Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1580/2025 23.01.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, İddiaçı (bundan sonra mətndə - iddiaçı) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra mətndə - cavabdeh) qarşı müharibə veteranı adı və vəsiqəsi verilməsi məqsədi ilə adının müvafiq siyahiya daxil edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə qöndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. İşin halları: İddiaçı xx.xx.1990-cı il tarixdə Xanlar rayonun Əzizbəyov kəndində anadan olmuş, hazırda Göygöl rayonu, Hacıməlik qəsəbəsində qeydiyyatda olmaqla müvəqqəti olaraq Rusiya Federasiyasında yaşayır. AO seriyalı, ******* nömrəli hərbi biletdəki məlumata əsasən iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissədə xidmət etmiş, xx.xx.2020xx.xx.2020-ci il tarixlərdə Fizuli, Zəngilan, Qubadlı istiqamətində gedən döyüşlərdə N nömrəli hərbi hissədə atıcı vəzifəsində xidmət etmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 342 nömrəli əmrindən çıxarışa (48-ci hissə) əsasən iddiaçı 1-ci zenit raket divizionun 2-ci zenit raket batareyasının maddi-təminat mühafizə manqasının atıcısı vəzifəsinə təyin edilmiş və hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara daxil edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli əmri ilə hərbi hissənin və bölmələrinin şəxsi heyətinin düşmən təxribatının qarşısının alınması ilə əlaqədar döyüş tapşırığını yerinə yetirən və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı xidməti vəzifəsini layiqincə yerinə yetirən hərbi qulluqçuların siyahısına iddiaçı da daxil edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, 447 nömrəli əmrindən çıxarışa (25-ci hissə) əsasən iddiaçı xx.xx.2020-ci il tarixdən hərbi hissənin şəxsi heyətindən, bütün növ təminatlardan çıxarılmış və səfərbərlikdən təxris edilmişdir. N saylı hərbi-hissənin arayış-məlumatına əsasən, döyüş əməliyyatları aparılan zaman (27.09.-xx.xx.2020-ci il tarixlərdə) iddiaçının iştirak etdiyi ərazi Qaraməmmədli olmuş, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əks hücum əməliyyatları və işğal altında olan torpaqların azad edilməsi uğrunda gedən döyüşlər zamanı döyüş batareyasının ərazisinin düşmənin kəşfiyyat və diversiya qruplarından bilavasitə yerüstü mühafizəsinin təşkil olunub qorunmasında fəal iştirak etmişdir. N nömrəli hərbi hissənin xx.xx.2024-cü il tarixli, 1635 nömrəli məktubuna əsasən 44 günlük “Vətən Müharibəsi” zamanı N nömrəli hərbi hissənin 1-ci divizionun 2-ci batareyasının iştirak etdiyi ərazilər Yevlax rayonu Qaraməmmədli kəndi və Gəncə şəhəri olmuşdur. İddiaçı tərəf ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. İddiaçının anası X1 müraciətinə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2023-cü il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Cavabdeh xx.xx.2023cü il tarixli, 2/2-9087 nömrəli məktubunda bildirmişdir ki, iddiaçı barəsində təqdim olunmuş arayış-məlumatda qeyd olunmuş ərazilər (Mingəçevir şəhəri) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 2 nömrəli Qərarında göstərilən ərazilərə uyğun gəlmədiyinə görə iddiaçıya "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi üçün sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. İddiaçı tərəfin dəlilləri: İmtina ilə razılaşmayan iddiaçı cavabdehə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi tələbinə dair iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Ərizə xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır. Daha sonra iddiaçının səlahiyyətli nümayəndəsi tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “müharibə veteranı adı və vəsiqəsi verilməsi məqsədi ilə adının müvafiq siyahiya daxil edilməsi məqsədi ilə Azərbaycan Respeblikasının Nazirlər Kabinetinə qöndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunması xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020ci il tarixə kimi atıcı olaraq Mingəçevir şəhərində yerləşən N nömrəli Hərbi Hissənin tərkibində Fizuli, Zəngilan, Qubadlı rayonları istiqamətində gedən döyüşlərdə erməni işğalçılarına qarşı iştirak etmişdir. Bununla əlaqədar ərizə ilə cavabdehə müraciət etsə də, xx.xx.2024-cü il tarixdə imtina cavabı verdilər. Cavabdehin imtinası əsassız və qanunsuzdur. Belə ki, Hərbi Hava Qüvvələri tərəfindən xx.xx.2023-cü il tarixli 3/06 nömrəli məktub göndərilmiş və məktubda göstərilib ki, "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsi barədə qərar qəbul edilməsi üçün adları " Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya"ya təqdim edilmiş şəxslərin sənədləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 2016 nömrəli qərarına uyğun tərtib edilib yenidən təqdim edilməsi məqsədi ilə xx.xx.2023-cü il tarixdə "Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya" tərəfindən geri qaytarılmışdır. Həmin siyahıda Sizin də adınız qeyd edilmişdir. N nömrəli hərbi hissənin "Vətən müharibəsində iştirak etmiş şəxslərin sənədlərinin hazırlanması işinin təşkili və icrası üçün yaradılmış hərbi hissə üzrə daxili yoxlama komissiya"sı tərəfindən sənədləriniz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 2016 nömrəli qərarına uyğun tərtib edilmişdir və yenidən qərar qəbul edilməsi məqsədi ilə N nömrəli hərbi hissə tərəfindən xx.xx.2023-cü il tarixli 2605 nömrəli məktubla "Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya'ya təqdim edilmişdir. Nəticəsi barədə Sizə əlavə məlumat veriləcəkdir". Göründüyü kimi, Hərbi Hava Qüvvələri tabeçiliyində olan N saylı hərbi tərkibində iddiaçının döyüşlərdə iştirak etməsini təsdiq edir və iddiaçının adının da siyahıda olmasını ona dair sənədləri MN-nın Komissiyasına təqdim etdiyini göstərmişdir. .Buna baxmayaraq Komissiya təqdim olunmuş sənədlərin arayış-məlumatda ərazilərin Mingəçevir şəhəri olduğu göstərilməsini əsas götürür. İndi isə həmin arayış-məlumatına dair tərtib edilmiş blank barədə bildirir ki, blankın sağ tərəf hissəsində hərbi hissənin yerləşdiyi ünvan göstərilib və N saylı hərbi hissə Mingəçevir şəhərində yerləşdiyi üçün blankın giriş hissəsində Mingəçevir şəhərinin adı qeyd edilib. Blankın alt hissəsində isə hərbi qulluqçunun döyüşlərdə iştirak etdiyi rayonların adları göstərilir. Lakin, buna baxmayaq əsas hüquqmüəyyənedici sənədləri (hərbi bilet və hərbi hissə tərəfindən tərtib edilmiş sənədləri) nəzərə almayan komissiya arayış-məlumatını qanunsuz olaraq əsas kimi qəbul etmiş və bununla da qanunvericiliyin tələblərini pozmuşdur. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi (atası) tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Cavabdeh tərəfin dəlilləri: Cavabdeh iddia tələbinə xx.xx.2024-cü il tarixli, 3-25-4/2-7688/2024 nömrəli məktubla məhkəməyə etirazını təqdim etmiş və etirazında bildirmişdir ki, İddiaçının adına tərtib edilmiş N nömrəli hərbi hissənin arayış-məlumatından görünür ki, o, vətən müharibəsi zamanı Mingəçevir şəhərinin Qaraməmmədli qəsəbəsində batareyanın ərazisində mühafizənin təşkilində iştirak etmişdir. Bundan başqa iş materialında olan N nömrəli hərbi hissə komandirinin xx.xx.2024-cü il tarixli əmrindən görünür ki, xx.xx.2020-ci il tarixdən düşmən təxribatının qarşısının alınması və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı S.R.Həsənov N nömrəli hərbi hissədə xidməti vəzifələrini yerinə yetirmişdir. Göründüyü kimi iddiaçı S.R,Qurbanov "Vətən müharibəsi" zamanı Migəçevir şəhərinin Qaraməmmədli qəsəbəsində yerləşən N nömrəli hərbi hissənin tərkibində xidməti vəzifələrini icra etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamədə qeyd olunan hüquq normalarının qarşılıqlı təhlilindən müəyyən edilir ki, hava hücumundan müdafiə bölmələrinin tərkibində döyüş əməliyyatlarında iştirak etmiş iki kateqoriyadan olan şəxslərə "müharibə veteranı" adı və vəsiqəsi verilir: 1) 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək hava hücumundan müdafiə bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları yerinə yetirmiş; 2) Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd edilən ərazilərdə döyüş əməliyyatlarının bütün növ təminatları üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə. Yəni, döyüş əməliyyatlarının döyüş təminatından başqa digər bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş şəxslərə o şərtlə "müharibə veteranı" adı və vəsiqəsi verilir ki, həmin şəxslər qeyd olunan tapşırıqları Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə yerinə yetirmiş olsunlar. İşin qeyd edilən faktiki hallarından görünür ki, iddiaçı Qaraməmmədli qəsəbəsində yerləşən N nömrəli hərbi hissədə hava hücumundan müdafiə bölmələrinin tərkibində xidməti vəzifələrini yerinə yetirmişdir. Göründüyü kimi iddiaçı hava hücumundan müdafiə bölmələrində döyüş əməliyyatlarının döyüş təminatı üzrə deyil, xidməti vəzifələrini yerinə yetirmişdir. Lakin onun döyüş əməliyyatları zamanı xidmət etdiyi bölmənin yerləşdiyi ərazi olan Mingəçevir şəhəri Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərə daxil deyildir. Hazırkı inzibati iş üzrə təqdim edilmiş sənədlərdən sabit olur ki, iddiaçının ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə bağlı arzuladığı inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur. Cavabdehin nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barəsində məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. İşdən görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək iddiaçı N nömrəli hərbi hissənin 1-ci zenit raket divizionun 2-ci zenit raket batareyasının madditəminat mühafizə manqasının atıcısı vəzifəsində xidmət etmiş, Hərbi Hava Qüvvələri komandanının xx.xx.2020-ci il tarixli 0028 nömrəli döyüş sərəncamı, Hərbi Hava Qüvvələri Komandanının xx.xx.2020-ci il tarixli N nömrəli əmri ilə hərbi hissənin və bölmənin döyüş əməliyyatlarına cəlb olunmuşdur. Bundan əlavə N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli əmri ilə hərbi hissənin və bölmələrinin şəxsi heyətinin düşmən təxribatının qarşısının alınması ilə əlaqədar döyüş tapşırığını yerinə yetirən və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı xidməti vəzifəsini layiqincə yerinə yetirən hərbi qulluqçuların siyahısına iddiaçı da daxil edilmişdir. «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamə 1-ci hissəsinin birinci bəndinin doqquzuncu abzasına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir Göründüyü kimi, qanunvericilikdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçularla yanaşı döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçular, həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər də müharibə veteranı hesab edilirlər. Yuxarıda qeyd olunan Əsasnamənin 1-ci hissəsinin 11-ci abzasında ümumiyyətlə Azərbaycan Respublikasının hər hansı bölgəsi barədə məlumat qeyd olunmamış, yəni heç bir ərazi məhdudiyyəti nəzərdə tutulmamışdır. Həmin normanın tələblərinə görə 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1- ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə müharibə veteranın adının verilməsi həyata keçirilməlidir. Başqa sözlə, həmin normanın tələblərinə görə müharibə veteranı adının verilməsi üçün şəxsin hansı döyüş bölgəsində olması deyil, hansı bölmənin tərkibində döyüş əməliyyatlarında iştirak etməsi mühüm rol oynayır. Lakin, cavabdeh iddiaçı barəsində təqdim olunmuş arayış-məlumatda qeyd olunmuş ərazilərin (Mingəçevir şəhəri) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə) Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazi meyarlarına uyğun gəlmədiyinə əsaslanaraq iddiaçıya “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina edilmişdir. Halbuki, qeyd olunan Əsasnamənin 1-ci hissəsinin on birinci abzasında qeyd olunan tələblərindən göründüyü kimi, heç bir ərazi məhdudiyyəti göstərilmədən 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adının verilməsi nəzərdə tutulmuşdur. Hərbi doktrina nöqteyi-nəzərincə sülh və ya müharibə dövründə silahlı qüvvələrin arxa təminatı - silahlı qüvvələrin silahla, hərbi sursatla, yanacaqla, sair maddi-texniki vasitələrlə təmin edilməsi üzrə kompleks tədbirlər sistemini ehtiva edir. Arxa hissə təminatı silahlı qüvvələrin döyüş qabiliyyətinin lazımi səviyyədə saxlanılması üçün onların ehtiyaclarının ödənilməsi, döyüş əməliyyatları zonasında hərbi hissələr tərəfindən hərbi vəzifələrin uğurla həyata keçirilməsinin təmin edilməsi məqsədlərinə xidmət edir və döyüş əməliyyatları təminatının tərkib hissəsi sayılır. Bu baxımdan döyüş təminatı ilə bağlı tapşırıqların yalnız və sadəcə olaraq əməliyyat təminatı kimi təfsir olunması məqbul sayıla bilməz. Döyüş əməliyyatlarının uğurlu olması üçün əməliyyat təminatı ilə yanaşı həm də digər təminat növlərinin, o cümlədən arxa hissə təminatının lazımi şəkildə və qaydada həyata keçirilməsi tələb olunur. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə münasibətdə, iddiaçının ezam olunduğu ərazilərdə yerinə yetirdiyi xidməti vəzifəni qeyd olunan kontekstdən qiymətləndirmək lazımdır. Başqa sözlə, iddiaçının ezam olunduğu ərazilərdə döyüş batareyasının ərazisinin düşmənin kəşfiyyat və diversiya qruplarından bilavasitə yerüstü mühafizəsinin təşkil olunub qorunmasında iştirak etməsi öz əhəmiyyətinə görə döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi kimi dəyərləndirilməlidir. Məhkəmə qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdehin üzərinə iddiaçının adı müharibə veteranı statusu və vəsiqəsi verilən şəxslərin siyahısına daxil edilərək, həmin siyahının Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. İddiaçı adı müharibə veteranı statusu və vəsiqəsi verilən şəxslərin siyahısına daxil edilərək, həmin siyahının Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-1580/2025
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1580/2025
23.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver