Məhkəmə qərarları › İş №2-1(114)-1584/2020

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1584/2020

01.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1584/2020 01.10.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Tovuz rayonu İbrahimhacılı bələdiyyəsinə qarşı qərarın ləğv edilməsi və torpaq sahəsinin satılması prosedurunun icra olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M üə y y ə n e t d i : İddiaçı cavabdeh Tovuz rayonu İbrahimhacılı bələdiyyəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət edərək, Tovuz rayonu İbrahimhacılı bələdiyyəsinin xx.xx.2019-cu il tarixli, 04 saylı qərarının ləğv edilməsi və bələdiyyənin xx.xx.2004-cü il tarixli, 12 saylı qərarı ilə ona həmin kəndin ərazisində 0.10 ha torpaq sahəsi satılması prosedurunun icra olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının xx.xx.2004-cü il tarixli ərizəsinə əsasən Tovuz rayonu İbrahimhacılı bələdiyyəsinin xx.xx.2004-cü il tarixli, 12 saylı qərarı ilə ona həmin kəndin ərazisində 0.10 ha torpaq satılması qərara alınmış, bu məqsədlə iddiaçı xx.xx.2004-cü il tarixdə 400.000 manat ödəniş etmiş, ödəniş müvafiq qəbzlə təsdiqlənmişdir. Cavabdeh orqan 2-ci dəfə eyni məzmunda olmaqla xx.xx.2019-cu il tarixdə 03 saylı qərarı ilə yuxarıda qeyd olunan torpaq sahəsinin ona xx.xx.2004-cü il tarixli ödəniş qəbzi ilə satılması haqqında qərar vermiş, həmçinin xx.xx.2019-cu il tarixli 04 saylı qərarı ilə xx.xx.2019-cu il tarixli 03 saylı qərarını ləğv etmişdir. Səbəb olaraq isə bildirilmişdir ki, guya iddiaçı ödənişi torpağın bazar qiymətinə uyğun ödəməmiş və ödənişi gecikdirmişdir. Torpaq sahəsi 15 ildir ki, iddiaçının sahibliyindədir, cavabdeh həmin sahəni xx.xx.2004-cü il tarixli, 12 saylı qərarla iddiaçıya satdığı halda yenidən 2-ci və 3-cü qərarlar vermişdir. İddiaçı hesab edir ki, həmin qərar əsassız olduğundan ləğv edilməli və qeyd olunan torpaq sahəsinin ona satılması prosedurunun icra olunması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, iddiaçı və nümayəndəsi məhkəmə iclasına gəlməmiş, cavabdeh isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia mümkün sayılmamalıdır. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçının ləğv edilməsini tələb etdiyi qərar xx.xx.2019-cu il tarixdə qəbul edilmişdir “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. -62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Buna baxmayaraq iddiaçı mübahisələndirilən qərar qəbul edildikdən 30 gündən çox müddət sonra, yəni xx.xx.2019-cu il tarixdə məhkəməyə müraciət etmiş və məhkəməyə iddia vermək üçün nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. Bununla əlaqədar məhkəmə tərəfindən iddiaçıya xx.xx.2020-ci il tarixli sərəncam göndərilməklə buraxılmış prosessual müddətin bərpa edilməsi ilə bağlı ərizə vermək hüququ izah edilmiş, qeyd olunan sərəncam xx.xx.2020-ci il tarixdə rəsmi qaydada qəbul edilməsinə baxmayaraq müvafiq ərizə ilə məhkəməyə müraciət olunmamışdır. İnzibati prosessual qanunvericiliyin tələblərinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərdən biri iddia müddətinə dair normalara riayət edilməsidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 05 nömrəli qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, işlərə baxılarkən İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi yoxlanılmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsinin tələblərinə əsasən, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın elan olunduğu vaxtdan, şikayət intansiyasına şikayət verildiyi hallarda isə, şikayətə dair qərarın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı bələdiyyə qərarının ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müddətdə məhkəməyə müraciət etmədiyindən və bununla da həmin inzibati aktın mübahisələndirmə müddəti üzürlü səbəb olmadan ötürüldüyündən iddia mümkün sayıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3 maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasıİnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən məhkəmə, Qərara aldı: İddiaçı cavabdeh Tovuz rayonu İbrahimhacılı bələdiyyəsinə qarşı qərarın ləğv edilməsi və torpaq sahəsinin satılması prosedurunun icra olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar