Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1579/2025 13.01.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “xx.xx.2022-ci il tarixdə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən qoyulmuş diaqnozun yenidən düzgün qoyulması, xx.xx.2022-ci il tarixdə sağlamlığa laqeyd yanaşma nəticəsində səhv qoyulmuş diaqnoz səbəbi ilə ona dəymiş maddi və mənəvi ziyanın, ailə üzvlərinə dəymiş mənəvi ziyanın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. İddiaçının tələbi İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin üzərinə Hərbi Həkim Komisiyyasının xx.xx.2022-ci il tarixli diaqnozunun yenidən düzgün qoyulması, Hərbi Həkim Komisiyyasının xx.xx.2022-ci il tarixli səhv qoyulmuş diaqnoz səbəbi ilə sağlamlığa dəymiş maddi və mənəvi ziyanın ödənilməsi, Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli qərarında dəyişiklik edilərək səbəbli əlaqənin dəyişdirilməsi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş edilmiş qaydada və həcmdə kompensasiyanın ödənilməsi, şəxsi işdə məlumatların tam yazılması və yanlış yazılmış hissələrin düzəldilməsi, eyni zamanda ehtiyata buraxıldıqdan sonra şəxsi işdə məlumatların tam yazılmaması və səhv yazılması ilə bağlı mənəvi ziyanın ödənilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsi tərəfindən İddiaçı xx.xx.2024-cü il tarixdə sərəncam göndərilərək iddia tələblərinin ayrı-ayrı iddia tələbləri olduğu, ayrı-ayrı icraatda və ayrı-ayrı cavabdehlərə qarşı baxılmalı olduğu, həmçinin tələblərin öhdəliyin icrası haqqında iddia növünə aid olduğu, öhdəliyin icrası haqqında iddianın xüsusi mümkün şərtinin məhkəməyə müraciət etməzdən əvvəl eyni məzmunlu tələbi ehtiva edən ərizə ilə cavabdeh inzibati orqana müraciət edilməsi, inzibati orqanın həmin müraciətin təmin edilməsindən imtina etməsi və ya qanunvericiliklə müəyyən edilmiş müddət ərzində müraciəti cavablandırmamasının olduğu, qeyd olunan xətaların aradan qaldırılmasının, iddia tələbinin dəqiqləşdirilməsinin zəruriliyi qeyd edilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı dəqiqləşdirilmiş yeni iddia ərizəsini təqdim edərək cavabehin üzərinə xx.xx.2022-ci il tarixdə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən qoyulmuş diaqnozun yenidən düzgün qoyulması, xx.xx.2022-ci il tarixdə sağlamlığa laqeyd yanaşma nəticəsində səhv qoyulmuş diaqnoz səbəbi ilə ona dəymiş maddi və mənəvi ziyanın, ailə üzvlərinə dəymiş mənəvi ziyanın ödənilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları Gəncə İnzibati Məhkəməsinin İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli sərəncamından görünür ki, iddia ərizəsi və ona əlavə edilən sənədlərlə bağlı xətaların aradan qaldırılması üçün xx.xx.2025-ci il tarixədək vaxt verilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1.İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2 İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
Məhkəmənin mövqeyi
Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Hazırkı iddia tələbi üzrə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə xx.xx.2022-ci il tarixdə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən qoyulmuş diaqnozun yenidən düzgün qoyulması, xx.xx.2022-ci il tarixdə sağlamlığa laqeyd yanaşma nəticəsində səhv qoyulmuş diaqnoz səbəbi ilə ona dəymiş maddi və mənəvi ziyanın, ailə üzvlərinə dəymiş mənəvi ziyanın ödənilməsi vəzifəsinin qoyulmasını xahiş etmişdir. Göründüyü kimi iddia ərizəsində cavabdeh qismində inzibati orqan düzgün qoyulmamışdır. Belə ki, hazırkı iş üzrə cavabdeh orqan qismində “N nömrəli hərbi hissə” olmalıdır. Həmçinin hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla mahiyyəti üzrə baxılması üçün xüsusi mümkünlük şərti olan cavabdehin orqanın imtinasının olması və ya müraciətdən sonra hərəkətsizlik göstərməsi zəruridir. Yəni iddiaçı hazırkı tələblə əvvəlcə cavabdeh orqana-N nömrəli hərbi hissəyə müraciət etməli, cavabdeh iddiaçının tələbini təmin etmədikdə imtina məktubu və ya hərəkətsizlik göstərərsə iddiaçının müraciətini təsdiq edən sənəd məhkəməyə təqdim edilməlidir. Eyni zamanda iddia ərizəsində dəymiş maddi və mənəvi ziyanın məbləği dəqiq göstərilməlidir. Qeyd olunanlarla bağlı məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbinə müvafiq olaraq yardım etmək vəzifəsi üzrə xx.xx.2024-cü il tarixdə sərəncam göndərilərək qeyd olunan xətaların aradan qaldırılmasının zəruriliyi qeyd edilmiş, bununla əlaqədar xx.xx.2025-ci il tarixədək vaxt verilmiş, lakin İddiaçı tərəfindən sərəncama əməl edilməmiş, göstərilən xətalar aradan qaldırılmamışdır. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “xx.xx.2022-ci il tarixdə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən qoyulmuş diaqnozun yenidən düzgün qoyulması, xx.xx.2022-ci il tarixdə sağlamlığa laqeyd yanaşma nəticəsində səhv qoyulmuş diaqnoz səbəbi ilə ona dəymiş maddi və mənəvi ziyanın, ailə üzvlərinə dəymiş mənəvi ziyanın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Həmçinin, iddiaçıya izah edilir ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35 və 85.1-ci maddələrini rəhbər tutaraq
Qərara aldı
İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “xx.xx.2022-ci il tarixdə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən qoyulmuş diaqnozun yenidən düzgün qoyulması, xx.xx.2022-ci il tarixdə sağlamlığa laqeyd yanaşma nəticəsində səhv qoyulmuş diaqnoz səbəbi ilə ona dəymiş maddi və mənəvi ziyanın, ailə üzvlərinə dəymiş mənəvi ziyanın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Ruhiyə Tağıyeva