Məhkəmə qərarları › İş №2-1(114)-1583/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1583/2021

20.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1583/2021 20.09.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı” vəsiqəsinin dublikatının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə 08.07.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, ona “müharibə veteranı” vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 02.10.1992-ci il tarixdən 24.06.1999-cu il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətdə olmuş, xidmətdə olduğu müddətdə Qarabağ müharibəsində iştirak etmiş, buna görə də ona müharibə veteranı kimi 12.08.1999-cu il tarixdə Kəpəz rayon hərbi komissarlığı tərəfindən 032864 saylı vəsiqə verilmişdir. Veteran vəsiqəsini itirdiyi üçün iddiaçı ona “müharibə veteranı” vəsiqəsinin dublikatının verilməsi ilə əlaqədar cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. İddiaçı iddianı müdafiə etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə göndərilmiş 17.08.2021-ci il tarixli, 11/3929 nömrəli iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, iddiaçı Tərtər Hərbi Tribunalının 24.11.1995-ci il tarixli hökmünə əsasən döyüş əməliyyatları aparılan dövrdə hərbi xidmət əleyhinə cinayət törətdiyinə görə ona “müharibə veteranı” vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Bu səbəbdən də iddianın təmin edilməməsi xahiş olunmuşdur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin 18.03.2020cu il tarixli, 1/Q-4481 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Komissiyaya təqdim edilmiş “müharibə veteranı” adının və vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərə və Tərtər Hərbi Tribunalının 24.11.1995-ci il tarixli hökmünə əsasən döyüş əməliyyatları aparılan dövrdə hərbi xidmət əleyhinə cinayət törətdiyi üçün məhkum olduğuna görə İddiaçı “müharibə veteranı” vəsiqəsinin dublikatının verilməsinin mümkün olmadığı bildirilmişdir. -Azərbaycan Respulikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsinin 11.06.2019-cu il tarixli 79-175 nömrəli arayışında İddiaçı Qarabağ müharibəsi veteranı olması bilririlmişdir. -surəti işə əlavə edilmiş 032864 nömrəli vəsiqənin surətindən görünür ki Gəncə şəhər Kəpəz rayon Hərbi Komissarlığı tərəfindən 12.08.1999-cu il tarixdə İddiaçı “müharibə veteranı” vəsiqəsi verilmişdir. -Azərbaycan Respulikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsinin 11.06.2019-cu il tarixli 79-175 nömrəli arayışında İddiaçı 02.10.1992-ci il tarixdən 24.06.1999-cu il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olması və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə əsasən (törətdiyi cinayətə görə azadlıqdan məhrum olunduqda) həqiqi hərbi xidmətdən ehtiyata buraxılması qeyd edilmişdir. -surəti işə əlavə edilmiş Gəncə şəhəri Kəpəz rayon Hərbi komissarlıq üzrə “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün təqdim olunan şəxslərin siyahısından görünür ki, İddiaçı adı həmin siyahıda mövcuddur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 37-ci Polis şöbəsinin 31.08.2019-cu il tarixli, 105-122970 nömrəli arayışından görünür ki, İddiaçı Kəpəz rayon Hərbi komissarlığı tərəfindən verilmiş 032864 nömrəli veteran vəsiqəsini naməlum şəraitdə itməsi barədə şöbəyə 31.08.2019-cu il tarixdə müraciət etmişdir. -surəti işə əlavə edilmiş Tərtər qarnizonu hərbi tribunalının 24.11.1995-ci il tarixli hökmündən görünür ki, İddiaçı 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. -Azərbaycan Respulikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsinin 13.08.2021-ci il tarixli 1766 nömrəli məktubunda 12.08.1999-cu il tarixdə İddiaçı təqdim edilmiş 032864 nömrəli “müharibə veteranı” vəsiqəsinin ləğv edilmədiyi bildirilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı 02.10.1992-ci il tarixdən 24.06.1999-cu il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmuş və Kəpəz rayon Hərbi Komissarlığı tərəfindən 12.08.1999-cu il tarixdə ona 032864 nömrəli “müharibə veteranı” vəsiqəsi verilmişdir. İddiaçı qeyd olunan vəsiqəni itirdiyinə görə “müharibə veteranı” vəsiqəsinin dublikatının verilməsi üçün cavabdeh orqana müraciət etsə də, cavabdeh orqan iddiaçının Tərtər Hərbi Tribunalının 24.11.1995-ci il tarixli hökmünə əsasən döyüş əməliyyatları aparılan dövrdə hərbi xidmət əleyhinə cinayət törətdiyi üçün məhkum olunduğuna görə onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin 1-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin 4cü bəndinə əsasən bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir İş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçının müharibə veteranı statusu və bununla əlaqədar təqdim edilmiş 032864 nömrəli “müharibə veteranı” vəsiqəsinin ləğv edilməsi ilə bağlı müvafiq qərar qəbul edilməmiş və nəticə etibarilə müharibə veteranı statusu qüvvədədir. Belə olan halda həmin vəsiqəsinin dublikatının verilməsindən imtina edilməsi ilə bağlı cavabdeh orqanın hərəkətləri qanunsuz olmuşdur. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli və iddiaçıya “müharibə veteranı” vəsiqəsinin dublikatının verilməsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin:- -68.1 maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -73.1 maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 73.1, 75 və 81-86-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı “müharibə veteranı” vəsiqəsinin dublikatının verilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətindəGəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar