Məhkəmə qərarları › İş №2-1(114)-1581/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1581/2023

07.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1581/2023 07.03.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı1, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşı ünvanlı sosial yardımın dayandırıldığı vaxtdan bərpa edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, “Ünvanlı sosial yardım haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən təyin olunmuş ünvanlı sosial yardımın verilməsinə dair müraciətdən imtina edilməsinə dair 270b03db22ba453a9fb8e098fc654a4c nömrəli imtinanın ləğv olunması, 1 il müddətinə qoyulmuş məhdudiyyətin götürülməsi, xx.xx.2022-ci il tarixdən onlara çatası 5 aylıq, yəni 2.117,4 manat ünvanlı sosial yardımın verilməsi öhdəliyinin cavabdein üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçılar “Ünvanlı Sosial yardım haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən ünvanlı sosial yardım təyin edilməsi üçün “VEMTAS” sistemi vasitəsilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişlər. Onlara Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “VEMTAS” sistemi tərəfindən hər ay 423,48 manat məbləğində ünvanlı sosial yardım təyin edilmişdir. Ünvanlı sosial yardımı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi almışlar. Lakin X1 üzrə Mərkəzi Filialın əməkdaşları tərəfindən yaşayış ünvanlarına baxış keçirilmiş və evlərində qonaqlarının olmasını aşkar edilmişdir. Müayinə zamanı guya istifadəsində avtomobilin olmasını əsas götürmüşlər. Lakin istifadəsində nəqliyyat vasitəsi yoxdur və bu BDYPİ-nin müvafiq arayışı ilə təsdiq olunur. Ailənin istifadəsində nəqliyyat vasitəsinin olmasını əsas götürərək, ünvanlı sosial yardımın veriməsindən imtina olunmuş və 1 müddətinə məhdudlaşdırılma verilmişdir. Halbuki, həmin nəqliyyat vasitəsi evlərin gələn qonaqların avtomobili olmuş, həmin qonaq müayinə zamanı nəqliyyat vasitəsinin ona məxsus olmasını və bu barədə sənədlərini təqdim etmişdir. Hazırda həmin imtinanı qanunsuz hesab edirlər. Bu səbəbdən də imtina ləğv olunmalı, 1 il müddətinə qoyulmuş məhdudiyyət götürülməli, onlara xx.xx.2022-ci il tarixdən sonrakı dövr üzrə çatası ünvanlı sosial yardımın verilməsini tələb edirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası 07 mart 2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. İddiaçı1 məhkəmə iclasında iddianı müdafiə etmiş və əlavə olaraq avtomobilin qohumuna məxsus olduğunu, sadəcə zərurətlə bağlı bir-iki dəfə ailə üzvlərini avtomobillə xəstəxanaya apardığını bildirmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X5 iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı1 ailəni təmsil edən şəxs qismində ÜDSY almaq hüququnun müəyyən edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli **********84103 nömrəli rəsmi müraciətinə əsasən, “Ünvanlı dövlət sosial yardımı” haqqında Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli Qərarı ilə təsdiq olunmuş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”na (Qaydalar) uyğun olaraq, Fondun X1 üzrə mərkəzi filialı tərəfindən aparılmış maddi X4 əsasında xx.xx.2022-ci il tarixdən xx.xx.2023cü il tarixədək 423,48 manat məbləğində ÜDSY ödənişi təyin olunmuşdur. Daha sonra ailəyə təyin edilmiş sosial yardımı almaq hüququna yenidən baxılması məqsədilə Mərkəzi filial tərəfindən xx.xx.2022-ci il tarixdə videoçəkilişlə həyata keçirilmiş monitorinq zamanı İddiaçı1 “Hyundai-ix35” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini istifadə etməsi müəyyən edilmiş, maşının içərisindən İddiaçı1 məxsus sürücülük vəsiqəsi aşkarlanmış, avtomobili övladlarını məktəbə və ya xəstəxanaya aparmaq üçün istifadə etdiyini bildirmişdir. Təmsilçi qeyd olunanları təsdiqləmiş və monitorinq zamanı tərtib olunmuş aktı imzalamışdır. Bu səbəblə ailənin ÜDSY ödənişi xx.xx.2022-ci il tarixdə Qaydaların 3.7.4-cü maddəsinə əsasən dayandırılmış və “Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununun 10.4-cü maddəsinə uyğun olaraq ailənin sosial yardım almaq hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmışdır. Yuxarıda sadalanan halların İddiaçı1 istifadəsində nəqliyyat vasitəsinin olmasını müəyyən etmək üçün yetərli olduğunu göstərir. Digər iddiaçılar İddiaçı2 və İddiaçı3 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və ərizə ünvanlayaraq işə onların iştirakları olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə digər iddiaçıların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair 270b03db22ba453a9fb8e098fc654a4c nömrəli bildirişin surəti; - Ünvanlı sosial yardımın alınması üçün müraciətə təyinat edilməsinə dair f7cb265446164c39ab18dffd330bc663 nömrəli bildirişin surəti; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondunun X1 üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********8 nömrəli məktubunun surəti; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin xx.xx.2022-ci il tarixli, 309-3340-1222 nömrəli məktubu; - AZ-İ seriya 761291 nömrəli “Nikah haqqında” şəhadətnamənin surəti; - iddiaçılara məxsus şəxsiyyət vəsiqələrinin surətləri; - cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş DVD-R disk Həmin sənədlərin məzmununa istina edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı1 ailəni təmsil edən şəxs qismində ünvanlı dövlət sosial yardım almaq məqsədilə cavabdehə müraciət etmiş və onlara xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək 423,48 manat məbləğində ünvanlı dövlət sosial yardım ödənişi təyin olunmuşdur. Daha sonra ailəyə təyin edilmiş sosial yardımı almaq hüququna yenidən baxılması məqsədilə keçirilmiş monitorinq zamanı İddiaçı1 istifadəsində nəqliyyat vasitəsini olması səbəbindən ünvanlı dövlət sosial yardımı ləğv olunmuşdur. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunun 3-cü maddəsinə əsasən Sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən sosial yardımın məqsədi aztəminatlı ailələrin sosial müdafiəsinin təmin edilməsindən ibarətdir. “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının 3.7-ci bəndində sosial yardımın təyin olunmasından imtina edilməsi əsasları göstərimişdir. 3.7.1. “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; 3.7.2. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarlarının məcmusuna bərabər və ya ondan yuxarı olduqda; 3.7.3. sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqı-satqı etdikdə; 3.7.4. ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla); 3.7.5. ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirliyin tabeliyində X2 struktur bölməsi tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 (bir) aydan sonra baxılır); 3.7.6. ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 15 (on beş) faizinə bərabər və ya ondan yuxarı olduqda; 3.7.7. ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Müdafiə Fondunun X1 üzrə Mərkəzi Filialının xx.xx.2022ci il tarixli, **********8 nömrəli məktubunun məzmunundan görünür ki, Qaydaların 4.3.6-cü madddəsinə əsasən ailənin istifadəsində nəqliyyat vasitəsi olması barədə məlumatları təqdim etmədiyindən təyin olunmuş ünvanlı dövlət sosial yardımının verilməsi dayandırılmışdır. Məhkəmə cavabdehin sosial yardımın verilməsinin dayandırılması üçün göstərdiyi əsas arqument, yəni onun istifadəsində nəqliyyat vasitəsinin olması ilə bağlı qeyd edir ki, məhkəmə araşdırması zamanı sonuncunun istifadəsində nəqliyyat vasitəsinin olması öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə cavabdehin normativ hüquqi akt müddəalarını düzgün tətbiq etmədiyindən iddiaçıların sosial təminat hüquqlarının pozulması qənaətinə gəlmişdir. Cavabdeh nəqliyyat vasitəsinin iddiaçıların həyətində dayanmasını, iddiaçıya məxsus sürücülük vəsiqəsinin sözügedən nəqliyyat vasitəsində olmasını və məhkəmə iclasında tədqiq edilmiş monitorinq zamanı aparılmış videoçəkiliş zamanı iddiaçının nəqliyyat vasitəsindən ailə zərurəti ilə bağlı bir-iki dəfə xəstəxanaya, həmçinin məktəbə getməsini əsaslanaraq nəqliyyat vasitəsinin iddiaçının istifadəsində olmasını qeyd etmişdir. Lakin məhkəmə sözegedən arqumentləri əsassız hesab edir və bununla bağlı aşağıdakı maddi hüquq normalarını qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.4-cü maddəsinə əsasən Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən Daşınmaz əşyalara aid edilə bilməyən bütün əşyalar daşınar əşyalar sayılır. Həmin Məcəllənin 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Qeyd olunan normalardan görünür ki, nəqliyyat vasitəsi dövlət qeydiyyatına alınan daşınar əmlakdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 27-ci maddəsinin Xİİİ bəndində əsasən Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə, etibarnamə əsasında başqa şəxsə verildikdə, bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş müvafiq orqanlarda təkrar dövlət qeydiyyatından keçirilməlidir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin xx.xx.2022-ci il tarixli, 309-3340-1222 nömrəli məktubundan da görünür ki, iddiaçının mülkiyyətində və istifadəsində heç bir nəqliyyat vasitəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Həmin Məcəllənin 362.2-ci maddəsinə əsasən notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Qeyd olunan normaların sistemli təhlilindən görünür ki, cavabdeh orqanın əsaslandığı Qaydalarda nəzərdə tutulan “nəqliyyat vasitəsindən istifadə” mülkiyyət hüququnun tərkibinə daxil olan və notarial qaydada təsdiq edilmiş etibarnamənin verilməsi yolu ilə nəqliyyat vasitəsindən faydalanmağı nəzərdə tutur. Qeyd olunan fakt isə məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci maddəsinə əsasən inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. Həmin maddənin 5-ci bəndinə əsasən inzibati aktlardan məhkəmə qaydasında şikayət (inzibati iddia) Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən olunmuş qaydada verilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Beləliklə, məhkəmə toplanılmış və şifahi məhkəmə baxışı iclasında tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3a təyin edilmiş ünvanlı dövlət sosial yardımın dayandırıldığı vaxtdan bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulmalıdır. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı1, İddiaçı2 və İddiaçı3a təyin edilmiş ünvanlı dövlət sosial yardımın dayandırıldığı vaxtdan bərpa edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar