Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1582/2024 12.01.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlu iddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsinin Cavabdeh MMC-yə qarşı gömrük borcunun ödənilməsi tələbinə dair iddia ərizsəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsi Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixli **********2470 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********2472 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********2521 sorğu nömrəli və xx.xx.2018-ci il tarixli **********2548 sorğu nömrəli gömrük bəyannamələri üzrə aparılmış gömrük əməliyyatları nəticəsində yaranmış ümumilikdə 7174,28 manat məbləğində gömrük borcunun "xxxx" MMC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin xx.xx.2022-ci il tarixli N-79 nömrəli əmrinə və xx.xx.2022-ci il tarixli MN seriyalı ********* nömrəli vəsiqəsinə əsasən aparılmış araşdırma zamanı Cavabdeh (bundan sonra - Cəmiyyət) tərəfindən Gürcüstan Respublikasından xx.xx.2018-ci il tarixli **********2470 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********2472 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********2521 sorğu nömrəli və xx.xx.2018-ci il tarixli **********2548 sorğu nömrəli gömrük bəyannamələri ilə idxal edilmiş mallara dair aparılmış gömrük əməliyyatları nəticəsində yaranmış ümumilikdə 7174,28 manat məbləğində gömrük borcunun olması müəyyən edilmişdir. Hazırkı mübahisə üzrə iddiaçı olaraq mübahisənin məhkəməyə qədər nizama salınması üçün 7174,28 manat pulunun ödənilməsi məqsədilə Tovuz Gömrük İdarəsi tərəfindən Cəmiyyətə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin X1 Sistemində (bundan sonra — VAİS) qeydiyyatda olan ünvanına xx.xx.2023-cü il tarixdə 3-33-2000/2-001206/2023 nömrəli məktub ünvanlansa da xəbərnamədə “köçüb, bina sökülüb” qeyd olunaraq məktub geri qayıtmışdır. Daha sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin saytında VÖEN-ə əsasən axtarışla qeyd olunan Bakı şəhəri, Nizami rayonu, X2, ev 181A ünvanına xx.xx.2023-cü il tarixdə 3-33-2000/2-001519/2023 nömrəli məktub ünvanlansa da xəbərnamədə “Bu ünvanda yoxdur” qeyd olunaraq məktub geri qayıtmışdır. Tovuz Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə Cəmiyyətin qeydiyyatda olduğu ünvan, onun təsisçisi, fəaliyyət göstərib göstərməməsi, əlaqə məlumatlarına dair məlumatın əldə olunması üçün xx.xx.2023-cü il tarixdə 3-33-2000/2-002120/2023 nömrəli məktub ünvanlanmış, məktubun xx.xx.2023-cü il tarixli **********146400 nömrəli cavabında Cəmiyyətin ünvan 3 ünvanı qeyd olunmuşdur. Məktubda qeyd olunan həmin ünvana yenidən xx.xx.2023-cü il tarixdə 3-33-2000/2-002522/2023 nömrəli məktub ünvanlanmış xəbərnamədə “Köçüb, Həyət sökülüb” qeyd olunub. Mübahisənin məhkəməyə qədər nizama salınması üçün cavabdehin dəqiq ünvanını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin 20 iyul 2022-ci il tarixli N-79 nömrəli əmrinə və 20 iyul 2022-ci il tarixli MN seriyalı ********* nömrəli vəsiqəsinə əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan ərazi və ixtisaslaşdırılmış gömrük idarələrində 23 aprel 2018-ci il tarixdən 16 iyul 2022-ci il tarixə kimi olan dövrdə gömrük rüsumlarının, alınması gömrük orqanlarına həvalə edilmiş vergilərin və gömrük yığımlarının hesablanmasının, ödənişinin düzgünlüyünün və Komitənin müvafiq xəzinə hesab kitablarına daxil olmuş vəsaitlərin dövriyyəsinin, həmin dövr ərzində idxal əməliyyatları üzrə rəsmiləşdirilmiş malların qanunvericilik aktlarına uyğun gömrük ödənişlərinə cəlb edilməsi və gömrük ödənişləri üzrə imtiyazların tətbiq olunması vəziyyətinin yoxlanılması nəticəsində müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara görə aylıq ödənişlərin, malların gömrük rəsmiləşdirilməsinə görə gömrük yığımlarının, gecikdirilən gömrük borclarına görə dəbbə pulunun az hesablandığının, bəzi hallarda gömrük ödənişləri üzrə imtiyazların düzgün tətbiq edilmədiyinin, konsiqnasiya yolu ilə ixrac edilmiş mallar müqabilində qaytarılmalı olan pul vəsaitlərinin vaxtında qaytarılmaması faktlarının aşkar edildiyi göstərilmiş və bu barədə müvafiq akt tərtib olunmuşdur. Qeyd olunan aktda öz əksini tapan və bərpası təmin olunmayan ödənişlər və gömrük borcları, eyni zamanda həmin borclar üzrə hesablanmış dəbbə pullarının dövlət büdcəsinə ödənilməsi təmin olunmamışdır. Bu səbəbdən də 7174,28 manat məbləğində pulun Cəmiyyətdən tutularaq dövlət büdcəsinə ödənilməsini təmin etmək üçün iddia ərizəsi ilə məhkəməyə müracıət edilməsi zərurəti yaranmışdır.
3. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
Əsaslandırma hissəsi:
4. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
5. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 11. İnzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. Bənd 12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.
6. İddia ərizəsindən müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsi Cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixli **********2470 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********2472 sorğu nömrəli, xx.xx.2018-ci il tarixli **********2521 sorğu nömrəli və xx.xx.2018-ci il tarixli **********2548 sorğu nömrəli gömrük bəyannamələri üzrə aparılmış gömrük əməliyyatları nəticəsində yaranmış ümumilikdə 7174,28 manat məbləğində gömrük borcunun "xxxx" MMC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi tələbi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir.
7. Halbuki, inzibati məhkəmədə inzibati icraat qaydasında həyata keçirilən fəaliyyətdən irəli gələn, yəni inzibati mübahisələrə baxılır. Həmin mübahisələrin predmetini isə inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.
8. İddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsi səlahiyyətli inzibati orqan kimi inzibati icraat aparmalı və icraatın yekununda inzibati akt qəbul etməli olduğu halda, bunu etməmiş və inzibati mübahisənin predmeti olmayan tələblə məhkəməyə müraciət etmişdir.
9. Belə ki, İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununa görə: Maddə 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddə 3.1. Bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Maddə 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi. Maddə 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. Maddə 71.1. Maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Maddə 82.2. İnzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Maddə 82.3. Tələbin icraya yönəldilməsi haqqında qərarın qəbul edilməsinin şərtləri aşağıdakılardır: 82.3.1. borclu tərəfindən ən azı 10 gün ərzində pul tələblərinin ödənilməsini nəzərdə tutan inzibati aktın qəbul edilmiş olması; 82.3.2. pul tələblərinin ödənilməsi üçün müəyyən olmuş icra müddətinin bitməsi; 82.3.3. inzibati orqan tərəfindən borcluya edilmiş xəbərdarlıqdan sonra, xəbərdarlığın elan olunduğu gündən sonrakı 10 gün müddətində borclunun ödəməni həyata keçirməməsi. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 8.0.7 bəndinə əsasən gömrük rüsumlarını, müvafiq vergiləri və digər gömrük ödənişlərini almaq gömrük orqanın vəzifəsidir. Həmin Məcəllənin 48-ci maddəsinə görə: 48.1. Gömrük orqanlarının qərarları onların öz təşəbbüsü, yaxud maraqlı şəxslərin yazılı, o cümlədən elektron formada müraciəti əsasında qəbul olunur. Həmin şəxslər gömrük orqanlarını müvafiq qərarların qəbulu üçün zəruri olan məlumatlarla təmin etməlidirlər. 48.2. Gömrük orqanlarının qərarları bir şəxs və ya şəxslər qrupu barəsində qəbul olunur. 48.3. Bu Məcəllədə başqa müddət nəzərdə tutulmadıqda, qərar şəxsin yazılı, o cümlədən elektron formada müraciəti gömrük orqanına daxil olduğu tarixdən 30 (otuz) gün ərzində qəbul edilməlidir. Qərarların qəbulu ilə əlaqədar inzibati icraat “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aparılır. 48.4. Gömrük orqanları tərəfindən qərarların qəbul edilməsi haqqında məlumatın maraqlı şəxsə (şəxslərə) və ya onların nümayəndələrinə verilməsi qaydası bu Məcəllə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Qərar müraciət edən şəxs üçün əlverişsiz olduqda, onun qəbul edilməsinin səbəbləri göstərilməli və şəxsə qərarla bağlı yuxarı gömrük orqanına və ya məhkəməyə şikayət vermək hüququ haqqında məlumat verilməlidir. 48.5. Gömrük orqanının qərarı şəxs (şəxslər) onu aldığı gündən qüvvəyə minir. 48.6. Gömrük orqanının qərarı yazılı formada qəbul olunur və bütün gömrük ərazisində hüquqi qüvvəyə malikdir. 48.7. Gömrük orqanları tərəfindən qərara düzəlişlərin və əlavələrin edilməsi, onun etibarsız sayılması və ləğvi qaydaları bu Məcəllə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. 48.8. Şəxsin (şəxslərin) gömrük orqanının qərarından bu Məcəllənin 10-cu fəslinə uyğun olaraq inzibati və (və ya) məhkəmə qaydasında şikayət etmək hüququ vardır. Maddə 249. Gömrük borclarının alınması və məsuliyyət tədbirləri: 249.1. Ödənilməmiş gömrük borcları gömrük ödənişlərini ödəmək öhdəliyinin yarandığı tarixdən 3 (üç) il ərzində gömrük orqanları tərəfindən bu maddədə müəyyən edilmiş qaydada məcburi tutulur. Göründüyü kimi, iddiaçının cavabdehdən gömrük borcunun ödənilməsinə dair tələbi inzibati məhkəmə icraatında baxılan inzibati mübahisənin predmeti ola bilməz. Ona görə də, iddia mümkün sayılmamalıdır.
10. İddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsinə izah edilməlidir ki, o, inzibati orqan kimi gömrük borcunun ödənilməsi ilə bağlı inzibati icraat qaydasında fəaliyyət həyata keçirməli (inzibati icraat aparmalı) və nəticəsindən asılı olaraq inzibati akt qəbul etməlidir. Aparılmış icraatın yekununda gömrük borcunun ödənilməsi barədə inzibati akt qəbul ediləcəyi halda, tələbin icraya yönəldilməsi barədə qərar (inzibati orqanın özü tərəfindən) qəbul edilməlidir.
11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:
12. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. İddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tovuz Gömrük İdarəsinə izah edilsin ki, o, inzibati orqan kimi cavabdehin Gömrük Məcəlləsinin tələblərini pozmaqla gömrük borcunun ödənilməsi ilə bağlı inzibati icraat qaydasında fəaliyyət həyata keçirməli (inzibati icraat aparmalı) və nəticəsindən asılı olaraq inzibati akt qəbul etməli, aparılmış icraatın yekununda gömrük borcunun ödənilməsi barədə inzibati akt qəbul ediləcəyi halda isə, tələbin icraya yönəldilməsi barədə qərar qəbul etməlidir. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Hakim Emin Axundov