məcəlləsinin 38.2-ci maddəsinə dəqiq müəyyən etmişdir. Səyyar vergi yoxlamasına aid edilən istənilən hərəkət qanunla müəyyən edilmiş müddətlərdə icra olunmalıdır. Həmin müddətlərin xaricində aparılan səyyar vergi yoxlaması və onun nəticələri qanunsuzdur. Aktdan göründüyü kimi səyyar vergi yoxlaması 12 saylı Ərazi Vergilər Baş İdarəsinin qərarı ilə təyin edildiyi və yoxlama həmin İdarə tərəfindən aparıldığı halda, səyyar vergi yoxlamasının müddəti də həmin idarənin qərarları ilə, yəni vergi yoxlamasını aparan vergi orqanının özü tərəfindən qanunazidd olaraq 6 dəfə dayandırılmışdır. Qanunda yoxlamanın aparılmasının müvəqqəti dayandırılması anlayışı yoxdur, müddətin artırılması, həm də yuxarı vergi orqanı tərəfindən artırılması mümkündür. Bununla da, vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 38.2-ci maddəsinin tələbləri pozulmuşdur. Həmçinin yoxlamanın keçirilməsi və aktın tərtib edilməsi zamanı MMC-nin hüquqları pozulmuşdur. Vergi orqanının aktı mənfəət vergisinin hesablanması hissəsində də əsassızdır. Belə ki, əvvəla vergi orqanı səyyar vergi yoxlaması aktında əsassız olaraq qeyd edir ki, guya müəssisə tərəfindən yoxlamaya ilkin sənədlər təqdim edilməmişdir. Guya müəssisə tərəfindən yoxlamaya xərc sənədləri tam -xammal və materialların alınması ilə bağlı sənədlər qismən təqdim edilmiş, istehsal olunan məhsulların kalkulyasiyası üzrə sənədlər təqdim edilməmişdir. Yoxlama ilə 2017-2019-cu illər üzrə mənfəət birbaşa müəyyən edilməsi mümkün olmamışdır. Göstərilənlərlə əlaqədar, eyni zamanda müəssisənin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin müəyyən edilmədiyindən Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 nömrəli qərarına uyğun olaraq şərti rentabellik səviyyəsini 20% götürülərək qanunsuz və əsassız olaraq mənfəət vergisi hesablanmışdır. Yoxlama aktında göstərilənlər həqiqəti əks etdirmir. Səyyar vergi yoxlaması keçirilərkən yoxlayıcıya ilkin sənədlər təqdim edilmişdir. Müəssisə tərəfindən yoxlamaya xərc sənədləri, o cümlədən ciddi-uçot sənədi olan müqavilələr, e- qaimələr, e-hesab fakturalar, ödəniş sənədləri, bank sənədləri və s. tam təqdim edilmişdir, xammal və materialların alınması ilə bağlı sənədlər, istehsal olunan məhsulların kalkulyasiyası üzrə sənədlər təqdim edilmişdir. Yoxlayıcı- inzibati orqan isə həmin sənədləri heç bir səbəb olmadan nəzərə almamışdır. Yoxlama ilə 2017-2019-cu illər üzrə müəssisənin mənfəətini birbaşa müəyyən edilməsi mümkün idi. Bundan əlavə yoxlayıcı istəsəydi və qanunauyğun yoxlama aparsaydı müəssisənin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin müəyyən edə bilərdi. Yoxlamanın müəssisənin 2017 və 2019-cu illər üzrə mənfəəti Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 nömrəli qərarına uyğun olaraq şərti rentabellik səviyyəsini 20% götürülərək mənfəət vergisi hesablaması Vergi Məcəlləsinə ziddir. Vergi orqanı əsassız olaraq Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş ardıcıllığa riayət etmədən əsassız və qanunsuz olaraq şərtli rentabellik tətbiq etmişdir. Halbuki bütün xərc sənədləri və dövriyyəyə aid bütün sənədlər vergi orqanına təqdim edilmişdir. Bütün bunları nəzərə almayan 12 saylı Ərazi Vergilər Baş İdarəsi əsassız olaraq şərli rentabellik əsasında hesablama aparmışdır. Cavabdeh 12 saylı Ərazi Vergilər Baş İdarəsi məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, Baş İdarə tərəfindən səyyar vergi yoxlamasının aparılmasının qanunvericiliklə müəyyən edilmiş prosedur qaydalarına tam əməl edilmiş, Vergi Məcəlləsinin 39-43-cü və 46-49-cu maddələrində yoxlamanın nəticələrinin rəsmiləşdirilməsi və yoxlama materiallarına baxılmanın nəticələri üzrə nəzərdə tutulmuş bütün tədbirlər görülmüşdür. Baş İdarənin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında" 07.07.2020-ci il tarixli **********137912 nömrəli qərarı ilə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə İddiaçı MMC-nin sahibkarlıq fəaliyyəti üzrə 01.06.2017-ci il tarixdən 31.05.2020-ci il tarixədək olan dövr əhatə edilməklə növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş və nəticəsi 23.04.2021-ci il tarixli **********143747 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Vergi ödəyicisi aktı imzalamaqdan imtina etmiş, aktın surəti **********969100 nömrəli 28.04.2021-ci il tarixli məktubla vergi ödəyicisinə göndərilmişdir. Yoxlama nəticəsində vergi ödəyicisi tərəfindən 2017, 2018 və 2019-cu illər üzrə mənfəət vergisinin 127502,54 manat, əlavə dəyər vergisinin isə 2017, 2018, 2019 və 2020-ci illər üzrə 70239,14 manat, 2018-ci il üzrə ödəmə mənbəyində tutulan verginin 129,19 manat azaldılması, eyni zamanda vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsi faktı aşkar edilmişdir. Səyyar vergi yoxlaması aktı və yoxlama materiallarına baxılması barədə vergi ödəyicisinə 24.05.2021-ci il tarixdə dəvət məktubu (AVİS nömrəsi: **********804700) göndərilərək (poçt və e-qutu) 31.05.2021-ci il tarixə saat 10:00-a vergi orqanına dəvət edilməsinə baxmayaraq, vergi ödəyicisi akta və yoxlama materiallarına baxılmasında iştirak etməmişdir. Baş İdarənin “Vergi ödəyicisinin və ya sığorta edənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 14.06.2021-ci il tarixli **********147516 nömrəli qərarına əsasən, vergi ödəyicisinə 197494,83 manat vergi borcu və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən verginin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmasına və Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən, vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə 100677,67 manat maliyyə sanksiyası tətbiq edilmiş və vergi ödəyicisinə büdcəyə ödənilməli olan 298172,5 manat vəsaitin ödənilməsinə dair 14.06.2021-ci il tarixli **********054400 nömrəli tələbnamə təqdim edilmişdir. Yoxlanılan dövrdə iddiaçının faktiki olaraq pambığın becərilməsi (ondan çıxan hazır məhsulların: mahlıcın, texniki çiyidin və üylükün satışı) və xam pambığın ilkin emalı fəaliyyəti ilə məşğul olduğu və ümumi gəlirinin yalnız bu malların təqdim edilməsindən formalaşması müəyyən edilmişdir. Yoxlama zamanı Vergi Məcəlləsinin 14-cü maddəsinə müvafiq olaraq vergitutma məqsədləri üçün 01.06.2017-ci il tarixdən 01.06.2020-ci il tarixədək olan yoxlama dövrü üzrə müəssisə tərəfindən emal olunan hazır məhsulların bazar qiymətinin müəyyən edilməsi zərurəti yaranmış, bu səbəbdən 08.01.2021-ci il tarixli qərara əsasən yoxlamaya ekspert cəlb edilmişdir. 18.05.2020-ci il tarixli ekspert rəyinə əsasən yoxlama dövrü üçün müəssisə tərəfindən emal olunan mahlıcın 1 kq-nın satış dəyəri 2017-ci il üzrə 2,66 manat (ƏDV ilə birlikdə), 2018, 2019 və 2020-ci illər üzrə 2,72 manat (ƏDV ilə birlikdə), texniki çiyidin 1 kq-nın satış dəyəri 0,18 manat (ƏDV ilə birlikdə), ulyukun 1 kq-nın satış dəyəri 0,56 manat (ƏDV ilə birlikdə) olmuşdur. Eyni zamanda, yoxlanılan dövr üzrə xam pambığın ilkin emal həcmini elektrik enerjisi və qaz sərfiyyatına əsasən müəyyənləşdirmək məqsədi ilə Vergi Məcəlləsinin 45-ci maddəsinə əsasən 13.11.2020-ci il tarixli qərarla mütəxəssis dəvət edilmişdir. Mütəxəssis tərəfindən verilmiş rəyə əsasən ümumi 11691120 kq xam pambıq emala daxil olmuş və onlardan hazır məhsullar çıxaraq satışa və emal müəssisələrinə təhvil verilmişdir. Müəssisə tərəfindən hesabat ili ərzində gəlirin əldə edilməsi ilə bağlı çəkilmiş xərcləri təsdiq edən sənədlər tam təqdim edilmədiyindən və bu səbəbdən əldə edilmiş mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığından, eyni zamanda analoji vergi ödəyicisi müəyyən olunmadığından vergi ödəyicisinin mənfəəti Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydalara əsasən vergi ödəyicisinin gəliri əsasında şərti rentabellik səviyyəsi 20 faiz götürülərək mənfəəti hesablanmışdır. Bundan əlavə, yoxlama zamanı müəssisə tərəfindən ƏDV-yə cəlb edilən əməliyyatların düzgün müəyyən edilməməsi aşkar edilmişdir. Vergi ödəyicisi tərəfindən yoxlanılan dövr üzrə təqdim olunmuş ƏDV bəyannamələrinin düzgünlüyü yoxlanılarkən ümumilikdə ekspert-mütəxəssis rəyinə və təqdim edilmiş sənədlərə əsasən 69,04 min manat məbləğində vergi məbləğinin azaldılması müəyyən edilmişdir. Cəmiyyət 24.04.2017-ci il tarixdə ƏDV məqsədləri üçün qeydiyyata alınmış və cəmiyyətə 24.04.2017-ci il tarixli **********6 nömrəli ƏDV ödəyicisinin qeydiyyat bildirişi verilmişdir. Yoxlanılan dövr üzrə cəmiyyət pambığın becərilməsi, ondan alınan hazır məhsulların (mahlıcın, texniki çiyidin, ulyukun) satışı, kənd təsərrüfatı sahəsində göstərilən xidmətlər və xam pambığın ilkin emalı fəaliyyəti ilə məşğul olmuşdur. Səyyar vergi yoxlaması ilə əhatə olunan dövr üzrə İddiaçı MMC tərəfindən vergi orqanına təqdim edilmiş ƏDV bəyannamələrinə əsasən onun dövriyyəsi 1563,25 min manat (ƏDV-siz) təşkil etmişdir. Ekspert-mütəxəssis rəyi və təqdim olunan digər sənədlər əsasında yoxlanılan dövrdə cəmiyyətin cəmi dövriyyəsi 1944,2 min manat (ƏDV-siz) təşkil etmişdir (1944,18-1563,25=380,93*18%=68,56). Eyni zamanda, yoxlama ilə vergi ödəyicisinin alınmış e-vhf-lərə əsasən 1,51 min manat ƏDV məbləği Vergi Məcəlləsinin 58.6-cı və 175.1-ci maddəsinin tələblərinə uyğun olaraq əvəzləşdirmək hüququ olmadığından həmin məbləğ nəzərə alınmamışdır. Təqdim edilmiş yük gömrük bəyannaməsinə əsasən 0,21 min manat ƏDV məbləği əvəzləşdirilmişdir. Beləliklə, vergi ödəyicisi tərəfindən büdcəyə çatası ƏDV məbləği nəzərə alınmaqla (68,56+1,51- 0,21=69,86 min manat) ƏDV hesablanmışdır. Göründüyü kimi, vergi ödəyicisinə əsaslı olaraq ƏDV və mənfəət vergisi hesablanmışdır və hesablama zamanı vergi qanunvericiliyinin tələbləri tam əməl edildiyindən ləğv edilməsindən söhbət gedə bilməz. Bundan başqa, vergi qanunvericiliyində həm yoxlamanın müddətinin artırılması, həm də müvəqqəti dayandırılması anlayışı vardır. Səyyar vergi yoxlaması iki halda uzadılmışdır ki, həmin qərarlar 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən deyil, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Auditi baş idarəsi, yəni yuxarı vergi orqanı tərəfindən qəbul edilmişdir. Yoxlamanın müddətinin müvəqqəti dayandırılması haqqında qərarlar isə 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmişdir ki, buna səbəb səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlərin toplanması, vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edilməsi və ekspertiza keçirilməsi, həmçinin səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbərinin müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi olmuşdur. İddiaçının nümayəndəsi X7 iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat verərək iddianın təmin olunmasını xahiş etdi, əlavə olaraq bildirdi ki, təyin edilmiş növbədənkənar səyyar yoxlaması zamanı sənədlərin təqdim olunması ilə bağlı tələbnamə verilmiş və müəssisə bütün gəlir və xərc sənədlərini Vergi Məcəlləsi və Mühasibat uçotu haqqında qanuna əsasən apardığından qeyd olunan illər üzrə bütün sənədləri inzibati orqana təqdim etmişdir. Lakin imtina aktından da məlum olduğu kimi yalnız bir əsaslakalkulyasiya sənədinin təqdim edilməməsi səbəbindən tərəflərindən təqdim olunan bütün sənədlər yoxlama zamanı nəzərə alınmamışdır. Bundan başqa təqdim etdikləri sənədlərdə (elektron qaydada tərtib olunmuş sənədlərdə) müəssisənin istehsal həcmi və malların qiyməti dəqiq qeyd olunsa da, sənədlərə baxış keçirməyən inzibati orqan iş üzrə elektrik enerjisi və qaz sərfiyyatına əsasən istehsalın həcminin müəyyən edilməsi ilə bağlı mütəxəssis təyin etmiş və əsassız olaraq köhnə və tam işlək vəziyyətdə olmayan aqreqatın işləmə gücünü nəzərə almışdır. Qeyd olunan mütəxəssis rəyini onlar yalnız təqdim etdikləri sənədlər üzrə göstərilən istehsal həmcinə aid hissədə qəbul edirlər. Bununla yanaşı inzibati orqan inzibati icraatı kifayət qədər aparmamış əsassız olaraq 9 ay aparılan səyyar vergi yoxlaması zamanı analoji müəssisə ilə bağlı heç bir sorğu göndərməmişdir. Hansıki onların fəaliyyət göstərdiyi ərazidə analoji müəssisələr fəaliyyət göstərir. Hesab edirlər ki, maddi və prosessual pozuntularla qəbul edilmiş və tərəflərindən mübahisələndirilən qərar ləğv lunmalıdır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X8 və hazırki məhkəmə iclasında iştirak edən nümayəndə X5 etiraz dəlillərinə uyğun izahat verərək, iddia tələbinin rədd olunmasına dair qərar qəbul olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında şahid X11 verdiyi izahatında bildirmişdir ki, vergi orqanı səyyar vergi yoxlaması aktında əsassız olaraq qeyd edir ki, guya müəssisə tərəfindən yoxlamaya ilkin sənədlər təqdim edilməmişdir və müəssisə tərəfindən yoxlamaya xərc sənədləri tam təqdim edilmədiyindən (xammal və materialların alınması ilə bağlı sənədlər qismən təqdim edilmiş, istehsal olunan məhsulların kalkulyasiyası üzrə sənədlər təqdim edilməmişdir) yoxlama ilə 2017-2019-cu illər üzrə mənfəət birbaşa müəyyən edilməsi mümkün olmamışdır. Bu dəlil tamamilə əsassızdır bütün tələb edilən sənədlər veri orqanına təqdim edilmiş, yalnız MMC tərəfindən kalkulyasiya sənədi tərtib edilmədiyindən digər sənədlərin qəbulundan imtina olunmuşdur. Yoxlama aparılan dövrlər üzrə o, həmin müəssisədə işləmiş və bütün gəlir və xərc sənədləri onun iştirakı ilə tərtib olunmuşdur. Kalkulyasiya sənədinin tərtib edilməsi heç bir qanunvericilikdə nəzərdə tutulmadığından həmin sənədin tərəflərindən tərtib olunmaması məsuliyyətə səbəb ola bilməz. Həmçinin qeyd edir ki, kalkulyasiya sənədləri ilkin uçot sənədi sayılmır, yalnız plan xarakteri daşıyır və kalkulyasiya sənədləri maya dəyərini müəyyən etmək üçündür. Məhkəmə iclasında şahid X6 verdiyi izahatında bildirmişdir ki, Baş İdarənin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında" 07.07.2020-ci il tarixli **********137912 nömrəli qərarı ilə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə İddiaçı MMC-nin sahibkarlıq fəaliyyəti üzrə 01.06.2017-ci il tarixdən 31.05.2020-ci il tarixədək olan dövr əhatə edilməklə növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş və nəticəsi 23.04.2021-ci il tarixli **********143747 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Yoxlama nəticəsində vergi ödəyicisi tərəfindən 2017, 2018 və 2019-cu illər üzrə mənfəət vergisinin 127502,54 manat, əlavə dəyər vergisinin isə 2017, 2018, 2019 və 2020-ci illər üzrə 70239,14 manat, 2018-ci il üzrə ödəmə mənbəyində tutulan verginin 129,19 manat azaldılması, eyni zamanda vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsi faktı aşkar edilmişdir. Səyyar vergi yoxlamasının keçirilməsində iştirak etmiş, səyyar vergi yoxlaması zamanı sənədlər istənilsə də, sənədlər təqdim olunmadığı üçün tərəflərindən imtina aktı tərtib olunmuş və iddiaçının nümayəndəsi həmin aktı imzalamışdır. Məhkəməyə hazırda təqdim olunan sənədlər onlara yoxlama zamanı təqdim edilsə də müəssisədə kalkulyasiya sənədi tərtib edilmədyindən təqdim olunan sənədlər yoxlama zamanı nəzərə alınmamışdır. Bundan sonra mütəxəssis təyin edilrərək maların qiyməti və müəssisənin istehsal həcmi müəyyən edilmiş və həmin rəylərə əsasən Nazirlər Kabinetinin 55 nömrəli qərarına uyğun olaraq vergi hesablamışlar. Hesab edirlər ki, kalkulyasiya sənədi vergi ödəyicisi tərəfindən tərtib olunmalı idi. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, baxılan iş İnzibati-Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir və iddiaçı İnzibati-Prosessual Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirilmə haqqında iddia qaldırmış, məhkəmədən inzibati aktın ləğv edilməsini tələb etmişdir. Məhkəmə qeyd edir ki, mübahisələndirmə haqqında iddia onunla səciyyələnir ki, iddiaçı onu əlverişsiz vəziyyətə salan, yəni onun hüquqi sferasına müdaxilə edən inzibati aktın ləğv edilməsini və ya dəyişdirilməsini məhkəmədən tələb edir. Mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri: iddia qaldırmaq səlahiyyəti və iddia qaldırmaq müddətinə riayət edilməsi də mövcud olmalıdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iddiaçı barəsində aparılmış növbədənkənar səyyar vergi yoxlaması nəticəsində 14.06.2021-ci il tarixli **********147516 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətinə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. Həmin qərarın qəbul edilməsinə əsas olmuş 23.04.2021-ci il tarixli **********143747 nömrəli səyyar vergi yoxlaması aktında qeyd edilmişdir ki, yoxlanılan dövr üzrə cəmiyyət pambığın becərilməsi, ondan alınan hazır məhsulların (mahlıcın, texniki çiyidin, ulyukun) satışı, kənd təsərrüfatı sahəsində göstərilən xidmətlərdən və xam pambığın ilkin emalı ilə məşğul olmuşdur. Vergi ödəyicisində səyyar vergi yoxlaması 14.04.2021-ci il tarixli **********476200 nömrəli mütəxəssis və 13.04.2021 tarixli **********411800 nömrəli ekspert rəyi əsasında aparılmışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh inzibati orqanın nümayəndəsi də iddiaçı tələb edilən sənədləri təqdim etmədiyindən imtina aktı tərtib edilərək iş üzrə mütəxəssis və ekspert cəlb edildiyini, qərar qəbul edilən zaman yalnız mütəxəssis və ekspert rəyinə istinad olunduğunu bildirmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, ilkin olaraq hesablanmış vergilərin qanuniliyinin müəyyən edilməsi üçün verginin hesablanmasına əsas olan mütəxəssis və ekspert rəylərinin mötəbərliliyinə qiymət verilməlidir. "xxxx" MMC qiymətləndirmə və konsaltinq şirkəti tərəfindən verilmiş 14.04.2021-ci il tarixli MB 14-456 nömrəli mütəxəssis rəyindən görünür ki, müəssisənin yoxlama ilə əhatə olunan dövr üzrə aparılan araşdırma zamanı qiymətləndirici elektrik enerjisi və qaz sərfiyyatı göstəriciləri əsas götürülərək araşdırmalar və hesablamalar aparılmış, bunun nəticəsi olaraq İddiaçı MMC tərəfindən 01.06.2017-ci il tarixdən 01.06.2020-ci ilədək emal edilmiş pambığın həcmi ümumilikdə 4477,10 ton, çiyidin həcmi 6220,01 ton, ülyük, lint, tiftik, pux, pənbənin həcmi 292,24 ton, itginin həcmi 701,37 ton, ümumi pambığın həcmi 11689,55 ton hesablanmışdır. "xxxx" MMC qiymətləndirmə və konsaltinq şirkəti tərəfindən verilmiş 13.04.2021-ci il tarixli MB 14-457 nömrəli ekspert rəyində İ, İİ, İİİ, İV növ xam pambığın, çiyidin (liftsiz və liftli), çiyidin (texniki və toxum), mahlıcın, ülyükün və emal xidmətinin 2017, 2018, 2019 və 2020-ci il üzrə bazar qiymətləri göstərilmişdir. Göründüyü kimi, mütəxəssis rəyində emal edilən pambığın həcminin hesablanması üçün elektrik enerjisi və qaz sərfiyyatı əsas götürülmüşdür. Məhkəmə bildirir ki, "xxxx" MMC qiymətləndirmə və konsaltinq şirkəti tərəfindən verilmiş rəy kifayət qədər əsaslı tərtib edilmədiyi halda, cavabdeh qeyd edilən rəyə istinad etməklə iddiaçı barəsində əlavə vergi hesablamışdır ki, bu da öz növbəsində iddiaçı barəsində əlavə vergi borcunun hesablanmasının əsassız olduğu qənaətinə gəlmək üçün məhkəməyə əsas vermişdir. Belə ki, iş materiallarından göründüyü kimi, vergi orqanı 08.07.2020-ci il tarixdə səyyar vergi yoxlamasına başlamış, yoxlanılan dövr üzrə xam pambığın ilkin emal həcmini elektrik enerjisi və qaz sərfiyyatına əsasən müəyyənləşdirmək məqsədi ilə Vergi Məcəlləsinin 45-ci maddəsinə əsasən 13.11.2020-ci il tarixli qərarla mütəxəssis dəvət etmiş, emal olunan hazır məhsulların bazar qiymətinin müəyyən edilməsi üçün isə 08.01.2021-ci il tarixli qərara əsasən yoxlamaya ekspert cəlb etmişdir. Lakin cavabdeh mütəxəssis dəvət edərkən malların satış qiymətinin müəyyənləşdirilməsi istiqamətində hər hansı tədbir görməmiş, malların inventarizasiyasını keçirməmiş və hər hansı araşdırma aparmamışdır. Halbuki, Vergi Məcəlləsinin 14-cü maddəsinin tələbləri birbaşa mütəxəssisin dəvət olunmasını nəzərdə tutmur. Vergi orqanı ilk növbədə Vergi Məcəlləsinin 14.4-cü maddəsini tətbiq etməli və bu üsuldan istifadə etməklə qiymətin aşkar olunması mütləq bütün hallarda nəticə vermədiyi üçün, vergi orqanı bazar qiymətinin müəyyən edilməsi üçün növbəti mərhələyə keçməli idi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2012-ci il tarixli qərarında qeyd edilir ki, Vergi Məcəlləsinin 14-cü maddəsinə əsasən, bazar qiyməti vergi orqanı tərəfindən həmin maddədə təsbit olunmuş tələblərə və mərhələlərə riayət edilməklə, o cümlədən ekspertiza təyin edilməklə müəyyən olunmalıdır. Vergi orqanının yuxarıda qeyd olunanlara əməl etməməsi onunla sübut olunur ki, vergi orqanı tərəfindən yoxlama başlanılan tarixdən mütəxəssis dəvət olunanadək Vergi Məcəlləsinin 14-cü maddəsində nəzərdə tutulan ardıcıllıq üzrə istehsal olunmuş məhsulun satış qiymətinin bazar qiymətinə uyğunluğunun müəyyən edilməsi istiqamətində hər hansı tədbir görülməmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 14.3.3-cü maddəsinə əsasən 30 gün ərzində vergi ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni cinsli mallara (işlərə, xidmətlərə) tətbiq etdikləri qiymətlərin səviyyəsi 30 faizdən çox aşağı və yuxarı dəyişdikdə bazar qiymətlərinin tətbiq olunması vergi orqanının səlahiyyətlərinə aiddir. - 14.6.3-cü maddəsinə əsasən eyni xüsusiyyətli və ya eyni cinsli mallarla (işlərlə, xidmətlərlə) müvafiq əmtəə (iş, xidmət bazarında heç bir əməliyya taparılmadıqda, rəsmi və açıq mənbələrdən bu malların (işlərin, xidmətlərin) bazar qiymətləri haqqında məlumat toplamaq mümkün olmadıqda, digər qiymətləndirmə üsullarından istifadə edilməsi nəzərdə tutulur. - 14.9-cu maddəsinə əsasən malın (işin, xidmətin), bazar qiyməti müəyyənləşdirilərkən və təsbit olunarkən malın (işin, xidmətin) bazar qiymətləri və birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından, vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatlardan, yaxud reklam mənbələrinin məlumatından və digər müvafiq məlumatlardan istifadə edilir. Məhkəmə qeyd edir ki, vergi orqanı tərəfindən bu halların heç biri həyata keçirilməmiş və Goranboy rayonunda yerləşən istehsal sahəsində 01.06.2017-ci il tarixindən 01.06.2020-ci il tarixədək istehsal olunmuş məhsulların real bazar qiymətləri sübuta yetirilməmişdir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən təqdim edilən materiallarda eyni xüsusiyyətli, eyni cinsli mallara, işlərə və xidmətlərə görə iddiaçı kimi fəaliyyət göstərən heç bir analoji vergi ödəyicisinin olmadığı bidirilmişdir. Lakin məhkəmənin sorğusu əsasında daxil olan Goranboy Rayon İcra Hakimiyyətinin 29.09.2021-ci il tarixli C-629 nömrəli məktubu ilə müəyyən edilir ki, Goranboy rayonu ərazisində İddiaçı MMC-dən əlavə iki müəssisə - "xxxx" MMC-nin Goranboy filialı və "xxxx" MMC-nin Goranboy pambıq məntəqəsi pambıqçılıqla məşğuldur. Vergi Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, vergitutma məqsədləri üçün malların, işlərin və xidmətlərin qiyməti tərəflərin əməliyyatda təsbit etdikləri qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə, bu qiymət bazar qiyməti kimi qəbul edilir. Bundan başqa, məhkəmə mütəxəssis rəyinin mötəbər sübut kimi qiymətləndirilməsini əsassız hesab edərək qeyd edir ki, vergi orqanı vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmamış, yalnız vergi ödəyicisinin vəziyyətinin ağırlaşmasına yönəlmiş sübutları mötəbər sübut kimi qiymətləndirərək əsassız vergi hesablamışdır. Hər bir halda mütəxəssisin istinad etdiyi məlumatların həqiqətə nə qədər uyğun olub-olmaması araşdırılmadığından, "xxxx" MMC qiymətləndirmə və konsaltinq şirkəti tərəfindən verilmiş rəy mötəbər sübut kimi qəbul edilməməlidir. Bundan əlavə məhkəmə qeyd edir ki, mühasibat uçotunda məhsulun maya dəyəri yalnız elektrik enerjisinin sərfiyyatından ibarət olmayıb müxtəlif xərc elementlərindən (xammal və materiallar, qaytarılmış tullantılar, texniki məqsədlər üçün yanacaq, enerji və su, istehsal fəhlələrinin əsas əmək haqqı, istehsal fəhlələrinin əlavə əmək haqqı, sosial sığortaya ayırmalar, avadanlığın saxlanması və istismarı xərcləri, o cümlədən amortizasiya, ümumi sex xərcləri, ümumi zavod xərcləri, zay məhsul və itkilər, sair istehsalat xərcləri, əmtəəlik məhsulun tam maya dəyəri) ibarətdir. Buna baxmayaraq, "xxxx" MMC qiymətləndirmə və konsaltinq şirkətindən mütəxəssis cəlb olunmuş və mütəxəssis tərəfindən müəssisənin fəaliyyəti üzrə faktiki istehsal həcmi müəyyən olunmuş məhsulunun faktiki maya dəyərinin yalnız sərf edilmiş elektrik enerjisindən və qaz sərfiyyatından ibarət olduğu müəyyən edilmişdir. "xxxx" MMC qiymətləndirmə və konsaltinq şirkətinin mütəxəssisi tərəfindən faktiki istehsal həcmi müəyyən olunmuş məhsulun faktiki maya dəyəri və maya dəyərinin tərkibini təşkil edən ayrı-ayrı xərc maddələri müəyyən edilmədən, faktiki enerji və qaz sərfiyyatı əsasında istehsal həcminin hesablanması uyğun deyildir və bu məlumatlara əsasən vergiyə cəlb olunan dövriyyənin belə qaydada hesablanması Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Beləliklə bütün yuxarıda göstərilən səbəblərdən hazırkı ekspertiza tədqiqatı ilə səyyar vergi yoxlaması zamanı istehsal həcmi müəyyən edilmiş məhsullara görə hesablanmış vergilərin düzgünlüyü müəyyən olunmur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 12-ci maddəsinə görə vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və aşağıdakı vergitutma elementləri müəyyən edilmiş olsun: 12.1.1. vergitutma obyekti; 12.1.2. vergitutma bazası; 12.1.3. vergi dövrü; 12.1.4 vergi dərəcəsi; 12.1.5. verginin hesablanması qaydası; 12.1.6. verginin ödənilməsi qaydası və müddəti. Vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin) dəyəri, ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir (maddə 12.3). Vergitutma bazası — vergitutma obyektinin vergi tutulan hissəsinin kəmiyyətcə ifadəsidir (maddə 12.4.). Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlardan istifadə edilir (67.2. maddə) və bu zaman vergilər Vergi Məcəlləsinin 67.3-cü maddəsinə müvafiq olaraq hesablanır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.2-ci maddəsinin tələblərinə əsasən, vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəlikləri aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicisinin vergi bəyannamələrində olan məlumatlara, 83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata, 83.2.3. vergi yoxlaması məlumatlarına, 83.2.4. vergi orqanın əldə etdiyi mənbəyi bəlli olan hər hansı bir digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara. Məhkəmə qeyd edir ki, Vergi Məcəlləsində nəzərdə tutulan maddələrin ardıcıllığını nəzərə alaraq fiziki şəxsin müəssisəsində aparılan səyyar vergi yoxlaması zamanı mənfəət vergisinin hesablanması üçün birinci növbədə Məcəllənin 67-ci maddəsində nəzərə tutulan qaydalardan, yəni hazırkı halda vergi ödəyicisinin özünün gəlirləri barədə olan məlumatdan və analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin məlumatlarından istifadə etməklə Vergi Məcəlləsinin 67.3-cü maddəsində müvafiq olaraq mənfəət vergisi hesablamalı idi. Lakin vergi yoxlamasına dair tərtib olunmuş 23.04.2021-ci il tarixli səyyar vergi yoxlaması aktından göründüyü kimi, vergi müfəttişi Vergi Məcəlləsinin 67-ci və 83.2. maddələrində nəzərdə tutulan hüquqlardan və hesablama qaydasından istifadə etmədən, birbaşa Məcəllədə son tədbir kimi nəzərdə tutulan 83.9-cu maddəsindən (yəni mənfəəti birbaşa müəyyən etmək mümkün olmaması halında) istifadə etməklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 55 saylı (həmin qərara əlavə və dəyişiklik edilməsi barədə 12 iyun 2013-cü il tarixli 137 nömrəli qərar nəzərə alınmaqla) qərarda göstərilən üsulla, yəni şərti rentabellik səviyyəsini 20% götürülməklə, mənfəət vergisini hesablamışdır. Qeyd etmək lazımdır ki, mühasibat uçotu - mühasibat uçotu subyektlərinin aktivləri, öhdəlikləri, kapitalı, gəlir və xərcləri barədə məlumatların yığılması, qeydiyyatı və ümumiləşdirilməsi, habelə maliyyə, vergi və digər hesabatların tərtib edilməsi məqsədi ilə baş vermiş maliyyə-təsərrüfat əməliyyatları üzrə ilkin uçot sənədləri əsasında məlumatların analitik və sintetik uçotunun aparılmasıdır ("Mühasibat uçotu haqqında" Azərbaycan Respublikası Qanunu, maddə 2.1.6). İlkin uçot sənədlərinin rəsmiləşdirilməsinə dair tələblər mühasibat uçotu sahəsini tənzimləyən normativ hüquqi aktlarda müəyyən edilmişdir. Bu sənədlər təsərrüfat əməliyyatları haqqında etibarlı məlumatları əks etdirməli və həmin əməliyyatların həyata keçirildiyi anda zəruri rekvizitlər doldurulmaqla nümunəvi formalı blanklarda tərtib edilməlidir. Cavabdeh inzibati orqan tərəfindən tərtib olunmuş 15.04.2021-ci il tarixli imtina aktından görünür ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin 07.07.2020-ci il tarixli **********137912 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarına əsasən 22.12.2020-ci il tarixli **********142858 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” qərara uyğun 01.06.2017-ci il tarixdən 01.06.2020-ci il tarixədək olan dövr üzrə ilkin mühasibat sənədləri, o cümlədən, mal material hesabat sənədləri, müqavilələr, alqı-satqı sənədləri, YGB-ləri, EVHF-lar, bank və xəzinə sənədləri, hazır məhsul hesabatları, anbar hesabatlarını, debitor-kreditor borcları üzrə analitik uçot məlumatları, istehsal olunmuş və satılmış malların kalkulasiyalarını, həmçinin 01.06.2017ci il tarixdən 01.06.2020-ci il tarixədək gəlir və xərcləri təsdiq edən ilkin mühasibat sənədləri və səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan digər sənədlərin təqdim edilməsi tələb edilmişdir. Vergi ödəyicisi tərəfindən yoxlanılan dövr üzrə elektron qaimə-fakturalarını, elektron vergi hesab-fakturalarını, bank çıxarışlarını, əmək haqqı cədvəllərini, yük gömrük bəyannamələrini və NKA “Z” fıskal hesabatlarını, malların alış sənədləri, pambıq qəbulu qəbzləri, bağlanmış müqavilələr yoxlamaya təqdim edilmişdir. Cəmiyyətin rəhbəri X1 emal edilmiş malların kalkulyasiya sənədlərini təqdim edə bilmədiyini bildirmişdir. Səbəb kimi müəssisənin faktiki istehsal xərcləri üzərindən işlədiyini bildirmiş və müəssisə özünün uçot siyasətində plan kalkulyasiyasının tərtibini nəzərdə tutmamışdır. Vergi yoxlamasına dair tərtib olunmuş 23.04.2021-ci il tarixli səyyar vergi yoxlaması aktından göründüyü kimi, vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında 08.07.2020 tarixli **********137935 nömrəli tələbnamə verilmiş, bu tələbnaməyə əsasən 01.06.2017-ci il tarixdən 01.06.2020-ci il tarixədək olan dövr üzrə ilkin mühasibat sənədləri, o cümlədən, müqavilələr (əmək, icarə və s.), EVHF-lar, alqısatqı sənədləri, qaz və işığın sərfiyyatı barədə məlumat, YGB bəyannamələri, bank və xəzinə sənədləri, əmək haqqı hesablama cədvəlləri, material hesabatları, dövriyyə cədvəlləri, həmçinin mənfəət vergisinin yoxlanılması məqsədi ilə 01.01.2017-ci il tarixdən 01.01.2020-ci il tarixədək gəlir və xərcləri təsdiq edən ilkin mühasibat sənədləri və səyyar vergi yoxlamasının keçirilməsi üçün zəruri olan digər sənədlər tələb edilmişdir. Göründüyü kimi, vergi orqanı tərəfindən tələb edilən sənədlər siyahısında kalkulyasiya sənədləri nəzərdə tutulmamışdır. Cavabdeh inzibati orqan həm səyyar vergi yoxlaması aktında, həm də, 15.04.2021-ci il tarixli imtina aktında kalkulyasiya sənədləri istisna olmaqla digər sənədlərin tam şəkildə təqdim edildiyini göstərmişdir. Məhkəmə iclasında izahat verən iddiaçı tərəfin nümayəndəsi bildirmişdir ki, səyyar vergi yoxlaması keçirilərkən müəssisə tərəfindən yoxlamaya xərc sənədləri, o cümlədən ciddi-uçot sənədi olan müqavilələr, e-qaimələr, e-hesab fakturalar, ödəniş sənədləri, bank sənədləri və s. tam təqdim edilmişdir. Məhkəmə iclasında izahatında X6 bildirmişdir ki, hazırda məhkəməyə təqdim edilən bütün sənədlər vergi ödəyicisi tərəfindən onlara təqdim olunsa da, malların kalkulyasiya sənədi təqdim edilmədiyindən təqdim olunmuş sənədlər tərəflərindən qəbul olunmamış, malların kalkulyasiya sənədi olmadığından təqdim edilən sənəndlərə də baxılmasına heç bir əsas olmamışdır. Məhkəmə qeyd edir ki, ciddi hesabat blankları təşkilati-hüquqi formasından asılı olmayaraq, təşkilatların və fərdi sahibkarların maliyyə-təsərrüfat fəaliyyətində əmtəə-pul dövriyyəsini əks etdirən, forma və rekvizitləri müəyyən olunmuş qaydada təsdiq edilən, xüsusi seriya və nömrəsi olan ilkin uçot sənədidir. Ciddi hesabat blanklarının forma və rekvizitləri qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 9-cu bəndində əsasən bu Qaydanın 3.1.1-ci və 3.1.2-ci yarımbəndlərində, 3.3-cü, 6.1–6.3-cü bəndlərində nəzərdə tutulan qaimə-faktura, 3.1.1-ci və 3.1.2-ci yarımbəndlərində, 3.3-cü və 3.4-cü bəndlərində nəzərdə tutulan “İstehsal ehtiyatlarının təhvil-qəbul aktı”, 3.2-ci bəndində nəzərdə tutulan “İstehsal ehtiyatlarının alış aktı”, 3.5-ci bəndində nəzərdə tutulan “İstehsal ehtiyatlarının təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” və “Malların (hazır məhsulların) təsərrüfatdaxili yerdəyişməsi qaiməfakturası”, 4.1-ci bəndində nəzərdə tutulan “İstehsal ehtiyatlarının buraxılışı tələbnaməsi”, 4.2-ci bəndində nəzərdə tutulan “İstehsal ehtiyatlarının istehsala buraxılışı qaiməfakturası”, 4.4-cü bəndində nəzərdə tutulan “Köməkçi istehsal məhsullarının əsas istehsala buraxılışı qaimə-fakturası”, 4.5-ci bəndində nəzərdə tutulan “Yük avtonəqliyyatı üçün yol vərəqi”, 5.4-cü bəndində nəzərdə tutulan “Zay məhsullara dair akt”, 5.5-ci bəndində nəzərdə tutulan “Zay məhsulların təhvil-qəbul aktı”, 5.6-cı bəndində nəzərdə tutulan “İtmiş, əskik gəlmiş, xarab və ya zay olmuş və oğurlanmış mallar barədə akt”, 6.4cü bəndində nəzərdə tutulan “Hazır məhsulların təsərrüfatdaxili yerdəyişməsi qaiməfakturası” və 6.5-ci bəndində nəzərdə tutulan “Fövqəladə hallarda malların itməsi, əskik gəlməsi və xarab və ya zay olması barədə akt” ciddi hesabat blanklarıdır və onların formasını Azərbaycan Respublikasının Maliyyə Nazirliyi təsdiq edir. Göründüyü kimi, kalkulyasiya sənədləri ciddi hesabat blankları hesab olunmur, forma və rekvizitləri müəyyən olunmuş qaydada təsdiq edilən, xüsusi seriya və nömrəsi olan ilkin uçot sənədi deyildir. Ona görə də, kalkulyasiya sənədlərinin tərtib edilməsi məcburi deyil, həmin sənədlər sadəcə olaraq maya dəyərini müəyyən etmək üçün plan xarakteri daşıyan və vergi ödəyicisinin istəyinə görə tərtib edilməsi nəzərdə tutulan sənəddir. Bundan başqa, işdə olan müstəqil audit rəyindən də məlum olur ki, əmtəə-material ehtiyatlarının uçotunu orta maya dəyəri ilə hesablanması üçün MMC-də bütün ilkin uçot sənədləri mövcuddur. Bu məlumat vergi aktında belə öz əksini tapmışdır. Nəticə olaraq bildirilir ki, 2017-2020-ci illər üzrə ümumilikdə Vergi İdarəsi tərəfindən xidmətlərin dəyərinin artırılması əsassızdır. Mənfəət vergisi üzrə artıq hesablanmış dövriyyə yalnışdır, mənfəət vergisi yalnış olduğundan ƏDV üzrə hesablama da yalnışdır. Əmlak vergisi və X9 üzrə hesablamanı təsdiq edirlər. Mənfəət vergi bəyannaməsi üzrə qoşma olaraq əlavə edilmiş hesabatlardan da göründüyü kimi düzgün gəlir və xərclər nəzərə alındıqda MMC 2017-ci ili 246961,78 manat zərər, 2018-ci ili 131111,66 manat zərər, 2019-cu ili isə 297686,14 manat mənfəətlə başa vurmuşdur. MMC 2017 və 2018-ci illər üzrə yaranan zərərdən istifadə edərək mənfəət vergisini ödəməkdən imtina etmək hüququna malikdir. Göründüyü kimi iddiaçı tərəfindən təqdim edilmiş sənədlər üzrə aparılmış audit rəyi əsaslandırılmış və qeyd olunan nəticəyə gəlinmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının təqdim etdiyi sənədlərin (kalkulyasiya sənədi tərtib edilmədiyindən) yoxlama zamanı nəzərə alınmaması əsassız olmuş və qanunamüvafiq olmayan qərarın qəbulu ilə nəticələnmişdir. Məhkəmə həmçinin cavabdeh inzibati orqan analoji vergi ödəyicisinin müəyyən edilməməsi haqqında məlumatına da tənqidi yanaşaraq qeyd edir ki, həmin məlumat səyyar vergi yoxlaması zamanı mütəxəssis və ekspert rəylərinin tərtib edilməsindən sonra, yəni 20.04.2021-ci il tarixdə, səyyar vergi yoxlamasının yekunlaşdığı tarixdə təqdim olunmuşdur. Halbuki cavabdeh inzibati orqan analoji vergi ödəyicisinin olub-olmamasını araşdırdıqdan sonra müsbət nəticə əldə etməzsə, yoxlama üzrə mütəxəssis və ekspert cəlb etməli idi. Belə olan halda məhkəmə nəticəyə gəlir ki, cavabdeh inzibati orqan analoji vergi ödəyicisinin müəyyən edilməsi ilə bağlı kifayət qədər araşdırma aparmamış, səyyar vergi yoxlamasının bitdiyi tarixdə əlavə edilən analoji vergi ödəyicisinin müəyyən edilməməsi haqqında məlumatın əldə edilməsi isə formal xarakter daşımışdır. İş materiallarından göründüyü ki, 07 iyul 2020-ci il tarixli **********137912 nömrəli qərara əsasən 08 iyul 2020-ci tarixdən 20 aprel 2021-ci il tarixədək olan dövr üzrə İddiaçı MMC-də vergi yoxlaması təyin edilmiş və aparılmış səyyar vergi yoxlamasının nəticəsində 23.04.2021-ci il tarixli **********143747 nömrəli “Səyyar vergi yoxlaması” aktı tərtib olunmuş, həmin akt əsasında 14.06.2021-ci il tarixli **********147516 nömrəli qərar qəbul edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, vergi yoxlaması üzrə “Səyyar vergi yoxlaması” aktı 23.04.2021-ci il tarixdə tərtib edilməsinə baxmayaraq qərar 52 gün sonra, 14.06.2021-ci il tarixdə qəbul edilmişdir. Halbuki, Vergi Məcəlləsinin 39.5 və 39.6-cı maddəsinə əsasən bu müddət 45 (30 + 15) gündən artıq olmamalı idi. Belə ki, 23.04.2021-ci il tarixli aktın sonuncu vərəqində vergi ödəyicisinin nümayəndəsinin aktı imzalamaqdan imtina etdiyi qeyd olunsa da nə vergi orqanı, nə də vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 39.5-ci maddəsində nəzərdə tutulan müddətdə vergi ödəyicisinin yazılı etiraz verməsi barədə məlumat təqdim edilməmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 39.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda, vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. - 39.6-cı maddəsinə əsasən bu Məcəllənin 39.5-ci maddəsində müəyyən edilən müddət bitdikdən sonra 15 gündən çox olmayan müddətdə vergi orqanının rəhbəri (onun müavini) vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada götürülmüş, habelə vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə və vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına və onların aradan qaldırılması və müvafiq sanksiyaların (cərimələrin) tətbiq edilməsi məsələsinə baxır. Bundan başqa, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, 07.07.2020-ci il tarixli **********137912 saylı qərara əsasən 08.07.2020-ci il tarixdə başlanılan səyyar vergi yoxlaması vergi orqanının 18.08.2020-ci il tarixli **********139167 nömrəli qərarı ilə 30 iş günü, 08.01.2021-ci il tarixli **********143647 nömrəli qərarı ilə 15 iş günü müddətində uzadılmışdır. Vergi orqanının 23.09.2020-ci il tarixli **********140241 nömrəli, 26.10.2020-ci il tarixli **********141056 nömrəli, 17.11.2020-ci il tarixli **********141790 nömrəli, 17.12.2020-ci il tarixli **********142649 nömrəli, 22.12.2020-ci il tarixli **********142856 nömrəli, 29.12.2020-ci il tarixli **********143261 nömrəli, 28.01.2021-ci il tarixli **********144106 nömrəli, 12.02.2021-ci il tarixli **********144536 nömrəli, 19.02.2021-ci il tarixli **********144706 nömrəli, 25.02.2021-ci il tarixli **********144961 nömrəli, 09.03.2021-ci il tarixli **********145262 nömrəli, 17.03.2021-ci il tarixli **********145476 nömrəli, 31.03.2021-ci il tarixli **********145713 nömrəli, 09.04.2021-ci il tarixli **********145980 nömrəli, 15.04.2021-ci il tarixli **********146097 nömrəli qərarları ilə yoxlama müvəqqəti dayandırılmışdır. Bununla da, müəyyən edilir ki, səyyar vergi yoxlaması 08.07.2020-ci ildə başlamış, yoxlamanın müddəti ilk dəfə 18.08.2020-ci il tarixli **********139167 nömrəli qərarla uzadılmış və 23.09.2020-ci il tarixdə isə yoxlama müvəqqəti dayandırılmışdır. Bundan sonra yoxlamanın müddəti ikinci dəfə 08.01.2021-ci il tarixli **********143647 nömrəli qərarla uzadılmış və 28.01.2021-ci il tarixdə isə yoxlama müvəqqəti dayandırılmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Normadan göründüyü kimi, qanunvericilikdə səyyar vergi yoxlamasının keçirilməsi müddəti təqvim günü olmaqla imperativ qaydada müəyyən edilmişdir. İşdən məlum olur ki, 08.07.2020-ci il tarixdə səyyar vergi yoxlamasına başlamış vergi orqanı Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən yoxlamanı 30 gün ərzində yekunlaşdırmalı olduğu halda bunu etməmiş, yalnız yoxlamanın 42-ci günündə, yəni 18.08.2020-ci il tarixdə müddətin uzadılması haqqında qərar qəbul etmiş, 23.09.2020-ci il tarixdə müddətin müvəqqəti dayandırılmasına qədər müddət axımı davam etmiş, bununla da, cavabdeh 08.07.2020-23.09.2020-ci il tarixlərində 78 gün səyyar vergi yoxlamasını həyata keçirmişdir. Cavabdehin 08.01.2021-ci il tarixdə səyyar vergi yoxlamasının müddətinin artırılması barədə qərarı ilə yoxlama yenidən növbəti dayandırılmaya qədər, yəni 28.01.2021-ci il tarixə qədər 20 gün ərzində davam etmiş, bununla da səyyar vergi yoxlamasının aparılması 98 gün təşkil etmişdir. Bu hal isə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.2-ci maddəsində nəzərdə tutulan maksimum 90 gün müddətindən artıq olduğundan cavabdeh tərəfindən qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir. Bundan başqa, səyyar vergi yoxlamasının müvəqqəti dayandırılması haqqında cavabdeh inzibati orqanın 26.10.2020-ci il tarixli **********141056 nömrəli qərarında müvəqqəti dayandırılmanın səbəbi kimi Vergi Məcəlləsinin 38.7.2-ci maddəsinə əsasən səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbərinin (onu əvəz edən şəxs) və ya fərdi sahibkarın müvəqqəti olaraq əmək qabiliyyətinin itirilməsi göstərilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.7.2-ci maddəsinə əsasən səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə - əmək qabiliyyəti bərpa olunanadək növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması dayandırılır (təxirə salınır). Məhkəmə araşdırması zamanı nə iddiaçı, nə də cavabdeh tərəfindən iddiaçının rəhbərinin və ya onu əvəz edən şəxsin müvəqqəti olaraq əmək qabiliyyətini itirməsini sübuta yetirən dəlillər təqdim olunmamış, cavabdeh inzibati orqan məhkəməyə ünvanladığı etirazında iddiaçının rəhbərinin müvəqqəti əmək qabiliyyətini itirməsi ilə bağlı vergi orqanına müraciət etməsini qeyd etsə də, bunu təsdiq edən sənədləri məhkəmə təqdim etməmişdir. Ona görə də, məhkəmə bu nəticəyə gəlir ki, vergi orqanının yoxlamanın müvəqqəti dayandırılması (təxirə salınması) barədə 26.10.2020-ci il tarixli **********141056 nömrəli qərarı vergi qanunvericiliyinin tələblərinə uyğun olmamaqla formal xarakter daşıyır, ona görə də, əsaslı hesab oluna bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergi ödəmək vəzifəsi qoyula bilməz. - 53.3-cü maddəsinə əsasən bu məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Həmin maddənin üçüncü abzasına əsasən vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanın üzərinə düşür. - 54.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsinin olmaması vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən haldır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” 27 noyabr 2003-cü il tarixli Qərarı ilə məhkəmələrə izah olunmuşdur ki, Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilərlə bağlı, işlərə baxılarkən iş üzrə aydın olmayan məqamlar, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan halları, habelə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə işin faktiki halları ilə müəyyən olunmuşdur ki, vergi orqanı tərəfindən 14.06.2021-ci il tarixli **********147516 nömrəli “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətinə cəlb edilməsi haqqında” qərar qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Qeyd olunan hallar isə vergi orqanının mübahisələndirilən qərarının ləğvi üçün əsas hesab edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətinə cəlb edilməsi haqqında” 14.06.2021-ci il tarixli **********147516 nömrəli qərarı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar