Məhkəmə qərarları › İş №2-1(114)-158/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-158/2021

15.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-158/2021 15.09.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Abdullayeva Şəms Şakir qızının katibliyi, İddiaçı1 vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X5, İddiaçı5, İddiaçı6 Cavabdehnə (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) qarşı vurulmuş ziyana görə kompensasiyanın və mənəvi ziyanın ödənilməsi tələbi üzrə inzibati işə məhkəmənin binasında, aşıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X5, İddiaçı5 və İddiaçı6 (bundan sonra mətndə iddiaçılar) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilin özbaşınalıqla, qanunsuz və heç bir hüquqi əsas olmadan sökülərək dağıdılması nəticəsində vurulmuş (dəymiş) 183 000 (bir yüz səksən üç min) manat kompensasiyanın İddiaçı1 və 100 000 (bir yüz min) manat mənəvi ziyanın Cavabdehndən (bundan sonra mətndə cavabdeh) alınaraq iddiaçılara ödənilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Vəli Xuluflu küçəsində yerləşən 136 nömrəli fərdi yaşayış evi mülkiyyət hüququ ilə ona məxsus olmuş, bu barədə mülkiyyət hüquqlarının qeydiyyatı ilə əlaqədar, 22239 nömrəli qeydiyyat şəhadətnaməsi verilərək 33 nömrəli reyestr kitabında qeydiyyat aparılmışdır. Cavabdeh tərəfindən mülkiyyət hüququ ilə ona məxsus olan əmlaka (daşınmaz əşyaya) vurduğu ziyan, yəni zərər cavabdehin öhdəliyinin yaranması ilə nəticələnmişdir. Cavabdeh orqanın bu hərəkətləri ilə onun əmlakının məhvi nəticəsində ona zərər olaraq ödənilməli olan məbləğ 183.000 (bir yüz səksən üç min) manat təşkil edir. Bu ziyan maddi ziyandır, ancaq həmin hadisədən iki il keçməsinə baxmayaraq, ziyanın ödənilməməsi, mənzil təminatının olmaması, başqa-başqa yerlərdə qalması və sair bu kimi digər mənəvi əzab və iztirablar çəkdiyinə görə mənəvi zərər də çəkmişdir. Maddi və mənəvi ziyan təkcə onun deyil, bütünlüklə həmin yaşayış evində mənzil hüquqlarını həyata keçirən ailə üzvlərinə (digər iddiaçılara) də vurulmuşdur. Cavabdehin bu qanunsuz hərəkətləri ona məxsus olan yaşayış evində yaşayan, orada öz mənzil təminatlarını yerinə yetirən ailə üzvünə də təsir etmişdir. Bunun üçün dəymiş mənəvi ziyan 100.000 (bir yüz min) manat məbləğində dəyərləndirilməlidir. Cavabdeh öz əməllərinə don geyindirmək məqsədi ilə, dəfələrlə onu Gəncə şəhəri, Nizami rayon İcra Hakimiyyətinə göndərmişdir ki, guya onun problemlərini həll etmək istəyir. Lakin sonradan bəlli olmuşdur ki, cavabdeh bunu qəsdən vaxt udmaq üçün edir və öz qanunsuz hərəkətlərini ört-basdır etmək məqsədi daşıyır. Belə olan halda, o rəsmi qaydada 25.06.2020-ci il tarixdə Gəncə şəhər İH-nin başçısına (surəti Gəncə şəhəri, Nizami rayon İH-nin başçısına ünvanlanmaqla) müraciət edərək, ümumilikdə dəymiş ziyanın ona ödənilməsini tələb etmişdir. Həmin müraciətlə, mülkiyyət hüququ ilə ona məxsus olan fərdi yaşayış evinin dağıdılması, yerlə-yeksan olması nəticəsində ümumilikdə 183.000 (bir yüz səksən üç min) manat məbləğində ziyanın vurulduğu qeyd olunmuşdur. Həmin məbləğ, əmlakın (daşınmaz əşyanın) yerləşdiyi ərazidə yaşayış sahəsinin hər kvadrat metrinə görə ortalama 600 (altı yüz) manat hesablandıqda və yaşayış sahəsinin də ümumilikdə 305 kv.m olduğunu nəzərə alınsa, bu məbləğ 183.000 manat təşkil edir. Müraciət məktubu cavabdeh orqana poçt vasitəsi ilə rəsmi qaydada 25.06.2020-ci il tarixdə göndərilmiş və cavabdeh tərəfindən 29.06.2020-ci il tarixdə alınmışdır. Lakin müraciətin cavabdeh orqan tərəfindən alındığı vaxtdan 70 (yetmiş) gündən çox vaxt keçməsinə baxmayaraq hazırki vaxta qədər cavablandırılmamış və vurulmuş ziyan ödənilməmişdir. Bundan başqa digər iddiaçılar göstərilən yaşayış evində daimi qeydiyyatda olmaqla yanaşı, uzun illər ümumi təsərrüfat aparmaqla, mənzil tələbatlarının, digər hüquq və azadlıqlarının həyata keçirilməsi orada olmuşdur. Bununla əlaqədar 2018-ci ilin sentyabr ayına qədər hər hansı bir mübahisə və ya maneə olmamışdır. 2018-ci ilin sentyabr ayına qədər heç bir problem və mübahisə olmadan iddiaçılar həmin evdə birlikdə yaşamışlar. Ancaq həmin tarixdə heç bir hüquqi əsas gətirmədən və heç bir rəsmi məlumat vermədən yaşayış evi cavabdeh tərəfindən sökülmüş, heç bir maliyyə vəsaiti ödənilməmiş, qabaqcadan xəbərdarlıq edilməmiş və sair bu kimi digər kobud qanun pozuntularına yol verməklə qanunsuz olaraq məhv edilmişdir. Bu hadisə ilə bağlı onun dəfələrlə Gəncə şəhəri, Nizami rayon İH-də məsul şəxslərlə görüşməsinə baxmayaraq hər dəfə bir bəhanələr gətirməklə bu günə qədər iş həll edilməmişdir. Nəticədə, Konstitusiyon hüquqları pozulmaqla mülkiyyətin (əmlakın) dəyəri ödənilməmiş, yaşayış evi məhv edilən zaman o və orada yaşamaq hüququ digər şəxslərlə (mülkiyyətçidən başqa digər iddiaçılar) danışıqlar aparılmamış, əmlakın əvəzi verilməmişdir. Ona görə də cavabdeh tərəfindən 2018-ci il tarixdə mülkiyyət hüququ ilə ona məxsus olan, Gəncə şəhəri, Vəli Xuluflu küçəsində yerləşən 136 nömrəli fərdi yaşayış evinin özbaşnalıqla, qanunsuz və heç bir hüquqi əsas olmadan sökülərək dağıdılması nəticəsində vurulmuş (dəymiş) 183.000 (bir yüz səksən üç min) manat kompensassiyanın və fərdi yaşayış evinin özbaşınalıqla, qanunsuz və heç bir hüquqi əsası olmadan sökülərək dağıdılması nəticəsində onlara vurulmuş 100.000 manat mənəvi ziyanın cavabdehdən alınaraq onlara ödənilməsi barədə qərara qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 03.06.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X4 03.06.2021-ci il tarixdə keçirilən məhkəmə baxış iclasında iddia tələbinə etiraz edərək bildirmişdir ki, iş üzrə mübahisəli evlərin köçürülməsi ilə bağlı Prezidentin sərəncamı var. Həmin evlərin köçürülməsi barədə pul ayrılıb, həmçinin vətəndaşlara sökülmüş evlərin yerinə alternativ mənzil təklif edilib. Həmçinin ekspert rəyi ilə razılaşmayaraq təkrar mütəxəssis rəyinin verilməsini xahiş etmişdir. Cavabdeh və üçüncü şəxs iddiaya qarşı yazılı münasibət bildirməmişlər. Digər iddiaçılar, cavabdehin və üçüncü şəxsin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlməməsinə baxmayaraq, məhkəmə işə baxıb iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş və formal tələblərə cavab verən məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Gəncə X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin 01.03.2006-ci il tarixli 22239 nömrəli qeydiyyat vəsiqəsi, 02.03.2006-cı il tarixli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin Texniki Pasportu, mənzilə dair plan, iddiaçılara məxsus şəxsiyyət vəsiqələrinin surətləri, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 07.10.2020-ci il tarixli **********21 nömrəli məktubu, AB X2 Cəmiyyətinin 18.11.2020-ci il tarixli 264/Mİ/20 və 22.04.2021-ci il tarixli 143/Mİ/21 nömrəli qiymətləndirmə rəyləri, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin 2V-1-55 VƏ 2V-1- 55; 56 nömrəli notariat işləri, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin 25.06.2021-ci il tarixli **********27 nömrəli məktubu, Gəncə Regional «ASAN Xidmət» Mərkəzində Notariat ofisinin 16.08.2021-ci il tarixli 2500, 19.08.2021-ci il tarixli 2555 və 23.08.2021-ci il tarixli 2577 nömrəli məktubları təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: İddia inzibati mübahisələrin həlli ilə bağlı inzibati orqanın qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbi olmaqla mümkün iddiadır. Aşağıdakı hallara görə iddia qismən əsaslıdır. Gəncə şəhəri 7 saylı Dövlət notariat ofisinin 4Ə-1-125 nömrəli notariat işinə əlavə edilmş 20.02.2006-cı il tarixli evin 7/8 hissəsinin bağışlama müqaviləsinə əsasən X6, X10, İddiaçı6 ünvan 1, 224.0 kv.m torpaq sahəsində yerləşən, Tik “A”-26.2 kv.m, bir otaqdan ibarət evin 7/8 hissəsini İddiaçı1 bağışlamışlar. Həmin bağışlama müqaviləsinin əsasında Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Gəncə X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi 01.03.2006-ci il tarixli 22239 nömrəli qeydiyyat vəsiqəsi ilə Gəncə şəhəri, Nizami rayonu, Vəli Xuluflu küçəsi, ev 136 ünvanında 26.20 kv.m-dən ibarət əmlak mülkiyyət hüququ üzrə İddiaçı1 adına qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş vətəndaşın şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı6 06.11.2015-ci il tarixdə verilmiş şəxsiyyət vəsiqəsində, X3 19.12.2012-ci il tarixdə verilmiş şəxsiyyət vəsiqəsində, İddiaçı1 10.07.2017-ci il tarixdə verilmiş şəxsiyyət vəsiqəsində, İddiaçı4 24.09.2017-ci il tarixdə verilmiş şəxsiyyət vəsiqəsində, İddiaçı3 25.06.2016-cı il tarixdə verilmiş şəxsiyyət vəsiqəsində və İddiaçı5 16.05.2018-ci il tarixdə verilmiş şəxsiyyət vəsiqələrində qeydiyyat ünvanları Gəncə şəhəri, Nizami rayonu, Vəli Xuluflu küçəsi, ev 136 ünvanıdır. AB X2 Cəmiyyətinin 18.11.2020-ci il tarixli 264/Mİ/20 nömrəli qiymətləndirmə rəyi ilə Gəncə şəhəri İcra Hakimiyyəti tərəfindən sökülmüş – İddiaçı1 məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin 2017-ci ilə bazar qiyməti 177.000 (bir yüz yetmiş yeddi min) manat, hazırki dövrə bazar qiyməti isə 189.700 (bir yüz səksən doqquz min yeddi yüz) manat müəyyən edilmişdir. AB X2 Cəmiyyətinin 22.04.2021-ci il tarixli 143/Mİ/21 nömrəli qiymətləndirmə rəyləri ilə Gəncə şəhəri İcra Hakimiyyəti tərəfindən sökülmüş – İddiaçı1 məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin 2017-ci ilə bazar qiyməti 224.0 kv.m torpaq sahəsi üçün 82.000 (səksən iki min) manat, hazırki dövrə bazar qiyməti 88.700 (səksən səkkiz min yeddi yüz) manat, 2017-ci ilə bazar qiyməti 26.20 kv.m otaq üçün 25.000 (iyirmi beş min) manat, hazırki dövrə bazar qiyməti 27.000 (iyirmi yeddi min) manat, 2017-ci ilə bazar qiyməti 134.5 kv.m tikili üçün 70.000 (yetmiş min) manat, hazırki dövrə bazar qiyməti 74.000 (yetmiş dörd min) manat, cəmi:- 2017-ci ilə bazar qiyməti 177.000 (bir yüz yetmiş yeddi min) manat, hazırki dövrə bazar qiyməti isə 189.700 (bir yüz səksən doqquz min yeddi yüz) manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini də nəzərdə tutur. Mövcud qanunvericiliyə əsasən şəxsi mülkiyyət dövlət hesabına aşağıdakı yollarla özgəninkiləşdirilə bilər: Konstitusiyanın 29-cu maddəsinin İV bəndi tələb etdiyi kimi Mülki Məcəllənin 157.9-cu maddəsinə əsasən mülkiyyət qanuni kompensasiya əvvəlcədən ödənilməsi şərtilə dövlət ehtiyacları üçün müsadirə yolu ilə; və ya Mülki Məcəllənin 207 və 203.3.3-cü maddələrinə uyğun olaraq mülkiyyətçinin razılığı ilə dövlət tərəfindən əmlakın alınması yolu ilə; və ya Mülki Məcəllənin 203.3 maddəsində nəzərdə tutulmuş digər xüsusi hallarda. İşin faktiki hallarından göründüyü kimi yuxarıdakı prosedurların heç birinə riayət edilməmişdir. Konstitusiyanın 13-cü maddəsinin 1-ci bəndində deyilir: “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Konstitusiyanın 29-cu maddəsinin 4-cü bəndində deyilir: “ Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakının tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər”. Mülki Məcəllənin 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyətli obyektləirin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə özgəninkiləşdirilə bilər. Mülki Məcəllənin 157.9-cu maddəsində nəzərdə tutulmuş “müvafiq dövlət orqanı” kimi Nazirlər Kabinetinin təyin edilməsi müəyyən edilmişdir. Həmin Məcəllənin 203.3-ü maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən aşağıdakı tədbirlərdən başqa əmlakın mülkiyyətçisindən məcburi alınmasına yol verilmir: - öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi (maddə 203.3.1); - qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakın özgəninkiləşdirilməsi (maddə 203.3.2); - sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi (maddə 203.3.3); - təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması (maddə 203.3.4); - rekvizisiya (maddə 203.3.5); -müsadirə (maddə 203.3.6). Fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın dövlətin və cəmiyyətin ehtiyacları üçün özgəninkiləşdirilməsi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən həyata keçirilir (maddə 203.5). Qeyd olunan Məcəllənin 207-ci maddəsinə əsasən torpaq sahəsində olan binalara, qurğulara və ya digər daşınmaz əmlaka mulkiyyət hüquna xitam verilməsi həmin sahənin dövlət ehtiyacları üçün alınmasının mümkün olmadığı hallarda dövlət bu əmlakı satınalma yolu ilə ala bilər. Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsində deyilir: “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz”. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə müəyyən edir ki, 224.0 kv.m torpaq sahəsi və üzərində yerləşən 26.20 kv.m yaşayış evi 1 saylı Protokolun 1-ci maddəsinə əsasən iddiaçının müılkiyyəti olmuşdur. Məhkəmə qeyd edir ki, hazırki işdə iddiaçının mülkiyyətinə müdaxilə olmuşdur. Bu müdaxilə 1 saylı protokolun 1-ci maddəsinin 2-ci cümləsinin məzmunu baxımından mülkiyyətdən məhrum etməyə bərabərdir. Məhkəmə iddiaçının əmlakına müdaxilə zamanı mülkiyyətinin alınması ilə bağlı prosedurun Konstitusiyanın, Mülki Məcəllənin 152.1, 157.4, 157.9, 1097, 1100, 1113 və 1115-ci maddələrinin müddəaları ilə tənzimlənməsinə dair arqumentini nəzərə alır və razılaşır ki, iddiaçının mülkiyyətinin alınması zamanı həmin hüquqi aktlar tətbiq olunmalı idi. Buna baxmayaraq, hazırki işdə ərizəçinin mülkiyyətindən məhrum edilməsi zamanı qanunla nəzərdə tutulmuş şərtlərin heç birinə əməl olunmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh ərizəçinin şikayətinə baxmayaraq həmin qanunvericilik aktlarının tətbiq olunması məsələsini ümumiyyətlə müzakirə etməmişdir. Yuxarıda qeyd olunan əsaslara görə məhkəmə bu nəticəyə gəlir ki, hazırki işdə müdaxilə qanunla nəzərdə tutulmuş şərtlərə uyğun şəkildə həyata keçirilməmişdir. İddiaçı öz mülkiyyətindən qanunsuz olaraq məhrum olunmuşdur. Avropa İnsan Hüquqları Konvensiyasının 41-ci maddəsi aşağıdakıları nəzərdə tutur: «Əgər məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin razılığa gələn yüksək tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməyini təyin edir». Məhkəmə hesab edir ki, iddiaçı öz mülkiyyətindən məhrum edildiyinə görə kompensasiya hüququna malikdir. İddiaçı maddi zərərə görə 183,000 manat məbləğin kompensasiya şəklində ona ödənilməsini tələb edir. Hazırki işdə maddi zərərin qiymətləndirilməsi ilə bağlı iş materiallarında iddiaçının əmlakının bazar dəyəri fərqli məbləğlərdə təqdim edilmişdir. Məhkəmə bu səbəbdən zərərin qiymətləndirilməsi üçün hansı məbləğin əsas kimi götürüləcəyini müəyyənləşdirməlidir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mütəxəssisi X7 tərəfindən 18.11.2020-ci il tarixdə tərtib edilmiş 264/Mİ/20 nömrəli «sökülmüş fərdi yaşayış evinin dəyərini müəyyən etmək üçün qiymətləndirmə hesabatı»ndan görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin 2017-ci ilə bazar qiyməti 177.000 (bir yüz yetmiş yeddi min) manat, hazırki dövrə bazar qiyməti isə 189.700 (bir yüz səksən doqquz min yeddi yüz) manat təşkil edir. 264/Mİ/20 nömrəli qiymətləndirmə rəyində ekspert qarşısında qoyulan suallara tam şəkildə cavab verilmədiyindən məhkəmə əlavə ekspertiza təyin etmişdir. Təkrar ekspertizanın nəticəsi olaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mütəxəssisi X7 tərəfindən 22.04.2021-ci il tarixdə tərtib edilmiş 143/Mİ/21 nömrəli «sökülmüş fərdi yaşayış evinin dəyərini müəyyən etmək üçün qiymətləndirmə hesabatı»ndan görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin 2017-ci ilə bazar qiyməti 224.0 kv.m torpaq sahəsi üçün 82.000 manat, hazırki dövrə bazar qiyməti 88.700 manat, 2017-ci ilə bazar qiyməti 26.20 kv.m otaq üçün 25.000 manat, hazırki dövrə bazar qiyməti 27.000 manat, 2017-ci ilə bazar qiyməti 134.5 kv.m tikili üçün 70.000 manat, hazırki dövrə bazar qiyməti 74.000 manat, cəmi:- 2017-ci ilə bazar qiyməti 177.000 manat, hazırki dövrə bazar qiyməti isə 189.700 manat dəyərində qiymətləndirilmişdir. «Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin 25.06.2021-ci il tarixli **********27 nömrəli məktubundan görünür ki, qiymətləndirmə zamanı obyektin həqiqiliyini təsdiq etmək məqsədi ilə müvafiq əmlak üzrə aidiyyatı hüquqi sənədlər tələb olunur. Eyni zamanda qiymətləndirmə işinin həyata keçirilməsi üçün daşınmaz əmlakların bazar dəyərinə təsir edən amillərin faktiki vəziyyətinin yerində dürüstləşdirilməsi məqsədi ilə əmlaka mühəndis-qiymətləndirici tərəfindən baxış keçirilməlidir. Lakin qərardadda qeyd olunan əmlak söküldüyündən bazar dəyərinin hesablanması və qiymətləndirilməsinə dair rəy verilməsi mümkün olmamışdır. Bundan əlavə məhkəmə notariusa sorğu göndərib cavab almaqla iddiaçıya məxsus daşınmaz əmlakın bazar dəyərini obyektiv müəyyən etməyə çalışmışdır. Gəncə Regional «ASAN Xidmət» Mərkəzində notariat ofisinin məhkəməyə ünvanladığı 16.08.2021-ci il tarixli 2500, 19.08.2021-ci il tarixli 2555 və 23.08.2021-ci il tarixli 2577 nömrəli məktublarına əsasən müəyyən olunmuşdur ki, son 1 il ərzində Gəncə Regional «ASAN Xidmət» Mərkəzində notariat ofisində Gəncə şəhəri, Vəli Xuluflu küçəsində yerləşən fərdi yaşayış evinin özgəninkiləşdirilməsinə dair 1 ədəd notariat hərəkəti aparılmış və qiyməti 30.000 manat olmuşdur. Mənzillərin özgəninkiləşdirilməsi dair müqavilələr təsdiq olunarkən alqı-satqı məbləği aşağı qiymət 25.000 manat, ən yüksək qiymət isə 47.000 manat olmuşdur. Həmçinin son 1 il ərzində Gəncə Regional «ASAN Xidmət» Mərkəzində notariat ofisində Gəncə şəhəri, Vəli Xuluflu küçəsinə yaxın ərazidə Gəncə şəhəri, Nizami rayonu, Vaqif küçəsində yerləşən 0.023 ha həyətyanı torpaq sahəsi 12.000 (on iki min) manata satılmışdır. Məhkəmə iddiaçının torpaq sahəsi ilə bağlı ekspert qiymətləndirilməsi ilə notariusun həmin ərazidə yerləşən torpaq sahəsinin bazar dəyərini müqayisə edərkən qiymətlər arasında həddindən artıq tənasübsüz fərqlər müəyyən etmişdir. Məhkəmə qeyd edir ki, ekspert rəylərinə qiymətləndirmə ilə bağlı hesabatlar əlavə etsə də, bu sadəcə bir sıra təqribi məbləğləri əks etdirir, hər hansı əvvəlki ekspert rəylərinə və ya digər etibarlı məlumatlara istinad olunmamışdır. Buna görə də məhkəmə qiymətləndirmə ilə bağlı mövcud bütün sübut və materialları nəzərə alaraq sözügedən torpaq sahəsinin bazar dəyərini notarius tərəfindən müəyyən olunmuş ən yüksən qiymətlə dəyərləndirməkdən başqa seçim görməmişdir. Yuxarıda göstərilən mülahizələri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçıya məxsus olan 0.024 ha torpaq sahəsinin ölçüsü həmin əraziyə yaxın ərazidə satılmış torpaq sahəsinin (0.023 ha) ölçülərinə uyğun olduğundan torpaq sahəsinə görə iddiaçıya notariat qaydasında təsdiq olunmuş torpaq alqı-satqı müqaviləsində göstərilən ən yüksək qiymət, yəni 12.000 manat ödənilməlidir. 26.20 kv.m-dən ibarət bir otaqlı mənzilin dəyərinə gəlincə məhkəmə hesb edir ki, həmin mənzilə dair ekspert rəyi ilə natariusun bazar qiymətləri demək olar ki, üst-üstə düşür. Bu səbəbdən məhkəmə mənzilin dəyəri ilə bağlı ekspert rəyini, yəni 27.000 manatı məqbul hesab edir. Beləliklə, məhkəmə bu nəticəyə gəlir ki, iddiaçıya maddi zərər olaraq 39.000 (27.000+12.000=39.000) manat ödənilməlidir. İddiaçı mənəvi zərərə görə 100.000 manat tələb etmişdir. Məhkəmə iddia edilən məbləğin həddən artıq olduğunu bildirir və hesab edir ki, bu başlıq altında iddiaçıya 5.000 manat ödənilməlidir. Ədalətli məhkəmə baxışına olan hüququn səmərəli təmininə həm milli qanunvericiliyin tələbi, həm də dövlətimizin beynəlxalq öhdəliyi kimi yanaşılmalı və riayət olunmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentinə istinad edərək məhkəmə qeyd edir ki, “Prikov Rusiya Federasiyasına qarşı” işdə (08 iyun 2006-cı il) ərizəçinin mənəvi ziyan ödənilməsi barədə tələbinə Rusiya Federasiyası höküməti etirazını bildirərək ərizəçinin ona mənəvi ziyan vurması barədə heç bir sübut təqdim etməməsinə görə mənəvi ziyana görə kompensasiya tələbinin təmin olunmamasını xahiş etmişdir. Avropa Məhkəməsi qərarında göstərmişdir ki, ərizəçi cavabdehin hərəkətləri nəticəsində müəyyən mənəvi sarsıntılara məruz qalmış və işsizliyə görə müavinəti onun yeganə dolanışıq mənbəyi olmuşdur. Məhkəmə ədalətlilik prinsipinə istinad edərək ərizəçiyə kompensasiya ödənilməsini vacib hesab etmişdir. Avropa Məhkəməsi “Sporronq və Lonnpot İsveçə qarşı” işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ şərti və qeyri-sabit xarakterli etmiş olur. Ali Məhkəmənin MİÜMK-nın 17.10.2007-ci il tarixli 6k-2203 saylı qərraında hüquqi dövlətin pozitiv öhdəliklərinə istinad edərək göstərmişdir ki, hüquqi dövlət suverenliyə malik olmaqla özü-özünü yaradır və hamı üçün məcburi olan davranış qaydalarını müəyyən edir. Hüquqi dövlətin əsas əlamətlərindən biri də qanunun aliliyidir. Həmin əlamətə və prinsipə müvafiq olaraq heç bir dövlət orqanı, heç bir vəzifəli şəxs, heç bir kollektiv və ya ictimai təşkilat, heç bir insan qanuna tabe olmaq öhdəliyindən azad deyildir. Qanunun aliliyindən söhbət getdikdə bu özünün düzünə mənasında başa düşülməlidir. Hüquqi dövlətin yaradılması və mövcudluğu qanunun aliliyinin təkcə faktiki olaraq elan edilməsini deyil, həm də onun cəmiyyətin həyatının bütün sahələrində həyata keçirilməsi, ictimai münasibətlərə birbaşa təsirinin gücləndirilməsini nəzərdə tutur. Hüquqi dövlətdə insan hüquq və azadlıqlarına tam təminat verilməli, dövlət və onun yurisdiksiyası altında olan insanların qarşılıqlı məsuliyyəti prinsipi müyyənləşdirilməlidir. Dövlətin yurisdiksiyası altında olan insanlar dövlət qarşısında məsuliyyət daşıdığı kimi, dövlət də insanların hüquq və azadlıqlarının təmin edilməsində cavabdehlik daşımalıdır. Bu müddəa Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə, o cümlədən “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasında da öz əksini tapmışdır. Konvensiyanın 1-ci maddəsinə əsasən ”Razılığa gələn yüksək Tərəflər onların yurisdiksiyası altında olan hər kəs üçün Konvensiyada müəyyən olunmuş hüquq və azadlıqları təmin etməlidir”. Məhkəmə həmçinin qeyd edir ki, yaşayış evinin sökülməsi ilə əlaqədar iddiaçıların qeydiyyatsız qalmaları onlar üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, onların yaşayış sahəsi üzrə ümumiyyətlə, qeydiyyatsız qalmasına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 aprel 2003-cü il tarixli 55s saylı sərəncamına uyğun olaraq Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilər. Odur ki, məhkəmə digər iddiaçılara buna görə mənəvi ziyan ödənilməsi tələbi ilə razılaşmır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər (maddə 1097.1). Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər (maddə 1097.3). Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir (maddə 1100). Birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş zərər üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar (maddə 1113.1). Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur (maddə 1115). Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia qismən təmin edilsin. Cavabdehndən 39.000 (otuz doqquz min) manat məbləğində maddi ziyan, 5000 (beş min) manat məbləğində mənəvi ziyan, cəmi 44.000 (qırx dörd min) manat tutularaq İddiaçı1 xeyrinə ödənilsin. Tələb qalan hissədə rədd edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Hakim: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar