Məhkəmə qərarları › İş №2-1(114)-1582/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1582/2021

26.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1582/2021 26.08.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə 23.04.2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 08.06.2021-ci il tarixli 2-1(112)-6024/2021 nömrəli qərardadı ilə inzibati iş baxılması üçün ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 24.05.1992-ci tarixdə Tovuz Rayon Hərbi Komissarlığına çağrılmış, 27.06.1992-ci il tarixdə N saylı hərbi hissə komandirinin N nömrəli əmrinə əsasən sıravi hərbi rütbəsi verilərək hərbi hissənin şəxsi heyətinə daxil edilmiş, 21.01.N-cü il tarixədək hərbi hissənin həyata keçirdiyi bütün döyüş tapşırıqlarında iştirak etmiş, həmin tarixdə “bel nahiyyəsinin səthi dəlib keçən güllə yarası” alaraq, Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müayinə və müalicə olmuşdur. Lakin hal-hazıra kimi müharibə veteranı statusu ala bilməmişdir. Bununla bağlı cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə göndərilmiş 28.07.2021-ci il tarixli, 11/3594 nömrəli iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 19.08.2015-ci il tarixli 9/2-5510 nömrəli arayışına əsasən İddiaçı N saylı hərbi hissə komandirinin 27.06.1992-ci il tarixli 24 nömrəli əmri ilə şəxsi heyətin siyahısına və bütün təminat növlərinə salınaraq “sıravi” hərbi rütbəsi verilərək mühafizə bölüyünün kursantı vəzifəsinə təyin olunması barədə məlumat vardır. Lakin onun döyüş bölgəsinə ezam olunması və yaralanması barədə arxiv arayışında məlumat yoxdur. Müharibə veteranı adının verilə bilməsi üçün şəxsin döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində xidmət etməsi və qanuni əsaslarla tərxis olunması sübuta yetirilməlidir. Buna görə də ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Bu səbəbdən də iddianın təmin edilməməsi xahiş olunmuşdur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 19.05.2015-ci il tarixli 9/2-5510 nömrəli arxiv arayışında qeyd olunmuşdur ki, İddiaçı N saylı hərbi hissə komandirinin 27.06.1992-ci il tarixli 24 nömrəli əmri ilə şəxsi heyətin siyahısına və bütün təminat növlərinə salınaraq “sıravi” hərbi rütbəsi verilərək mühafizə bölüyünün kursantı vəzifəsinə təyin olunmuş, N saylı hərbi hissə komandirinin yanvar N-cü il tarixli nizami hissə üzrə əmrlərində onun yaralanması barədə məlumat aşkar olunmamış, eləcə də N saylı hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında 09.07.1996-cı il tarixdə 869 nömrəli xaric olma sənədi ilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə qeydiyyat aparılmış, N saylı hərbi hissə komandirinin 09.07.1996-cı il tarixli nizami hissə üzrə əmrində onun şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat aşkar olunmamışdır. -surəti işə əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasının 14.12.2017-ci il tarixli 193 nömrəli qərarının surətindən görünür ki, Tovuz RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 21.01.N-cü ildə aldığı və 21.01.N-cü ildən 18.02.N-cü ilə kimi Akademik Mirqasımov adına Respublika Klinik xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma-diaqnoz “Bel nahiyyəsinin səthi dəlib keçən güllə yarası” “Hərbi travmadır” və Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. -surəti işə əlavə edilmiş Azərbaycan Respublikası Sumqayıt Hərbi Prokurorluğunun 28.12.2018-ci il NP-14/5781 nömrəli məktubunun surətindən görünür ki, İddiaçı barəsində Sumqayıt hərbi prokurorluğunda heç bir təqsirləndirici material və ya cinayət işi yoxdur. -surəti işə əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin 24.01.2019-cu il tarixli, 1/Y-776 nömrəli məktubunda qeyd olunmuşdur ki, Mərkəzi Arxivin 19.05.2015-ci il tarixli 9/2-5510 nömrəli arayışına əsasən İddiaçı xidmət etdiyi N nömrəli hərbi hissə döyüşlərdə iştirak etmədiyinə, eləcə də onun döyüş bölgəsinə ezam olunmağı və yaralanmağı barədə arxiv sənədlərində məlumat olmadığına görə ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. -surəti işə əlavə edilmiş İddiaçı məxsus 24.06.1992-ci il tarixli, НЗ ******* nömrəli hərbi biletin surətində olan qeydlərdən görünür ki, sonuncu N saylı hərbi hissəni özbaşına tərk etmiş və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun 14.04.2006-cı il tarixli H1a/36 nömrəli və Sumqayıt hərbi prokurorunun 03.02.2009-cu il tarixli HP-14/382 nömrəli məktubuna əsasən hərbi uçota götürülmüşdür. -Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 20.05.2021-ci il tarixli, 9/2-3992 nömrəli məktubunda qeyd olunmuşdur ki, N nömrəli hərbi hissə komandirinin yanvar N-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti və yaralanması barədə məlumat aşkar edilməmiş, Akademik Mirqasımov adına Respublika Klinik xəstəxanasının sənədləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikasıİnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. Belə ki, Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin 1-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin 8-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən N-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 14-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. Beləliklə yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün şəxsin hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) şərtdir. Yəni, hərbi xidmətin başa çatması hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmrinə əsasən şəxsi heyət siyahısından çıxarılması ilə şərtləndirilmişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçının N saylı hərbi hissə komandirinin 27.06.1992-ci il tarixli 24 nömrəli əmri ilə şəxsi heyətin siyahısına və bütün təminat növlərinə salınaraq “sıravi” hərbi rütbəsi verilərək mühafizə bölüyünün kursantı vəzifəsinə təyin olunması, eləcə də onun döyüş zonasında hərbi xidmət keçərkən 21.01.Ncü ildə aldığı və 21.01.N-cü ildən 18.02.N-cü ilə kimi Akademik Mirqasımov adına Respublika Klinik xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma-diaqnoz (“Bel nahiyyəsinin səthi dəlib keçən güllə yarası”) hərbi travma olsa da, ona məxsus hərbi biletdə olan qeydlərdən görünür ki, sonuncu N saylı hərbi hissəni özbaşına tərk etmişdir, bu səbəbdən də N saylı hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında onun 09.07.1996-cı il tarixdə 869 nömrəli xaric olma sənədi ilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə qeydiyyat aparılmışdır. Beləliklə qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 73.1, 75 və 81-86-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar